Ana səhifə BAŞ YAZI Nəğməkarın “Çanaqqala”sı…

Nəğməkarın “Çanaqqala”sı…

Müəllif: Bizim Yazı
1. 049 baxış

Y Negmekar - ANARTürk qəhrəmanlıq tarixinin şanlı səhifələrindən olan Çanaqqala zəfərinə həsr edilmiş əsərlərdən biri də Yusif Nəğməkarın “Çanaqqala” (2015) poemasıdır. On dörd yarımbaşlıqdan ibarət olan poemada müəllifin Çanaqqala Tarix Muzeyində keçmişə səyahətlə duyğulandığını görürük. Bir neçə şərti yarımbaşlıqdan ibarət olan poemanın “Ön ün” bölümündə şair qoca tarixlə həmsöhbət olur. Qala sözünün Çanaqqala toponimində əsl mənasında mühafizə olunduğuna işarə edərək yazır: “Qala – hünər mərtəbəsi, Hünər, Çanaqqala oldu”. Bu cür lirik planda verilən girişdən sonra olayların epik məcrası başlayır.

Növbəti hissədə Gelibolu yarımadasında baş verən döyüş canlandırılır. Avropalı zabitin türk libası geyinərək döyüşməsi xüsusi ilə qeyd edilir. Həmin alman zabitinin türklər tərəfindən vuruşaraq limanı topa tutması rus, fransız, ingilis birliyini diksindirdiyi əks olunur. Əsərdə qərb dövlətlərinin türkə qarşı həmrəyliyi zamanın nifrət toplusu halında bir millətin sınaqdan keçirilməsi kimi mənalandırırlır. Düşmən on altı su əjdahası olan zirehli gəmiləri ilə hücuma keçir. Müasir silahlarla silahlanmış bu hərbi texnikanın qarşısına türk “Nüsrət” mina gəmisi ilə çıxmalı olur. Həmin mina gəmisi ilə əsas strateji nöqtələrin minalandığı göstərilir. “Boğazın Asiya tərəfi Minalanmış qalxan idi” sətirlərində döyüş trayektoriyasının istiqamətini müəyyən etmək olur.

Müəllif reallıqları qələmə almaqla, həm də türkün ağlasığmaz fədakarlığını inandırıcı formada təqdim edə bilir. Osmanlı ordusunun topla üç düşmən gəmisini batırmasını döyüşün gerçəkliyi kimi təqdim edir. Bu istəyə nail olmağın bir səbəbi düşmənə qarşı barışmaz mövqe olsa da, digər bir səbəbi türkün silahla düzgün davranışı və hədəfi dəqiq nişan alması idi. Baxmayaraq ki, XX əsrin əvvəllərində osmanlı ordusu kifayət qədər zəifləmişdi, lakin türk genetikasında olan döyüş texnikasına bələdlik ona müasir hərbi sursatın qarşısında tab gətirməyə yardım edirdi.

Bu savaşda türkün yalnız döyüş qabiliyyəti deyil, həm də milli duyğularının bir hədəfə yönlənməsi də qələbə üçün önəmli idi . Buna görə də, milli hisslərin qabardılmasında rolu olan ziyalıların əməyini də müəllif yaddan çıxarmır. “Çanaqqalaya gedən yol, Mehmet Akifdən keçirdi” misraları ilə belə ziyalıların mücadiləsinə də diqqət çəkir. Bir epizod da xüsusilə yada salınır ki, ölkənin ağır günlərində – 1915-ci ilin aprelində Daxiliyyə naziri Tələt Paşanın təklifi ilə İstanbulun taleyini düşünənlər toplantı keçirirlər. Şair həmin toplantının iştirakçıları olan bütün aydınların adlarını çəkir, hətta aralarında Azərbaycanlı mütəfəkkirlər də olduğunu yazır. Bu toplantıdan iki ay sonra, iyunda “Savaş ədəbiyyatı kampaniyası” yaradılmış, dilbirlik, əlbirlik şüarı ilə qələbə üçün mücadilə edilmişdir. Şair həmin mücahidlərdən olan Ə.Hüseynzadənin işlərini belə yad edir: “Baxıb türkün qeyrətinə Əli bəy də qanad taxıb heyrətinə dizi üstə şeir yazır”.

