Ana səhifə YAZILAR GÖRÜŞ (öykü)

GÖRÜŞ (öykü)

Müəllif: Bizim Yazı
466 baxış

Aliq Nağıoğlu

O, otaqda təkcə oturmuşdu, yorgun idi, kefi yox idi. Kiçik stol kitablarla, köhnə qəzet-jurnallarla qalaqlanmışdı. Xeyli öncə süzülmüş çay soyuyub buza dönmüşdü. Otaq kiçik olsa da, o üşüyürdü. Hər halda qış idi, baxmayaraq bu ilki havalar mülayim keçirdi. İndi divana çöküb fikirləşirdi ki, yatmaq lazımdır, çünki yatsaydı, dincələrdi, çox yəqin kefi də qalxardı. Bütün gecəni yuxusuz keçirmişdi, zavodda məsul növbətçi idi. Həmişə ayaq üstə olmuşdu: ora qaç, onu çağırtdır, özü də birinci kərə olduğundan lap əldən düşmüşdü.Tərslikdən yuxusu da gəlmirdi, yorulmuşdu, ancaq yatmaq istəmirdi. Əlini uzadıb stolun üstündən balaca güzgünü götürdü, üz-gözünə baxdı, gözlərinin altı qaralmışdı, sifəti arıq görsənirdi.Əli ilə sol qulağının dibini ovxaladı, nədənsə şişmişdi; ağzını geniş aça bilmirdi. Əhəmiyyət vermədi, görünür, soyuqdandır, qorxulu olmamalıdır. Düşündü ki, boyun- boğazı, başı açıq gəzmək özünü göstərməlidir, yoxsa yox?! Səhər duş qəbul etməsinə baxmayaraq, bədənində xoşa gəlməyən iyi hiss eləyirdi. Əslində, bu qoxu onun stolun üstünə atılmış köynəyindən, şalvarından, hətta alt paltarından gəlirdi. Sexlərə bircə dəfə girməyinən bu iy pal- paltarına keçirdi. Yanığa oxşayan bu qoxu onu lap bezikdirmişdi. Əsəbiləşib üst-başına odekolon- duxu səpirdi. İndi heç nə vecinə deyildi. Nəzərlərindən etinasızlıq, biganəlik yağırdı. Özü də kəsdirə bilmirdi ki, arzusu, istəyi nədir. Pencəyini stuldan çıxarıb çiyninə şaldı. Ayağa qalxıb var- gəl etməyə başladı. Ürəyindən geyinib şəhərə çıxmaq, mağa- zalara baş çəkmək keçdi. Heç olmazsa əlüzyuyan sabun tapar, neçə gündür üzünü də paltar sabunu ilə yuyur. Təmiz havada bir az gəzər, təzə qəzet- jurnal alar. Küncə yığilmış boş odeolon şüşələrinə baxdı, dodaqları qaçdı. Vur-tut üçcə ayda beş şüşə odekolon işlətmişdi. Xalası oğlu Saleh yadına düşdü. Fərq orasındaydı ki, Saleh boş araq butulkalarını beləcə evin küncünə yığıb tamaşa edərdi. Dili dolaşa- dolaşa deyərdi: -Xalan oğlu bir həftəlik butulka planını artıqlaması ilə yerinə yetirib… Görək axırı necə olacaq. Bədəni ürpəşdi, canından titrətmə keçdi. Fikirləşdi ki, nə yaxşı içən deyil. Salehə qalanda isə müalicəsinin axırının nə təhər olduğunu bilmirdi. Divana çökdü. Boğulan kimiydi. İki əli ilə üz- gözünü ovxalayıb hər cürə qarmaqarışıq fikirləri içindən qovmağa çalışdı. Saleh yada düşəndə başqa ürək ağrıdan şeyləri də xatırlayırdı ki, bu isə onu daha artıq yorurdu… Şəhərə çıxmaq fikrindən vaz keıdi, şəhər xoşuna gəlmirdi. Şəhərin özü kimi adamlarına da isnişə bilmirdi. Yaxşı ki, zavod vardı, işləyirdi və boş vaxtı az olurdu. Zavodda vaxt tez keçir, yəqin işin dərd-səri zamanı öldürür, həyata, insanlara marağı artırır. Bu əslində belə də olmalıdır. Yoxsa yaşamağın mənası tamam itər. Dikəlib