Təranə Turan Rəhimli,
filologiya üzrə fəlsəfə doktoru, dosent, DGTYB Məsləhət Şurasının üzvü
Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin tarixi uzaq əsrlərdən başlayıb bu günə qədər şaxələnməkdə, hər iki ədəbiyyatı yeni yaradıcılıq keyfiyyətləri ilə zənginləşdirməkdə davam edir. Dili, dini, milli adət-ənənələri, tarixi qəhrəmanları, şəxsiyyətləri ortaq olan bu iki dövlət bir-birinə qırılmaz ruhi-mənəvi tellərlə bağlıdır. “Bir millət, iki dövlət”in – Azərbaycanla Türkiyənin milli özünəməxsusluğunu bir-birindən təcrid olunmuş şəkildə öyrənmək mümkün deyil. Sovet imperiyasının yetmiş illik sərt qadağalarına, siyasi yasaqlarına baxmayaraq Azərbaycanla Türkiyə arasındakı ədəbi əlaqələr daim davam etmişdir. Əhməd Cəfəroğlunun 50-60-cı illərdə ədəbiyyatımız, ədəbiyyatşünaslıq elmimizdəki nailiyyətləri dərhal dəyərləndirən tədqiqatları, Nazim Hikmətlə Azərbaycan yazıçılarının ədəbi dostluqları, Yavuz Akpınarın ədəbiyyatımızı Türkiyədə təbliğ edən yazıları, Şaban Kalkanın ədəbiyyatımızdan tərcümələri, Rəşad Nuri Güntəkin, Suat Dərviş, Orxan Kamal və başqa yazıçıların əsərlərinin dilimizə tərcüməsi və nəşri bunun bariz göstəricisidir. Lakin dövrün mövcud siyasi rejimi imkan vermədiyindən bu ədəbi əlaqələr gözlənilən səviyyədə deyildi.
XX əsrin 90-cı illərinin başlanğıcında ölkəmiz milli müstəqillik əldə edildikdən sonra Azərbaycan-Türkiyə ədəbi əlaqələri daha geniş vüsət aldı. Təkcə bədii yaradıcılıq sahəsində deyil, elmi-nəzəri mübadilə baxımından da öz inkişafının zirvəsinə yüksəldi. Sözügedən onillikdə həm Azərbaycan, həm də Türkiyə ziyalılarının bu əlaqələrin dərinləşməsində son dərəcə əhəmiyyətli xidmətləri olmuşdur. Bu ziyalılar içərisində Azərbaycan sevgisini, Azərbaycanın milli-mədəni tarixini, bu gününü, ədəbiyyatını, ədəbi-nəzəri elmini dünyada təbliğ edən, bu missiyanı həyatının ümdə amalına çevirən Türkiyəli tədqiqatçı Fəyyaz Sağlamın xidmətlərini xüsusi vurğulamaq lazımdır.
Soy-kökü İraq Türkmənlərindən olan, ata babaları Kərkük-Mosul tərəflərdən Anadoluya köçən Fəyyaz Sağlam Azərbaycan ruhuna doğma olan Kərkük ailəsində, Anadolu mühitində böyümüşdür. Şeirə, sənətə bağlılıq, ədəbiyyat sevgisi erkən yaşlardan onun ruhuna hopmuş, universitetdə təhsil aldığı illərdə bu sevgi daha da dərinləşmişdir. 1985-2000-ci illərdə Azərbaycan ədəbiyyatını Türkiyədə layiqincə tanıdan “Kardeş Edebiyatlar” dərgisində müəllimi görkəmli ziyalı, professor Yavuz Akpınarın rəhbərliyi altında çalışmış, dərgi üçün dəyərli ədəbi-elmi məqalələr yazmışdır.