Poemanın ibrətamiz bölümlərindən biri də “Xına” adlı parçadır. Həmin hissədə “Oğlunu qurban deyənlər Saçlarına xına qoydu”  misraları ilə o dövrün ana-övlad-vətən məhəbbətinin vəhdəti nümayiş etdirilir. Türk anasının balasını vətən üçün qurban verməyə böyütdüyünə işarə edilir. Osmanlıların vətən üçün bu qədər çabaları Azərbaycanda da əks-səda doğurur. Onlara yardım üçün “Bakı xeyriyyə cəmiyyəti” yaradılır. Çünki savaşda döyüşən türk əsgərini yalnız vətəninin xilası maraqlandırırdı. Bu göstərmək üçün müəllif yaralı çavuşun inadla dediyi “mən şəfanı neynirəm, yurdum şəfa tapmasa” sözlərini xatırladır.

Azərbaycandan türklərin köməyinə gedən insanların ümumiləşdirilmiş obrazı “Gülçöhrə” başlıqlı bölümdə əks olunub. Abşerondan olan iki sevgili- Əsədlə Gülçöhrə də həmin savaşa atılanlardandır. Əsərdə göstərilir ki, Əsəd yarından xeyir-dua alıb türk qardaşlarının köməyinə gedir. “Onu doğdu Mərdəkan, səslədi Çanaqqala” – yazaraq müəllif iki qardaş xalqın dar ayaqda bir-birinə həyan olmalarına işarə edir. Döyüşə yollandıqdan sonra Əsədin yolunu gözləməkdən tükənən Gülçöhrə uzun hörüklərini papaq altına yığıb arxasınca gedir. Əsədin şəhid olduğunu bildikdən sonra “Nakam eşqin heyfini Yağıdan almağa gəlmiş bu Azərbaycan qızı” da döyüşlərə atılır. Onun keçdiyi döyüş yolunu müəllif belə təsvir edir: “Hər yaralı mehmetciyə Yardımçıydı o, cəbhədə”. Yaralı mehmetciklərə yardım etməyinə baxmayaraq müharibənin də öz qanunları var. Onun da doğma eli Mərdəkana şəhidlik sorağı gəlir.

“İman heykəli” adlı bölümdə yazar Seyid Onbaşının abidəsi önündəki düşüncələrini dilə gətirir. Atdığı üç mərmidən ikisi boşa çıxsa da, üçüncüsü düşmənin əsas gücünü yendiyi iftixarla xatırlanır. Müəllif bu savaşın gedişatını boşuna nəzmə çəkməyib. Əsas məqsəd bu savaşdan sonra türkün əldə etdiyi nailiyyətlərdir. Onların fədakarlığının nəticəsidir ki, müasir dünyada “Türk cocuqlarının dili, “Vətən” sözünə açılır”. Bu döyüşün bütün başqa savaşlardan fərqi onda idi ki, türkün bütün türkanə sifətləri özünü göstərirdi. Türk onun torpağını işğal üçün gələrək, döyüşdə həlak olan ingilis əsgərini də öz torpağında dəfn edir. Bu ancaq türkün əqidəsi, türkün insanlığı ola bilərdi.

Bəllidir ki, bu qələbədə Atatürkün xidmətləri danılmazdır. Buna görə də, “Mustafa Kamal eşqinə” adlı bölümdə ona olan sevgidən söz açılır. Onun komandanlığı altında “Hər əmrinə müntəzirdi Alay, tağım, bölük, dəstə” fikirləri ilə düzgün hərbi idarə etmənin qələbə üçün nə qədər önəmli olduğu vurğulanır.

Poemanın “Son ün” başlıqlı bölümandə bu qənaətə gəlinir ki, “Türk soyunun oyanışı, Çanaqqala zəfərimiz”. Müəllif bu savaşın əsl mahiyyətini belə açıqlayır: “Çiyin-çiyinə düsturu – Çanaqqala zəfərimiz”. Əsərin sonunda Qarabağ müharibəsinə də toxunulur. “Siz ey Çanaqqala fədailəri, Əl verin Qarabağ şəhidlərinə” çağırışı ilə yeni bir qələbəyə səsləniş eşidilir. Əminliklə Çanaqqala zəfərinin Qarabağda təkrarlanmasına inam ifadə olunur

g-sema

Gülnar SƏMA (QASIMLI),

DGTYB-nin Məclis üzvü 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.