həyətə göz gəzdirdi. Fevral ayı olsa da günəşin ilıq şüaları ətrafa səpələnmişdi. Bir dəstə uşaq dövrə vurub oynayırdı. Onlardan bir qədər aralıda kətilin üstündə rəngi getmiş, nimdaş paltoya bürünmüş qarı oturmuşdu. O, küt nəzərlərlə irəliyə baxırdı, deyəsən, vaxtsız isti onu mürgülətmişdi və o, uşaqların çığır- bağırını heç eşitmirdi. Bu, qoca onun nənəsindən cavan olmazdı. Nənəsi də həyətdə beləcə oturub gəlib- gedənlərə tamaşa edərdi. Özü demiş özgə məşğuliyyəti yoxdu. Hərdən sakitliyini pozan kiçik nəvələrinə acıqlanaraq söylənirdi: -Boyükləri halımı sorub- eləmir, kiçikləri dincliyimi alıb- aparır. Yekəldikcə uzaqlaşırlar, evladın vəfası budur… Qarı hələ yerişini, səsini- sovunu itirməmişdi. Ancaq yaman küsəyən olmuşdu, ürəyi yuxa kimiydi. Qızlarından, onların ərlərindən tez-tez küsərdi. Elə onun özündən də incikli idi. Qabaqlar, hələ uşaqkən, yanından əl çəkmir, sözünə- söhbətinə qulaq asmaqdan yorulmazdı; nənəsi cavanlıqda çox yerləri gəzmişdi və görüb- götürdüklərini ona anladırdı. Sonralar isə nənəsinin danışıqları, giley- güzarı onu bezikdirdi, hətta yoluxmağa da həvəsi qalmamışdı. Bir Allah bilir ki, nənəsi ürəyində nələr çəkirdi və nənəsinin oğulsuzluğu yadına düşəndə həmişə ona yazığı gəlirdi. Nə vaxsa nənəsi demişdi: ”Mən qocalmazdım, bala, məni oğulsuzluq qocaltdı; ölmədim ki, bu nisgildən yaxa qurtarım.” Elə o vaxtdan ona elə gəlirdi ki, nənəsi ağlayır, öz dərdinə- oğulsuzluğuna ağlayır, amma çox qəribəydi ki, səsi- ünü çıxmırdı, üzdə özünü mərd- mərdanə aparırdı. Bu fkirlərin təsiri altında beyni ağırlaşdı. Xəyalən kəndlərinə gedib çıxdı, nənəsinin suvağı tökülən evinə girdi. Onun arıq, damarları çıxmış əllərini ovcunda sıxdı, qırış-qırış olmuş üzündən öpdü və o, nənəsinin ilk dəfə ağladığını gördü; arvad ağladıqca xırda sifəti qırışların içində itib- batırdı… … Maşının siqnalı onu xəyaldan ayırdı. Beyni sancırdı.Tənbəl-tənbəl ayağa qalxdı. Soyuq tutduğundan, ya nədənsə beli ağrıyırdı. Pəncərədən aşağı boylandı. Atası idi, gəlmişdi. sonbeşik qardaşını da gətirmişdi. Yavaş-yavaş qapıya tərəf getdi. Kişi onu görəndə əlindəki iri zənbili maşının qabaq təkərinə söykəyib hələ də maşında oturan uşağa müraciətlə: -Bax, bu da sənin Esi qağan ,-dedi. Əl verib görüşdü. Atası onun üzündən öpdü, kişi üzünü qırxdırmadığından tük basmışdı. Sonra hal-əhval tutdu. Ağızucu: ”Hər şey yaxşıdır”-dedi. Qardaşı qapını açıb ətrafda oynayan uşaqlara baxırdı. Əyilib üzündən öpdü. Atası gülə-gülə: -Hələ Esi qağava göstər necəsən?- deyə qardaşından soruşdu. O əvvəl sol əlini irəli uzadıb yarı yolda agzına apardı, sağ əlinin baş barmağını göstərib: -Vışı,-dedi. Gülümsünüb başını buladı. Qardaşının dörd yaşı vardı. Evin sonbeyiyi idi. Yaman da şuluqdu. Dolu zənbili götürdü, qardaşının əlindən tutub pilləkənləri qalxmaqda ona kömək elədi. Atası maşının qapılarını bağlayırdı. Əyilib ondan: – Mənimlə burada qalarsan, İqış?