Ana səhifə BAŞ YAZI Osman Qazidən Atatürkə:

Osman Qazidən Atatürkə:

Müəllif: Bizim Yazı
1. 243 baxış

İmperiyadan-Cümhuriyyətə

Osman Qazidən Atatürkə: İmperiyadan-Cümhuriyyətə” – Osman Musayev, Dəyanət Osmanlı Altay Cəfərovun “Qafqaz – MAMMC-də işıq üzü görən yeni kitabı belə adlanır. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Osman Qazidən Atatürkə: İmperiyadan-Cümhuriyyətə” adlı layihə çərçivəsində “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən hazırlanmışdır. Layihə rəhbəri şair-publisist Dəyanət Osmanlıdır.

Nəşrin elmi redaktoru prof.dr. Nizami Cəfərov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır.

11 bölmədən ibarət olan kitab “Türkiyə tarixi”, “Osmanlı tarixi” və “Osmanlı sultanları”ndakı faktlar əsasında hazırlanmışdır.

Azərbaycan MEA-nın müxbir üzvü, professor Əbülfəz QULİYEVin kitaba  “Son Söz” yerinə yazdığı məqaləni BizimYAZI.com oxucularına təqdim edirik: 

 Masamın üzərində bir kitab var: “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə” (Osman Musayev, Dəyanət  Os­manlı və Altay Cəfərov). Doğrusu, vaxtilə Moskvanın “Nauka” nəşriyyatında çap olunmuş  (1980) Petrosyanın “Osmanskaya imperiya: moquşestva i qibel” kitabı məndə Osmanlı tarixi haqqında qəribə hisslər oyatmışdı. Amma indi  ilkin qaynaqlardakı faktlar əsasında yazılmış bu kitabı vərəqlədikcə erməninin anti-türk təbliğatı, türk tarixini gözdən salmaq üçün uydurduğu ya­lanlar və Moskvanın bu yalanlara həqiqət donu gey­dirməsi gəlib durur gözümün qabağında… Həqiqi tari­xi, Tür­kün qəhraman keçmişini öyrənməyə çox ehtiyacımçız var…..
Ulu öndər Heydər Əliyevin 9 mart 2001-ci il tarixli  sərən­camı ilə əsası qoyulmuş Azərbaycanda Atatürk Mər­kəzi  qarşısına türk dünyasının böyük öndəri, Türkiyə cum­huriy­yətinin banisi və ilk prezidenti Mustafa Kamal Ata­tür­kün türk xalqlarının tarixində tutduğu mühüm yeri nə­zə­rə alaraq Atatürk irsini,ümumiyyətlə türk tarixi və mə­dəniy­yətinin daha dərindən öyrənilməsi və təbliğ olunması və­zi­fəsi qoyulmuşdur. Təqdirəlayiq haldır ki,Azərbaycan prezi­denti möhtərəm İlham Əliyevin “Mən ümid edirəm ki, bu­rada Atatürkün tarixi irsi öyrəniləcək və təbliğ ediləcək­dir” deyə səciyyələndirdiyi  Azərbaycanda fəaliyyət gös­tə­rən  Atatürk mərkəzi qısa bir müddətdə  respublikanın beyin mərkəzlərindən birinə çevrilmişdir. Sanballı bir elmi-tədqiqat institutu səviyyəsində fəaliyyət göstərən, bu fədakar  işi ilə daxildə və xaricdə elmi dairələrin, ziyalıların diqqətini cəlb edən  bu qurumda qısa müddətdə Türkiyə cum­huriyyətinin yaradıcısı Atatürkə,Azərbaycan-Türkiyə mü­nasi­bətlərinə həsr olunmuş araşdırmalar aparıl­mış, onlarla kitab nəşr edilmiş,konfranslar,müşavirələr, görüşlər keçirilmişdir.
Mərkəzin əməkdaşlarının bu istiqamətdə ortaya qoy­du­ğu əsərlərdən biri “Osmanlı sultanları” kita­bıdır. Osman Musayev, Dəyanət Osmanlı və Altay Cə­fə­rovun qələmə aldıqları bu dəyərli əsər daha da təkmilləşdirilərək, əlavələr edilməklə “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə” adı ilə oxuculara təqdim olunur. Azərbaycan-Tür­ki­yə mədəni-ictimai əlaqələrinin genişlənməsinə, tarixdə 650 ilədək ömür sürmüş Osmanlı İmperiyası, onun hökm­dar­ları-sultanları, onların fəaliyyətləri  haqqında Azər­bay­can oxucusunda konkret təsəvvür yaratmaq məqsədi daşı­maq­dadır.