Hələ sovet dövründə professor Abbas Zamanov, xalq şairi Nəbi Xəzri kimi qabaqcıl Azərbaycan ziyalılarıyla ədəbi dostluq əlaqələri yaratmış, onların yaradıcılığını Türkiyədə tanıdan yazılar yazmışdır. Fəyyaz Sağlam daim axtarışda olan bir tədqiqatçıdır. Onun çoxşaxəli yaradıcılığında üç mühüm istiqamət xüsusilə diqqətəlayiqdir. Türkiyə türk ədəbiyyatı, Batı Trakya ədəbiyyatı və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği, tərənnümü və tanıdılması Fəyyaz Sağlamın ədəbi-elmi və təşkilatçılıq fəaliyyətinin başlıca qayəsini təşkil edir. Tədqiqatçının hər üç sahədə kifayət qədər geniş ədəbi sferanı əhatə edən yazıları və ədəbi xidmətləri vardır ki, bu xidmətlər sayəsində çalışdığı İzmir Dokuz Eylül Universitetinin adını və nüfuzunu bir çox dünya ölkələrində layiqincə tanıtmışdır.
O, müxtəlif illərdə Azərbaycan ədəbiyyatşünaslıq elminin tanınmış simaları ilə yaradıcılıq əlaqələrini davam etdirmiş, eyni zamanda yeni əlaqələr yaratmağa nail olmuş, bu elmi-ədəbi mübadilə çevrəsini daha da genişləndirmək üçün fədakar əmək sərf etmişdir. Professorlar Vagif Sultanlı, Təyyar Salamoğlu, Güllü Yoloğlu, Tamilla Aliyeva, Vüqar Əhməd, Elçin İsgəndərzadə, dosent Təranə Turan Rəhimli, Əli Şamil kimi Azərbaycanlı elm adamları ilə yaxın dostluqlar, birgə ədəbi fəaliyyət buna bariz nümunədir.
Hələ 90-ci illərin başlanğıcındakı Türkiyə ədəbi-elmi materialları ilə tanışlıq təsdiqləyir ki, Fəyyaz Sağlam Azərbaycan ədəbiyyatını ölkəsində tanıtmaq uğrunda fəaliyyəti ilə seçilən, ən üzdə olan tədqiqatçılardandır. Onun bu çalışmaları sırasında 1999-cu ildə İzmirdə nəşr etdirdiyi 376 səhifəlik “Türkiyə xaricində yazılmış türk dilli şeirlər antologiyası” diqqətəlayiqdir ki, bu kitabda Quzey və Güney Azərbaycandan 27 şairin şeirləri oxuculara təqdim olunmuşdur.
O, təkcə tədqiqatçı, ədəbi-elmi təşkilatçı kimi deyil, bir pedaqoq kimi də hər zaman Azərbaycan ədəbiyyatı və elminin ciddi təbliği ilə məşğul olmuşdur. 2003-cü ildə yayınladığı “Dünyada Türkçə və Türk Ədəbiyyatları” adlı universitet tələbələri üçün nəzərdə tutduğu dərsliyində Şimali Azərbaycandan Nəbi Xəzri, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Rəsul Rza, Səməd Vurğun, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Ələkbər Ziyatay, Xəlil Rza Ulutürk, Ənvər Məmmədxanlı kimi görkəmli sənətkarların yaradıcılıqlarını seçmə əsərləri ilə Türkiyədə gənc nəslə tanıtmışdır. Cənubi Azərbaycandan Məhəmmədhüseyn Şəhriyar, Mir Mehdi Etimad, Səhənd, Səməd Behrəngi, Sönməz və Mirzə Əli Möcüzün əsərlərindən seçmə mətnlərlə tələbələrində Azərbaycan ədəbiyyatı haqqında dolğun təsəvvür yaratmışdır. Çağdaş türk ləhçələri, Türk dünyası ədəbiyyatı, Çağdaş xarici türklərin ədəbiyyatı fənnlərinin tədrisində əsas mənbə olan bu dərs kitabının önsözünü isə müəllif 2003-cü ilin noyabrında Bakı səfəri zamanı ciddi elmi məxəzlərə istinadən yazmışdır.