-deyə soruşdu. – Hə,- dedi qardaşı və qəribə bicliklə başını razılıqla tərpətdi. -Çətin qalsın, anası yadına düşən kimi mısmırığın salacaq,-deyə kişi arxadan dilləndi. Səsində qürur,sevinc duyulurdu. Otağa girəndə o, astadan: -Xoş gəlibsiniz,-dedi. Sözləri deyənədək açıq-aşkar qızarmışdı. Atası nəfəsini dərib: -Xoş gününə gələk-dedi. Sonra pencəyini, papağını çıxarıb ikinci divanın üstünə qoydu. -Hələ də tək qalırsan…- boş divanı göstərdi. Əlini pırtdaşıq saçlarına çəkdi. Divana çömməldi, uşağı da yanında oturtdu. -Sən işundə ol, zənbildəkiləri yerbəyer elə. Ətdir, toyuq- ördək əti qarışıq, yumurta, beş dənə də təndir çörəyi. Qəci (atası anasını bu cür çağırardı) özü bişiribdi. Ancaq kartof gətirməmişəm, deyəsən, keçən dəfəkini qurtarmısan,-kişi otağa göz gəzdirə-gəzdirə danışırdı. O, sadalananları küncdəki soyuducuda yerbəyer elədi, süfrəyə bükülmüş çörəkləri stolun üstünə qoydu, boş zənbili köhnə paltar şkafına söykədi, tərəddüdlə şkafa söykənib dayandı. -Bir qədər qalıb, neynirəm bəsimdir,- ona elə gəldi ki, bu sözləri acıqla dedi. Atası yerində qurcalandı,görünür nəsə demək istəyirdi,amma ürək eləmədi.Başını qaldırdı, baxışları qarşılaşdı. Kişi əllərini palçığa bulaşmış ütüsüz şalvarının üstünə qoyub sakitcə baxırdı. Sonra başını yelləyib: – Yaman sınıxıbsan ha, – dedi, sonra stulu çəkib oturdu. – Gecə növbətçiydim, yatmamışam. – Keçən dəfə gələndə yaxşıydın. Hər halda burada evdəki kimi yeyə bilmirsən. Bədənində güc-təpər olması üçün gərək vaxtında yeyəsən.- Kişi bir müddət susdu. Bədənini azca irəli uzadıb: -İncitmirlər səni?- deyə soruşdu. -Yoox, hələ hər şey yaxşıdır,- səsindəki əsəbiliyi özü də hiss elədi. -İnşaallah yaxşı olar. Yenə otağa üzücü sükut çökdü. Atası dizinin üstünə qoyduğu əllərinə baxırdı. Kişi yavaş-yavaş qocalırdı. O, yaxşı bilirdi ki, vaxtı olmadığından atası üzünü gec-gec qırxır. Özgə bir şey fikrinə gəlmədi. Sükutu pozmaq üçün dikəldi: -Yeməyə bir şey hazırlayaq, yol gedəcəksiniz…- Kişi dadlı yeməklər bişirirdi, şənliklər onsuz ötüşmürdü. -Heç nə lazım deyil,- atası ötkəmliklə dilləndi. -Bizdən ötrü narahat olma, çox otura bilmərik, yol uzaqdır. Amma çayını içərik, bir az söhbətləşərik… Dolu elektrik çaynikini cərəyana qoşdu. Stəkan-nəlbəkini suya çəkdi. Stolun üstündə kitab- dəftəri üst-üstə yığıb yeri böyütdü. Yenə öz yerində əyləşdi. – Xıdırdan məktub gəlir, yoxsa…- Atasının qırışığı açıldı: – İndi tez-tez alırıq, axırıncını dünən yazmışdı. Qəci vermişdi ki, sənə gətirim, pencəyimin qoltuq cibində olmalidır.- Qardaşı pencəyin üstündə oturmuşdu. Pencəyi çəkib ciblərini xeyli əlləşdirdi, məktub yox idi. -Yəqin düşüb cibimdən, ay İqış- deyə o, yazıqcasına uşaqdan kömək istədi.