BARAT VÜSAL
ÜNVAN
Allahı tək türkdənəm,
Varlığı haq türkdənəm.
Dərbənddən,Borçalıdan,
Təbrizdən, Kərkükdənəm.
Küləkdənəm, mehdənəm,
Könüldənəm ahdanam.
Çəməndənəm, şehdənəm,
Güldənəm, güllükdənəm.
Məni göydən atıblar,
Yerdə göydə tutublar!
Köhnə küllük tapıblar,
Mən həmin küllükdənəm!
Tanış olun, deyirəm.
Yerim məlum, deyirəm.
Ergənəkon deyilən
Dağdakı dəlikdənəm.
Haralıdı, haralı,
Qərib durna yaralı…
Eşit durna qatarı,
Səndəki bölükdənəm!
Adım qədim ad olub,
Onçün zatım zat olub,
Mayam eldən tutulub,
Öydənəm, öylükdənəm.
Haqqın yolu yolummuş,
Aşiq halı halımmış.
Bir vaxt Yusif salınmış
Dərin quyuluqdanam.
Mənəm o Oğuz Xaqan,
Öz gücünə inanan.
Qonanda qartal qonan
Daşdan, qayalıqdanam.
Gəzib hardan gəlirəm,
Yazın,Ordan gəlirəm.
Əsrlərdən gəlirəm,
Neçə minillikdənəm.
Yoxam bu canda daha,
Varam hər yanda daha!
Ruham başdan-ayağa,
Xalqdanam, Xaliqdənəm!
Bir situna can qurban,
Bisutuna bir zaman
Türk sözünü ilk yazan
Qələməm – külünkdənəm!
Nər dizimi bükəmməz,
Mən çəkəni çəkəmməz.
Ömrüm bitməz, tükənməz,
Qandanam, ilikdənəm.
Dərgah Odur- “Hu” olan,
Könül məcunu olan
Bircə Məcnunu olan,
Kəbədən, çöllükdənəm!
Ürəyim elə bağlı,
Çiçəyim gülə bağlı,
Bəzmi Əzələ bağlı
Camdanam, tuluqdanam.
Hər ürəyə yolum var,
Danışmağa dilim var.
Sanma mənə ölüm var,
Əbədi sağlıqdanam!
ÜZ
Vəchin sözünü bürhan dəxi bilməz.
Nəsimi
Üzünü gizləmə ay üzü dönük,
Mən sənə üz tutub şeir yazıram.
Göstərmə özgəyə o üzü,dönüb,
Mən sənə üz tutub şeir yazıram.
Axı sənin üzün adi üz deyil,
Hər üz dediyinin adı üz deyil!
Üzün nəzərimdə Odu,üz deyil,
Mən sənə üz tutub şeir yazıram.
Getmə! Getmə, bizim obanı qoyub,
İtmə! İtmə, səni tapanı qoyub.
Getməzlər Kəbəyə, Kəbəni qoyub,
Mən sənə üz tutub şeir yazıram.
Yanıram işimi düz tutmayanda!
Yaşarmı işini düz tutmayan da?!
Ölürəm… mən sənə üz tutmayanda,
Mən sənə üz tutub şeir yazıram!
Kimsə üzün tutub, üzü görsənmir,
Ey mən dediyim üz,səni görsəm bir!
Ey mən dediyim üz, görsən, görsən, bir!
Mən sənə üz tutub şeir yazıram!
Baratın sən deyən şair deyilmi?
Hamı hər şairə şair deyirmi?
Alma, ey üz, əldən şairliyimi,
Mən sənə üz tutub şeir yazıram!
ÖZ-ÖZÜMÜN DAVAMIYAM
Bir arzudan yaranmışam,
Min arzunun davamıyam.
Yaralıyam,yaram dərin,
Min yaranın məlhəmiyəm!
Bilirəm söz qiymətini,
Bilirəm öz qiymətimi!
Veribdi saz qiymətimi,
Dilqəmiyəm, Kərəmiyəm!
