Ana səhifə YAZILAR Keçmişdən Gələcəyə…

Keçmişdən Gələcəyə…

Müəllif: Bizim Yazı
848 baxış

“…Əsilzadələrimizdən biri çuxada, buxara papaq başında, şəhərdə, adlı bir restorana girir. Bunu heç saya sayası olmurlar. Axır-axırda çay gətizdirə bilir. İşlənməkdən şiri çat-çat olan qırıq zirili (nəlbəkiyə bəzi yerlərdə bölüm, bölmə də deyirlər) stəkanda çay verirlər.
Bunu görən və bayaqdan bəri onların elədiklərini yığan bəy qulluqçuya bir yüzlük (5 manata erkək düşən vaxtı) verib iki kərpic, bir də içi su dolu çaynik gətizdirir. Gətirtdiklərini stolun üstündə rahatlayandan sonra cibindən bir ucdan yüzlük çıxardıb çaynikin altında yandırır ki, siz əməlli çay verə bilmirsiniz, özüm qaynadacağam.
Ətrafda “doğra duran” adamların gözü qarşısında təzədən restoranın böyüyü filan bəyin əl-ayağına düşürlər ki, sən Allah, bizi bağışla, oldu-keçdi…
Keçmiş gələcək” kitabından

…Qarşımda maraqlı bir kitab durur. BƏHRUZƏR (Bəhruzər Qayvalı oğlu Rüstəmov) imzalı “Keçmiş gələcək” əsəri. Bilmirəm, bu kitabı anladığım kimi yaza biləcəmmi, amma əvvəlcə yazara təşəkkür edirəm, kəndimin-kəsəyimin ləhcəsini, dadını, duzunu şəhərdə mənə həm də mənim kimi kəndindən uzaq düşmüşlərə daddırdığına görə.
Bunu oxuyanda üzümdən təbəssüm keçdi və anamın ulu babası haqqında danışdığı bir əhvalatı xatırladım. Dediyinə görə, Zəhra anamın babası kəndə su çəkdirmək üçün uzaq yerdən kankanlar gətizdirir. Onları da yanına alıb kəhrizlərin qazılacağı yeri təyin eləmək üçün at belində kəndə çıxır. Birdən çuxasından yerə bir qızıl qəpik düşür və dağ boyda kişi əyilib həmin o yerə düşən qəpiyi axtarır. Bunu görən kankançılar öz aralarında kotdaşmağa başlayırlar. Bəy hiss edir ki, kankançılar nəsə könülsüz gəlirlər arxasınca. Dönüb soruşanda içlərindən bir cəsarətlisi qayıdır: ”vallah a bəy, nə deyək, sən bizi kəhriz qazdırmağa aparırsan özün də çüxanın cibindən düşən bir qəpiyi axtarırsan, bu, nətəri olur, axı?”. Bəy o deyəni alır atın belinə və kəndin hər tininə bir nişangah qoyur. Hər nişan elədiyi yerə də bir ovuc qızılı töküb, deyir, burdan qaz! Bir döngə o yanda bir ovuc qızıl daha tökür, deyir, di, birini də burdan qaz! Beləcə kəndi dörd dolanan bəy, əlini atıb o dilli kankançını çəkir at belinə və deyir ki, “mən o qəpiyin qədrini bilməsəydim, indi bu qızılı ovucla tökməzdim!”
Əminəm, hər birimizin yaddaşında bu hadisələrdən var. Çünki, bizim xalqın mayası elə bundan yoğrulub. Hətta bu kimi hadisələr bizim üçün o qədər adidir ki, zamanında qədrini bilmirik. Nə ağlımıza gələrdi ki, bir gün biz olmağımızın sübuta ehtiyacı olacaq? Kim bunları yazıya köçürüb və ya indi köçürür? Ya da keçdim bunlardan, kim “qurud”un, “qovut”un, “balıq öy”lərinin, “çümçürüy”ün, “peşqurd”un, “ağnağaz”ın nə olduğunu bilir?
Baxın, Bəhruzər bəy “Keçmiş gələcək” adlı möhtəşəm ad seçimi və mahiyyət etibarilə heç də adından geridə qalmayan əsərilə Tovuz rayonunun etnoqrafik tarixi ilə yanaşı çox xırda məqamları, hansı ki, məhz o məqamlar xalqın şifahi yaddaşını təşkil edir, dəyərləri, hətta bizə adidən adi görünəcək hadisələri belə qələmə alıb. Elə xalqın öz diliylə.
Bu gün Avropa çox pis şəkildə mədəniyyətimizə təcavüz edir. Bunun səbəbi də keçmişdə bizə aid olanların qələmə alınmamasıdır. Hazırda əlimizdə dəlil olaraq göstərə biləcəyimiz çox az material var. Maddi-mədəni yaddaşımıza gəlincə bunu da müxtəlif hiylələrlə, hər yerə xaç şəkli çəkməklə özününküləşdiriblər. Kaş ki, hər kəndimizin tarixini beləcə qələmə alan olaydı, onda bizə heç bir tarixin hökmü çatmazdı.
Bəhruzər bəy əsərində kənd ləhcəsini qorumaqla bunu da misilsiz bir formada bizə çatdırıb. Sözlərin deyilişi və izahı, qədimliyi, açılımı, tarixi mükəmməldir. Hətta rayonun adamlarının da özünəməxsus təqdimatı var.
Yazar hər mövzudan bir çimdik götürməklə öz keçmiş-gələcək yolçuluğuna dad qatır. Misalçün:
