Ana səhifə İCTİMAİ HƏQİQƏTƏ İÇİLƏN AND – Azərbaycanlı alimin gənc özbək şair haqqında yazısı

HƏQİQƏTƏ İÇİLƏN AND – Azərbaycanlı alimin gənc özbək şair haqqında yazısı

Müəllif: Bizim Yazı
257 baxış

Cahangir (Mirzə)   qələm əhli, şairdir, həm də çox gəncdir və özünəgüvənlidir. Mənə göndərdiyi məktubunda duyğuları çox aydın görünür. 

Mənim yazdığım hər bir şeir,
Həqiqətə içilən anddır.

Gözümdə parlayan işartı,

Bu səmadan tökülən nurdur.

Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.Poeziyanı həyatına, məsləkinə yol yoldaşı seçib. Qəlbindəki – ruhundakı poetik təlatümlər, həyəcanlı çırpıntılar ixtiyarsız olaraq  ona bu yolu seçməyə sövq edib. 

Müasir elmi-texnologiya, o cümlədən sosial şəbəkələr üzərindən gənclər dünyaya çox tez çıxa bilirlər (cəmi bir neçə dəqiqə, saniyəyə). Onlar şeirlərini yazır, sosial şəbəkədərastlaşdığı və ya dost-tanışlar vasitəsilə yönləndiyi saytlarda, almanaxlarda, müxtəlif mətbuat orqanlarına yol tapırlar və çap olunurlar. Orada uzunmüddətli və dayanıqlı qalmaları isə əsərlərinin poetik çəkisi ilə bağlıdır. Ya elə vərəqlər arasında qalır, unudulur, ya da dildən-dilə, yaddaşdan-yaddaşlara ötürülərək məşhurlaşırlar.Beləcə, çox asanlıqla dünyaya – şeir aləminə yola çıxırlar. Təbii ki, gənclər üçün ilkin addım çətin olur. Çünki “tanışsız” – filansız, sadə xəyallarla yola çıxmaq bir az risqlidir. Ilk addımı qəbul edilməzsə, həvəsdən düşə bilər. Amma özünəinamlı, özünəgüvənli qələm əhli olan gənc yoluna inadla davam edir. Budur, Cahangir Mirzə imzasının izi  görünən ünvanları nəzərdən keçirirəm:

“Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü  və işçi qrupunun koordinatorudur. Turkiyədə fəaliyyət göstərən “Siir sərnici” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir.Qırğızıstan Respublikasında təşkil edilən “Dünya istedadları”  beynəlxalq birliyinin üzvü, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun xatirə nişanı”nın sahibidir. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.

ŞeirləriQazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Türkiyə, Banqladeş,  Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Makedoniya, Belçika, Keniya, Albeniya, İtaliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də ədəbi internet saytlarında yayımlanıb.

2021-ci ildə “İçimdə üsyanlar” adlı şeir kitabı nəşr edilib.

2022-ci ildə Türkiyənin “Baygenc” nəşriyyatında “Günəşin nefesi” adlı şeir kitabı işıq üzü görüb.

Elektron poçt vasitəsilə Cahangir Mirzəyə bəzi suallarla müraciət etdim.

Cahangir bəy, ilk dəfədir ki, şeirlərinlə tanış oluram. Amma bütövlükdə yaradıcılığına bələdolmadığımdan, sizdən öyrənmək istədim, şeirlərində əsas xətt hansı hansı mövzudur?

Şeirlərinin əsas mövzusu insan ruhunun yaşantıları, onun sevinc və kədəridir. Daha çox Allaha və özünə – iç dünyasina müraciət edirəm.  

Çünki insan özünü Allaha tapınanda daha rahat dərk edir.

Nə zamandan şeir yazmağa başlamısan?Gəncsən, amma poetik  tərcümeyi-halına nəzər salanda dünyanın hər guşəsində görünürsən.

  • 10 ildir ki, şeirlər, məqalələr yazıram.İlk şeirim 2012-ci ildə “Pop tonqi” qəzetində dərc olunub.

Ustad deyə müraciət etdiyin və ya şeirlərinə əl gəzdirən bir kimsə varmı? Yoxsa özün yazıb birbaşa mətbuata çıxırsan?

  • Ustadım sevimli və lirik şairimiz Münəvvər xanım Osmanovadır. 

