Leyla ƏSƏDULLA
(13 Mayıs 1993-cü ildə Bakıda doğulub;
2 saylı Bakı Baza Tibb Kollecinin məzunu,
ATGTİ-nin əməkdaşıdır)
Günəş qaçıb…
Necə gözəldir ulduzlar
Göy üzünə səpələnib.
İtən ulduzlarda gəlib,
Ay bələnib.
Ay təzədir, elə bil ki,
Yenidən dünyaya gəlib.
Nəysə sıxır ulduzları
Hərəsi bir yana qaçır.
Bəlkə də, göydən bezənlər,
Yerdəki dünyaya qaçır…
Kölgə düşür göy üzünə
Ulduz qaçır, bulud gəlir.
Göydə həyat təzələnir.
Günəşi gözləyən bulud,
Çox yorulub.
Günəş yoxdur,
Harda qalıb?
Göylər yaman dumanlıdır…
Hardadır bu itən Günəş?
Səhərləri şəfəqini,
Yer üzünə,
səpən Günəş?
Yerdə olan günahları izləməkdən,
bezib qaçıb?
Ya yalançı tövbələri izləməkdən,
bezib qaçıb?
Görən nədən qaçıb Günəş?
Bəlkə cavab tapmayan,
“niyə”lərdən, “necə”lərdən,
qaçıb Günəş?
Hər gün baxıb Yer üzünə,
nələr görüb?
nələr görüb…
Mənliyini pula-vara
satanların,
udqunanda boğazında
zəhər görüb…
Dilənçini şah taxtında,
şahı dilənçi bəxtində
gəzən görüb…
Ac qarına yalanlardan
doyan görüb…
Tox qarına vicdan üçün,
acan görüb…
O qocala, ölə bilmir,
yəqin ki,
lap çox yorulub…
Yatıb Günəş,
yuxularda seyrə çıxıb,
Yer üzünə,
yuxularda batıb Günəş
batıb Günəş…
Sənsizliyi təsvir etmək…
Sənsizliyi təsvir etmək…
çox çətindir,
dözülməz bir ağrıdır o.
İşıq yoxdur, qaranlıqdır,
havalar da sazaqlıdır;
Çox acıdır…
Sənsizliyi təsvir etmək…
Əlacsız bir dərd kimidir,
daldalanmış ər kimidir.
tapdalanmış mərd kimidir
Sənsizliyi təsvir etmək…
Acılarla qıvranmaqdır,
acı həsrəti dadmaqdır.
Acını məlhəm sanmaqdır
Sənsizliyi təsvir etmək…
qəm-kədərim, ah-fəryadım,
dərdlə açılan sabahım…
Bu taleni mən necə yazım?
Sənsən ən böyük günahım…
Tanqo…
Rəqs içində axtarış…
ecaskarlıq, yalvarış;
ehtirasla sarılan qol,
Odlu baxış eşqə yol…
Nəfəs kəsən saniyələr,
Qalxıb enən səhnələr…
Rəqs içində ayrı rəqs…
Rəqslə ram olsun hər tərs…
Dekabrın 11-i,
Səni sevirəm “Tanqo”…
Məlhəm…
Gizlənərəm özümdən,
Həyatımdan küsərəm.
Unudaram keçmişi,
Mən təzədən sevərəm.
Qoşulub buludlara,
Yağış olub yağaram.
Çəkilib ulduzlara,
Sənə göydən baxaram.
Açdığın yaralara,
Məlhəm tapıb sürərəm.
Sən çıxanda yoluma,
Nə bir salam alaram,
Nə bir salam verərəm…