Ana səhifə SÖYLƏŞİLƏR “İstərdim ki, AYB dövlətlə yazıçılar arasında divar yox, körpü olsun”

“İstərdim ki, AYB dövlətlə yazıçılar arasında divar yox, körpü olsun”

Müəllif: Bizim Yazı
677 baxış

Gənc yazar Kəramət Böyükçölün “Mərkəz” qəzetinə müsahibəsi

Kəramətdən çoxdan müsahibə götürmək fikrim vardı. Ancaq nədənsə, hər dəfə bir əngəl çıxırdı. Görüşmək imkanımız olmurdu. Bu yaxınlarda isə onun doğum günü idi. Nəhayət ki, Bakı Dövlət Universitetində görüşüb söhbətləşdik. Kəramət yenə orjinal danışığı ilə yadda qaldı. Söhbətimiz əsasında gənc yazıçının 24 yaşını adicə sözlə təbrik etsəm də o, elə bu müsahibəni hədiyyə kimi qəbul etdiyini dedi.

– Kəramət, 24 yaşın oldu. Təbrik edirəm. Həyatda nə qazanmısan bu yaş üçün?
– Çox sağ ol səmimi təbrikə görə. Hələ heç nə qazanmamışam həyatda. Uduza-uduza yaşayıram.
– Əvvəl şeir yazırdın, sonra roman. Bəlkə son zamanlar şeirin ölməsi ilə bağlı söz-söhbətlərə görə sən də nəsrə keçdin?
– Açığı deyim ki, şeir çətin gəldi mənə. O mənada ki, indi şeir xəti ilə ucalmağın özü çətindir. Nə qədər şeirlər yazılır? Hamı eyni havanı çalıb, eyni havaya oynayır. Həm də mənim içimdə heç bir ədəbiyyat iddiası yoxdur axı. Deyəm ki, bu iddianı şeirlə ödəyə bilmədim. Düzdü, maraqla qarşılandı şeirlərim də.  Ümumiyyətlə, belə düşünürəm ki, mən nə anadangəlmə şairəm, nə də yazıçı. Ola bilsin ki, bu proses atadangəlmədi məndə. Yəni, hər şey sonradan-sonraya baş verdi.
– Səncə, niyə şeir xətti ilə ucalmaq çətindir?
– Azərbaycanda hal-hazırda həddindən artıq ciddi, amma, uğursuz şairlər var. Onlar yaradıb bu hissi məndə. Biz ədəbiyyata ciddi baxdıqca, ədəbiyyat bizə qeyri-ciddi baxır. Çoxları yaşam tərzimizə çevirib ədəbiyyatı. Ədəbiyyatla nəfəs alırlar. Ancaq ədəbiyyat onlarla nəfəs ala bilmir. Odenin fikridir: Müasir poeziyanın ciddiyyəti onun müəyyən qədər qeyri-ciddiliyindədir. Bu gün müasir şeirin dayandığı ən son nöqtə ironiyadır və hətta deyərdim ki, özünəironiyadır. Mənim bütün fikrim, düşüncəm özümə qarşıdır. Mən yazdıqlarımın və yazacaqlarımın əsas tənqid hədəfiyəm. Təbii ki, şeir həm də şairdən sistemli təfəkkür tələb edir. Şairin yaradıcılığında ümumi bir sisteminin olması vacib şərtdir. Ramiz Rövşən şeirdə niyə uğur qazandı? Çünki onun şeirlərinin sistematikası var və o sistemdə Ramiz Rövşən hətta zəif şeirlər də yazıb. Fərq etmir.
– “Çöl” romanın haqqında çoxlu sayda tənqidi yazılar yazıldı. Tənqidçilərin hansı fikri ilə razısan, hansı ilə yox? Ümumiyyətlə, hansı tənqidçini peşəkar hesab eləyirsən?
– Mən çox istərdim ki, tənqidçilərimiz mənə bir yol göstərsinlər və mən o yolla getməyim. Göstərə bilmirlər axı. Tehran Əlişanoğlunun bir yazısını oxuyana kimi adamın ürəyi partdayır. Cavanşir Yusifli romanımı uğurlu əsər kimi qiymətləndirsə də, hansı cəhətlərinə görə uğurlu olduğunu mən Cavanşir müəllimin yazısında görmədim. Eyni zamanda Tehran müəllimin yazısında da əsərimin niyə uğursuz olduğunu aydınlaşdıra bilmədim. Ümumiyyətlə, indi inam qalmayıb tənqidçilərə. Çoxu gözdən salıb özünü. Artıq onların nə tənqidlərinə inanırlar, nə də təqdirinə. Nəsr, poeziya, dramatrugiya, tənqid. Mənə elə gəlir ki, bizdə hal-hazırda bunlardan ən bərbad vəziyyətdə olanı tənqiddir.
– Son zamanlar bir sıra romanlar yazılıb. Yeni əsərlərin əsas tənqid obyekti dil məsələsidir. Sənin romanında dil çox bəyənildi.
