Ana səhifə SÖYLƏŞİLƏR “Mən edə biləcəklərimin 10 faizini elədim”

“Mən edə biləcəklərimin 10 faizini elədim”

Müəllif: Bizim Yazı
115 baxış

“Mən istədim ki, bu rəsm sizin evinizdə qalsın. Baxmayaraq ki, bu əsəri evimizdən asmaq bizim hamımız üçün şərəf olardı. Ancaq istəmirəm ki, bizim tariximizdə rəssamımızın öz avtoportretini satması xəbəri keçsin”.

Bunları “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı rəssam, şair Adil Mirseyidin ilk fərdi satış – sərgisində dedi. V.Mahirqızı rəssamın “Avtoportret”ini alaraq özünə hədiyyə etdi və ona uzun ömür arzuladı.

“İndiyə kimi haradaydınız?”

Rəssamlar İttifaqı, millət vəkili Qənirə Paşayeva və Kulis.az-ın təşkilatçılığı ilə dekabrın 21-də Müasir İncəsənət Mərkəzində açılan satış-sərgi həm də Adil Mirseyidin 60 yaşı ilə eyni günə düşürdü. Sərginin açılışına millət vəkilləri, iş adamları, yazarlar gəlmişdilər.

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov sərgini açaraq təşkilatçılara minnətdarlıq etdi: “Adil Mirseyidin əsərləri ilə mən ilk dəfə geniş şəkildə burada tanış oldum. Təəccüblənirəm ki, belə gözəl əsərləri ola – ola niyə indiyə kimi Rəssamlar İttifaqına müraciət etməyib”.

Sərginin açılışında çıxın edən millət vəkili Qənirə Paşayeva sərgiyə dəstək üçün gələn insanlara öz təşəkkürünü bildirdi: “Mən Adil müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm ki, o var və biz bu gün onun sənətinin işığına toplaşmışıq. Adil müəllimi mənlə tanış edən Kulis.az saytının rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Biz hamımız fəxr edəcəyik ki, sizin bu gözəl əsərləriniz bizim evimizdə də var. Bura gələn insanlar da onu sevdikləri üçün gəliblər. Biz sizin yaradıcılığınızı dəyərləndiririk. Ona görə burdayıq”.

Sərginin açılışında çıxış edən millət vəkilləri Adil Əliyev, Etibar Hüseynov, Gülər Əhmədova, Ceyhun Osmanlı Adil Mirseyidin əsərlərini bəyəndiklərini və burada iştirakdan məmnun olduqlarını dedilər.

Ona olan dəstəkdən və qayğıdan kövrələn Adil Mirseyid hər kəsə öz təşəkkürünü bildirdi.

Çıxışlar bitdikdən sonra sərgiyə gələnlər rəssamın əsərlərini, eləcə də onun “Ay süvarisi” şeirlər kitabını aldılar.

Bir neçə saat ərzində Adil Mirseyidin sərgiyə çıxarılmış bütün əsərləri satılıb qurtardı.

Qeyd edək ki, Adil Mirseyid uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Elə bu sərgi də maddi vəziyyəti ağır olan rəssam üçün həm də bir yardım xarakteri daşıyırdı.

“Mən edə biləcəklərimin 10 faizini elədim”

Sərgidə imkan tapıb Adil Mirseyidlə bir az söhbət elədik:

– Bu ilk sərginizdir?

– Bəli. Bu ilk fərdi sərgimdi.

– Özünüzü necə hiss edirsiniz?

– Dostların yanında çox yaxşıyam. Bütün fiziki ağrılara baxmayaraq, mənəvi olaraq, özümü çox yaxşı hiss edirəm. Bir qış günündə mənim üçün yaz havası var.

– Sərginizin təşkil olunması sizi sevindirdimi?

– Bəli. Biri var, əsər emalatxanada olur, biri də var, ordan kənara çıxır. Sanki bəstəkar musiqini bəstələyir və bu, partiturada qalır. Biri də var, onu ifa edirlər. Sərgi də ona oxşayan bir şeydir. Özün özünə kənardan baxa bilirsən.

– Özünüzə kənardan baxanda özünüzü necə görürsünüz?

– Mənim ilk kitabım “Güzgüdəki adam” adlanır. Mən özüm həmişə metafizik güzgülərdə yaşayan adam olmuşam. Bəzən bir güzgüdən çıxıb başqa güzgüyə girirəm. Bu mənada özümlə həmsöhbət ola bilirəm. Bəzən dostlarım mənə deyəndə “darıxıram,” bu, mənə qəribə gəlir. Mən heç vaxt darıxmıram. Çünki özüm-özümə baxanda həmişə maraqlı olmuşam. Bir az qeyri-təvazökar səslənsə də.

– Bu sərgi sizdə yenidən emalatxananıza qayıtmaq, çəkmək həvəsi yaradırmı?

– Fiziki imkanım olsa, mütləq qayıdacam. Məmnuniyyətlə keramika ilə məşğul olardım. 3-5 il ancaq keramik işlər görərdim. Həyat elə gətirdi ki, mən edə biləcəklərimin 10 faizini elədim.

– Allah ömür versin.

– Çox sağ olun.

Elmin HƏSƏNLİ/Kulis.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.