Ana səhifə YAZILAR Şair Elxan Zalın 50 yaşı tamam oldu

Şair Elxan Zalın 50 yaşı tamam oldu

Müəllif: Bizim Yazı
160 baxış

Bu günlərdə tanınmış şair Elxan Zalın 50 yaşı tamam oldu. 50 yaşlı şair haqqında qələm dostllarının düşüncələrini sizə təqdim edirik.

Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, millət vəkili

Elxan Zal Qaraxanlı bizim poeziyamıza təmiz, saf türkçülük mühitindən gəldi, onun ən üstün cəhəti də o oldu ki, türklərin tarixini, mədəniyyətini, ən qədim zamanlardan bəri gələn folklorunu, dil və obrazlar sistemini öyrənib, bunu poeziyanın əsaslarına hopdura bildi. Atilladan, ondan çox-çox əvvəlki dövrlərdən, miflərdən, eposlardan başlamış bir ruhu, o , yaradıcı bir şəxs kimi, istedadlı şair kimi, içərisində oyadıb şeirləşdirə bildi. O, qədim bir mədəniyyəti, onun söz xəzinəsini, çağdaş zamanın baxışlarıyla təzahür etdirib bugünkü oxucunun istifadəsinə verdi. O poeziyaya təxminən Oljas Suleymenovun üsulu ilə, yolu ilə gəldi. Yəni, mənsub olduğu etnosun, mənsub olduğu mədəniyyətin, mənsub olduğu ədəbi düşüncənin, təfəkkürün tarixi qədimliyinə enə bildi, uzun illər ədəbiyyatımızda unudulmuş qədim türk mədəniyyət xəzinəsinə yol tapdı, onu bu günə gətirdi. Bu onun ədəbiyyatımızda qazandığı üstün cəhətidir. Onun intonasiyasında, onun dilində, onun ifadə- üslub texnologiyalarında, çox-çox qədimlərdən gələn bir əhval ruhiyyə ifadə olundu. O türkçülüyü yalnız yaradıcılığının məzmunu ilə yox, həm də mənsub olduğu etnosun ruhundan gələn ifadə texnologiyası ilə verə bildi. Onun türkçülük mövzusunda olan şerləri, mən düşünürəm ki, bizim müasir ədəbiyyatımızın ideya göstəricilərindən, Azərbaycan poeziyasının uğurlarındandır.

Vaqif Səmədoğlu, xalq şairi

Əzizim Elxan! Yadındadımı, “Ulduz” jurnalında sənin şeirlərini, daha doğrusu “Polonez”“ poemasını oxuyandan sonra mən sənə zəng etdim, bu şeirlər məni tutdu və mən bu şeirlərə öz münasibətimi bildirdim…Sənin şeirlərini oxuyanda mən həmin illərə qayıtdım, həmişə xəyalımda yaşatdığım Polşanı gördüm. Əlbəttə bu şeirlər mənim üçün yalnız xatirə deyil. Onları bir naşı adam yazsaydı, mən özümü də, Polşa mühitini də, Polşa abu-havasını da təhqir olunmuş hesab eləyərdim. Ancaq sən onları çox gözəl, çox professional, çox canlı, çox səmimi yazıbsan. Mənim də Polşa ilə bağlı şeirlərim var, “Royal” poemamda Polşa ilə bağlı böyük hissə var. Mən Polşada olmamışam, həmişə buna təəssüflənirdim, ancaq sənin şeirlərini oxuyana qədər. Bəlkə də Allah səni mənim yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə, Polşa xalqına, öz qələminə layiq o gözəl şeirləri yazdın. Nə yaxşı ki, ədəbiyyatımızda sən varsan.

Arif Əmrahoğlu, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin katibi

Elxan Zal Qaraxanlının şeirlərini qanımla oxuyuram. Çünki bu şeirlər mənim ruhumun ayələridi: mənim içimi isitməyə, damarlarımda axan qanı hərəkətə gətirməyə, özümü-özümə qaytarmağa qadirdi. Buna görə də Elxanın şeirləri mənim ruhumun şeirləridir.

Onun şeirləri itkilərimizə-yarağımızın pas tökməsi, alplığın unudulması, ərənin ağlaması ilə əlaqədar ağı deyil, sabaha inamın himnidi. Yaddaşın gücünə inanan Elxanın şeirləri faciə deyil, ümid, inam, nikbinlik notları üzərində köklənibdi. Buna görə də Elxanın şeirləri mənim yaddaşımın şeirləridi.

“Arzular yatar yəhərdə“, “Türk cəngdə ölməlidi“, Alp yenilər, basılmaz, Qaziyə yas tutulmaz“. Ruhun, yaddaşın ənənəsi hələ də diridi, sadəcə olaraq onu tribuna sözündən həyat tərzinə çevirmək gərəkir. Yadırğamadığımız savaş bizim həm taleyimizdi, həm də torpağa, yurda sevgimizin, vurğunluğumuzun, el-obanı, özümüzü qorumağın yeganə və ən vacib yollarından biridi. Onun təsvirində və təqdimində savaş başqalarının yollarına göz dikmək deyil, özümüzü özümüz kimi yaşadaraq sabaha aparan yolun qorunmasıdı. Buna görə də Elxanın şeirləri mənim savaşımın şeirləridi.

