Sabir SARVAN
Ölsəm-nəm torpaqdı üzümün üstə,
Qalsam – qoşa şamdı dizimin üstə;
Özünə yer tapar gözümün üstə,
Gözəl xanımlarla, gözəl şeirlər…
Ayna pərilərin əlindən düşməz,
Arı çiçəyindən, gülündən düşməz;
Əlim yetməsə də, dilimdən düşməz,
Gözəl xanımlarla, gözəl şeirlər…
Şeytan mizanında bir cüt zərimdi,
Şanlı peykanımdı, qanlı şərimdi;
Yıxılan yerimdi, sevər yerimdi,
Gözəl xanımlarla, gözəl şeirlər…
Sevginin qaxıncı başadır ancaq,
Ruhumun qanadı qoşadır ancaq,
Mənə nəfəs verib yaşadır ancaq
Gözəl xanımlarla, gözəl şeirlər…