Ana səhifə BAŞ YAZI Gənc yazar soruşdu Xalq yazıçısı cavab verdi

Gənc yazar soruşdu Xalq yazıçısı cavab verdi

Müəllif: Bizim Yazı
1. 433 baxış

Yeqzar C“Böhtan, iftira, yalan heç cür tənqid sayıla bilməz.”

Yeqzar CƏFƏRLİ: Günaydın Anar müəllim! Аdətən yaşda sizdən böyüklər sizə Anar müəllim deyəndə qəbul etmirsiniz. Bəs gənclərin sizə “müəllim” deyə müraciət etməsini qəbul edirsinizmi? Mən sizə Anar müəllim deyə bilərəmmi?

Xalq yazıçısı, AYB başqanı ANAR:
-Peşəsindən asılı olmayaraq yaşda özündən böyük adama “müəllim” deyə müraciət dilimizdə çoxdan təsdiq olunub. Əlbəttə, siz də istəyiniz halda mənə müəllim deyə bilərsiniz.

Y.C.: Ara-sıra mətbuat səhifələrində və internet saytlarında sizi tənqid edən yazılara rast gəlirsiniz. Siz bu tənqidlərin heç olmasa bəzilərini qəbul edirsinizmi? Yoxsa özünüzü nöqsansız, ideal hesab edirsiniz?
A: İnternetə daxil olmuram, orda yazılanla tanış deyiləm, odur ki, haqqımda yazanlar vaxtlarını boşa sərf edirlər, bu yazılardan xəbərim olmur. O ki, qaldı mətbuata, sağlam, ağıllı, səviyyəli, məntiqli tənqidə həmişə ciddi və diqqətli yanaşmışam. Razı olduğumdan nəticələr çıxarıram, razı olmadıqlarımla ədəbi əxlaq çərçivəsində mübahisə edir, nəzakət həddini aşmadan etirazımı bildirirəm. Amma yəqin razılaşarsınız ki, böhtan, iftira, yalan heç cür tənqid sayıla bilməz. Tənqid bir şeydir, kimisə şərləmək, kimisə təhqir etmək, kimin haqqındasa ağlına gələni uydurmaq-tamam başqa şey. Əlbəttə, özümü nöqsansız, ideal hesab etmirəm, amma heç vaxt nə özümdən yaşlılara, nə özümdən cavanlara qarşı yekəxanalıq da  etmirəm.

Y.C.: Olduqca zəngin yaradıcılığınıza müəyyən qədər bələdəm. Mənəviyyatımızın güzgüsü sayıla biləcək “Evləri köndələn yar”a isə hər dəfə televiziya ekranından sevə-sevə baxıram. Sovetlər Birliyi dövrünü yaşamasam da bu dövrün yaşam tərzi haqqında çoxlu bilgim var. Bu əsərdə siz çoxlu problemlərə toxunmusunuz. Yazıçılar Birliyindən də yan keçməmisiniz. Həmin əsəri bu gün yazsa idiniz Yazıçılar Birliyini yenə tənqid edərdinizmi?
A.: “Evləri köndələn yar”-a hər dəfə sevə-sevə baxdığınız üçün təşəkkür edirəm. Amma sualınıza müəyyən təshihlər verməliyəm. O teletamaşada Yazıçılar Birliyi haqqında bircə kəlmə söz yoxdur. Orda yalnız qramafon şair obrazı var, qramafonlar isə adətən Yazıçılar Birliyinə qəbul olmayıb onun kölqəsini qıcıqlandıranlardır. O ki qaldı “o əsəri bu gen yazmağıma”, mən heç bir əsərimi yenidən yazmıram, amma əgər siz, hörmətli müsahibim, mənim yaradıcılığımla “müəyyən qədər” deyil, daha ətraflı tanış olsaydınız, bilərdiniz ki, ayrı-ayrı əhli qələmlərin satirik obrazlarını, ümumiyyətlə ədəbiyyat mövzularına tənqidi və ironik münasibətimi son illərdə yazdığım bir neçə hekayədə, o cümlədən “İlin fəsilləri, yaxud qovluğun içindəkilər”, “Kim Dali, yaxud yaşasın söz azadlığı”, “Etiraf”, “Nə yemisən turşulu aş” hekayələrində (onlar cildlərimə daxildir, cildlərim isə bildiyimə görə İnternetdə mənim veb saytımda var) və ən son vaxtlarda yazdığım “Yay gecəsinin röyası” və “Bir güllə bahar olmaz” hekayələrimdə görə bilərsiniz. Vaxt tapıb bu yazılarla tanış olacağınıza ümid edirəm.

