Ana səhifə BAŞ YAZI İranda folklor irsimizi yaşadanlar

İranda folklor irsimizi yaşadanlar

Müəllif: Bizim Yazı
488 baxış

dos.dr. Pərvanə Məmmədli

İranda uzun bir vaxt toplum halda yaşayan türk ellərini son dövrlərdə inzibati ərazi bölgüsü adı altında bir-birindən ayıraraq fars mühitinə uyğunlaş¬dırmağa çalışmışlar. Bundan başlıca məqsəd dili və mədəniyyəti yasaq edilmiş, ayrı-ayrı  inzibati-ərazi vahidlərində yaşayan böyük bir xalqı farslaşdırmaq idi.Bütün bunları görən və duyan türk ziyalısı Əli Kəmali yorulmaq bilmədən el-el, oba-oba gəzərək  səpələnmiş türklərin çağdaş və keçmişdə yazıb yaratmış şair¬lərinin əsərlərini, türk ellərinin folklorunu, yer adlarını öyrənməklə məşğul olaraq xalqa tanıtdırıb.
Əli Kəmali İranda rəsmən Azərbaycan adlandırılan ostanların (Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin) sərhədlərindən uzaqda yaşayıb-yaratmış Azərbaycan türk şair və aşıqların əsərlərini, həmin ərazilərdə yaşayan xalqın folklor nümunələrini toplayıb araşdıran alimlərdəndir. O, İranın tam mərkəzində yerləşən, rəsmən Azərbaycan adını daşımasalar da, həqiqətdə Azərbaycan türklərinin tarixi məkanı olan Həmədanda, Əsədabadda, Zərənddə, Savədə yaşayan həm 5 milyonluq əhalinin və həm də oradakı coğrafi yer adlarının tamamilə türk mənşəli olduğunu araşdırmalarla sübuta yetirmişdir. Araşdırıcı  alim bu işə bütün şüurlu ömrünü fədakarcasına sərf etmiş, 60-dan çox söz ustasının əsərlərini və 70-dən artıq folklor materiallarını toplayıb ərsəyə gətirmişdir.
Əli Kəmali 1944-cü ildə Savə şəhərinin Qərəqan (Xarqan) mahalının Bəndəmir kəndində anadan olub. Atası Əkbər Kəmali həm əkinçiliklə məşğul olmuş, həm də kənd məktəbində müəllimlik etmişdir. Kəmali nəsli Qərəqan mahalının tanınmış alimlərindən olan Seyidlərə mənsub olmuşdur.
Əli ilk təhsilini öz kəndində, atasının dərs dediyi məktəbdə almış, sonra Savə şəhərinə gedərək təhsilini orada bitirmişdir. 1957-ci ildə Tehran Universitetinin hüquq fakültəsinə girmiş, ali təhsilini başa vurduqdan sonra ədliyyə vəkili olmuşdur. Əli Kəmali Tehranda ən yaxşı vəkillərdən biri kimi şöhrət qazanmışdır.
Ürəyi vətən eşqi ilə döyünən Əli Kəmali  bu yolda hər cür mənəvi və maddi fədakarlığını əsirgəməmişdir. O, tək hüquqşünas olmayıb, folklorçu, şair, alim, tarixçi kimi öz vətəndaşlıq borcunu xalqı və ölkəsi qarşısında ödəməyə çalışırdı. Onun qələmindən çoxlu mənzum və mənsur şerlər, elmi ədəbi məqalələr çıxmışdır.
O, İran türklərinin, el aşıq və şairlərinin, eləcə də Güney dialektlərinin xəritəsinin yaradılması kimi böyük bir işin başlanğıcını qoydu. Heyf ki, vaxtsız ölüm onun gərəkli işlərini başa vurmağa imkan vermədi.
Əli Kəmalini ilk dəfə ədəbi aləmə tanınmış türkoloq alim, professor Qulamhüseyn Beqdeli təqdim edib. Q.Beqdeliyə görə Telimxanın əsərləri, Əli Kəmalinin başqa toplama və araşdırmaları, Azərbaycan türk dilinin ləhcələrini oyrənmək və türkologiya sahəsində yeni bir hadisəyə çevrilə bilər. Həqiqətən də Əli Kəmali Azərbaycan türkologiya elmi üçün çox mühüm tədqiqat sahələrini kəşf etmişdir. Çox dəyərlidir ki, Əli Kəmali apardığı araşdırmaların sonunda belə bir mühüm nəticəyə gəlir: İranda yaşayan türklərin çoxunun dili bir sıra məhəlli ləhcələrə ayrılan Azərbaycan türkcəsidir. Bununla bağlı onun «Türkmən Mahmud» məqaləsində yazdıqlarını olduğu kimi sizlərə çatdırmaq istəyirik: «Bizim Məzəlqan və Savə mahalında danışılan türki Azəri türkcəsindədir. O sıradan Türkmən Mahmudun dili də bu ləhcədən yaranıb».
