Ana səhifə YAZILAR Meyxoş Abdulladan iki meyxoş öykü…

Meyxoş Abdulladan iki meyxoş öykü…

Müəllif: Bizim Yazı
492 baxış

Meyxosh ASEVGİLİM MƏNİM
                                                                                                          Lütfən, aramızda qalsın…

…Gözlərini açmadan əlini uzadıb gecəlampasının düyməsini basdı. Otaq çəhrayı rəngli işıqselinə büründü. Yarımqapalı gözlərini ovuşduraraq divardakı  saata baxdı, saatın əqrəbləri altı tamamı göstərirdi…
Yataqdan qaıxıb pəncərəni araladı. Səhər hələ açılmamışdı. Göydə təkəm-seyrək ulduz gözə dəyirdi. Aralı pəncərədən içəri dolan soyuq hava axını bədənini ürpəşdirdi. Soyuğun təsirindən gözləri yaşardı.
Havadan neftqoxulu şəhər havasının iyi gəlirdi. Ağzını geniş açıb, acgözlülüklə sinədolusu nəfəs aldı. Aldığı nəfəsi bir müddət ciyərlərində saxladı. Duza qoyulmuş  balıq iyi verən, bu neftqoxulu havanın, elə bil ki, ömrüboyu həsrətindəymiş.
Bir müddət beləcə dayanıb qaldı. Sonra pəncərəni örtüb hamama keçdi, əl-üzünü yudu. Çaydanı doldurub qaz pilətəsinin üstünə qoyanda fikrindən daşındı. Düşündü ki, naharı gözləsə yubana bilər. Çünki hava bir azdan işıqlaşacaqdı.
Özünə söz vermişdi, bu gün onu çox gözlətməyəcəkdi. Onsuz da, nə vaxt getsəydi  onu sahildə gözləyən görürdü…
Üzünü qırxdı, paltarını geyinib güzgünün qabağında dayanaraq özünə baxdı. Qocalırdı.  Qocalıq öz nişanəsini ağ saçlarında, sir-sifətinin qırışlarında, artıq göstərməkdəydi. Bircə, ürəyi həminki ürək idi, alovlu, ehtiraslı…
Yataq otağına keçdi, üzüqoylu yatan həyat yoldaşının üstündən sürüşüb, düşən adyalı sahmanlayıb çölə çıxmaq istəyirdi ki, arvadı astaca:
– Durmusan?!
– Hə?..
– Ağrımırsan ki?!
– Yox, indi babatam.
– Yenə ora gedirsən?
– Hmm…
–  Ürəyin doludu yəqin? Darıxırsan?!
– Hə, yaman darıxıram…
– Sizin söhbətiniz bitib, dükənmədi? Axı, görənlərdən ayıbdır?
– Əzizim, sən ki, mənə söz vermisən, bu işdə bizə mane olmayacaqsan.
– Hə, elədir! – deyə arvadı  arxasıüstə  dönərək, əllərini başının altında daraqlayıb gülümsədi. – Düz deyirsən, söz vermişəm. Di, get, mane olmayacam sənə.
Sonra nə fikirləşdisə:
– Heç olmasa, əynini qalın edəydin, axı, xəstəlikdən təzə ayılmısan. Gözəlçən yenə naxoşladıb  göndərəcək  ha, üstümə  səni.
– Narahat olma, əzizim, bir-iki saata qayıdıram. – deyə gülümsəyən kişi, əlini arvadının qıvrım saçlarında gəzdirib otaqdan çıxdı.
Həyat yoldaşı dərindən  kök ötürərək ərinin arxasınca:
– Kaş, məni də onun kimi sevə biləydin, onda heç dərdim olmazdı. İnsanın nə boyda sevgisi olarmış, ilahi? – deyə o, dərindən köks ötürdü. Sonra öz-özünə gülümsədi:
– Tanrım sənə ağıl versin, yaşlansan da, ağlın uşaq ağlı kimidir. – dedi.