- Ay səni, İqış, itirdik əmanəti, pay atonnan…- Sonra nəzərlərini onda saxladı: -Yazır indi işlərim yaxşı gedir. Deyir, dədə, ta gəlməsən də olar, öyrəşirəm. Əzəldən belədir, hər şeyin əvvəli çətin olur. Ancaq səndən nigarandır, bilmirəm, nəyə görə- axırıncı sözləri çəkinə- çəkinə deyirdi: – Elə bilirəm, yaxşı iş görmürsən, axı sən belə deyildin. Xıdırnan əlaqə saxla, bala, saldatdır ürəyi biznəndir. Uşaqdır, ağlına özgə şey gələr, fikir edər. Belədə səndən umacaq bir şeyi də yoxdur…- Atası düz deyirdi. Utandığından sir- sifəti pörtdü. Səbəb axtardı, tapıb deyə bilmədi. Fikrindən keçdi ki, o, yad bir ölkədə oxuyanda çox sıxıntılar keçirirdi, amma səbr edirdi, dözürdü. İndi də ona asan deyildi, bunu kimsəyə yük etməyi xoşlamırdı. Lakin qəlbindən keçənləri dilinə gətirmədi. Yaxşı ki, çay atrıq qaynayırdı. Bir stəkan tutumlu balaca çayniki dəmlədi. Qənddana bu səhər aldığı konfetdən qoydu. Qardaşının da qucağına bir ovuc atdı. Atası təbəssümlə: -Onun yediyi ancaq “Şkolnı”dır. Özgə heç nə dilinə vurmaz, elə deyil, İqış?- deyə uşaqdan soruşdu. Uşağın qaşları çatıldı, ağlamsınan kimi oldu. Atasına qısılıb: – Anamın yanına gerirəm,- deyə pıçıldadı. Atası acıqlanırmış təki:- Daha səni heç hara aparmaram ha,-dedi. Sonra şalvarının cibindən xırda pul çıxarıb uşağa uzatdı. Uşaq pulları qamarlayıb sakitləşdi. Kişi onun ətli üzündən öpüb dilə tutdu: – Hələ Esi qağava söylə, görsün bu pullara nə alacaqsan. – Uşaq pulları köynəyinin döş cibinə ata- ata sadalayırdı: – O da… yelsevetimə sidenna alacağam, sep də… – Daha nə alacaqsan, kişi qırığı, həmişə deyirdin ha… – Sep?-deyə uşaq atasının üzünə baxaraq soruşdu.Kişi narazılıqla başını buladı. – Peydal, hə?.. – Ay sağ ol,- bərkdən gülüşdülər. – Çox fərasətlidir. Heç biriniz uşaqlıqda bunun kimi diribaş deyildiniz. Burda səndən çəkinir, evdə olsaydı dil- ağıza qoymazdı.- Daha sonra atası uşağa öyrətdiyi şeylərdən soruşdu. Bütün bunlara o, kütlüklə baxırdı. Qardaşı ayaqlarındakı təptəzə qırmızı çəkmələri yellədir, kişinin suallarına onun eşidəcəyi tonda cavab verirdi. Kişi sonbeşiyinin digər oğlanlarına oxşamadığını söyləməkdə deyəsən səhv eləmirdi. Yadına düşdü ki, stəkanlara çay süzməyib. Atasının və qardaşının stəkanlarına çay tökdü: – Siz için, mən bir az qabaq içmişəm, ürəyim istəmir.- Atası çayları soyuması üçün nəlbəkilərə tökürdü. -Xalamgil nə təhərdir?! Saleh neyniyir?- Kişi həmin an cavab vermədi.Rəngi qaralan kimi oldu.Ona elə gəldi ki, bura gələsi atası bu sualın veriləcəyindən ehtiyatlanırdı. Salehlə heç vaxt sözləri düz gəlməzdi, həmişə çəpləşərdilər. Qoca nənəsi dəfələrlə gileylənmişdi ki, kürəkənin Salehin üstündə borcu çoxdan çoxdur. Guya nəvəsinin elədiklərinin müqabilində onun atası elə bir iş görməyib. Ancaq söhbətin nədən getdiyindən o, uşaq vaxtı bir şey eşitməmişdi, böyüyüb ağlı kəsəndən sonra da maraqlanmamışdı. Amma içkiyə yaman qurşanmışdı, axır vaxtlar isə atası demişkən “çereşur” idi. Axırıncı kərə evdə olanda Saleh psixiatrik xəstəxanaya yerləşdirilmişdi. İçki artıq onun qanına işləmişdi. Salehin bu halı hamıdan çox xalasına təsir etmişdi. Xalası ağlayıb- sısqamaqdan üzülüb qurumuşdu. Danışdıqca gözünün yaşı axırdı. Kişinin gileyli sözləri onu fikirlərindən ayırdı: – Xalangildir də… əvvəlki kimidirlər sağ- salamat. Saleh yenə də balnisədə yatır, sağ olsun, yenə əmisi, götürüb apardı.