Y.C.: Sovet həyat tərzinə-yaltaqlığa, rüşvətxorluğa, müftəxorluğa, riyakarlığa, saxtakarlığa, dəstəbazlığa, dostbazlığa qarşı barışmaz mübarizə aparmısınız. Və hər dəfə  “Ölülər” müəllifinə rəhmət oxumusunuz. Bu, sizin taleyinizdə oxşarlıqla bağlıdırmı? Axı, hər ikiniz təqiblərə məruz qalmısınız.
A.: Təəssüf ki, sadaladığınız nöqsanlar yalnız sovet dövrünə aid deyil, onların kökü bu gün də kəsilməyib və mən bu gün də yazdığım əsərlərdə bu mübarizəni davam etdirirəm. Özümü heç bir müstəvidə ustad Mirzə Cəlillə müqaisə etmək istəməzdim. Həm də onun acı taleyiylə tutuşdurduqda mənim ömrüm (hətta saysız-hesabsız böhtanlara, iftiralara tuş gəlsəm belə) toya getməlidir.

Y.C.: Ədəbi tənqid ədəbiyyatşünaslığın digər sahələrinə nisbətən daha çətin, daha məsuliyyətlidir. Çünki, bir şair və ya yazıçı haqqında bir tənqidi yazı hazırlamaq üçün onun bütün yaradıçılığını ətraflı öyrənmək lazımdır. Ədəbi tənqidin bugünkü durumu sizi qane edirmi?  Məsələn, gənc bir araşdırmaçı kimi belə hesab edirəm ki, bu gün ədəbiyyatımızda sağlam tənqiddən daha çox sifarişli, portret xarakterli yazılar üstünlük təşkil edir. Necə deyərlər “tənqid və biblioqrafiya əvəzinə tərif və biblioqrafiya”dan yazılır.
A.: Gənc bir araşdırmaçı kimi hesab etdiklərinizlə əsasən razıyam. Onu da tamamilə doğru deyirsiniz ki, “bir şair və ya yazıçı haqqında bir tənqidi yazı hazırlamaq üçün onun bütün yaradıcılığını ətraflı öyrənmək lazımdır”. Tamamilə doğrudur.

Y.C.: Niyə gənc araşdırmaçıların AYB-yə qəbulu şeir və hekayə yazanlara nizbətən qat-qat çətindir? Axı, hər hansı bir əsər məhz güclü bir tənqiddən sonra tanınır.
A.: Bu fikrinizlə isə razılaşa bilmərəm. Gənc araşdırmaçılara münasibət də, şeir və hekayə yazanlara olan münasibət kimi xeyirxah, obyektiv, həm də tələbkardır. Birliyin dörd katibindən birinin məhz tənqid və ədəbiyyatşünaslıq sahəsi, özəlliklə gənc araşdırıcılarla məşğul olması buna sübut deyilmi?

Y.C.: Çağdaş ədəbiyyatın təbliği və nəşri sizi qane edirmi?
A.: Təbii ki, qane etmir, amma mən bu suala dəfələrlə cavab verdiyim üçün bir daha həmin fikirləri təkrar etmək istəmirəm. Ədəbiyyata heç bir dəxli olmayan çox sayda kitablar nəşr olunur, ədəbiyyatın təbliği də lazımı səviyyədə deyil. Yazıçılar Birliyi də öz imkanları daxilində layiqli əsərləri təbliğ etməyə, dəyərli nəşrlərin təqdimatını təşkil etməyə çalışır.

Y.C.: AYB-nin  növbəti qurultayında ədəbi tənqidlə bağlı (tənqidi canlandırmaq üçün)  hər hansı qərarlar, tədbirlər planı gözlənilirmi? Məsələn, düşünürəm ki, yazıçılar birliyində yaşlı nəsil tənqidçilərlə gənc tənqidçiləri tez-tez görüşdürmək çox faydalı olardı.
A.: Heç bir qurultay qərarı ilə hansısa ədəbi janrı canlandırmaq olmaz. Bu sovet dövründən miras qalmış düşüncə tərzidir. O vaxtlar, məsələn, oçerk, yaxud uşaq ədəbiyyatı haqqında qəraq qəbul olunurdusa, elə bilirdilər ki, bu qərarlardan sonra bu sahələr dərhal inkişaf edəcək. Tənqidin canlanması yeni-yeni maraqlı, səviyyəli yazıların meydana çıxması ilə bağlıdır. Bil belə yazıları yaşlılardan da , cavanlardan da, lap elə sizin özünüzdən də gözləyirik. Yaşlı nəsil tənqidçiləriylə gənc tənqidçilərin görüşünü təşkil etmək isə səmərəli təklifdir, bunu nəzərə alıb həyata keçirməyə çalışarıq.

