Ana səhifə İCTİMAİ İstanbulu dinləyən şair – Orxan Vəli 

İstanbulu dinləyən şair – Orxan Vəli 

Müəllif: Bizim Yazı
435 baxış

İstanbul…

Bu yer şairlər üçün bir məkan olmanın çox uzağında, yarısı boz, yarısı palitra misalı rənglərlə dolub daşan ruhları özündə yaşadan, “şehir değil, şiir” adlandırılan bənzərsiz bir düşdür. Türk və dünya ədəbiyyatında , bəlkə də, haqqında ən çox şeir yazılan bu sentimental şəhər, sözsüz ki, hislərə və qəlblərə əvvəldən aşina olan yalnızlıq şairi Orxan Vəlinin yaradıcılığından da yan keçə bilməzdi. 

Orxan Vəli 1914-cü ildə İstanbulda dünyaya gəlmiş, 36 illik qısa həyatında İstanbula şeirlər yazmış və taleyinin qırılmaz iplərlə bağlı olduğu bu şəhərdə həyatla vidalaşmışdır. Qısa ömrü, müəllifi olduğu “Yalnızlık şiiri”, “Anlatamıyorum”, “Birdenbire”, “Güzel havalar”, “İstanbulu dinliyorum” kimi əbədiyaşar əsərlər ilə tanınan yazarı və nakam taleyini Azərbaycan ədəbiyyatının həmişəcavan şairi Mikayıl Müşfiqə bənzətməmək, əlbəttə, mümkün deyildir. Yalnızların manifestinə çevrilən “Anlatamıyorum” şeiri ilə onun türk ədəbiyyatdan kənarda da, məşhur yazar Viktor Hüqonun yaradıcılığından “Ağlamaq üçün gözdən yaşmı axmalı?” şeiri ilə müqayisə edə bilərik, bu müqayisə  göstərir ki, fransız ədəbiyyatı üçün Hüqo kimdirsə, türk ədəbiyyatı üçün də Orxan Vəli odur:  

Ağlamak için gözden yaş mı akmalı?
Dudaklar gülerken, insan ağlayamaz mı?
Sevmek için güzele mi bakmalı?
Çirkin bir tende güzel bir ruh, kalbi bağlayamaz mı?     

  1. Hüqo 

Ağlasam sesimi duyar mısınız,
Mısralarımda;
Dokunabilir misiniz,
Göz yaşlarıma, ellerinizle

Bilmezdim şarkıların bu kadar güzel,
Kelimelerinse kifayetsiz olduğunu
Bu derde düşmeden önce… 

O.Vəli 

Şairin keçirdiyi məşəqqətli həyat yolunu, yaşanmışlıqlarını yaxın dostu Sami Onata yazdığı məktubdakı cümlələr ilə oxucuya çatdırmaq daha doğru olar: 

“1914’te doğdum. 1 yaşında kurbağadan korktum. 2 yaşında gurbete çıktım. 7’sinde mektebe başladım. 9 yaşında okumaya, 10 yaşında yazmaya merak saldım. 13’te Oktay Rifat’ı, 16’da Melih Cevdet’i tanıdım. 17 yaşında bara gittim. 18’de rakıya başladım ve şarkı söylemesini çok sevdim. 19 yaşından sonra avarelik devrim başlar. 20 yaşından sonra da para kazanmasını ve sefalet çekmesini öğrendim. 25’te başımdan bir otomobil kazası geçti. Çok âşık oldum, hiç evlenmedim. Ben Orhan Veli.”

Şairin müasirləri, dostları və qardaşı Adnan Vəli “Orhan Veli için” adlı  xatirlərində onun son dərəcə mehriban, nəzakətli, sayğılı, insanlara böyük sevgi və rəğbətlə yanaşan, tez-tez romanlarda və mahnılarda haqqında eşitdiyimiz tam bir “İstanbul beyefendisi” olduğunu yazırlar. Yaxın dostu M.Cəvdət Orxan Vəlini belə xatırlayır: “Konuşkan değildi zaten. Çok tatlı susardı. İnsan onunla saatlerce konuşmadan iyi vakit geçirebilirdi..”

Orxan Vəli təkcə insanları dinləməkdə mahir deyildi, şair həm də İstanbulu dinləmiş, onun dərdini bir dost, sirdaş ədasıyla dilə gətirmişdi:

İstanbul’u dinliyorum, gözlerim kapalı;
Önce hafiften bir rüzgâr esiyor;
Yavaş yavaş sallanıyor
Yapraklar, ağaçlarda;
Uzaklarda, çok uzaklarda
Sucuların hiç durmayan çıngırakları;
İstanbul’u dinliyorum, gözlerim kapalı.

