Ana səhifə BAŞ YAZI Millətsevər aydınımız Məhəmmədtağı Zehtabinin kitabı çapdan çıxıb

Millətsevər aydınımız Məhəmmədtağı Zehtabinin kitabı çapdan çıxıb

Müəllif: Bizim Yazı
664 baxış

 Bu gün Azərbaycanın tanınmış aydını, doktor Məhəmmədtağı Zehtabinin anadan olmasından 88 il ötür. Ad günü ərəfəsində M.Zehtabinin «Başqa dilim, elim vardır mənim” adlı 1947-1979-cu illərdə yazdığı şeirlər toplusu çapdan çıxıb.

Kitabın redaktoru, nəşrə hazırlayanı, ön sözün və şərhlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir. Daha çox tarixçi və türkoloq kimi məşhur olan Məhəmmədtağı Zehtabi kitabda oxuculara şair kimi tanıtdırılıb. Kİtaba ədibin vətəndən ayrı düşdüyü illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illərdə Aşqabad, Bakı, Berlin, Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb.

Qeyd edək ki, Məhəmmədtağı Zehtabi 1923-cü ilin oktyabrın 13-də Şəbüstərdə kirişçi ailəsində anadan olub. İbtidai təhsilə kənd məktəbində başlayıb, lakin iki il oxuduqdan sonra ailə dolanışığı ilə bağlı təhsildən ayrılıb. Sonradan özünün təkidilə təhsilini Təbrizdə davam etdirib. Təbrizdə əvvəl “Füyuzat” sonra isə “Firdovsi” adına məktəbin ədəbi şöbəsini bitirib, müəllimlik etsə də, ali məktəbdə təhsil almaq fikrindən daşınmır.

M. Zehtabi ana dili ilə yanaşı fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan “Azərbaycan” qəzetində məqalə və şeirləri ilə çıxış edir.

Zehtabi 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetinin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə “Dünya ədəbiyyatı” mövzusunda oxuduğu mühazirələrini dinləyir.

Milli Hökumət qan içində süquta yetirildikdən sonra onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti də qapadılır. M.Zehtabinin həmin faciəvi günlərdə qələmə aldığı məşhur «Sən osan, mən də buyam» şeiri rejimin ana dilində təhsilə, nəşriyyələrə və danışığa qoyduğu yasaqa qarşı etiraz səsi idi;

Su deyibdir mənə əvvəldə anam, «ab» ki, yox.
Yuxu öyrətdi uşaqlıqda mənə, «xab» ki yox.
İlk dəfə ki, çörək verdi mənə, «nan» demədi.
Əzəlində mənə duzdana «nəməkdan» demədi.
Anam «əxtər» deməyibdir mənə, ulduz deyib o.
Su donanda deməyib «yəxdi» bala, buz deyib, o.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məxsus olan başqa elim vardı mənim.
Elimə məxsus olan başqa dilim vardı mənim.

İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi bir çox maddi və digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına – Sovet Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur – universitetə yox, həbs düşərgəsinə düşür. Sərhədi pozduğuna görə uzaq Sibirə göndərilir. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşamalı olur.

Nəhayət, Stalinin ölümündən sonra bəraət alır və Sibirdən Tacikistanın paytaxtı Düşənbə şəhərinə göndərilir. Burada axşam məktəbini bitirir.

Bir ildən sonra Bakıda təhsil almaq arzusu ilə Azərbaycana gəlir. Sonralar bu barədə yazırdı: “Burada öyrəndim ki, Şurəvidə universitetə daxil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomumdan heç birisini özümlə gətirə bilməmişdim. Bir il burada axşam məktəbində oxuyub diplom alaraq onu bir ərizə ilə Bakı Universitetinə göndərdim. İki həftə sonra oradan müsbət cavab aldım, kitablarımı yığışdırıb Bakıda oxumağa getdim və yataqxanada yerləşdim. Günlərin birində yataqxana məsulu yanıma gəlib adımı soruşduqdan sonra:

– Səni Universitetinin rektoru çağırır, dedi get gör nə deyir, – dedi.