Kitabda Osmanlı və Cümhuriyyət tarxi örnəyində, özəlliklə, Osmanlı sultanlarının, Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti örnəyində Türk Dünyasının keçmişi, bu günü və gələcəyinə, türk mədəni birliyinin əsasları istiqamətində görülməli olan işlərə nəzər salınmış, ümumiləşdirmələr aparılmışdır.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, profes­sor N.Cəfərov əsərə  sanballı və dərin məzmunlu ön söz yazmışdır.  Ön sözdə də göstərildiyi kimi, Türk im­peri­yala­rından sonuncusu, dünyada ən uzunömürlü, böyük əra­ziyə malik, zəngin özəlliyi olan Osmanlı dövləti Ümumtürk tarixində xüsusi yer tutur. Dünyada türklüyün möhtəşəm yüksəlişi və təkrarsız, qurur duyulası tarixi qəhrəmanlıqları ilə bağlı məqamlar çoxdur. Bu baxımdan, türk tarixinin Osmanlı dönəmi türklüyün böyük fəxarətinə, onun yaddaşına çevrilmişdir. Ona görə də müəlliflər ortaq türk tari­xinin bir parçasi olan və qəhrəmanlıqlarla dolu döv­lətçiliyin şanlı səhifələrini təşkil edən Osmanlı dönəmi haqqında  antitürk siyasəti yürütmüş keçimiş sovet təbliğat ma­şı­nından fərqli olaraq bu siyasi tarixin həqiqi məqam­la­rı­nı  milli zəmində oxuculara təqdim etmək eh­tiyacı, zəru­rə­ti  duymuş və bu faydalı işin öhdəsindən ləyaqətlə gəl­miş­lər.
Məlumdur ki, Osmanlı dövlətinin təməli 1299-cu il yan­varın 27-də müasir Türkiyənin Biləcik əyalətinin Söyüt şə­hərində Osman Qazi tərəfindən Osmanoğulları bəyliyi ki­mi qoyulmuş və 1922-ci il noyabrın 1-dək 650 illik böyük bir tarixi əhatə etmişdir. Dövlətin qurucusu və Osmanlı sü­la­­ləsinin banisi olan Osman bəy Oğuzların Qayı bo­yun­dan­dır.
Müəlliflər 650 illik Osmanlı tarixini aşağıdakı mər­hə­lə­lərə, dönəmlərə ayıraraq tədqiq və şərh etmişlər: 1.Bəy­lik dönəmi, 2.Quruluş dönəmi, 3.İnkişaf dönəmi, 4.Dur­ğun­luq dönəmi, 5.Geriləmə dönəmi, 6.Parçalanma dönəmi. Onu da qeyd edək ki,müəlliflərin bu təsnifatı Os­manlı tarix­şü­nas­lığında da qəbul edilmiş həqiqətləri əks etdirən bir böl­gü­dür.
Kitabda sistemli şəkildə 36 Osmanlı padşahının hər biri­nin dövrü, hakimiyyət illəri ayrı ayrılıqda  təsvir və izah olun­muşdur. Bu oçerklərdə türk saultanlarının dövlət və millət qarşısında göstərdikləri xidmətlərdən ətraflı şəkildə bəhs edilmişdir. Məsələn, Osmanlı hökmdarı Fateh Sultan Meh­metdən (1432-1481) bəhs edərkən onun xidmətləri ara­sın­da xüsusilə yadda qalan 53 günlük mühasirə ilə 1453-cü ildə dünyanın ən böyük və gözəl şəhərlərindən biri olan İstan­bulu fəth etməsindən bəhs edərkən müəlliflər yazırlar: “Ağ atın belində möhtəşəm bir hərbi hissə ilə şəhərə daxil olan Fateh Sultan Mehmed ilk öncə Ayasofiyaya get­di. Çatan kimi atdan endi və səcdə qıldı. Məbədi təmiz­lət­dir­di, onu xristian təsvirlərindən azad etdi, qazilərin sevinc və hə­yə­canları içində ilk cümə namazını orada qıldı. Bundan son­ra Ayasofiyanın qiyamət gününə qədər məscid kimi  qal­masını yazılı surətdə vəsiyyət etdi. O deyirdi ki, dünyada tək bir dövlət,tək bir padşah və İstanbul da dünyanın pay­tax­tı olmalıdır”. Bu padşah İstanbulun fəthinə görə tarixdə Fa­teh titulu ilə qalmışdır. Digər igid türk sultanlarından biri də Yavuz Sultan Səlimdir. Çaldıran düzündə Şah İsma­yı­la qalib gəldikdən sonra 1517-ci ildə Abbasilər süla­lə­si­nin hakimiyyətinə son qoydu,bütün ərəb ölkələrini im­pe­riy­anın tərkibinə qatdı və beləliklə dünya müsəlmanlarının ilk xəlifəsi titulunu aldı.