– Dil bədii əsərdə əsas faktorlardan biri olsa da, birincisi deyil. Mən yazı prosesində dil haqqında fikirləşmirəm. Məncə, bu öz-özünə baş verir bütün yazıçılarda. Dil ən çox  duymaqla bağlıdır. Mənə elə gəlir ki, yazıçı dilə barmaqlarının ucu ilə toxunmalı, onu hiss eləməlidir. Eynən poeziyada olduğu kimi. Deyilənlərə görə, mən buna nail olmuşam əsərimdə. “Çöl”-də çöl həm də dilin çölü deməkdir. Əsərimdə dilin çölündə yeni bir dilin yaranması faktı da müşahidə olunub. Bu babamın, nənəmin, atın, qoyunun, yovşanın dilidir. Bu dil sehirlidir, bu dil çirklənməyib. Hələ Bakıya gəlməyib bu dil.
– Ümumiyyətlə, sənə görə son zamanlar yazılan romanlarda çatışmayan təkcə dil məsələsidirmi?
– Xəbərim var yazılan romanlardan. Hamısını oxumuşam demək olar ki. Ayrı-ayrı xüsusiyyətlər xoşuma gəlib bu əsərlərdə. Məsələn, Əli Əkbərdə, Şərifdə, Qan Turalıda mükəmməl struktur, Seymur Baycanda yazıçı müşahidələri, Sevinc Pərvanədə qadın səmimiyyəti və.s. Deyim ki, həyatda yeniçilik cəhdləri ilə diqqət çəkən Seymur Baycan əsərində çox “köhnə”di. Realist bir roman yazıb. Bu qədər hay-həşirin qabağında nə böyük iş görüb ki? Fikrimcə, Şərif daha maraqlıdır. Ancaq dərinləşdirə bilməyib əsəri. El bil Şəriflə sözün arasında Mədəniyyət Nazirliyi boyda bir dağ dayanıb. Çox danışmaq olar bu əsərlər barədə. Təbii ki, eyni zamanda müsbət tərəflərindən.
– MKM-də “20-lik”ə düşdün. Ancaq nədənsə, “10-luq”da sənin adın yox idi. Qalib isə Pərvizin “Yad dildə” romanı oldu. Səncə, “Yad dildə” yaxşı roman idi, yoxsa sadəcə auditoriyanın tələbi bu əsəri qalib etdi?
– Ümumiyyətlə, dünyada ədalət anlayışı nisbidir, eyni zamanda bizdə. Təəssüf ki, mən bu cür şeyləri gec anlayıram. Məncə, Pərvizin qalib olması ədəbiyyatımızın yox MKM inkişafı kimi qiymətləndirilə bilər. Məqsəd Nur qalib olsaydı ədəbiyyatımızın inkişafından danışmaq olardı.
– “Gənc Ədiblər Məktəbi” haqqında tənqidi məqalələr yazırsan. Axı, bir zamanlar sən o təşkilatın üzvü idin.
– Nə olsun ki, mən o təşkilatın üzvüyəm? Üzvüyəm deyə tənqid edə bilmərəm? Adam içində olduğu, gördüyü şeyi tənqid edər də! O yerdə ki, fikir ayrılır, demək, orda həqiqət var. Fikir ayrılığının olmadığı yerdə nəyin ki, ədəbiyyat, heç nə olmur. “Gənc Ədiblər Məktəbi”-nin üzvləri ilə münasibətlərimə əvvəllər həssaslıqla yanaşırdım, indi demək olar ki, bu məni maraqlandırmır. Çünki, 50 nəfərə şair, yazçı diplomu verildi. Gördüm ki, get-gedə burda bir sürü təfəkkürü formalaşır. Sürüdə də istedadlı istedadsızdan o qədər az çap olunur ki, nəyin ki, istedadsızla istedadlının yeri dəyişik düşür, hətta baxırsan ki, burda istedadsız daha çox istedadlı görünür.
– Kəramət, səncə, onların arasında heç istedadlısı yoxdur?
– Var. Niyə yoxdu? Məsələn, Cavid Zeynallı özünə görə istedadlıdır. Ancaq onun həddindən artıq sözə baxmağı, idarə olunmağı yaxşı hal deyil. Cavid çox ağıllı, dərrakəli oğlandır. Ancaq mən heç bir yazıçıya bu qədər “ağıl” arzulamıram. Yazıçı gərək imkan verməyə ki, onun ağzına başqaları “yiyəlik” eləsin. Qılman İmanlı ənənəvi üslübda maraqlı şeirlər yazır. Şeir nəfəsi safdır, durudur. Fərid Hüseyn olduqca çalışqandır. Gah tərcümələr edir, müsahibələr alır, şeir, esseləri ilə gündəmdədir. Qismət də ortalıqda olan gənclərdəndir. Onun şeirdəki yeniçilik cəhdlərini təqdir edirəm.
– Əslində, yəqin sən də razılaşarsan ki, “Gənc Ədiblər Məktəbi” AYO-ya qarşı yaradıldı. Ümumiyyətlə, bu cür rəqabət ədəbiyyata lazımdırmı?