Bir müddət olardı ki, onlar görüşmürdü. Azacıq xəstələnməsi onu evdən bayıra çıxmağa imkan verməmişdi. Bu gün isə bir az yaxşılaşmışdı və axşamdan özünə söz vermişdi ki, səhər sübh tezdən onu görməyə gedəcək. Onu çox sevirdi. Ürəyi doluydu. Qəlbini sıxan, heç kəsə demədiyi sirrini ona açardı. Yaşlaşdıqca bir az da kövrək olmuşdu, danışdıqca, elə hey danışmaq istəyirdi. Yaşlı adamlar danışmağı çox sevir. İllah da, onlara qulaq asan ola, sözlərini kəsməyələr…
Onun mavigözlü sevgilisi də, bir kəlmə də olsa sözünü kəsməyərək axıra qədər ona qulaq asırdı. Sevgilisinin lal-dinməzliyi ona elə ləzzət verirdi ki… Ürəyinin bütün sirrlərini ona danışırdı. Zamanədən. insanların vəfasızlığından, son vaxtlar ona əzab verən ağrılarından, hətta arvadıyla bəzən sözlərinin düz gəlməyən vaxtlarında, küsüb-barışmalarını da ona açıb deyərdi.
Neçə müddətdi ki, onunla beləcə qəlbbircandaydı, dərdləşirdi, heç kəsə demədiyi qəlbinin sirrini açıb ona deyirdi. Amma bir dəfə də olsun dediyi sirri, söhbəti, sevgilisi heç kəsə açmamışdı. Bu söhbətlərin hamısı sevgilisinin ümman böyüklükdə qəlbində, quyuya atılan daş kimi  sirr olaraq qalardı…
…Yaşadığı binanın həyətinə düşəndə soyuq payız küləyi onun  boyun-boğazını yaladı. Qəfildən üstünə soyuq su çilənən pişik kimi silkindi. Soyuq olmasın deyə, plaşının  yaxalığını qaldırdı. Qısa və ətli boynu bir az da görünməz oldu. Əllərini cibinə salıb sürətli addımlarla binadan uzaqlaşaraq sahilə tərəf üz tutdu.
Hava tam işıqlanmamışdı. Üfüqdən boylanan, hələ özü görünməyən günəşin qızılı şüaları  boz buludların üzərinə düşərək, get-gedə alovlanan iri tonqalları xatırladırdı. Gecə isə mürgülü gözlərini ova-ova əriyib yox olmaqdaydı. Sanki buludların arasında  yuva qurmuş qağayılar, bir-bir oyanaraq sübhün bağrını dələn qışqırtılarıyla haray-həşir salmışdılar.
Saat qülləsinin üstündəki işıqlar hələ də yanırdı. Sahildə barmaqla sayılası adamlar gözə dəyirdi. Onların çoxunu tanıyırdı, yaşlaşmış idmançılar idi, hər səhər qaçırdılar. Onların arasında bir həkim dostu da vardi, ürəyi xəstə  olduğundan hər gün  burada idi.
Onunla salamlaşdı. Həkim addımlarını yavaşıtmadan:
– Su pərisi gözləyir?!
– Əlbəttə, həmişəki kimi?
– Sevgi buna deyərəm e, – deyə həkim gülümsəyərək başını buladı.
Saat qülləsinin yanından keçib pillələrlə aşağı endi. Həyacanlıydı.
O, gözləyirdi… Yaxın gəldi. Sahildən düşən işıqseli sevgilisinin çövrəsini, sanki al-qırmızı rəngə boyamışdı. Saçları açıq və qırçınlıydı. Gözləri qapalı olsa da, nə isə pıçıldayırdı. Onun pıçıltısı, sanki bir ovuc çaylaq daşının bir-birinə sürtülərək çıxartdığı xışıltılı səslərə bənzəyirdi… amma o, bu səsləri delfinlərin bir-birlərini görüşə çağırdıqları zaman göndərdikləri ulturaintim səslərə  daha çox oxşadırdı.
Bir-iki addım da yaxın gəlib dayandı.
