Ana səhifə BAŞ YAZI Nigar İsfəndiyarqızı Bursadan yazır…

Nigar İsfəndiyarqızı Bursadan yazır…

Müəllif: Bizim Yazı
941 baxış

Shahzade MUSTAFA“Səbrin acı meyvəsi” – Şahzadə Mustafa

“Mustafa-i Cedit Türbesi”ni ziyarət

Burası Osmanlının başkəndi olmuş Bursa şəhəri. Qədim qala divarları ilə əhatələnmiş bu gözəl şəhərə vaxtilə “Səltənət qapısı” adlanan qədim Bursanın giriş qapısından içəri girirəm.
Tophanədən baxıram…
Bu şəhər başdan-ayağa tarix qoxuyur. Qədim qala divarlarının üstündə inşa edilmiş evlərin dizaynı belə Osmanlı əzəmətini özündə əks etdirir. Bursanı eyni zamanda “Şahzadələr şəhəri” də adlandırırlar. Təsadüfi deyil ki, burada üç yüzə yaxın türbə var. Mənə elə gəlir ki, burda Osmanlını daha dərindən hiss edirəm. Sanki hər tərəfdən yeniçərilərin “hu” səsləri yüksəlir, əcdadlarımın səsləri gəlir qulaqlarıma. Osmanlının son savaşı olan dəniz müharibəsindən nidalar yüksəlir:

“Yetiş ya Muhammed, kitabın elden gediyor!”

…xəfif yağış başlayır. Geri dönmək niyyətimiz yoxdur. Türbələrin olduğu yerə yaxınlaşanda ürəyim döyünür: Bu da Şeyx Ədəbalının kürəkəni, “Ey oğul” deyə öyüd verdiyi, Osmanlının qurucusu, ilk Osmanlı padişahı Osman Qazi Xan…
Başı öndə, əlləri qoynunda, dizlərinin dibində Şeyx Ədəbalını dinləyir…

“Ey oğul, artık Bey’sin!
Bundan sonra
öfke bize, uysallık sana.
Güceniklik bize, gönül almak sana.
Suçlamak bize, katlanmak sana.
Acizlik bize, hoşgörmek sana.
Anlaşmazlıklar bize, adalet sana.
Haksızlık bize, bağışlamak sana…
Ey oğul, sabretmesini bil, vaktinden önce çiçek açmaz.
Şunu da unutma: insanı yaşat ki, devlet yaşasın.

Ey oğul, işin ağır, işin çetin, gücün kula bağlı.
Allah yardımçın olsun…
Güçlüsün, kuvvetlisin, akıllısın, kelamlısın!
Ama: bunları nerede, nasıl kullanacağını bilmezsen
sabah rüzgarında savrulur gidersin.

Öfken ve nefsin bir olup aklını yener.
Daima sabırlı, sebatlı ve iradene sahip olasın!
Dünya, senin gözlerinin gördüğü gibi değildir. Bütün bilinmeyenler, feth edilmeyenler, görünmeyenler, ancak sen faziletli ve ahlaklı olursan gün ışığına çıkacaktır.

Ey oğul ! Ananı , atanı say!
Bereket büyüklerle beraberdir.
İnancını kaybedersen, yeşilken çöllere dönersin.
Açık sözlü ol! Her sözü üstüne alma!
Gördüğünü görme! Bildiğini bilme!

