Ana səhifə BAŞ YAZI Gənc yazar Xalq şairinin oğlunun kitabı haqqında… – İNCƏLƏMƏ

Gənc yazar Xalq şairinin oğlunun kitabı haqqında… – İNCƏLƏMƏ

Müəllif: Bizim Yazı
938 baxış

CenCehIMElmin Nuri

Şair QABİLin oğlu İnkirlə Minkirə necə dərs keçdi?

Roman var ki, həmin romanın cümlələri hələ yer üzünə gəlməyib. Yəni ki, göylərdən asılıb qalıb. Bütün yer üzünü, gəzsən, həmin cümlələr qarşına çıxmayacaq. Amma roman da var, oxuya-oxuya görürsən ki, həə, bu başqa məsələ. İndi oxuduğum cümlə elə bayaq mənə “salam verirdi”. Təbii ki, dili-dilçəyi ilə yox. Özünün əks olunduğu hadisə və situasiya ilə…

Xülasə, yazıçı-publisist Mahir Qabiloğlunun yeni “Cəncəhim” romanındakı bütün cümlələr, sözlər mənim (eləcə də bizim) köhnə və yeni tanışlarımızdır. Hamısı ilə zaman-zaman görüşüb salamlaşmışıq. Bizim eyni məkanda gördüklərimiz, şahidi olduqlarımız insan yaşantıları Mahir Qabiloğludan keçərək “Cəncəhim”in içinə düşüb.
Yazıçı bir gömrükçü kimi həmin yaşantıları söz şəklində “Cəncəhim”ə keçirərkən heç bir xəyanətə yol verməyib. Yəni, təbiilik qalıb. Daha biz oxuduqlarımızı başımızı qaşıyaraq göydə axtarmırıq. Soruşacaqsınız ki, “Cəncəhim” nədir? Mən də cavab verirəm ki, o haqda ən sonda danışacağam.
Hələlik isə romanın alt qatlarından danışaq…
Modern.az saytında kitab haqqında gedən qısa tanıtımda deyilir ki, əsərdə hadisələr bir neçə paralel dünyada baş verir və hər hadisə günümüzün reallıqları ilə uzlaşdırılır. Əsərdə başqa bir detal da ondan ibarətdir ki, burada yazıçı insanın özünü problem olaraq ortaya qoyur. Təbii ki, deyilən xüsusiyyətlərlə razıyıq. Amma bir-iki əlavəmizi etmədən keçmək olmaz. Romanın qət etdiyi şüuraltı yollar deyərdim ki, Mahir Qabiloğlunun 20 ildən artıq jurnalist fəaliyyətinin məhsuludur. Burada paralel dünyalar olsa da, hadisələr bir Diri Məkanda birləşir. Həmin Diri Məkanın hara olduğunu bilmək üçün isə sadəcə romanı oxumaq, köhnə (və təzələnməyən!) dostlarla tanış olmaq lazımdır.
Romanın qəhrəmanı Qanlıgün müəllim bir jurnalistdir və o Mahir Qabiloğlunun yaddaşını təzələyə-təzələyə öz adıyla ona nələrisə yazdırır. Oradakı problemlərin hamısı, elə əbədi İnsan probleminin özü də yazıçının yaddaşındakı rəflərdə uzun müddətdir ki, qorunub saxlanılır. Yazıçı romanı oxuyarkən hiddətinizə səbəb olacaq teleşirkət sədrini, Qanlıgünün həbsxanaya düşməsinə səbəbkar olan jurnalist dostunu, “aftafa”dan müəllimə çevrilən Mustafanı, bir insan həyatını məhv edən, varlı-karlı balası olan narkoman Azadı zaman-zaman öz yaddaş hücrələrində saxlayıb və zaman-zaman onlara hiddətlənib. Sadəcə Qanlıgünün vasitəsilə öz hiddətini oxuculara da çatdırmağa qərar verir. Burada:
-İnsan problemdir və o, elə faciənin özüdür;
-Bir insanın faciə adlanan punktundan o biri insanın bədbəxtliyi törəyir;
-O birinin bədbəxtliyindən bu birinin inkişafı pərvəriş tapır;
-Bu birinin inkişafından digərinin xudbinliyi baş qaldırır.
Bu kriteriyaların hamısı romanda obraz və hadisələr şəklində əks olunub. Gülmalı müəllim saflaşa-saflaşa özünü görməyə başlayır. Nə yaxşı ki, o, özünü görəndən sonra ölür. Hansı ki, Gülmalı müəllim yüksək vəzifədə olarkən bu görüntüdən məhrum idi. Sanki özü-öz mənliyinin üzərini toz qalağı ilə örtmüşdü. Amma o, həbsxanada müəyyən mənəvi yollardan keçərək məntiqi sonluğuna çatır. Həyat qadını olan Xoşbəxt adlı birisi ona görə bədbəxtdir ki, o, özündən baş aça bilmir. Nə qədər əxlaqsızlıq etsə də, yenə öz mənliyinin vicdanından asılı vəziyyətdə qalır. Məhz bu əzabdan qırtulmaq üçün avam çoban bildiyi Qanlıgüllə kəndlərin birinə getməyə sonuncu həyati şans kimi baxır.
Roman Qanlıgünün vəfat edib Qıl körpüsündə minlərlə insan kimi növbədə gözləyərkən sorğu-sual zamanı İnkir və Minkirə danışdığı həyat hadisələri üzərində qurulub. Qanlıgün bizim tanışlarımızı o dünyaya aparır. Amma bəzi məqamda insanların hər sifətini görən İnkirlə Minkir də təəccübünü gizlədə bilmir. Bizim tanışların bu qədər oyun bilicisi olması onları belə, heyrətləndirir. Əsərdə təbiiliyin qorunması, situasıyanı tam olaraq nəzərə çatdırmaq üçün istifadə edilən açıq-saçıqlıq metodu bəzi məqamlarda ifrata varılır. Təbii ki, bu ifrat bizim AYO-çu “qərdeşlər”imizə çata bilməz. (hətta kostyum geyindirib toya göndərmək də olar). Amma bəzi məqamlarda birinin üstünə beşi də qoyulur.