– Deməzdim ki, “Gənc Ədiblər Məktəbi” AYO-ya qarşı yaradıldı. AYO düşüncə olaraq meydana çıxmışdı və bu proses yeni qurulan cəmiyyətdə labüd idi. AYO müstəqillik dövrü ədəbiyyatımızda alternativ düşüncə nöqteyi-nəzərdən maraqla qarşılandı. Onların səsləndirdiyi fikirlər, yazılarının demək olar ki, əksəriyyəti mübahisələrə, polemikalara səbəb olurdu və nəticədə ədəbi proses kənardan daha canlı görünürdü. Ancaq gəl görək bu yeni təfəkkürü təsdiqləyəcək ciddi ədəbi nümunələr, fundamental mətnlər yarandımı? Məncə, yaranmadı. AYO yalnız düşüncə olaraq qaldı və nəticədə ədəbi prosesdə “köhnələr”  yenidən “meydan sulamağa” başladı. “Gənc Ədiblər” isə daha çox məlum ənənənin davamçıları kimi ortaya çıxarıldı. Onların çoxunun bədii yaradıcılıqlarının əsasında hələ də etik-estetik, əxlaqi-mənəvi münasibətlər durur.
– Son vaxtlar gündəmi məşğul edən məsələlərdən biri də Kamal Abdullanın “Unutmağa kimsə yox…” romanıdır. Yəqin, sən də izləyirsən.
– Kamal müəllimin hər üç romanını oxumuşam. Sonuncu romanı xüsusilə xoşuma gəldi. O roman haqqında yüzlərlə məqalə yazılsa belə, mənə elə gəlir ki, yenə azdır. Çünki, əsər yazmaq üçün material verir. Bu ilk növbədə ondan irəli gəlir ki, Kamal Abdullanın bədii təfəkküründə analitiklik, fəlsəfilik çox dərindir. Bədii təfəkkürün və yaradıcılığın əsasında elmi-nəzəri, analtik təfəkkür dayananda həyata, varlığa daha çox fəlsəfi münasibət aparıcı səciyyə daşıyır. Bu ən çox Qərb ədəbiyyatında belədir. Elmi təfəkkürlə bədii fikirin sintezi Kamal Abdullanın yaradıcılığında üsluba çevrilmək üzrədir. Umberto Ekoda da bu cürdür. Ömrün əlli yaşına kimi elmi yaradıcılıq, sonra romanlar və eyni zamandan bunların paralel inkişafı. Kamal müəllim dünya səviyyəli əsər yazıb və fikrimcə, o roman haqqında yazılan bütün yazılar sadəcə əsərin ətrafında fırlanır, məqalələr əl-ələ tutub romanın kənarında dövrə vurur. Haqqında yazılan heç bir yazı hələ o əsərin içinə girə bilməyib.
– Rəşad Məcidi tənqid etmişdin. Mənə maraqlıdır, nəyə görə “Gənc ƏdiblərMəktəbi” fəaliyyətini dayandırandan sonra belə tənqidi fikirlər meydana çıxdı?
– Bir şey haqqında fikir bildirmək üçün təbii ki, zamana ehtiyac duyulur. Rəşad Məcid AYB-də xırda bir məsələdir. Doğrudur, onun gənclər üzrə katib kimi təşkilatçılıq nöqteyi-nəzərdən xidmətləri olub. Gəncləri bir araya gətirmək təşəbbüsündə bulunub. Ancaq hansı gəncləri? Ən çox da bu hissdən doğur tənqidlər.
– Səncə, məsələn, Rəşad Məcid Anar müəllimin yerinə keçsə qurumda əsaslı dəyişiklik baş verərmi?
– Rəşad Məcidin AYB sədri olacağına inanmıram. Onun bu iddiasını da mənasız sayıram. Rəşad Məcid AYB sədrliyinə namizəd olsa, bircə Qismət ona səs verər. (gülür – A.E)
– Bəs, AYB-də nəyin dəyişməsini istərdin?
– İstərdim ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan dövləti ilə Azərbaycan yazıçıları arasında divar olmasın, körpü olsun.
– Yeni roman bitirdiyini eşitdim. Bu haqda bir az məlumat verərdin.
– İlk əsərim maraqla qarşılandı deyə, bədii mətnə qarşı daha çox məsuliyyət yarandı məndə. Bir roman yazmışam. Tələsmək istəmirəm çapa. Bir qatilə haqq qazandırmağa çalışmışam əsərdə.
– Məncə, müsahibəmiz səmimi və maraqlı oldu. Təşəkkür edirəm.
– Çox sağ ol, təşəkkür edirəm mən də.

Söhbətləşdi: Ayxan Eyvaz

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.