“Mənəm-mənəm” deyə-deyə,
Gümanmı var ölməməyə?
Bəsimdi bir qələm deyə:
Mən Baratın qələmiyəm!
ÜRƏKLƏR ÜMMANI
Çırpı yığıb ocaq çatan kişilər
Əllərini dona verib getdilər.
İsindikcə isindilər balalar,
Ömrə bu cür məna verib getdilər.
Kim ki,çatdı elin- günün dadına,
O düşəcək elin-günün yadına.
Kimlər qaldı öz dərdinin dərdinə,
Papağını günə verib getdilər.
Mən ürəklər ümmanıyam aşıq,gör,
Barat niyə belə aşıb-daşır, gör!
Qocaldıqca köhnə-təzə aşiqlər,
Ürəyini mənə verib getdilər!
MƏHŞƏR
Tikanlar gül açır hələ dünyada,
Aydın məsələdir, süsənlər ölmüş.
Bir gül bir dəryada su deyin ağlar,
Mürəkkəb qurumuş, qələmlər ölmüş…
Elə düşünürdük həyat xoşdu, var,
Adamla doludu …boşdu daş- divar.
Meydan sulayırlar Məşdi İbadlar,
Çoxdan bu şəhərdə kələntər ölmüş?!
Hansı müəmmadan baş açmış aqil,
Sirrin də öz sirri varmış elə bil.
Bəlkə də dünyadan gedənlər deyil,
Bəlkə də dünyaya gələnlər olmuş?!
Olmasın yarına yar asi,aman,
Olsun yar olanın yarası dərman!
Bir sevgi dastanı yarananacan,
Nə qədər Əslilər,Kərəmlər olmuş?!
Barat, Allah çəkir dirisin nəyə?
Birisin-torpağa,birisin göyə.
Bircə ölmüş kəlmə dirilsin deyə,
Adamlar qırılmış… Adəmlər ölmüş?!
* * *
Gedənlər atla gedirlər,
Gələnlər piyada olur!
Aləm olmaq istəyənlər,
Aləmlər piyada olur!
Sevgini köhnəlsin, qoymur,
Ömrünü gödəlsin,qoymur.
Hardadı köhlənim?-demir,
Kərəmlər piyada olur!
Çox şeyi mətə mindirir,
Ömrü qiymətə mindirir.
Atı da ata mindirir,
Ərənlər piyada olur!
Öyər səni də, məni də,
Göydə uçar lap hamı da.
Köpəklər kosmik gəmidə,
Qələmlər piyada olur…
TƏCNİS
Yetəndə aşiqlə muraza yetir,
Sinədə dağ olmaq bu dağa xoşdu.
Mer-meyvə gətirir qırılanda da,
Yaralı yaşamaq budağa xoşdu!
Yağanda başıma a dolu, yağ, yağ!
Əli-ayağı da a dolu yağ, yağ!
Bu da yəqin belə ad olu… yağ, yağ,
Buda, ha gözəldi, buda, ha xoşdu!
Məni aşiq durna lələyi eylər,
Ərzi güllük eylər, laləlik eylər.
İndi də Barata lələlik eylər,
Məcnunla dost olmaq bu dağa xoşdu!
ÜÇ OTAQ
Bir könüllə iki narla tikmisən,
Qalmaq xoş olardı üç otağında.
Ömrü boyu bir otaqda yaşayıb,
Ölmək xoş olardı üç otağında.
Nə gözəl seçmisən sən mənzilini,
Nə gözəl əkmisən sən “mən” gülünü.
Dağlar laləsini, çəmən gülünü,
Dərmək xoş olardı üç otağında!
Zəhərə də sən çarə de, içəndə.
Belə keçəm azara da keçəndə.
Barat deyər məzara da köçəndə,
Olmaq xoş olardı üç otağında
QƏZƏL
Gəlmişəm bu dünyaya yaşayıb yaratmağa,
Yaranmışam ey vətən,sənə dair olmağa!