Asimanı, yeri-göyü qucaqlayıb bağrına basacaqmış kimi qollarını geniş açdı. Qolları havada asılı vəziyyətdə qalsa da, sanki ağuşunda  bir gözəlin duzlu-tamlı isti nəfəsini hiss etdi. Sir-sifətinə duman-çiskin qarışıq nəm toxundu. Bu nəmli şeh damlaları onun yanaqlarından süzülüb ağzına dolaraq,  ilk dəfə öpülən, naşı qızın dodaqlarının  tamını  verirdi.
Hər ikisinin qəlbi çırpınırdı… Bayaqdan sakit görünən dalğalar birdən-birə şahə qalxaraq, özünü sahilə çırpır və bayaqdan yolunu gözlədiyi sevgilisini ağuşuna alamaq istəyirdi.
O isə hamının eşidə biləcəyi uca səslə:
– Salam..! Dənizim! Əzizim! Sevgilim mənim! – deyərək, uşaq kimi sevinirdi…

 

BAĞIŞLANMAYAN GÜNAH

Sağlıq durumuyla bağlı vaxtından öncə istefaya göndərilmişdi. Dincəlmək üçün səs-küydən uzaq, qalın meşəliklə əhatə olunmuş bu yer, azacıq da olsa ona rahatlıq gətirirdi. Meşənin ətəyindən gözyaşı kimi dupduru çay axırdı. Hava təmiz, ətraf sakitlikdi. O, hər gün nahardan sonra tilovunu götürər və balıq tutmaq üçün çaya enərdi. Çay şirinsulu olduğundan buradakı balıqlar da çox dadlıydi. Başı ova qarışanda ağrıları onu bir anlıq da olsa rahat buraxırdı. Sifətindəki dərin yanıq izləri görkəmini eybəcər hala salmışdı. Üzünün sağ tərəfinin dərisi çənəsinə doğru yığıldığından, sağ gözü hədəqəsindən çıxmaq dərəcəsindəydi. Sol gözü isə, güclü yanığın təsirindən kor olmuşdu. Hər iki qolunda dərin yanıq izləri görünürdü. Gündüzlər dağın sərin havası əsəblərini sakitləşdirib canına rahatlıq gətirsə də, gecələr soyuğun təsirindən bədəninin yanıq yerləri yamanca sızıldayırdı. Səhəri çox vaxt dirigözlü açardı. Özünü tox tutmağa çalışsa da, dəhşətli ağrılar bir anlıq da olsun onu rahat buraxmırdı. İki il olardi ki, ailəsindən də ayrı düşmüşdü. Arvadı qızını da götürərək onu tərk edib getmişdi. Əslində o, ailəsinin bu hərəkətinə haqq qazandırırdı. – Neyləməliydi bəs, ömrünü mənimlə çürütməliydi? – deyə öz taleyinə acıyırdı. Amma onlar üçün möhkəmcə darıxırdı. Qızını yadına salanda uşaq kimi gövrəlirdi. Ömrüboyu səs-küy içində yaşamış birisi üçün belə sakitlik, insanlardan uzaq yaşamaq ağır gəlirdi. O da insan idi, kiminləsə söhbət etmək, dərdləşmək istəyirdi. Buralara isə nadir hallarda insanlar gəlib çıxırdılar. Bu yerlər şəhərdən çox-çox uzaq bir yer idi, həm də, bu kimsəsiz yerlər adama çox darıxdırıcı görünürdü. Belə günlərin birində, o, səhər yuxusundan ayılıb gördü ki, yaşadığı yerdən azca aşağıda, çayın qırağında bir alaçıq qurulubdur. Ürəyində sevinsə də, alaçığa tərəf getməyi hələlik ağlından belə keçirmədi. Günortaya yaxın alaçıqdan iki nəfər çıxıb çaya doğru endilər. Onlardan biri qırx, qırx beş yaşlarında kişi, digəri isə iyirmi, iyirmi beş yaşlarında olan gənc qadın idi. Çox xoşbəxt görünürdülər. Günboyu bir-birinə sarılmış vəziyyətdə çaykənarında