Sevildiğin yere sık gidip gelme!
Ey oğul! Üç kişiye acı: Cahil arasındaki alime, zenginken fakir düşene, ve hatırlı iken itibarını kaybedene.
Ey oğul! unutma ki, yüksekte yer tutanlar, aşağıdakiler kadar emniyette değildir. Haklıysan mücadeleden korkma!…
Mən buna nəsihət deməzdim, bu, başdan-ayağa insanlıq dərsidir. Tanrı da TÜRKÜ Yer üzünə bunun üçün göndərmədimi…
Başımı qaldırıram. Yanında Bursanı fəth edən Orhan Qazi Xan, Osmanlını xanlıqdan sultanlığa götürən Fateh Sultan Mehmetin oğlu Cem Sultan, onun oğulları, səltənət varisləri, şahzadələr ard-arda düzülmüş. Eynilə yaşamlarında olduğu kimi, torpağın altında da bərabərlər…
Bu məkanda içsəsə uymamaq mümkün deyil. Gözümün önündə Şahzadə Mustafanın ölümü canlanır. Bir sultan oğlunun can verməsi… baş əyməməsi…
Ölərkən belə onun üçün canını verəcək minlərlə qəhrəmanın olmağına baxmayaraq oğulluğunu unutmaması… Atasına mənəvi təslimi…
Mənim tarixə sayğım və hörmətim böyükdür. Duyğularım qəbul etməsə də zehnim və təfəkkürüm dövlətin idarə edilməsində bu cür hadisələrin ola biləcəyinin düzgün olduğunu deyir.
Fikrimcə “Möhtəşəm Yüzyıl” seriyalı bu mənada çox böyük rol oynadı. Bir hadisəni səhv bilib dilləndirmək onu bilməyib susmaqdan daha yaxşıdır. Çünki sən səhv də desən qarşındakı doğru bilən onu düzəltməyə cəhd edəcək. Bu film də eləcə. Hər kəsi Osmanlı tarixinə bir daha baxmağa, dolayısıyla doğruları axtarmağa sövq elədi.
Tarixin və bu filmin səhvlərini burda sadalayası deyiləm. Mənə ən çox təsir edən Mustafanın saf TÜRK qanı daşıyan yeganə şahzadə olması oldu. Əminəm ki, onu ölümə götürən ən əsas səbəb də elə buydu.
Və beləcə tarix özü-özünü ələ verdi.
Mən Türkiyə türkünün niyə başıdik, özünəinamlı olduğunu təxmin edirdim. İndi bir daha şahidi oluram. Burda adamın başının əyilməsi mümkün deyil. Qazandığı savaşlarla öz insanına belə bir tarixi irs qoyub getmiş bu sultanların ədasıdır Türkiyə türkünün özünəinamı. Başqa necə ola bilər ki?!
Ziyarətimə davam edirəm. Şahzadə Mustafanın türbəsinin də yer aldığı Muradiyə külliyəsində (külliyyə-yaşayış kompleksi) 2012-ci ildən təmir işləri aparılır. Bu külliyədə Fateh Sultan Mehmetin sürgündə ölən oğlu Cem Sultan, Yavuz Sultan Səlimin boğdurduğu qardaşı Şahzadə Əhməd və Qanuni Sultan Süleymanın oğlu Şahzadə Mustafanın türbələri var. Bu şahzadələrin bəxtləri bir-birinə bənzədiyindən Muradiyyə külliyəsini “səbrin acı meyvəsi” də adlandırılar.
“Mustafa-i Cedit Türbəsi” adıyla bilinən Şahzadə Mustafanın türbəsi qardaşı Sultan Səlim tərəfindən 1555-ci ildə inşa edilib. Burada şahzadənin anası Mahidevran Sultan, Qanuni Sultan Süleymanın digər oğlu Orxan, II Səlimin oğlu Əhməd, sultan ailəsindən bir körpə uyuyur.
Bursadakı bütün türbələr xüsusi gözəlliyə sahibdir. “Mustafa-i Cedit Türbəsi” isə bu türbələrin inşasında istifadə olunan çinilərin ən gözəlləri ilə bəzədilib. Memar Saliha Tupal Yekenin açıqlamasına görə, türbənin yenidən inşasında xüsusi Xorasan işləmələrindən istifadə olunur. Erkən dövrə aid qələm işləmələrinə təsadüf olunur.
XIV əsrə aid xüsusiyyətləri özündə ehtiva edən türbə klassik Osmanlı memarlığının ən gözəl nümunələrindən biridir.
Bəxtə baxın ki, türbə ziyarətə açıq deyil. Muradiyyə külliyyəsi 2012-ci ildən bütövlükdə restavrasiya olunur. Bura qədər gəlib əliboş qayıtmaq da insafdan deyil. Məsul şəxsə Azərbaycandan gəldiyimizi söyləyib icazə istəyirik. Uzun çək-çevirdən sonra türbəyə yaxınlaşırıq. Görəvli də bizimlədir.
Bu da Şahzadə Mustafanın yatdığı yer. Nəşi sellofon örtüklərlə qapadılıb. İçimdən ağrılı bir ifadə keçir: ”…bəxtsiz şahzadəm…”
İndi isə bəxtsiz olan mənəm. Çox az vaxtımız var, bizim içəri girdiyimizi görən təsadüfi ziyarətçilər işləri korlayır. Mühafizəçi bizi tələsdirir. Çünki adamlar çoxalır və onların qarşısını almaq çətinləşir. Ürəyimcə olmasa da şəkilləri çəkib türbədən uzaqlaşırıq. Yağış kürəyimizi, Osmanlı taxtı varisinin faciəli ölümünün ağrısı isə ürəyimizi döyəcləyir…
Haşiyə: Seriyalın son bölümü efirə gedəndən sonra Türkiyədə olmağımdan istifadə eləyib Sultan Süleymanın bu qərarıyla bağlı kiçik bir sorğu apardım. Reaksiyalar müxtəlif idi, amma nəticə eyni. Hamı Sultan Süleymana lənət oxuyub, Mustafaya dualar edirdi. Hətta tikintisi bitməmiş türbənin yan-yörəsində belə ağlayıb dua edənlər vardı. Təbii ki, insanların fikirləri çox önəmli idi, amma mənim ən çox diqqətimi çəkən bu adamların Sultan Süleymanı qınasalar da tərəfini verməmələri idi. Sanki özlərinə həqarət edilibmiş ki, qəribə bir əda ilə “bəs dövləti necə idarə edəydi axı” deyə elə o an da müdafiəsinə qalxırdılar.
Şahzadə Mustafanın ölümündən sonra Qanuni Sultan Süleyman Amasiyaya (Şahzadə Mustafanın sürgün edildiyi yerə) köçüb iki il orda yaşayır. Rüstəm Paşanı vəzirlikdən alıb, şahzadə tərəfdarlarını saraya gətirir. Tarixçilərin iddiasına görə Qanuni bununla təskinlik tapmaq arzusundaymış…
P.S: Bursa vətəndaşı Hasan Koz Bursa ədliyyəsinə gedərək Sultan Süleymanı məhkəməyə verib. O ifadəsində bildirib ki, “mən filmin izləyicisiyəm və məlum hadisə mənə çox pis təsir elədi. Elə buna görə də məhkəməyə gəldim və Sultan Süleymandan şikayətçi oldum”.
Hasan Koz iddia edir ki, Sultan Süleymanın padşahlığı əlindən alınmalı və Şahzadə Mustafanın etibarı bərpa olunmalıdır”.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.