Qələmim öləndə də düşməyəcək əlimdən,
Elə bil söz vermişəm hökmən şair olmağa!
Nəsiminin yanında dərs keçmişəm bir zaman,
Başlamışam divanə, dəli, sail olmağa!
Mənə dərs keçənlərin zəndini doğruldacam.
Tələsim ölməyəmi?! Xeyr!Xeyr! Olmağa!
Hər dəfə cuşə gəlib mən şeir ha yazmıram,
Nə varsa batinimdə, başlar zahir olmağa.
Hər şeydən başım çıxır… başım çıxmır heç nədən,
Dəyərmi belə ayıq,belə qafil olmağa?!
Hazıram, gözəlliyi görəndə canım çıxsın,
Qaçıram Şeyx Sənan tək Barat, kafir olmağa!
* * *
Həmişə olduğu tək
Bu göyü, yeri saxla!
Ey yaradan, mənə də
Bir az əl yeri saxla!
Sən sirr içində sirrsən,
Sən bir içində birsən!
Sən məni çox sevirsən,
Açma, bu sirri saxla!
Çox olsa da günahım,
Gəl özün ol pənahım.
Öldür məni Allahım,
Qələmi diri saxla!
* * *
Bu dünyaya gəlibdi
Baxan da, baxmayan da.
Hardan bilsin nələr var,
Baxanda, baxmayanda?!
Dünya tərsinə dönüb,
Xoş gün nəs günə dönüb.
Baxan kimi görünür,
Baxanda… baxmayan da!
Dön öz gözündən söz al,
Sən öz sözündən söz al!
Sən də mənə ey gözəl,
Bax onda… baxmayanda?!
* * *
Tökmə qaş-qabağını,
Dərdin nədi bilmişəm.
Bağışla yarım, məni,
Bu axşam da mən evə
Bir könüllə gəlmişəm.
Başqa kişilər kimi
Əlim-qucağım dolu
Deyildir ki güləsən.
Bəlkə mənim halımı,
Bəlkə mənim günümə,
Düşəsən ki, biləsən.
Mən bəlkə də hamıdan
Əli dolu gəlmişəm.
Kiməsə elə gəlir
Dəli olub gəlmişəm.
…Evimizə su damır,
Düzdü qəmə batarıq.
Dediyim könül ki, var,
Orda ikimizə də
Yer tapılar, yatarıq?!
Nə istəsən alardım,
Gətirərdim sənə mən.
Əlimdə, ovucumda
Yer qalmadı
Könüldən!..
YOXLUQ
Sevgi dünyasında daha qəlbində
Yox sanki bir soraq, bir səda, yoxsan.
Niyə səsin gəlmir, nəfəsin gəlmir?
Yoxsa ta ölmüsən….yoxsa ta yoxsan?!
Tapmışdın xəzinə, var sözündə sən,
Sanardın özünü “var” sözündə, sən.
Hələ sanırsan ki var sözündəsən,
Ya yoxsa bilmirsən… “yoxsada” yoxsan?!
Ay Barat, sevginlə başda deyilsən,
Demək, var deyirsən,heç də deyilsən,
Aşkar sevmirsənsə aşkar deyilsən,
Gizlicə sevdiyin yoxsa da, yoxsan!
GÖRK
Gəldim, tapdım, hamınızla görüşdüm,
Ağlayarkən gülə-gülə gördünüz.
Keçdim neçə, keçdim necə yollardan,
Gəlib çıxdım necə yola, gördünüz!
Görk eyləyən görk eyləyir hər şeyi,
Sevdiyinə ərk eyləyir,hər şeyi.
İnsan olan tərk eyləyir hər şeyi,
Bircə qalır könlü ilə,gördünüz!
Oğul odur, gedə qəmlər yolunda,
Bittənməyə cəhənnəmlər yolunda.
Çox Əslilər çox, Sənəmlər yolunda
Çox Kərəmlər döndü gülə, gördünüz!
Çox yaralar vurdu paxıl şairə,
Nə eyləyə bildi axı, şairə?