İçməyinə bir az ara vermişdi, sonra təzədən başladı…- Sakitcə atasına, qardaşına, onun ayaqlarındakı qırmızı çəkmələrə baxırdı. – İçkini atan mənim kimi olar, dedim də, atdım da… Sən inanırsan o zəqqumu ürəyim qətiyyən istəmir, zəhləm gedir?! Bircə bu zəhirmarı da ata bilsəydim, dərdim olmazdı.- Başını ehmalca yırğaladı. Atasının axırıncı dəfə kefliliyi yadına düşdü, cəsarət edib ona dediyi sözləri xatırladı; indi onu eşidib içkini atması möcüzə kimi görsənirdi. Utandı, qulaqlarına qədər qızardı. – Yaxşı şey deyil… Salehin yanına getmək lazımdır, hər şeyi böyütməginən… – Bilirdi ki, dediklərinin əhəmiyyəti olmayacaq, atası çox tərs adamdır, onun hərəkətlərində ardıcıllıq, qanunauyğunluq yox idi. Kişi öz əsabələrinə qarşı daha müəmmalı idi. Aralarında nə baş vermişdi, baldızına, bacanağına münasibəti niyə belə idi, o heç nə deyə bilməzdi. İndi o, xalasının vəziyyətini təsəvvür edirdi. Əslində bu barədə düşünəndə yenə beyni sancdı, ürəyi ağrıdı. Özü kənddə olarkən dəfələrlə Salehdən xahiş eləmişdi içməsin, müalicə olunsun. Hətta axırıncı kərə ağlamışdı, amma onu ağladan da Salehdən çox xalası olmuşdu. Qışqırmaqdan, söylənməkdən səsi batmışdı. Ona elə gəlirdi ki, belə getsə arvad dəli ola bilər. Özündən asılı olmayaraq soruşdu: – Xalam nə təhərdir, dəli olmayıb ki?..- Söz ağzından çıxandan sonra nə soruşduğunu dərk elədi. Kişi ağsını büzdü, sonra gülə- gülə: – Nə danışdığındır, nədən dəli olasıdır xalan. Arvad tayfasında yeganə təsəlli ağlamaqdır. İçki içən öz kefində… – kişi sözünün gerisini demədi, başını etinasızlıqla yellədi. Amma o daha nəsə demək istəyirdi: – Gör indi nənən nə deyir də… Xıdırı özüm evləndirəcəm, özcə pulumla, borc-xərc edib bütün xərcini çəkəcəyəm. Qadın xeylağı qocaldıqca yaman səfehləyir. Ümumiyyətlə, sən belə şeylərə qəti fikir vermə, beynini qara- qurayla doldurmaq üçün hələ çox cavansan. Elə deyil, qaqam, – deyə o, başını əyib uşağın üzündən öpdü. Uşaq yenə onun qucağında qurcalandı. Əlini- əlinə sürtüb yavaş səslə: – Mən anamın yanına gedirəm, -dedi. – Yaxşı- yaxşı bir az döz, indi durarıq. – Kişi nəlbəkidəki çayı stəkana tökdü. Çaydan bir qurtum içib: – Buranın suyu bizimkinin yerini verməz, bəlkə düz demirəm?- deyə matı- qutu qurumuş oğlundan soruşdu. O, qeyri- ixtiyari başıyla təsdiqlədi.