Ana səhifə YAZILAR “…O gözlərin süzülüb axması bəs edər ki…”

“…O gözlərin süzülüb axması bəs edər ki…”

Müəllif: Bizim Yazı
1. 030 baxış

G SEMAGülnar SƏMA (QASIMLI)

Rəşad Məcidin “Çiyələk qadın”ı haqqında…

“Bilsəydim, əvvəldən heç başlamazdım, Öldüm yaza-yaza bu şeirləri”. Bəlkə də, çoxumuz bu misraların Rəşad Məcidin olduğuna inanmazdıq. Elə mən özüm də haqqında söhbət açacağım “Çiyələk qadını” oxuyana qədər belə bir məsumluğun fərqinə varmamışdım. “Daşıdım əlimlə baş daşlarımı, Başladım yenidən savaşlarımı. Hər gün neçə dəfə göz yaşlarımı, Sildim yaza-yaza bu şeirləri”. İlk öncə belə təəsürat yaranır ki, söhbət qəbrin üstündəki baş daşından gedir, bəlkə, belə də düzdür. Ancaq diqqət edəndə görünür ki, başımıza tökülən bəla daşlarına da işarə edilir. Özümüz öz əlimizlə bu daşları ömrümüzdən ömrümüzə daşımışıq. Bəlkə də, taleyin daşa basmaq istədiyi ömrü xilas etmək bacarığıdır, başladığın savaşdan qalib çıxmaq səriştəsi?! Qalibiyyət bəllidir, neçə dəfə göz yaşlarımın hücumuna məruz qalsam da, onları sildim və hər kəsdə böyük bir heyrət doğuracaq bu şeirləri yazdım. Öz təbirincə desək, “Beyninə girsəydim bir saatlığa, Bütün suallara cavab tapardım”. Yaxşı ki, ürəyinə girmək cəhdim uğursuz alınmadı, hər sətrini ürəkdən ürəyə oxudum. Deyəsən, o da bundan duyuq düşdü; “Bir sözdən yüz cürə söz çıxarmasın, Baxmasın üzümə çəpəki gözəl”- müraciəti ilə dilə tutmağa can atır. Üzünə çəpəki baxmaq heç yadıma da düşmür, amma sözündən söz çıxarmamış əl çəkən deyiləm. Lap istəyirsən;

Qolla fərmanını, əmrini qolla
Çıxaram sınaqdan testini yolla.
Üşüyən qəlbimə istini yolla
Odlu baxışını gur atəş eylə.