Əli Kəmali Həmədanın Savə bölgəsindəki 700-dən çox kəndin dilinin Azərbaycan türk dili olduğunu topladığı qaynaqlarda üzə çıxardı. O, həmçinin Orta İran türkləri kimi qəbul edəcəyimiz bu bölgə dili və mədəniyyəti ilə «Gilqamış» dastanı arasında olan sıx bağlılığı göstərirdi. O sıradan bu el obada yaşayan bir milyondan çox Qaşqay türklərinin mədəniyyətini tanıtdı. O, Telimxan, Türkmən Mahmud, Səngəgli Aşıq Rza Əli, Qırmızınlı Fəqir, Məzəlqanlı Asim, Müslimabadlı Qüdsi, Süsənqanlı Müntəzir, Əlvinli Mahmud Xoşnevis, Zərgərellili Quluxan, Misirxanlı Əkbər Rəzzaqi, Suludərəli Əndəlib, Vərcəndli Pənahi, Bəndəmirli Şeyx Həsən Mehtərmi, Misirqanlı Asi, Acanlı Asi, Həmədan kəndlərindən olan Eynə¬badlı Davəri, Kahardlı Fani, Dərgizinli Molla Əhməd, Niyirli Əfşar, Qulu¬kəndlili Yadigar, Məhzun, Kövsər, eləcə də onlarla belə el şairini arayıb tapımş, o sıradan 30-dan artıq aşıq dastanı əldə etmişdir.
Əli Kəmalinin ən böyük işlərindən biri 200 il bundan öncə yaşamış Telimxan kimi qüdrətli bir söz ustasını tapıb, öyrənib xalqa tanıtdırmasıdır. Əli bəy özü də Telimxanı təqdim edərkən onun türk aləmi üçün böyük bir tapıntı olduğunu söyləyir. O, Telimxanın əsərlərini toplayıb, araşdırıb, öyrəndikdən sonra 13 min beytlik divanını bütövlükdə çapa hazırlamışdır. Ə.Kəmali Telimxanın yaradıcılığı ilə Xəstə Qasım, M.P.Vaqif, Nəbati, Mehtimqulu yaradıcılığı arasında bədii müqayisələr aparmış, onların oxşar və fərqli cəhətlərini ortaya çıxarmışdır.
Telimxanın Molla Pənah Vaqifin bir sıra şerlərinə nəzirələr yazdığı bəllidir. Əli bəy Telimxanın əsərlərini araşdırarkən onların içərisində Vaqifin indiyədək çap olunmamış üç şerini də tapıb üzə çıxarıb. Xəstə Qasımın doğulduğu yer, (Tikmədaş) ailə vəziyyəti, yeni tapılmış şerləri, qəbrinin yeri bu yeniliklər sırasındadır.
Əli Kəmali bizə az tanış olan Qaşqay, Əbivərd, Əfsar tayfalarının tarix və ədəbiyyatına da toxunur. Qaşqaylardan yazarkən «Qaşqay» sözünün bir neçə anlamı olduğunu söyləyir. Onların yaşadığı yerlər, əhalisinin sayı ilə bağlı bilgi verir. Deyir ki, vuruş və savaşlardakı qoçaqlıqlarından çox yazılsa da, onların elm və sənət adamlarından az yazılıb. Bu boşluğu azda olsa doldurmaq üçün Məhzun Qaşqayi, Yusif Xosrov və başqalarının yaradıcılığından söz açır.
Əli Kəmalinin toplayıb araşdırdığı söz ustalarını yaşayıb yaratdıqları əraziyə görə şərti olaraq dörd yerə bölmək olar. 1. Save və Həmədan şairləri. 2. Qərəqan şairləri. 3. Qaşqay şairləri. 4. Dərgizin şairləri.