Bu maraqlı kitabda başqa bir maraqlı fakt da diq­qə­ti­mi cəlb etdi. Burada hər sultandan bir kəlam, aforizm halı­nı almış hikmətli söz və ya ifadə də verilmişdir. Məsələn, Müəl­liflər Sultan II Əbdülhəmidin (1842-1918) həyatı və hökm­darlıq fəaliyyəti haqqında geniş məlumat vermişlər. Xatırladaq ki, məhz sultan Əbdülhəmidin dövründə 23 iyul 1908-ci il tarixində Türkiuyədə II Məşrutiyyət elan olun­du. Bu dövrdə ermənilər 1905-ci ildə sultana sui-qəsd təşkil etdilər. Amma hökmdar bu bomba partlayışından xilas oldu. Avropa dövlətləri,xüsusilə İngiltərə Osmanlı dövlətini laxlatmaq üçün hər vasitəyə əl atır,erməni və yəhudiləri dəs­təkləyir,onları himayə edirdilər. Burada müəlliflərin təsvir etdiyi sultan Əbdülhəmidin dövlətçiliyə sadiq olan, və­tənpərvər bir hökmdar olduğunu göstərən bir ibrətamiz  epizoda hörmətli oxucuların diqqətini cəlb etmək istəy­i­rəm: Sionizmin banisi Teodor Herzi 19 may 1901-ci il ta­rix­də sultan Əbdülhəmidlə görüşərkən Avropa bircasını əldə sax­­layan yəhudilərin Osmanlı imperiyasının bütün borc­larını ödəməsi qarşılığında Fələstin torpaqlarının onlara veri­l­məsini ifadə edən gizli təklifdə bulundu.Bu təklifi Sul­tan Əbdülhəmid: “Vətənin bir qarış torpağı belə satılmaz” -de­yə­rək rədd etdi və dövlət miqyasında yəhudilərə torpaq sa­tıl­masını qadağan etdi. Amma Fələstin Osmanlı dövlə­ti­nin əlindən çıxdıqdan sonra yerli xalq pulun cazibəsinə uya­raq torpaqlarını satınca o torpaqlarda İsrail dövləti qurul­du.
Müəlliflərin bir təspiti də tamamilə doğrudur ki, Os­man­lı sultanlarının əksəriyyəti ölkəsini sevən, igid, cəsur və və­tən­pərvər olmuş, ömrünün böyük hissəsini ölkəsinin və mil­lətinin ghələcək səadəti naminə döyüşlərdə keçirmiş, ço­xu da cavan ikən dünyadan köçmüşdür. Bu mənada müəl­liflərin sultan II Mustafadan (1664-1703) bəhs edərkən “o, tarixdə ordu komandanı kimi hərbi yürüşlərə gedən so­nun­cu Osmanlı sultanı olmuşdur” qeydi çox düşündürücü bir fakt olaraq diqqəti çəkir.
Məlumdur ki, Osmanlı dövrünə aid çox sayda termin və titullar müasir dövrdə istifadə dairəsindən çıxmış, dilin pas­siv fonduna daxil olmuşdur. Bu baxımdan təqdirəlayiq hal­dır ki, müəlliflər bir sıra o dövrkü terminləri işlədərkən on­ların qarşılığını və ya mənasını da mötərizə içərisində izah et­rməyə çalışmışlar. Məsələn, Divani-Mühasibat (döv­lət xərc­­lərinə nəzarət edən şura), şurayi-dövlət (Anayasa məh­­kə­­məsinə bənzər dövlət şurası), asi-üsyançı, cülus-tax­ta­­çıx­­ma­, naibi-səltənət-sultan uşaq olduğu üçün səltənəti ida­­rə ed­ən, əndərun-dövlət məmurları yetişdirən mək­təb, mü­­dər­ris­­-dini elmləri tədris edən, fetret dövrü-padşahsızlıq döv­­rü və s.
Kitabın müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, burada  müfəssəl Osmanlı tarixi xronologiyası, veril­miş­dir. Bu xronologiya Osmanlı dövrünün əsas tarixlərini,  əla­mət­dar hadisələrini daha dərindən öyrənməyə münbit zəmin və şərait yaradır. Həmçinin əsərdə Cümhuriyyətin qurucusu Mustafa Kamal Paşa Atatürkün həyat və fəaliyyəti, cümhuriyyət tarixində gördüyü böyül işlər barədə də dolğun məlumatlar xronoloci ardıcıllıqla əks olunmuşdur.
Osman Mu­sayev, Dəyanət Osmanlı və Altay Cəfərovun “Osman Qazidən Atatürkə, İmperiyadan Cümhuriyyətə”” adlı araşdırmaları, tür­kün möhtəşəm tarixinin, mədəniyyətinin öyrənilməsi ba­xı­mın­dan vaxtında meydana çıxmış çox mühüm bir qa­y­naq­dır.
Bu əsər gənclərin vətənpərvərlik ruhunda maarif­lən­mə­­sində də mühüm mənbə rolu oynayacaqdı

You may also like

1 şərh

Akem Xaqan 2012-07-16 - 18:00

Bu gozel ve qiymetli kitabin ortaya gelmesinde eziyyet cekmish her bir ziyaliya shexsen minnetdar oldugumu bildirir ve Turk dunyasinin yenilmezliyinin tesdiqine terefimizden atilan adimlardan biri kimi qiymetlendirirem. Inaniram ki, bu emanet oz sahiblerini tapacaq. Ugurlar.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.