Ezoterika üzrə mütəxəssis Mətanət Abdullayeva: “İnsan dünyanı dərk etmək üçün öncə özünü dərk etməlidir”
Ezoterika üzrə mütəxəssis, filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Abdullayevanın yazarı olduğu “Klassik ədəbiyyat: ezoterik xəzinə” adlı kitabında 3 dahinin (Nizami, Nəsimi, Füzuli) şeirlərindəki ezoterik məqamlara toxunulur.
– Ezoterika nədir?
– Bu termini elmə Pifaqor gətirib, mənası gizli, sirli deməkdi. İnsan və aləm haqqında təsəvvürləri maddi keyfiyyətlərlə məhdudlaşdırmadan mikrokosmosla makrokosmosun vahidliyini və bunların daxilində olan gizliliyi təsdiqləyən metoddur. Bu metodun mərkəzində insan durur. Belə ki, biz mikrokosmos dedikdə məhz, insanı nəzərdə tuturuq. Həm Qərb, həm də Şərq ezoterizmin məqsədi insana özünüdərk etməkdə kömək göstərməkdir.
– Sizin üçün ezoterik aləmin sirli qapılarını açmaq çətin olmadı ki?
– Sırf elmi müstəvidən ezoterikaya gəlmək mümkün deyil. Hər bir dövrün poetik fikri həmin dövrün fəlsəfəsinin poeziya prizmasından açılışıdır. Bu, yeni araşdırma sahəsidir. Fəlsəfi poeziya Akademiyanın Fəlsəfə İnstitutu tərəfindən də araşdırılır. Amma mənim araşdırmam tamam ayrı müstəvidən aparılıb. Məsələn, Nizaminin “Yeddi gözəl” əsərində yeddi gözəl əslində yeddi məqamın göstəricisidir. İnduizmdə də, sufizmdə də mistik eşq yolçuluğunu özündə əks etdirəm mərhələlər var. Qədim biliklərdə bunlar yeddi qat, yəni yeddi çakra kimi göstərilmişdi.
– İnsan öz daxili aləmində eşqə gedən yolları necə aça bilir?
– Mistik eşq yolçuluğuna qədəm qoymaq istəyən insanın həyatı 3 mərhələyə bölünür. Birinci mərhələ – şəriət daha çox zahiri məqamla bağlıdır. Belə ki, burda müəyyən davranışlara riayət olunma, dini ayinlərin həyata keçirilməsi əsas rol oynayır. İkinci mərhələ təriqət isə artıq batini (daxili) prosesdir. Lakin burda mütləq müəllim (mürşid, şeyx) olmalıdır. Çünki, bu idrakı prosesidir. Eşq yolçuluğunda eşq artdıqca idrak da güclənir kamilləşir. Eşq yolçuluğunda dünyanın dərki və özünüdərk dərinləşir. İnsan dünyanı dərk etmək üçün öncə özünü dərk etməlidir. Ona görə də eşq yolçuluğu insanın daxili cihadıdır. Cihad zamanı pillə-pillə yeddi ruhi mərhələ keçilir, dünya sevgisi azalır və eşqə aparan qüvvə güclənir.
– İnsan bu yolların xəritəsini hansı gizli kodlarda qoruyub saxlayır?
– Bu insanın yeddi energetik mərkəzi ilə bağlıdır. Bunlar maddi olmayan, insanın efir bədənində yerləşən mərkəzlərdi. İnduizm mistik ənənələrində bunlara çakra deyilir. Lakin “Avesta”da da bu anlayış var. Bu energetik mərkəzlər insanın onurğa sütunu boyunca yerləşir. Lakin bu fiziki mənada deyil. O energetik mərkəzlərin hərəsinin öz rəngi var, öz musiqisi var və öz əlaqəli planeti var. İnsan özü-özülyündə böyük bir supersistemdir. Energetik müstəvidə o təkcə fiziki bədən yox, həm də çoxqatlı bir energetik sistemdir.
– İnsan və Kainatın enerji mübadiləsi zamanı birincidə hansı dəyişikliklər baş verir?
– Kainatla enerji mübadiləsi həmin o sistem vasitəsilə baş verir. İnsanın onurğasında sakrum sümüyü var. Kosmik enerji məhz, orda yerləşir. Təbabətdə bu işlənilmir. Lakin ən qədim biliklərdə bu Kundalini enerjisi kimi göstərilir. Kundalini ilan kimi qıvrılan deməkdir. Bu enerji kosmik enerjidir və təsəvvüfdə buna can deyirlər. Yəni canın Allaha istiqamətlənməsi. İnduzim fəlsəfi bilikləri bizi məlumatlandırır ki, o enerji bu yeddi qatı keçərək sonuncu mərhələyə çatır. Kundalini enerjisi bir-bir onları qidalandırır. Bu zaman insan həm fiziki, həm də ruhi cəhətdən sağlamlaşır. “Sağlam bədəndə sağlam ruh olar” ifadəsi də burdan irəli gəlir.
– “Yeddi gözəl” kainatdan alınan enerjinin sayəsində yazılmışdı?