Özünüz şahidsiniz, bu misralara necə söz eləməyəsən! Sözsüz ki, həmin misraların da bizə sözü var. Çünki bənddə yeni fikir təqdimi yeni ifadələrlə canlandırılır. Hansı əmri, hansı fərmanı imzalayırsan imzala, hər cür sınaqdan ustalıqla qalib çıxacağıma əminəm. Maraqlısı isə bu əminliyin qeyri-ənənəvi sözlərlə təqdim edilməsidir. Belə əminlikdən əvvəl uzun bir tərəddüd yolu keçilmişdir. “Çayından ayrılan bu qızıl balıq, Axına gəlməzdi iki il öncə”. Amma həmin balıq çaydan ayrılıb susuz da yaşamağı bacardı. “Üzdüm tərs tərəfə axına deyil, Baxdım uzaqlara yaxına deyil. Gördüm ki, bu xına o xına deyil, Bu xına gəlməzdi iki il öncə”. Son dərəcə şirin dillə yazılmış sətirlərdə, xalq danışıq tərzi, folklordan sənətkarlıqla bəhrələnmə alqış doğurur. Bu şeirlərdə inandırıcı aşiq obrazı, səmimi hisslər qəhrəmanı daha çox diqqəti çəkir. “Məni sussuz dodaq, çiçəksiz bahar, Məni kilidi yox açar etmə sən”. Bir anlıq çiçəksiz baharın necəliyini göz önünə gətirməyə çalışaq. Mümkünsüzlüyün son həddi görünür. Eləcə də, açarı olmayan qıfıl bağlanmaqdan da, açılmaqdan da məhrumdur. Necə ki sevgiləri olmayan insanlar bir-birilərinə bağlana bilməzlər. Ona görə də, hərdən özünə də, Ona da şübhənin doğurduğu suallar verir. “Qara gözün, uzun saçın, Bu ağ dişin mənimdimi?” Maraqlı bir bədii priyom; ilk baxışdan adama elə gəlir ki, misralarda qüvvətli epitetdən istifadə edilib. Lakin həqiqətdə göz qara, saç uzun, diş də ağ ola bildiyinə görə burada bədii təyin yoxdur. Amma digər söz ustalarından fərqli olaraq, ağ dişin poeziyaya məharətlə gətirilməsi ürək oxşayır. Ritorik suallar bitmir ki, bitmir. “De haçan düzünü dedin, De haçan aldatdın məni?” Amma deyəsən, sualın yersiz olduğunun özü də tezcə fərqinə varır. “Sonacan yüz yalan dedin, Sonacan aldatdın məni”. İlk baxışdan elə təsəvvür yaranır ki, aşiq bu aldadılmağa qarşı acizdir, sadəcə oturub nə vaxta qədər aldadılacağını gözləyir. Ancaq diqqət etdikdə ürəkli hökm verildiyini görürük. “Axır bircə dəfə gəl düzünü de, Allahım, mələyim, iblisim mənim”. Müraciət obyektləri diqqəti xüsusilə çəkir; Allahım-Mələyim, Mələyim-İblisim. Çox qəribə ardıcıllıqdır. Allahla iblisin arasında mələk görürük. Bunu duyan şair hansı qərara gələcək? “Yaşaya bilmərəm mən indən belə, Qəlbimin bu sonsuz təlaşlarıyla. Daşıya bilmərəm bir ömür səni, Bu qədər ağrıyla, göz yaşlarıyla?” Əslində bu gücsüzlük düyil, xilas etməkdir. Yəni bunun əksini edəcəm, səni atmayacam. Səni bu cür ağrılı-acılı daşımaq istəmirəm, üzünü güldürüb, könlünü sevindirərək daşıyacam. Bu isə ayrılıq yox, daha da yaxınlaşmaqdır. “Daha səni üzməyəcəm, Üstündə əsəcəm sənin”. Bunun üçün elə gözəl, elə həlim səbəblər qoyur ki, heyran qalırsan.

O gözlərin qıyğacı
baxması bəs edər ki,
O gözlərin süzülüb
axması bəs edər ki,
Baxışımla toqquşub
çaxması bəs edər ki
Durum, qışqırım deyim:
ölürəm sənin üçün.

Bu inandırıcı səmimiyyətə qarşı söz tapmaq çətindir. “Məni uşaqdan uşaq, Gəncdən də gənc etmisən”. Şair bu sevincinin qeydinə qalmağı, onu qorumağı sevdiyindən tələb etməyi də unutmur. “Mən sözün köləsiyəm, Sözünün ağası ol”. Əgər bunu bacarmasan, “Coşğulu nitqində kəkələyərsən, Sözlərin dilində burxular qəfil”. Dilin topuq çalması ədəbiyyatda kifayət qədər metaforalarla bədiiləşdirilib, lakin dildə sözlərin burxulması son dərəcə orijinal tapıntıdır. Bu səbəbdən də yazar etiraf edir ki, “Çox dalsan dərinliyinə, Bu qara torpaqda bitər, Söz oyunu”. “Torpaqda bitər” ifadəsini üç anlamda başa düşmək olar. İlk olaraq torpaqda bitər, yəni cücərib boy atar mənası nəzərə çarpar. Daha sonra isə məlum olur ki, söz oyunu bütün dünyanı gəzib dolaşsa da, axırda gəlib qara torpaqda bitər-yekunlaşar, sona çatar. Yəni insan torpağa tapşırıldıqdan sonra bir daha danışa bilmir. Üçüncü bir tərəfdən isə bu söz oyunu ki var, qara torpaqda bitər, yəni bitib tükənər mənalarını da verir. Ümumiyyətlə, “Çiyələk qadın”dakı şeirlərin dili son dərəcə özünəməxsusdur. Bu şeirlərdə nə qədər klassik janrlar qorunub saxlanılsa da, bir o qədər də maraqlı söz seçimləri var.

İlahi, sən mənim yaddaşımı sil,
İlahi, sən mənə bir sovqat eylə.
Bilgisayar kimi, telefon kimi,
Beynimi təzələ, ya format elə.