dolaşan bu cütlüyün xoşbəxt həyatına həsəd aparmalı idi. Vaxtilə, o da həyat yoldaşıyla belə mehriban olmuşdu, onu dəlicəsinə sevmişdi. İndi isə yalquzaq kimi tək-təhna meşədə dolaşırdı. Bir gün balıq tutduğu zaman arxasında kiminsə dayandığını hiss etdi. Dönüb baxanda həmin gənc qadını gördü. Qadın, kişinin sifətini görən kimi qorxusundan qışqırdı və bir-iki addım geri çəkildi. Kişi tez üzünü çevirib astadan: – Bağışlayın, gəlişinizi hiss etmədim. Deyəsən, sizi qorxutdum? Yəqin, zənn etdiniz ki, pezəvəng bir ayı ilə rastlaşmısınız? Qorxmayan, bir müddətdir ki, burada yaşayıram ayı-zad gözümə dəyməyibdir. Deyəsən, mənim bu eybəcərliyim o yazıq heyvanları da buradan didərgin salıbdır. Kişinin bu mehriban davranışı və səmimiyyəti qadını utandırdı. O, bayaqkı hərəkətinə görə peşimançılıq hissi keçirtdi. Qadının bu hərəkətini kişi də hiss etdi və onu düşdüyü vəziyyətdən çıxarmaq üçün dedi: – Mən hər gün burada balıq tuturam. Tutduğum balıqları yenidən çaya buraxıram. Axırda isə bircəciyi mənim nahar yeməyimə kifayət edir. O yanındakı vedrəni qadına göstərib əlavə etdi: – Götürün, bu gün ovum uğurlu olubdur, görün nə qədər balıq tutmuşam. Qadın vedrəyə yaxınlaşıb əlini onun içinə saldı və bir ədəd iri xanı balığı götürüb kişiyə təşəkkür etdi. – İstəsəniz hər gün gəlin, burada təzə balıq olur – deyə, kişi dilləndi. Səhəri gün həmin vaxt qadın yenə gəldi. Yenə kənarda dayanıb kişinin balıq ovuna tamaşa etdi. Kişi qadını qorxutmamaq üçün bacardıqca geriyə baxmırdı. Bunu qadın da hiss edirdi. Amma daha ondan qorxmurdu. Bir müddət keçmişdi, artıq onlar dostlaşmışdılar. Qadın hər gün balıq ovuna tamaşa etmək üçün kişinin yanına gələr və gedəndə də kişi onu təzə balığa qonaq edərdi. Qadını həmişə bir sual düşündürürdü, bu adama nə olmuşdur, onu buralarda təhna dolaşmağa nə vadar edir? Onun ailəsi yoxdurmu? Bu suallar onu narahat etsə də kişinin qəlbinə toxunacağından ehtiyyat edərək, bu barədə ondan heç nə soruşmurdu. Amma bir gün qadın özündə cəsarət tapıb dedi: – Sizdən bir şey soruşmaq olar? – Bilirəm, nə soruşacaqsınız? – deyə kişi dilləndi. Qadın maraqla: – Nə soruşacağam? Kişi: – Soruşacaqsınız ki, sizə nə olmuşdur, buralarda təhna dolaşmağa sizi nə vadar edir? Ailəniz yoxdurmu? – Düzmü dedim? Qadın çiyinlərini çəkərək: – Hə, əlbəttə, eynən bunları soruşacaqdım. Kişi ilk dəfə olaraq dönüb qadına diqqətlə baxdı. Neçə gündən bəri söhbət ediyi qadının belə gözəl olacağını heç təsəvvürünə gətirməmişdi. Onun gözəlliyi qarşısında öz sir-sifətinin eybəcərliyini xatırlayıb utandı və başını aşağı salıb yavaşca: – Bu uzun əhvalatdır, sizə o qədər də maraqlı gəlməyəcək, ona görə də danışmasam yaxşıdır. Qadın əl çəkmədi: – Xahiş edirəm deyin, necə olub ki, bu hala düşmüsünüz? Kişi qadının asanlıqla ondan əl