Y.C.: Müsahibələrinizin birində “indi hər kəs ancaq öz yazdıqlarını oxuyur” demişdiniz. Azərbaycanın tanınmış yazıçısı kimi deyə bilərsinizmi bu gün ən çox oxuduğunuz yazıçı kimdir?
A.: “Ən çox oxuduğum” yazıçının adını çəkmək çətindir. Oxumağa imkan tapanda (təəssüf ki, belə imkan hər zaman olmur) hər bizim yaşlıların əsərlərini, həm də dünya ədəbiyyatının əlimə keçənson örnəklərini oxuyuram. Ara-sıra əvvəllər oxuduğum klassik əsərlərə yenidən qayıtmağın da faydası olur.

Y.C.: Kitab dükanlarında, eləcə də digər kitab satış köşklərində oxucuların zövqünü oxşamayan qalaq-qalaq kitablar yığılıb. Belə kitabların çapına qadağa qoymaq olmazmı?  Mövcud problemin həllini nədə görürsünüz?
A.: Əlbəttə belə kitabların çapına qadağa qoymaq mümkün deyil. Söz və mətbuat azadlığı şəraitində yaşayan cəmiyyətdə hansı kitabı qadağa etmək olar ki? Həm də kim təyin edəcək bunu-hansı kitab oxucuların zövqünü oxşayır, hansı oxşamır. Təəssüf ki, bəzən oxucuların zövqünü elə kitablar oxşayır ki, onların əsl ədəbiyyata heç bir dəxli yoxdur. Mövcud problemin həllini necə görürəm? Onda görürəm ki, məsələn, elə sizin kimi araşdırmaçılar, tənqidçilər yaxşı ədəbiyyatın təbliğatına, tanıdılmasına, layiqincə təqdim olunmasına, izah və şərh edilməsinə daha çox səy göstərsinlər. Bir də ki-bunu da dönə-dönə demişəm-oxucunun keyfiyyəti kəmiyyətindən vacibdir. Əgər səni anlayan, sevən, duyan, tək bircə oxucun belə varsa, bu oxucu üçün yazıb-yaratmağa dəyər.

Y.C.: Ən çox sevdiyiniz insani keyfiyyət hansıdır?
A.: Sevdiyim insani keyfiyyətlər bir, ya iki deyil, çoxdur-səmimiyyət, ləyaqət, sözü bütövlük, sifətini dəyişməmək, paxıllıq, həsəd, yalan, böhtan, tamahdan uzaq olmaq. Bir də əlbəttə, sevmək, anlamaq və bağışlamaq bacarığı.

Y.C.: Tanınmış yazıçı kimi ədəbiyyata yenicə qədəm qoyan gənc qələmlərə nəyi məsləhət görərdiniz?
A.: Özündən yaşlılara ədəb-ərkan, mərifət və tərbiyə ilə yanaşmağı. Bir şeyi unutmamaq ki, haçansa özləri də yaşa dolanda cavanlardan eyni münasibəti istəyəcəklər. Yaradıcılıq cəhətdən isə onu deyə bilərəm ki, tez-tələsik tanınmağa, yazıları vasitəsilə hansısa imtiyazlara, mənsəblərə can atmağa çalışmasınlar. Bir az səbrli olsunlar. Deməyə sözləri varsa, başalrını aşağı salıb öz işləri ilə məşğul olsunlar. Şöhrət də, təsdiq də, mükafatlar da öz vaxtında gələcək. Şöhrət onun dalınca gəzənlərdən qaçır, ona etina etməyənlərin isə özü gəlir hüzuruna.

Qaynaq: “OLAYLAR”

 

You may also like

1 şərh

EMİL RASİMOĞLU 2013-11-26 - 19:38

Təbrik edirəm,Yeqzar bəy! Uğurlu və hərarətli müsahibənə görə.Yeni-yeni yaradıclıq uğurları arzulayıram.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.