CƏN-CƏH-İM

Yuxarıda dediyimiz kimi, indi də “Cəncəhim” ifadəsinin açmasından danışaq. Romanın sonunda jurnalist Qanlıgün bunu zatən edir. İnkirlə Minkirə sanki dərs keçə-keçə izah edir. İnsanlıq tarixində acı təzadlardan bezən biri kimi bu ideyanı ortaya atır. Çünki o, başqa çıxış yolunu görmür. Bu dünyada cəhənnəmin bütün üzünü görən bədbəxt insanların o dünyadada cəhənnəmə varid olacağını görcək öz bərabərlik düsturunu ortaya atır. Bu düstur Cən + (cənnət), Cəh (Cəhənnəm) + İM (İnkir-Minkir) şəklində özünü gəstərir. Düstur bir quruluşun daxilində həm Cən-i, həm Cəh-i birləşdirmək istəyir. Amma bu vəhdət əvvəlcə konkret bir fərdin daxilində bərpa olunmalıdır. Hər insan öz həyatının Cənnət və Cəhənnəm çağını yaşayır. Sadəcə bəzilərində bir hissə daha çox, çox bəzilərində isə daha az davam edir. Amma həqiqət budur ki, “Cən” də “Cəh” də insanın öz düşüncəsinin alt qatında və ruhunun dərinliyində qərar tutub. İnsan öz “Cəncəh”inin aralığında o yan –bu yana var-gəl edir. Fərdin daxilində var olan bu interval, romanda quruluşa tətbiq olunur. Bu o dünyadakı quruluşdur. Hansı ki, ora iki yerə bölünüb-cənnət və cəhənnəmə. Müəllif orada təzada, ədalətsizliyə etiraz olaraq yeganə çıxış yolu kimi bu vəhdətin yaranmasını görür. Bunun əlacsızlıqdan yaranan təklifdən başqa bir şey deyil. Müəllif həyatı boyu yaşadıqları narahatçılığı əzilən insanların xeyri üçün bu düsturun yaranmasında görür – CƏNCƏHİM.
Roman magik-realizm janrında yazılıb ki, bu janrda metodlardan biri də ölülər dünyasına, paralel aləmə səfər edib bəşəri həqiqətləri ora ilə uzlaşdırmaqdır. Böyük Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” da bu qəbildəndir. Burada XX əsrin əvvəllərindəki Azərbaycan insanı xəyali olaraq cəhənnəmə səfər edir və bu dünyada min oyundan çıxan, ağalıq edən insanları orada qaynar tiyanda görür. Yazıçı kifayət qədər realist olsa da, gizli məna ilə Haqqın varlığına işarə etmişdi. Mesaj olaraq həqiqətən də ədalət məfhumunun dünyadan sonrakı mərhələdə də həyata keçəcəyini göstərmişdi. Amma “Cəncəhim”də bunun əksi hiss olunur, məhz buna görə “Cəncəhim” ideyası yaranır. Amma mənim firkimcə, insan cəncəh-i bu dünyada yaşayır. O dünyanın isə elə ədalətlə idarə olunan cənnət və cəhənnəm var ki, Qabiloğlunun fani dünyada min oyundan çıxan qəhrəmanı öz “Şessotu” ilə o dünyanın cənnətinə daxil ola bilməyəcək…

//modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.