Ayrıq qaldı ağzı, baxıb şairə,
Müşgül düşdü nə müşgülə, gördünüz!
İnsanlığı ali edir alilər,
Qurbanilər, Ələsgərlər,Alılar!
İndi sözün Barat kimi oğlu var,
Davam edir bu silsilə, gördünüz!
* * *
Hərdən bir daş atın öz başınıza,
Onda ömrü boyu deməyəcəksiz
Bu daş ha deyilmiş…
hanı tutarı?!
Onda görəcəksiz daş çiçəkləyib,
Daşın atılmaqdan
canı qurtarıb!.
HAQQ VERGİSİ
Nəslimizdən ölən çoxdu,
Biz də bir-bir yox oluruq.
Biz də bir az oyaq idik,
Biz də daha yuxluyuruq.
Gözə gəlmişik elə bil ,
Bu bir sirdi… sir də deyil.
Nəsə orda-burda deyil,
Yolda-izdə yıxılırıq.
Sanma yasa batacağıq,
Uçub haqqa çatacağıq.
Qəbirlərdə yatacağıq,
Qəbirlərdə sağalırıq…
Bu bir nəslin gör üzüdü,
Bu bir xalqın var üzüdü.
Vergimiz haqq vergisidi,
Biz öldükcə çoxalırıq!
MƏNİ ÖZ QƏBRİMƏ QOYUN
Qoymayın seçilsin ilk beşiyimdən,
Siz məni özümün qəbrimə qoyun.
Siz məni etməyin ev-eşiyimdən,
Siz məni özümün qəbrimə qoyun!
Bələnim qanımın qanına kimi,
Yollanım Allahın yanına kimi.
Aparın dünyanın sonuna kimi,
Siz məni özümün qəbrimə qoyun!
Hər cibdən bir cürə güllə çıxacaq,
Canımız min cürə yolla çıxacaq.
Haranı qazsanız kəllə çıxacaq,
Siz məni özümün qəbrimə qoyun!
Səbri sanmayın ki, çoxdu səbrimin,
Olmazdım, olsaydı baxtı dərdimin,
Əlim ətəyindən çıxdı qəbrimin,
Siz məni özümün qəbrimə qoyun!
Hazır bir qəbirmiş bu yorğan-döşək,
Qazılı qəbirmiş bu yorğan-döşək.
Pozulu qəbirmiş bu yorğan-döşək,
Siz məni özümün
qəbrimə qoyun!
Susmazdı bu qəlbim, özgə qəlbidi,
Bu zirvə dərədi, üzdə qəlbidi.
Vallah, yer kürəsi özgə qəbridi…
Siz məni özümün
qəbrimə qoyun!
* * *
Daha gözəl bir ömür var,
Sözümdən anrı, görürəm.
Daha gözəl iz başlayır,
İzimdən anrı, görürəm.
Min sifətə düşür üzüm,
“Aya-çaya” baxır gözüm.
Özüməm, özüməm, özüm,
Özümdən anrı, görürəm!
O adam adamı görür,
Pərvanəni, şamı görür.
Gözə qədər hamı görür,
Gözümdən anrı görürəm!
2 şərh
gozlerimi, ureyimi dolduran bu seirlere gore once muellife, sonra sayt rehberliyine tesekkur edirem!
Allahı tək türkdənəm,
Varlığı haq türkdənəm.
Dərbənddən,Borçalıdan,
Təbrizdən, Kərkükdənəm.
Dinimi, imani yandirdin Barat Vusal, ureyimden tikan cixardin, seninle bir kullukden olan bir deli de menem! ne xosbext ki, de, eleyem! ruhuna, qelemine, TURKluyune, konlune saqliq! var ol!!!
var ol ki, TURKUN RUHUNUN olmediyini, daha da delirdiyini gorsunler!!!
Nigar xanim mende sizin deyerli yazilarinizi hemise oxumusam yuksek deyer vermisem ve dusunuremki esil Turk qizi ele sizin kimi olar.imza:Barat Vusal.