Bakı Universitetinin rektoru böyük kimyaçı, ixtiraçı akademik Yusif Məmmədəliyev idi. Rektorun otağına getdim. Yusif Məmmədəliyev adımı və hər haralı olduğumu öyrəndikdən sonra dedi ki, belə yaxşı qiymətlərlə niyə orada oxuyursan, gəl kimya fakültəsinə.
– Hörmətli akademik, mənim xalqımın ehtiyacı bunadır, – deyə cavab verdim. Dik yerindən qalxıb gəldi və mənimlə səmimi və möhkəm əl verərək, – sənə müvəffəqiyyətlər arzulayıram, – deyərək məni yola saldı”.

Təhsilini başa vurduqdan sonra 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. “Əbu Nəvvasın həyatı və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alır.

1969-cu ildə M. Zehtabi İraqa sığınmaq və Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. Bağdad Universitetində həvəslə qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdiyi əsərlər əsasında universitetinin elmi şurası tərəfindən ona professor adı verilir. İraqda işlədiyi vaxtlar Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür və həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor “İran türklərinin sərfi” (morfologiyası) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. İraqda yaşayan kərküklərin dili bəzi məhəlli fərqləri nəzərə almasaq, tamamilə Azərbaycan türkcəsindədir. M. Zehtabi kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarını ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunub.

Sonralar doğulub boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini, eləcə də ərəb dilini tədris edir. Otuz ildən sonra xalqının içində olmaq onun üçün ifadə edilməz bir xoşbəxtlik idi. Zehtabi “İran türklərinin sərfi” kitabını tədris etməkdən ruhlanaraq və Universitetdə tədris zamanı yüzlərlə gənc oğlan və qızların dili öyrənib mənimsəməyə can atdıqlarını bu sahədə mənbə və ədəbiyyatın qıtlığını nəzərə alıb “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, «Ana dilimizi öyrənək» adlı kitablarını yazır.

1979-cu ildə İranda Pəhləvi rejiminin süqutundan sonra Zehtabi nəhayət ki, vətəni Təbrizə qayıdır. Professor öz elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir. M.Zehtabi Təbriz şəhərində çoxlu Azərbaycansevər dostları ilə “Azərbaycan mədəniyyət ocağı”nı qururlar. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək xalqımızın ədəbiyyat və tarixini tanıtdırır. Bu ocaq indi də doktorun sağlığında olduğu kimi fəaliyyətini davam etdirir. İnqilabdan sonra ana dilinin istifadəsinin qadağan edilməsi nəticəsində oxuyub yaza bilənlərin az olmasını nəzərə alan bəzi partiya və cəmiyyətlər qəzet və jurnal nəşr etməklə yanaşı Azərbaycan türkcənin öyrədilməsinə və yazılmasına yönəldilmiş kurslar açdılar. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında M.Zehtabinin böyük rolu olub. Professor Zehtabi Iran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olub və çoxlu müəllim yetirib. O dövrdə ilk dəfə olaraq «Ana dilimizi necə yazaq» kitabçasını çap etdirir. Bu kiçik əsərdə dilin əsas – səs qanunları, ahəng qanunu açıqlanmış, əlifbanı düzgün yazıb, oxumaqda gənclərə bir mənbə oldu. Sonralar Cənubda keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalandılar.

Alim dilçiliklə yanaşı türk ədəbiyyatı ilə də məşğul olur. “İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı”, “Əruzun türk folklorundakı izləri” adları altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır.

Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olub. “Çerik əfsanəsi”, “Pərvanənin sərgüzəşti”, “Bəxti yatmış”, “Bağban Eloğlu”, “Bəzz qalasında”, “Mişovun əfsanələri”, “Qoy olsun on”, “Həstiye nəsim” (farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad, İstanbul, Berlin və Təbrizdə nəşr olunub. “Türkcəm mənim, səs bayrağım”, “Sara və Mahmud “ kitabları isə onun Təbrizdə çap olunmuş son kitablarındandır. Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərci və Hüseyn Güneyli, Behzad Azəri kimi fədakar millətsevər ziyalılar tərəfindən nəşr olunub.

Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən doktor M.T.Zehtabi 1998-ci ilin dekabrında ürək tutmasından bir qədər müəmmalı şəkildə qəflətən vəfat edib. O, doğulub böyüdüyü Şəbüstərdə dəfn olunub.

Hazırladı: Sədrəddin Soltan //www.lent.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.