Fəyyaz Sağlamın Azərbaycanla əlaqələrinin çevrəsi olduqca əhatəlidir. Bu əlaqələr Gürcüstanda, Güney Azərbaycanda, Türkiyədə və başqa məkanlarda yaşayan ziyalılarla da eyni səviyyədə qurulmuşdur. Gürcüstanda Borçalı ziyalılarından olan professor Şurəddin Məmmədli, dosent Gülnarə Məmmədli, Güney Azərbaycanda professor Qulamrıza Səbri Təbrizi, fəlsəfə doktoru Qeys Ayaz Abadi, şair Elnaz Serdar, Türkiyədə Azərbaycan diasporasından professor Kamil Vəli Nərimanoğlu kimi ziyalılarla da dostluqlar yaratmış, onların yaradıcılıqlarını təbliğ etmiş, əsərlərinə münasibət bildirmişdir.
Azərbaycan və Batı Trakya ədəbi-elmi əlaqələrinin də təməl daşını Fəyyaz Sağlam qoymuş, ictimai fəallığı sayəsində Azərbaycan ziyalılarının diqqətini bu sahəyə yönəldə bilmişdir. Azərbaycanın dövrü mətbuatında Batı Trakya ədəbiyyatına və mədəniyyətinə həsr olunmuş məqalələrin dərc edilməsi bu diqqətin nəticəsidir. Filologiya elmləri namizədləri Şamil Vəliyevin, Əhəd Həsənoğlunun, Təyyar Salamoğlunun, Vaqif Sultanlının, Vüqar Əhmədin, Təranə Turan Rəhimlinin məqalələri Fəyyaz Sağlamın təqdimatıyla 90-cı illərin əvvəllərində Türkiyənin, Yunanıstanın (Batı Trakyanın) mətbuat orqanlarında əks-səda vermişdir. Batı Trakyada nəşr olunan “Yuvamız” dərgisində Təyyar Salamoğlunun “Azərbaycanın milli istiqlal şairi Ümmügülsüm”, Əhəd Həsənoğlunun “Soy kökünə dərindən bağlılıq hissi ilə” məqalələrinin işıq üzü görməsi də bir daha konyalı tədqiqatçının Azərbaycanla ədəbi-elmi əlaqələri genişləndirmək cəhdinin təzahürüdür.
Azərbaycan alimləri Fəyyaz Sağlamın tədqiqatlarına dərindən bələdlik sayəsində Batı Trakya ədəbiyyatını tanımış, onun spesifikasını öyrənmişlər. Şamil Vəliyevin “Batı Trakya türk ədəbiyyatı”, Təyyar Cavadovun “Şairləri hayqıran millət və konyalı tədqiqatçı”, “Qızıl şəfəqli “Günəş”ə”, Vüqar Əhmədin “Yunanıstan türkləri ədəbiyyatında Atatürk”, Təranə Turan Rəhimlinin “Çağdaş Batı Trakya türk şeiri və yorulmaz tədqiqatçı”, “Türk diyarı Batı Trakya və onun carçısı” və s. məqalələrin nəşri bunun bariz örnəyidir. Bunlardan başqa, Fəyyaz Sağlam “Batı Trakya ədəbiyyatı üzərinə incələmələr”in son cildində Azərbaycanda Batı Trakya ədəbiyyatının tədqiqi probleminə xüsusi yer ayırmış, görülən işlər haqqında ətraflı məlumat vermişdir. Mühittin Soytürklə birlikdə tərtib etdikləri “Uluslararası Batı Trakya paneli” məcmuəsində isə Azərbaycanın coğrafi mövqeyi, ərazi bölgüsü, əhalisi, yeraltı və yerüstü sərvətləri, zəngin maddi və mənəvi mədəniyyəti haqqında geniş bəhs olunur.
Azərbaycanın öz tarixi taleyində ən ağır sınaqdan qalib çıxdığı, milli müstəqilliyini yeni əldə etdiyi vaxtlarda, 1991-ci ildə iki dəfə ölkəmizi ziyarət edən Fəyyaz Sağlam həmin səfərləri zamanı Azadlıq meydanında hələ də Leninin heykəlini görüb, meydanın rus əsgərlərinin nəzarətində olduğunu müşahidə edərkən böyük təəssüf hissi keçirmişdi. Lakin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində, milli müstəqilliyimiz möhkəmləndikdən sonra Bakıya yenidən səfər edən tədqiqatçı bu ziyarətləri daha xoş hisslərlə xatırlayır. 2003, 2007 və 2009-cu illərdə təkrar-təkrar ölkəmizə səfərlər edən tədqiqatçı bu səfərlər zamanı Azərbaycan elmini, ədəbiyyatını daha yaxından tanımaq imkanı əldə edir, qabaqcıl ziyalılarla görüşür, ədəbi-elmi tədbirlərdə iştirak edir.