Şeir adi dördlük formasında yazılıb. Amma dilindəki məcazlar tamamilə neologizmlər hesabına yaradılmışdır. “Yerit yaddaşıma antivirusu, Qır bu qurd püskürən həşəratları”. Başqa bir şeirində isə dil yenilikləri bir az da önə çıxır.

Yaşatdığın günlərimə baxırdım
Naxış-naxış, ilmə-ilmə baxırdım.
Nootbuqda sanki filmə baxırdım
Düyməsini qurdaladım, pozuldu.

Maraqlı olan odur ki, hansı janrda, hansı sözlərlə yazır yazsın, “Mənim özgə nə işim var, Səni sevməkdən savayı” prinsipinə həmişə sadiq qalır. Elə bu həqiqətin ətəyindən yapışır. “Hər günümə nəğmələr, Yazdıranım sağ olsun” nidasına rəğbəti artırır. O nəğmələri yazdıran hardan bilsin ki, onu nələr gözləyir. “Sənə bilə-bilə laqeyd olub, Səni bilə-bilə qısqanacağam”. Hədələr bitmir; “Heç qaça bilməzsən onun əlindən Bu doğma şəhərdən getsən də belə. Bütün beynindəki xatirələri Təzə sevgilərlə ütsən də belə”. Əsaslandırılmış mübaliğə çox inandırıcı tonda təqdim edilir. Mənlə bağlı nə qədər xatirən varsa, onların hər birini bir yeni sevgiylə “ütsən” də yenə də o xatirələrin əlindən qaça bilməzsən.

Zamanında döyülmədi dəmirim,
Hələ çox su aparacaq xəmirim.
Topalaşır, məni qurdtək gəmirir
Cavabını tapmadığım suallar.

Qafiyə əmələ gətirən sözlərin çox ustalıqla əlaqələndirilməsi məharət istəyir. İlk iki misranın hər iki sətrində atalar sözlərindən bəhrələnilib. “Dəmiri isti-isti döyərlər”, “bu xəmir hələ çox su aparacaq” Aydınca görünür ki, müəllif yeni dilimizə daxil olan sözləri nə qədər ustalıqla şeirləşdirə bilirsə, şifahi xalq ədəbiyyatımızdan da bir o qədər şairanə istifadə edir. Sözü sözə sənətkarcasına bənd eləyir. “Mənə vücudunla ruhun, qanınla Dırnaqdan saçacan tuş gələnimsən. Ömrün payızında həyəcanınla Təzə bahar kimi xoş gələnimsən”. Son misraların müxtəlif məna çalarlılığına nəzər salaq: Təzə bahar kimi xoş gələnimsən, yəni ömrümün bu payızlı günlərində öz həyəcanınla xoş gəlib, səfa gətirmisən. Başqa bir anlam da odur ki, ömrümün payız çağıdır, sən isə mənə təzə bahar kimi xoş gəlirsən, yaxşı təsir bağışlayırsan. “Hərdən rahat olur, hərdən qovur da Bəzən imkan vermir bircə hovur da. Mən bir bələdçiyəm bu vurhavurda Neyniyir bu bədən, bu can eyləyir”. Gətirilən misralar bir yaradıcı insanın ömür ləngəridir. Bu ömür yollarında ən keşməkeşli anların sahibi oluruq. Amma hər şəraitin öz ahəngi, öz nəğməsi var. Yetər ki, sən sadəcə etiraz edə bilmək gücündə olasan.

İndi daşam, indi heykəl, indi qum
İndi məni hansı torpaq götürər?
Bu ağrını nə çıxarar canımdan
Bu qorxunu hansı çıldağ götürər?

Bütün həyati insanlar kimi onun da özünəməxsus ömür yolu var. “Anladım, çox şeyi sonradan, adam Oldun adi bəndə sıradan adam”. Bu ittihamın içində bir inkarın təsdiqi də var ki, “Bütün sualların cavabı məlum, Ən pisi odur ki, sualım bitib”. Yalnız bir şey bilirəm ki, ay ətri, gözəlliyi çiyələk olan, “Bir də gəlməyəcək sənintək qadın, Nə mənim dünyama, nə bu dünyaya!”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.