Şeir təqribən bir əsr öncə yazılmasına baxmayaraq, hələ də bütün İstanbulsevərlərin, bu şəhərə, şəhərlərdən şeirlərə sığınanların, dünyanı, onun ölümə yaxın anlarda olduğu kimi sakit və səssiz çarpıntılarını dinləyənlərin ortaq mirasıdır, çünki şairin cani-könüldən qulaq verdiyi quşlar, çarşılar, rüzgar, lodos və bütün kainat hər iki anlamı ilə “dinlənmək” ehtiyacı içindədir. 

Orxan Vəli həm də bir İstanbullu olaraq şəhərin hər səmtinə bir başqa gözlə baxır, zaman-zaman içindəki kədəri, anlaşılmaz duyğuları “Kapalı Çarşı” qoxuları, rəngləri ilə həmdərd, həmfikir mövqedən oxucuya çatdırırdı: “Giyilmemiş çamaşırlar nasıl kokar bilirsin, sandık odalarında..” , “Ya bu çamurdaki kadınlar? Bu mavi mavi, bu yeşil yeşil fistanlı…”, yaxud “Galata Köprüsü”də şəhəri seyr edən şair fərqli həyatların koloritini misralarına belə yansıdır: 

“Kiminiz kuştur, uçar, şairane;
Kiminiz balıktır, pırıl pırıl;
Kiminiz vapur, kiminiz şamandıra;
Kiminiz bulut, havalarda…”

Ancaq şairin hiss yüklü, romantik misraları onun heç də gerçəkliyə , insan həyatının bitib-tükənməz sıxıntılarına laqeyd olduğu mənasına gəlmir, belə ki:

Kiminiz düdüktür, öter;
Kiminiz dumandır, tüter;
Ama hepiniz, hepiniz…
Hepiniz geçim derdinde.
Bir ben miyim keyif ehli içinizde?
Bakmayın, gün olur, ben de
Bir şiir söylerim belki sizlere dair;
Elime üç beş kuruş geçer;
Karnım doyar benim de.

Orxan Vəli şeirlərinin oxucu ilə söhbət edərmişcəsinə qurulan axıcı dilindən, sadə və anlaşıqlı üslubundan başa düşürük ki, müəllif “anlatmaq” qədər “anlaşılmaq” qayəsini də içində daşımış, fikirləri və hisləri, forma və qəliblərdən daha üstün hesab etmişdir. Bu biraz da şairin ənənəvi formaları ( heca və əruz) rədd edərək yeni zövq, yeni ədəbiyyat yaratmaq istəyi ilə də bağlı idi. Sanki Mirzə Fətəli Axundovun “Füzuli şeiri” adlandırılan qəlibi qırmaq istədiyi kimi, Orxan Vəli də “Osmanlı şeiri”, ondakı çətin anlaşılan ərəb və fərs mənşəli sözləri, bu sözlərin işlənməsini zəruri edən vəznləri və janrları rədd edirdi. 

“Ölüm” Orxan Vəlinin ən çox müraciət etdiyi, sanki üzərində işləməyi və xatırlamağı sevdiyi mövzulardan idi. Təsadüfmüdür bilinməz, ancaq şairin həyatı qədər ölümü də fərqli və yaddaqalan olmuşdur. Görünür,  İstanbuldan savayı başqa bir şəhəri dinləmək ona uğursuzluq gətirmiş, Ankaraya səfəri zamanı çuxura düşərək yaralanmış, 4 gün sonra İstanbulun qollarında son nəfəsini verərək Türk ədəbiyyatını, oxucularını və İstanbulu kimsəsiz buraxmışdır.. 36 illik qısa ömründə adını ədəbiyyata qızıl hərflərlə yazdıran şairin ruhu bu gün də yalnız İstanbulu dinləyələrin eşitdiyi cənub küləyinin xəfif pıçıltısında yaşamaqdadır: 

İstanbulda, Boğaziçindeyim;
Bir fakir Orhan Veli;
Velinin oğlu;
Tarifsiz kederler içindeyim…                               Orhan Veli Kanık, 1945.

Zəhra Həsənzadə
BDU-nun tələbəsi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.