çəkməyəcəyini görüb dedi: – Mən hərbiçiydim, komandir olduğum bölüklə meşə zolağındakı postda keşik çəkirdik. Bizdən bir xeyli aralı, dağın ətəyində salınmış istirahət zonasında insanlar dincəlirdilər. Biz onlardan bir xeyli uzaq olsaq da, insanların deyib-gülməklərinin, çal-çağırlarının səsini eşidirdik. Oradakılar çox xoşbəxt görünürdülər. Doğurdan da, biz hərbiçilər onlara həsəd hissiylə baxırdıq. Bir dəfə gecə vaxtı postu yoxlamaq üçün çıxmışdım. Hər şey öz axarınca gedirdi. Gecə sakit, göyüzü tər-təmiz idi. Hərbiçi olsaq da, gecənin bu sakitliyi adamın ruhunu oxşayırdı, uzanıb doyunca yatmaq istəyirdin. Birdən həmin o istirahət düşərgəsindəki balaca daxmaların birinin alovlandığını gördüm. Alov gecənin qaranlığında şölə saçırdı. Əvvəlcə, nəyin baş verdiyini anlamadığımdan çaşıb qalmışdım, nə edəcəyimi bilmirdim. Gecəyarısı olduğundan oradakıların hamısı şirin yuxuda idilər. Ona görə də, baş verən hadisədən heç kəsin xəbəri yox idi. Mən iki əsgərlə birlikdə hadisə baş verən yerə yüyürdük. Alov balaca taxta daxmanı tamam bürümüşdü, içəri gürmək mümkün deyildi. Vaxt da itirmək olmazdı, içəridəkilər yana bilərdilər. Ona görə də, özümü daxmanın pəncərəsindən içəri atdım. İlk növbədə yataq otağını axtardım. Zənnim məni aldatmamışdı yataqda iki nəfər, bir kişi, bir də bir qadın qucaqlaşıb yatmışdılar. Ani olaraq onların xoşbəxtliyi barədə fikirləşdim, axı, bu biçarələr bir neçə dəqiqədən sonra başlarına gələcək dəhşətli hadisədən xəbərsiz idilər. Otaq qaranlıq və tüstü idi. Adam güclə nəfəs alırdı. Zəhərli tüstü az qalırdı ki, adamın canını alsın. Bayırda yalmanan alov dillərinin arada otağı işıqlandırmasından, çətin də olsa qaraltıları seçə bilirdim. Əvvəlcə, qadını qucağıma götürdüm, o bərk yuxulu, həm də, möhkəmcə içkili idi. Pencərəyə yaxınlaşıb onu bayırda dayanan əsəgərlərə tərəf uzatdım. Sonra geri qayıdıb kişini qucağıma aldım. Burnuma dolan acı tüstünün içindən kəskin spirt qoxusu da gəlirdi. Yəqin, bu cütlük ağıllarını itirənəcən içmişdilər, yoxsa, bu boyda həngamədən necə olsaydı xəbər tutardılar. Onları vaxtında xilas etdiyimə görə çox sevinirdim. Geri döndüm, kimsənin otaqda qalıb-qalmamasını yoxlamaq istəyirdim. Elə bu vaxt otağın tavanının başıma uçduğunu gördüm. Od-alov bürümüş tavanın altında qaldım. Bədənim alışıb yanırdı, dəli kimi qışqırırdım. Ağlım başımdan çıxana kimi kömək çağırdım. Sonra huşumu itirdim, nələrin baş verdiyindən xəbərsiz oldum. Ayılanda özümü hospitalda, baş-gözümün sarğı içərisində olduğunu gördüm. Bütün bədənim yanmışdı, ən çox da yanan sifətim idi. Gözümün biri tamam yanmışdı, o biri isə görmə qabiliyyətinin yarısını itirmişdi. Altı aya yaxın hospitalda yatdım. Yanıqdan əlavə güclü stress də keçirmişdim. Bir müddət özümə gələ bılmirdim. İndinin özündə də, bəzən