– “Yeddi gözəl”in ilkin müstəvidə nağıla bənzəyir. Lakin burda xeyli kosmoqnik məqamlar var. Bəhram şahın yeddi çadır qurması, onların hərəsinin ayrı-ayrı planetlərlə əlaqələndirilməsi sərf fəlsəfi anlamdadır. Nizami bildirir ki, mən bunları ağlımın yox, qəlbimin ötürdüyü məlumatlar əsasında yazmışam. Ağılla bunları yazmaq qəti mümkün deyil. “Allah insana şah damarından daha yaxındır” həqiqəti də burdan qaynaqlanır. İnsan hərdən həmin mənbəyə baş vurur və ordan bəhrələnir.
– Ezoterizmin sirli pəncərəsindən sosial gerçəklik necə görünür?
– Sosial gerçəklik bir çox prizmadan öyrənilir. Amma ezoterika bunun ən dərin qatını araşdırır. Çünki insan tək sosial fərd deyil, o həm də ilahi varlıqdır. Bizim öz özəyimiz mahiyyətimiz var. O mahiyyətə gedib çıxmayınca, sosial həyatda istədiyimiz səviyyəyə çatmaq qeyri-mümkündür. Çünki ictimai münasibətlər daxili intizamla tənzimlənməlidir. İçəridən tənzimlənən qanunlar cəmiyyəti idarə edəndə böyük ədalət yaranar.
– Bu gün ölkədə və dünyada baş verən siyasi hadisələr öz-özlüyündə gizli bir kod şəklində saxlanılır. Belə ki, görünənlər əsl həqiqətdən çox kiçik bir hissədir. Əgər həmin görünməyən şifrələr kod şəklində açılsa, bizlərə hansı məlumatı ötürə bilərlər?
– Heç bir informasiya ötürə bilməzlər. Çünki ezoterik kodlar özlərində gizli , qiymətli nüansları saxlayırlar. Amma siyasətdə sakral nə var? Siyasətlə ezoterizmi heç vaxt eyni müstəviyə qoymaq olmaz. Siyasətçilər əgər ezoterikanı bilsəydilər, heç vaxt siyasətçi olmazdılar.
– Yəni demək istəyirsiz ki, ezoterika heç vaxt siyasət səviyyəsinə enməz?
– Heç vaxt. Çünki ezoterika hər şeyin fövqündədir. Çünki ezoterikada nə siyasət var, nə zaman, nə də məkan. Orda ancaq insan və idrak fenomeni var. Bütün ezoterik biliklər hansısa sənət və yaradıcılıq formasında əks olunur. Belə ki, ezoterik musiqi, ezoterik rəngkarlıq, ezoterik rəqs dediklərimizi özündə müəyyən qədər əks etdirə bilir. Məsələn, mövləvilərin səmavi rəqsləri tam olaraq makrokosmosun mikrokosmos səviyyəsində transformasiyasıdır. Burda əslində enerjinin sistemlər arasında qarşılıqlı əlaqəsi var və biz də buna bəsit formada da olsa rəqs deyirik. Səmavi rəqslər məhz, bunları ifadə edir.
– İnsanlarda baş verən idraki proseslər “enerji vibrasiyyaları” necə hərəkət etdirir?
– Orta yaşlı insanlara baxanda gənclər daha çox şey etməyə qadirdir. Onların daxili enerjiləri buna daha yaxşı reaksiya verə bilir. Amma orta və yaşlı nəsildə də bəzi istisnaları yaddan çıxarmaq olmaz. Onların arasında da ezoterik müstəvidən xeyli inkişaf etmiş adamlar var. İnsan yüz il də ibadətlə məşğul olursa yenə də açıb danışmalı deyil. Bir şəxs özünə sufi deyirsə, deməli o hələ sufi deyil. Əgər insanda Kundalini enerjisi aktivdirsə, energetik çakralar düzgün fəaliyyət göstərirsə, deməli onda idrak səviyyəsi yüksəkdir. Bu onun aurasında çox gözəl görünür. Bəsirət sahibi olan insan çox parlaq simalı olur. Bəsirət gözü açıq olmayanlar isə onları çox adi qəbul edir və onların ətrafında özlərini çox rahat hiss edirlər. Bu insanlarla ünsiyyətdə insanın pozitiv tərəfi aktivləşir. Xristian rəngkarlığındakı ikonalarda başdakı işıqlar artıq ezoterik məqamların qət edildiyini, xoşbəxtlik, həqiqət müstəvisinə çatılmasını göstərir. Yeddinci çakra insanın kosmik mühitə, energetik aləmə çatmasına işarədir. Sufizmdəki vəhdəti-vücud da özünü burda göstərir. Bu andan başlayaraq insan özünü kainat, Allah ideyası içərisində görür. Bu məqamdan sonra insanın ümman kimi özünü dərki başlayır. Həllac Mənsurun dediyi də əslində bu idi. O özünü həqiqətdə yox etmişdi. Onun fəlsəfəsi yarananın yaradıcının içərisindəki yox olmasından ibarətdir. Burada damlanın ümmana, şüanın isə günəşə qovuşma anı var.
– Enerji insanı hansı sirli dünyalara aparacaq?
– Hər bir insan enerji formasıdır. Materiya da enerjinin sıxlaşmış formasıdır. İnsan ruhani təkamül keçə-keçə enerji vibrasiyaları dəyişir və bu zaman o tamam fərli aləmlərin, paralel dünyaların sakini olur.
Elmin Nuri
\\modern.az