Elxan Zal Qaraxanlı mənim ruhumun, yaddaşımın, savaşımın şairidi.

Əkbər Qoşalı, DGTYB Başqanı

Elxan Zal Qaraxanlı adı, soyadı ilə, sifət quruluşu ilə Türk keçmişini, türk əzəmətini təcalla etdirən insanlarımızdandır. İşin gözəl yönü ondan ibarətdir ki, Elxan bu mənsubiyyət və keyfiyyətlərini çox böyük ölçüdə yaradıcılığına daşımağı bacarmış (özü də uğurla bacarmış!) şairdir. Digər yandan şair yalnız keçmişə tıxanıb qalsaydı bəlkə onun şeirləri, araşdırmaları bu qədər etkili olmazdı – o, məhz Gələcəyin məzmununu şəkilləndirir, Turan ümidlərini alovlandırır!.. O, Ziya Göyalpın əsl türk şeiri üçün cızdığı tablonu öz şeirlərində o qədər gözəl biçimləndirir ki, sanıram, eyni dövrdə yaşasaydılar, “Türkçülüyün əsasları”nı yazan mütəfəkkir məhz onun yaradıcılığından örnəklər verərdi…
Elxanla eyni ədəbi nəslə mənsub olmaq xoşdur. O, ən gözlənilməz anlarda ən gözlənilməz şeirləri yaza bilər (-sözün yaxşı anlamında); sanki yaradıcılıqdan uzaqlaşmış kimi görəsnib, günün birində üzə çıxardığı şeirləri, araşdırmaları ilə nə qədər məhsuldar işlədiyini göstərə bilər..! Və bununla da dostlarını sevindirib, həmkarlarını xoşməramlı ədəbi döyüşə səsləyə, bədxalarını isə kədərə boğa bilər… Yubilyarı təbrik edirəm!

Elçin Hüseynbəyli, yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru

Elxan Zal o şairlərdəndir ki, onun misralarını seçmək lazım deyil, çünki hər misrada, hər bənddə bir məna var. Yəni Elxandan nümunələr vermək istəsəm, gərək kitabını bütövlükdə bu yazıya sığışdırım. Bu isə mümkün deyil. Elxanın şeirlərində bir qədimlik havası var. Nənələrimiz hər gəbənin çeşnisini, ilməsini bilib tanıdığı, babalarımız hər yolun-yolağanın, arxın-bərənin səmtini bildiyi kimi, Elxan da xalqımızın ruhunu, qədimiliyin havasını duya bilir. Həmkarım dünyanı bütöv qavraya bilən yazarlarımızdandır. Onun şeir “menyüsündə” dünyanın müxtəlif rəngi var. Həmin rəngləri yalnız geniş mütaliəsi olan yazarlar görə bilər. Elxanın şeirlərində sufilik dərvişliklə, ürfançılıq təsəvvüflə, arxaiklik çağdaşlıqla birləşib və sanki şairin yaratdıqları ortaq türkcəyə uyğunlaşdırılıb. Əslində isə burada qəsdli və məqsədli bir şey yoxdur. Elxan sadəcə geniş düşünməyi bacarır. Onun misralarındakı ahəng bir nəğmədir.

Doktor Çulpan Zarif, şair, araşdırmaçı, Muğla Universiteti (Türkiyə)

Həqiqətən tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan intim şeir ustası Elxan Zal Qaraxanlı. Bu şairin mənə hədiyyə etdiyi, o il daha yeni nəşr olunan kitabının adı belə zehnimi məşğul edəcək qədər sirli idi: “Yaquar Yerişli Vaxt”. Sanki bunlar söz deyil, əsrlərin dərinliyindən gələn bir pıçıltı, isti bir yaz gecəsi səsi yavaş gələn bir yarpaq xışıltısı, hələ kəşf edilmədən qəlbin dərinliklərində gizli qalan duyğuların keçilməz meşələrində gəzən bir yaquarın yaşıl gözlərindən axan, əsrlərə sığmaz yabani bir hüzn idi… Elxan Zal Qaraxanlının şeirlərində zaman, gözə görünməz olsa da, varlığı ilə insanı həmişə tətikdə tutar. Onun şeir kitabı, mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biriydi. Bəzi şairlərin şeirləri yüngül və asan oxunar. Onlarda hər gün görüb bildiyimiz hadisələr və duyğular yenə hər gün gözümüzə ilişən obyektlərin vasitəçiliyi ilə izah edilir. Bəzi şairlərin şeirləri isə, onların dərinliyinə çatmaq üçün geniş məlumat istər. Elxan Zal Qaraxanlının kitabı da elədir. Nə ilə heyrətləndirdi məni şair? Hər şeydən öncə, dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairin sahib olması lazım olan əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumat, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik…. Bütün bu uğurlu poetik tapıntıların içində mənim diqqətimi çəkən bir ünsür daha var: Elxan Zal Qaraxanlının şeirləri yalnız sözlərdən meydana gəlmir, hər misrada musiqi mövcuddur! Musiqi onun başqa bir çox şeirində də incə qırmızı bir ip olaraq həmişə özünü göstərməkdədir.