Əgər Savə şairlərinin qələminə qəliz ərəb-fars tərkibli sözlərdən və fars düşüncə tərzindən tamamilə uzaq, təmiz türk dilində yazılmış şer parçaları mənsubdursa, Dərgizin şairlərinin yaradıcılığında bunun tam əksini görmək olar.
Əli bəy X yüzillikdən bu yana İranda hakimiyyət sürmüş farsca yazan türksoylu hökmdarlarla bağlı yazır ki  onlar fars dili və mədəniyyətini qılınc və qələmləri ilə qoruyaraq bu dildə yazıb yaratmış, onu yüksəkliklərə qaldırmışlar. 900 il İranda, Türküstanda, Rumda, Hindistanda, İraqda hökmdarlıq edən və farsca gözəl şerlər yazan çoxlu türksoylu dövlət başçısının adını çəkərək onların əsərlərindən misallar gətirir.
Əli Kəmali onu da bildirir ki, tanınmış türk sülalələrinin şahları öz yanlarına farsca yazan şairləri toplamış, özləri də duymadan öləziyən far dilinin, mədəniyyət, siyasət və iqtisadiyyatının bütün yönlərini ələ alaraq ərəb dilindən yüksək tutmuş, onu yaşatmış və belə demək olarsa, düşmənlərin əlini İrandan çəkib iranlılara nəfəs almaq və fars dilində danışmaq imkanı vermişlər. Onun bu mövzudan olan yazısından iki misal gətirsək, maraqlı olar. «Türk Qacar şahlarına yaxın olan Fətəli şah çağdaş Tehran ləhcəsi sayılan fars dilində ilk kərə danışaraq onu geniş yayan olub. O, qüdrətli bir şair olaraq fars dilində Xaqan təxəllüsü ilə şerlər yazıb. Hind sultanlarının ən qüdrətlisi sayılan Humayun şahın oğlu Əkbər şah da şair imiş. Onun əmri ilə bir çox kitablar sanskritdən farsçaya çevrilib».
«Bir millət öz mənliyini tanımazsa, varlığına inanılmayacaq» söyləyən Kəmali İranda hər tərəfə səpələnmiş türk mənəvi fikrini, sərvətini, xalq folklorunu toplayıb, xalqa qaytardı.
Ə.Kəmalinin vaxtsız vəfatını, topladığı və yazdığı əlyazmaların pərakəndə halda qaldığını nəzərə alaraq onun hazırladığı folklor toplularının adını qeyd etməyi lazım bildik. Bunlar aşağıdakılardır:
«Kəlbi-Nurizad», «Mahmud Nigar», «Şah İsmayıl», «Tufarqanlı Abbas», «Mosum-Əfruz», «Aşıq Qərib», «Xan Əsgər-Məcub», «Vərqa və Gülşa», «Nəcəf -Şahcamal», «Qaradağlı Qurbanla Pəri», «Fərhad-Gülşad», «Şeyidi-Pəri», «Həmraz, Səlminaz, Sayıaz», «Təharimizə ilə Zöhrə», «Köklü Məhəmmədlə Pəri», «Əsli-Kərəm», «Bəhram-Güləndam».
Əli bəy yazılarından birində yada salır ki, dəftərlər yırtılıb, kitablar suya atılıb və qələmlər sındırılanda türkün aşıqları ellərinin ədəbiyyatına qulluq etməyi gərəkli sayıblır. O, bu el ədəbiyyatını 35 illik gərgin əməyi ilə ağızlardan kəlmə-kəlmə, əlyazmalarından, əski təzkirələrdən sətir-sətir yığmış, bunun nəticəsində həcmi təxminən 100 cildə yaxın olan bir bədii sərvəti ərsəyə gətirmişdir. Kəmalinin gördüyü bu nəhəng işi yalnız Salman Mümtaz və Firudin Köçərlinin gördükləri iş ilə müqayisə etmək olar.
Onun araşdırmaları, topladığı folklor və etnoqrafiyaya dair materialları Güney Azərbaycanı öyrənmək üçün misilsiz xəzinədir. Bu xəzinəni qorumaq, onun toplama və araşdırma işlərini bir araya gətirib çap etmək öz növbəsini gözləyir. Topladıqlarının cüzi hissəsi «Varlıq» jurnalında nəşr olunub, əsas hissəsi təəssüf ki, əlyazma şəklindədir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.