ƏLHƏM DƏŞTİ (HÜSEYNZADƏ) –
1994-cü ildə Bakı şəhərində doğulub. Klassik janr(lar)da şerlər yazır. Vaxtaşırı Maştağada təşkil olunan “Meraci-süxən” ədəbi məclisində iştirak edir. Hazırda Odlar Yurdu Universitetinin Filologiya fakültəsinin IV kurs tələbəsidir.
***
Üzün ki yadə düşür, aşiqin xəyalə düşür,
Xəyalən olsa da, o, məclisi-vüsalə düşür.
Ləbin verir qədəhə rəngini sən içdikcə,
Ləbindən aldığı rəngə həmin piyalə düşür.
Üzün görəmmədiyim gün günüm qara gətirir,
O qarə zülfün o dəm ki, o məhcəmalə düşür.
Sənin gözəlliyinə tazə gül misal olmaz,
O ruyini görən an gözdən əsl lalə düşür.
Vüsal həsrəti saldı məni biyabanə,
Nəzərdə saxla ki, gör Dəştini nə halə düşür…
***
Görünür qəlbimiz, ey dilbərim, abad kimi,
Leyk bərbaddən olmuş daha bərbad kimi…
Cümlə aşiqləri məst eylədi ahu baxışın,
Ovlamaq istədi hər kəs səni səyyad kimi.
Gah həyat bəxş eləyirsən mənə busənlə, gülüm,
Gah tökürsən qanımı bir qatı cəllad kimi…
Aşiq oldur ki, ya Məcnun kimi səhradə gəzə,
Ya da dağları külünglə çapa Fərhad kimi…
Kim ki aşiqliyi əla bacarırsa, söylər:
– Bunu Dəşti mənə öyrətdi, bir ustad kimi…
***
Vahid, ömrün boyu sən sakini-meyxanə idin,
Qəmi-eşq ilə həmişə gözü məstanə idin.
Çöhrəsində görünür surəti gül üzlülərin,
Bu səbəbdəndi ki, sən aşiqi-peymanə idin.
Sənə bica yerə məskən deyil Odlar Yurdu,
Çünki eşq atəşinə şövq ilə pərvanə idin…
Ey özü sadə, sözü sadə olan ustadım,
Çatmaz hər kəs o qəliz əqlinə, fərzanə idin.
Hər sözün indi də, Vahid, dilimiz əzbəridir,
Sağlığında necə ki, dillərə əfsanə idin…
Vahida, Dəşti sənin hər sözünün valehidir,
Hər sözün ayrı dəlil oldu ki, bir danə idin…