Səlim Babullaoğlu,şair, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru

…Elxan, poeziyamızdakı qafiyə vərdişlərimizi qırır, türkün qızıl dövründən danışırsa, bizi həmin danışığa, səs-küyə, cəng səsinə qulaq asdığımıza inandırır, müasirlərindən söz edirsə, bizə təkcə günümüzün sözlərini deyil, bugünümüzün qəhrəmanları, ədəbiyyat yaradan adları da göstərir. Elxan yeni qafiyələr yaratmaqla onların dəqiqliyinə də diqqət yetirir ki, sərbəst şeir meydanlarının saysız-sonsuz və qolkipersiz qapılarına top vuran “poetik pelelik” dövründə o, ciddi, dəqiq, ölçülü-biçili, qapılı-qafiyəli poeziyanın həqiqi Maradonası kimi görünür (bu cümlə də qoy Elxanın mənə təsirinin publisistik inikası sayılsın). O, qafiyədən istifadə edirsə, bunu zərgər dəqiqliyi ilə edir, assonans və dissonansların qoltuğuna sığınmır, etmirsə, onu yenə də poeziyanın lehinə olaraq etmir… Sadəcə, əziz oxucu, bil ki, əlində tutduğun kitab – kitab yox, vətənimizin, dilimizin dünya kodları ilə danışa bilən iki-üç şairindən birinin qaynar, romantik, hüznlü ürəyidir…

Əyyub Qiyas, yazıçı

Onun əlli yaşına o yaşa layiq nəsə yazmaq ağır göründü gözümə. Sadəcə onu demək istədim ki, Elxan, sən bu gün bizim çoxumuzun sevə-sevə oxuduğumuz tək-tük sevilən türk şeirlərini, şarkılarını, türkülərini yazan və bizi şeirin möcüzəsindən heyrətləndirə bilən şairsən.

Rasim Qaraca, şair

Elxan Zal Qaraxanlı öz ideyalarının yaxın qələbəsinə inandığı kimi, mən də onun şeirlərinin ümumxalq malına çevriləcəyinə görə, əsgər marşlarında səslənəcəyinə, yeni nəslin gözlənilən savaşdakı mənəvi silahı olacağına inanıram.

Hər halda, Elxan Zal bəzilərinin güman etdiyi kimi, sıradan bir şair deyil, ən azından özünün bir an belə səngiməyən mübarizə ruhu, yüksək ideallığı, zaman və məkan yelpazəsinin genişliyi ilə, poeziyanın ağlaşma və yalançı dərdəçərlik meydanına çevrirmiş, öz şəxsi personaları içərisində vurnuxan həmyaşıdlarından çox-çox yüksəklərdə dayanır və bu şeirlərin öz müəllifinə gələcəkdə çox böyük şöhrət gətirəcəyinə inanırsan.

Əsəd Cahangir, tənqidçi

Bu illər ərzində şeirdə meydana çıxan ən maraqlı və orijinal hadisə Elxan Zal Qaraxanlının timsalında milli-tarixi simvolizmin şeirdə özünü sistemli ifadəsini tapması oldu. Onun 2003-cü ildə “Azadlıq“ nəşriyyatında işıq üzü görən “Savaş ayələri“ kitabı arxaik leksikon, dialektizmlərlə şərtləşən “yeni“ dil, qədim mif, tarix, folklor və ədəbiyyatımızdan gələn sistemli savaş, mücadilə düşüncəsi, cəng atlarının qaçışını xatırladan oynaq ritm, bozqırların nəhayətsiz genişliyini yada salan sadəlik, yüksək ideallıq, misraların sonuna vurulan, mismar kimi yerinə möhkəm oturan gözlənilməz qafiyələr, qədim şeirin poetexnoloji vasitələrindən biri alleterasiyanı dirçəltmək cəhdi orijinal məcazlardan istifadə kimi xüsusiyyətlərilə diqqəti çəkir.

Taleh Şahsuvarlı, yazıçı

Elxan Zal türkün tarixə axıtdığı qızıl qanın ozanıdır. Yaşadığı çağın deyil, bilincindəki, təhtəlşüurundakı zamanın ozanıdır. Qopuzunu qızılbaş havalarına kökləyən dədə ozandır, neyiylə alovu körükləyən baba dərvişdir, davulunda şaman ritmləri çalan qoca ovsunçudur, nal dəyən yerlərin el olması üçün qılınc çalan əsgərdir, ağzını Tanrıya tutub ulayan qurddur, qurd azanında torpağı öpən, göyü oxşayan ozandır!

Təqdim edən: Rövşən DANYERİ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.