- Özü də bizim yerlərə nisbətən bura bahalıqdır. Sən belə şeylərə fikir verən deyilsən, amma mən bilirəm. – Kişinin bu sahədə səriştəsi vardı. Burada işləyəsi çörək mağazasından və birmərtəbəli alçaq univermaqdan özgə yerə girməmişdi. Atası lap birinci dəfə bura gələndə şəhəri azacıq gəzib ümumi nəticə çıxarmışdı. Ona görə razılaşır, dediklərinin fərqinə varmırdı. Atası şad xəbər vermək istəyirmiş kimi gülümsündü: – İki gündən sonra İqışın ad günüdür. Anası ona hər şey alıb. Kənddə olanda aldığın limonu, portağalları da saxlayıb. Orası pisdir ki, nə Xıdır olacaq, nə də sən. Kişi gözlədi ki, bəlkə oğlu etiraz edə, lakin o, qıc vurmuş kimi susurdu, indi onun qəlbini təklik çulğamışdı. Şübhəsiz, bir azdan atası və qardaşı durub gedəcəkdilər və ən darıxdırıcısı bu günü başa vurmaq olacaqdı. Bəlkə ağlasaydı, ürəyi açılacaq, sakitləşəcəkdi. Tələbəçiliyin ilk ili həmişə belə edərdi. Sonra öyrəşdi, özü də yaman yaxşı öyrəşdi, ev heç yadına düşmürdü. İndi isə bu cür eləmək yaramaz. Uşaq ha deyil. Nənəsinin sözlərini xatırladı: – Kişinin arvaddan fərqi ondadır ki, işi çətinə düşəndə gücü göz yaşına vermir, bala, yadında saxla… Dözüm, təpər gətirmək kişinin kişiliyidir. Xatırladı ki, tələbə olana qədər ad günü nə olduğunu bilməzdi. Ailədən bu münasibətlə onu heç kim heç vaxt təbrik etməmişdi. Özü ad gününü üstündən iki-üç gün keçəndən sonra bilərdi, qəribədir ki, bu ərəfədə kefi açılmazdı, ondan asılı olma- dan fikirli olardı. O bu minvalla çox düşünərdi, ancaq deyəsən atası getmək istəyirdi. O, uşağı divandan yerə qoyub dikəldi: – Yaxşı, bala, icazə versən biz gedərdik, yoxsa gecəyə düşərik.- Kişi sapları çıxmış köhnə krimplin pencəyi əyninə çəkdi, papağını başına keçirdi.- Çirkli pal-paltarın varsa, ver aparım yusunlar. – Özümə nə gəlib…- mızıldandı. Qardaşının əlindən tutdu, ancaq uşaq əlini çəkib kişinin ayaqlarına sarıldı. – Kefini pozma, İqış alışmayıb sənə, hər şey belədir…- bu sözləri atası dedi, mənalı tərzdə qımışdı. Həyətə düşdülər. Fevral ayının ortaları olmasına baxmayaraq hava əla idi. Bayaq həyətdə oynayan uşaqlar dağılışmışdılar. Qarı da gözə dəymirdi. Kişi maşının qapısını açdı, boş zənbili dal oturacağa tulladı: – İmkan olanda gəlginən. Bacıların səni görmək istəyir. – Yavaşca: – Yaxşı,-dedi. Kişi yerini rahatlayıb oturmuşdu . Qardaşı da yerini tutmuşdu. Atasının sifətinə diqqətlə baxdı, heç nə ifadə eləməyən baxışları irəli dikilmişdi. Sonra əl verib görüşdülər. Qardaşının üzündən öpdü. Atası maşını işə saldı: – Özüvə fikir verginən,-dedi. Qapını çırpmaq istədi, amma nəsə fikirləşib əlini cibinə saldı. Əzik pulların arasından iki onluq çıxarıb tez qardaşının qucağına atdı. – İqış, bu da ad gününün xərcliyi. Bağışla az olsa da,- dedi. Uşaq pulları cəld qamarladı. Gülümsündü. Atasının əsəbiliklə: – Neynirsən, lazım deyil,- sözlərini qapının çırpıltısı batırdı. Maşın dövrə vurub yanından keçəndə qardaşı gülə-gülə əl eləyirdi. Atası düz irəli baxırdı, sifəti qıpqırmızı idi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.