“…vəsiyyət yüngüllükdə, ahıskalıların milli yeməkləri də indi gürcü xəngəli adıyla hər yerdə məşhur olan ətli xəngəldi, bunu da söylədim ki, itməsin.”
Nə dedi ki, heç nə. Tarixin yanından ötəndə yalançı iddialara bir qapaz vurub getdi. Belə yerdə, lələni ağlamaq tutur. Və ya
“…dodağın çevzəsindən ağıza bir azacıq doldurulan odun külü antiseptik və eyni zamanda bəlkə də orqanizmə lazım olan bir maddədir (kalium). Deyirəm, gör köhnələr nələr bilirmiş! Anam həm də dəmirçinin kürədə döyüb düzəltdiyi, üstündə naxışlar olan, dəstəyi qoç buynuzlu bıçağın arxası ilə ağrıyan yerimizə, əsasən də qarnımıza və kürəyimizə dodaqaltı qutsal sözlər deyə-deyə ”+” formalı boyda- boya xətt çəkərdi və sonda bayaqdan içimizi doğrayan, ya kürəyimizi, elə bil, xəncərlə oyan o kəskin ağrı-acılar heç olmayıbmış kimi birdən-birə yoxa çıxardı. Anamın “Qırxaçar” camı da ayrı möcüzəydi.
Ya boğazımız gələndə ağrıdan yemək nədi, heç udquna bilməyəndə babam öz udumlu-sayalı əli ilə elə yalınca çöl tərəfdən boğazımızı sığayardı. Bunun nəticəsində də tək bircə dəfə boğazımız qovuşub, içimizi yüngülcə arıtlayan kimi eləyəndən sonra ağrı tamam-kamal çəkilib gedərdi, olardıq sapsağlam. Keçi piyi ilə kürəyin ovuşdurulması, soyuqlayanda çəpiş, ya kü-ər bozartmasından (pörtdəməsindən) doyunca yeyib dərdsiz-dərmansız müalicə də ayrı bir dəsgahdır…”
Yazar indi də türkəçarəyə keçir. “Türkəçarə” demiş, bu da başqa bir əsərin mövzusudur. Mənə elə gəlir ki, bu ad təsadüfi deyil, TÜRKə ÇARƏ həmişə xalqdan gəlib, otundan, təbiətindən, Allahın verdiyindən. Bəhruzər bəy də usdufca işarə edir bu zənginliyə, dön, bax, deyir.
“Süddüsəmən”dən tutmuş “narın üz”ə, nənələrimizin qız-gəlinlərə məsləhət gördüyü “iraqqı” sabunlara qədər bu boyda məlumatı hardan alıb, görəsən? Tovuzun kəndbəkənd, oba-oba, adını, yurd yerlərini, o yerlərin niyə elə adlandığının bircə-bircə izahını verib. Xalqın dilindən eşitdiyini bir-bir sapa düzüb ki, bizim yuxulu tədqiqatçılarımız bəlkə üzlərini ütülü binalardan o zəngin tarixə doğru tutalar. Bəlkə kəndin “badırma”sının, “qovurma”sının bellə ləzzətli təqdimatı bizim tarix yazanlarımızı da tərpədə. Allah sənə insaf versin ustad, Bakının düz ortasında, bu “kibrit qutusu”nda adama qovurmadan bəhs edərlərmi?
Yazarın bir üstün cəhəti də hadisələri uydurma-qurama adlarla yox, elə necə görüb-yaşayıb, elə o şəkildə qələmə almasıdır. Dini yanaşmaların, danışılan hekayələrin hamısını dədə-baba qaydasınca qələmə alıb, ürəyindən necə gəlirsə eləcə ötürməklə əslində bir mahiyyətin də böyüklüyünü bizə çatdırıb. Hər xalq öz dilində böyük olur. Eyni zamanda bu üsluba yamaq da yaraşmır.
Bir arzusu da var Bəhruzər bəyin, bu “gəzişmələr”in bir azının ekranlaşdırılması çox gözəl olardı.
Elə bir istəklə bu kitabı oxudum ki, dilimin ucunda, adını şəhərə gələndən unutduğum, heç cür tapıb-deyəmmədiyim hər şeyi xatırladım. Mənə elə gəlir yazarın məqsədi də elə buydu. Nə gözəldi ÖZünə, Özlüyünə sahib çıxmaq, keçmişindən bir əlçim bu gününə gətirmək. Yazarın özü demiş, “Touz” rayonunun etnoqrafiyasında bir kitab boyu gəzişən Bəhruzər Rüstəmov hərtərəfli dəyərlərə toxunmaqla əslində həm keçmiş üçün, həm də gələcək üçün çox böyük iş görüb. Əminəm, ki, bundan sonra nə yazıb-yaratsa da o öz dəyərlərinin haqqını bu kitabla verib. Eynən Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”lə anasının haqqını verdiyi kimi…
Ruhuna, ürəyinə sağlıq, Bəhruzər bəy. Hər şeydən, hər kəsdən əvvəl özünün dediyin kimi, milləti millət edən dəyərlərin bir qismini də olsa qələmə aldığın üçün, elə mənim özümü o dərinliyə endirib ucalıqlarımı xatırlatdığın üçün çox sağ ol. Qələmin o ucalıqdan heç enməsin!
Allah işini avand, yolunu açıq eləsin!!

Sayğılarımla, Nigar İsfəndiyarqızı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.