Ana səhifə BAŞ YAZI Məmməd İSMAYIL

Məmməd İSMAYIL

Müəllif: Bizim Yazı
969 baxış

(Şeir. 11.01.2013, gecə saat 04:12…)

BAĞLI GÖZLƏRİNİ KİM AÇAR İNDİ?!

Dünya da gözəldi…Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi…

 

 

Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın…

Vaxtı da unudar baxtı unudan,
Baxdı oyaq qalan yatmaya bilər.
Hardan biləsiydin gözünü tutan,
Axırda sözünü tutmaya bilər…

İnsanı azdıran insan ağlıdı,
Nədən qaçılsa da bəxtdən qaçılmaz.
Hər şeyin bir yerə başı bağlıdı
Dәrddәn dünyanın da gözü açılmaz…

Gələcək ölümmüş illərin ardı
Sirr dedin, sirrin də yeri bilindi.
Qolun bağlı olsa kimsə açardı,
Bağlı gözlərini kim açsın indi?!

Qışın çiləsindən üzü yazaydın
Nəydi uduzduğun, udduğun onda.
Əlinə keçmişdi…buraxmasaydın,
Bəxtin qollarıymış tutduğun onda…

Nağıl quyusunun görünməz dibi
Kəsilən kəndiri- ölüm-itimdi.
Axırda, nə əl var, nə əl sahibi
Nədə ki, üç kəlmə:- Tap görüm kimdi!

Ümid- korun-korun sönəcək ocaq,
İçində səssizcə inləyən uddu…
Bağlayan bağladı gözünü, ancaq
Qayıdıb açmağı çoxdan unutdu..

Gör harda fürsəti verdin əlindən
Gözünü bağlayan korun bəxtimi?
Sən xoşbəxt olmadın dərdin əlindən
Gör, sənə dərd verən dərd, xoşbəxtdimi?

Nə kəssin zamandan ağlı adamın
Öğey qardaşlardı bu günlə dünən…
Axırda, gözləri bağlı adamın
Qolu bağlanıb denən,
Yolu bağlanıb denən
Ölüb, ağlanıb denən!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.