Cahangir bəyin, ustadı Münəvvər xanıma – özbək xalqının sevimli və nəğməkar şairi, “Səadət” qadın jurnalının baş redaktoru, fəal ictimai xadim kimi tanınan və nəhayət də, mənim əziz rəfiqəmə həsr etdiyi “Böyük Günəş” adlı lirik essesini oxudum. Sətirlər arasında böyük bir məhəbbət, sevgi gördüm. Şagirdin ustadına əsil məhəbbəti və sayğısı kimi. 

Daha bir sual: Azərbaycan şairlərindən kimləri tanıyırsan? Və ya yaradıcılığında Azərbaycana ünvanladığın şeir və ya məqalə varmı?

– Azərbaycan şairlərindən Nəbi Xəzri, Mikayıl Müşfiq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Rüstəm Behrudi, Akif Azalp, Qənirə Paşayeva, Əkbər Qoşalı, Qabil Ədalət, Tural Turan və daha bir neçə şairin adını bilirəm. Azərbaycandan olan dost-qardaşları ürəkdən sevirəm.  Təəssüf ki, Azərbaycan haqqında hələ şeir yazmamışam.  Sizin bu sualınızdan sonra yəqin ki,  tezliklə gözəl şeirlər yazacam.

Yəqin ki, bu sırada əbədiyyən 20 yaşında qalan Ülvi Bünyadzadəni də oxuyub tanıyacaqsan, milli istiqlal düşüncəli, nakam şair, həm də şəhid şair kimi. Onun yaradıcılığı vasitəsilə, milli mübarizələr meydanında çırpınan gəncliyi, eləcə də  ədəbiyyatda  yeni ruhu, yeni nəfəsi hiss edəcəksiniz.

Yazırsan ki, şeirlərim 20-yə yaxın ölkədə nəşr olunub. Allah qoysa, yaxın vaxtlarda Azərbaycanda da kitabımı nəşr etdirmək fikrindəyəm. Vaxtınız varsa,şeirlərimi bəyənirsinizsə kitabıma ön söz yazarmısınız? O zaman belə bir sual verim? Azərbaycanda nəşr etdirmək istədiyin kitabına ön söz yazmaq üçün nədən məni seçdiniz?

 – Əgər şeirlərimi bəyənirsinizsə, xahiş etdim ki, şeirlərim haqqında  rəy və ya şərh yaza bilərsinizmi?  Təbii ki, yazmağa məcbur deyilsəniz.  Seçim sizindir.

Maraqlı cavabdır. Güvənli, amma bir az da eqoist cavab olmadımı?İnsan həyatı təcrübələrlə, yıxıla-dura öyrənir. Odur ki, Cahangir bəyin bu cavabına çox həssaslıqla reaksiya vermədim. İşimin başımdan aşıb-daşan vaxtlarımdır. Amma bir gənci sevindirməkdən yan keçə bilmədim. 

Cahangir bəyin şeirlərini Şahməmməd Dağlaroğlu Azərbaycan dilinə tərcümə edib. Həmin şeirlərdən bir neçəsini oxucularımıza təqdim edirik.

QƏLƏBƏ YAR OLSUN AZƏRBAYCANA

Alnına günəşin nur saçdığı yurd,

Sülh, Vətən söyləyib yayıldın cana.

Laçın igidlərin şirlə eyni tut,

Qələbə yar olsun Azərbaycana!

Dünya dincəlməyir, rahatlığı yox,

Yerin bağrı dönüb al – qızıl qana.

Ürəyimdə ona xoş istəyim çox,

Qələbə yar olsun Azərbaycana!

Zaval görməsin heç, olmasın vuruş,

Sinəsi yer olsun şərəfə, şana.

Daha yetər bunca çəkdiyi təşviş,

Qələbə yar olsun Azərbaycana!

Dərdinə ürəkdən şərik bu qəlbim,

Möcüzə nur saçar bir gün cahana.

Hər an özün qoru, mehriban Rəbbim,

Qələbə yar olsun Azərbaycana!

Cahangir Nomozovun yaradıcılığını mütəmadi olaraq sosial şəbəkələr vasitəsilə izləyirəm.  Şeirlərinin əsas mövzusunu sevgi və yüksək insani hisslər təşkil edir.  Yaradıcılıqda, şeirdə, ədəbiyyatda, elmdə uğurları ilə yaşıdlarına örnək olan perspektivli gənc şair Cahangir Nomozova yüksək yaradıcılıq uçuşlar arzulayıram!

Almaz Ülvi

Filologiya elmləri doktoru

15.02.2023                                    Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.