əsəblərimi cilovlaya bilmirəm. Bax, axırı da bu, – deyə kişi dərindən köks ötürdü… – Amma sevinirəm ki, əziyyətim hədər getməyibdir, insanları od-alovdan qurtarıb, onları həyata qaytarmışam. Onlar xoşbəxt insanlar idi, sevgidolu həyat yaşayırdılar. Bircə, təsəllim budur, – deyə kişi əlavə etdi. O sözünü qurtarar-qurtarmaz qadın hönkürtüylə ağlamağa başladı. Kişiyə elə gəldi ki, qadın onun sözləridən təsirləndiyi üçün ağlayır. Onu sakitləşdirməyə çalışdı. Amma mümkün olmadı, qadın hönkürürdü… Kişi məcbur qalıb ayağa qalxdı və onun üzünü qapadığı əllərindən yapışib, təskinlik verməyə çalışdı. Qadın bir-iki addım geri çəkilərək qışqırdı: – Toxunma mənə… Sən çox bədbəxt bir insansan… Gör kimlərin həyatını xilas edib, özünü məhv etmisən, ay adam… Kişi çaşıb qalmışdı, onun nə dediyini, niyə belə etdiyini anlaya bilmirdi. Qadın isə sakitləşmək bilmirdi, elə hey qışqıra-qışqıra deyirdi: – Bədbəxt insan, gör sən nə etmisən, canını kimlərin yolunda qurban vermisən?!.. Sən mənə görə… mən fahişəyə görə, əhlikef, əyyaş kişilərə görə öz sağlamlığını qurban vermisən, ay biçarə… Sən günaha batmısan, bağışlanmayan bir günaha… Sonra o, kişinin qarşısında diz çöküb, yumuruqlarıyla torpağı döyəcələyə-döyəcələyə sızıldayırdı. Kişi onun dediklərindən heç nə başa düşmürdü. Handan-hana, o sakitləşib oturdu. Hıçqıra-hıçqıra, qırıq-qırıq danışmağa başladı: – Həmin gün anam məni də götürüb o dediyin istirahət zonasına gətirmişdi. Əslində, o məni tanışı olan imkanlı bir kişiyə satmışdı. O günü biz möhkəmcə yeyib-içib keflənəndən sonra kişiylə bir otaqda qaldıq. Başımız eyiş-işrətə elə qarışmışdı ki, gecə yatanda stolun üstündəki şamları söndürməyi belə unutmuşuq. Yanğın da o səbəbdən baş vermişdi. – Ay səni, gör həyatda yaxşı insanlar özlərini kimlərə görə məhv edirlər? Tfu, lənətə gələsən səni belə eybəcər həyat, belə alçaq xoşbəxtlik… Görürsən? – İndi mən nə deyim, sizə? Heç olmasa, bircəyol söy, döy məni, qoy ürəyim sakitlik tapsın, – deyə qadın yalvarırdı.. Kişi əlinin arxasıyla yanmış çənəsini ovuşdurdu. Elə bil onun yaralarının yenidən qaysağını qopartdılar, xəfifcə inildədi. O, bir müddət susub qaldı. Sonra handan-hana başını qaldırıb qadından soruşdu: – Siz sonradan maraqlandınızmı, sizi xilas edən o insan hardadır, ölüb, ya qalıb? Qadın diksinən kimi oldu. Doğurdan da, o, bu vaxtacan bu barədə fikirləşməmişdi. Kişi qadının susduğunu görüb, dərindən köks ötürdü və pıçıltıyla: – Onda, bu barədə heç kəsə bir söz deməyin. Qoy, insanlar yaxşılıq etməyi özlərinə borc bilsinlər… yoxsa insanlıq məhv olub gedər. Kişi bu sözləri deyib, tilovunu da yığışdırıb çayaşağı endi. … Səhəri gün, o yuxudan duranda çayın qırağındakı alaçığı yerində görmədi… Onlar gecəykən çıxıb getmişdilər.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.