O, Türkiyədə Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı tədbirlərin təşəbbüskarı, təşkilatçısı və layihə rəhbəridir. Bu baxımdan 2001-ci ildə Fəyyaz Sağlamın rəhbərlik etdiyi Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları beynəlxalq ədəbi qurumunun İzmirdə gerçəkləşdirdiyi “Güney Azərbaycan Gecəsi”ni xatırlamaq yerinə düşür. Eyni zamanda İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə KIBATEKin birlikdə keçirdikləri “Bəxtiyar Vahabzadəni anma Gecəsi” yaddaqalan tədbirlərdən olmuşdur. Böyük Azərbaycan sevgisi ilə qarşılanan, B.Vahabzadə yaradıcılığına xüsusi rəğbət doğuran bu ədəbi-bədii gecənin bilavasitə təşəbbüskarı da, təşkilatçısı da Fəyyaz Sağlam idi.
Qeyd etdiyimiz kimi, Fəyyaz Sağlam bütün dünyada tanınan, İtaliya, Almaniya, Avstraliya, Bolqarıstan, Yunanıstan, Quzey Kıbrıs, Ukrayna, Moldova, Rusiya və başqa ölkələrdə beynəlxalq ədəbiyyat festivalları, şeir gecələri, ədəbiyyat konfransları, simpoziumları gerçəkləşdirən bir ədəbiyyat qurumunun yaradıcısı və rəhbəridir. O, 19 ildir ki, Uluslararası Akademiya olan KİBATEKdə fəaliyyətini davam etdirir, bu möhtəşəm ədəbi qurumun yaradıcısı, nəzəriyyəçisi, beynəlxalq koordinatoru kimi böyük işləri həyata keçirir. 1997-ci ildə KİBATEKin layihəsini işlədiyi Dokuz Eylül Universitetində (İzmir) hazırlayan və 1998-ci ildə Azərbaycan daxil 12 ölkədən ədəbiyyat, elm adamlarının iştirakı ilə gerçəkləşən KİBATEK indi ətrafında 47 ölkəni birləşdirir. Bu ədəbi qurum dünyanın 23 ölkəsində Beynəlxalq ədəbiyyat festivallarını təşkil etmişdir.
2003-cü və 2007-ci illərdə Azərbaycanda KİBATEK Uluslararası Ədəbiyyat festivallarını da o, gerçəkləşdirmiş, Bakı, Naxçıvan və Lənkəranda keçirilən tədbirlərlə hər iki ölkənin ədəbi əlaqələr sahəsində yeni nailiyyətlərə imza atmasını şərtləndirmiş, bu sahədə fərqlənən ziyalıları fəxri fərman və mükafatlarla təltif etmişdir.
Fəyyaz Sağlam həm də şair kimi Azərbaycanı öz poeziyasında böyük sevgiylə təbliğ edir. Onun Azərbaycan mövzusunda şeirləri 2007-ci ildə Bakıda “Azərbaycan rubailəri” adı ilə ana dilimizdə nəşr edildi. Bu kitab həm də Azərbaycan sevgisinin rubai şeir şəklində təbliğ edildiyi ilk kitab olaraq hər iki ölkədə diqqəti çəkdi. Eyni kitabın bir qədər də təkmilləşdirilmiş ikinci nəşri isə 2011-ci ildə İzmirdə türkcə yayımlandı. Qeyd etmək lazımdır ki, “Azərbaycan rübailəri” Türkiyə ədəbi gəncliyinin marağına səbəb olmuş, 2013 ildə Ərdəhan universitetinin İnsani bilimlər və ədəbiyyat fakültəsinin Çağdaş türk ləhçələri və ədəbiyyatları bölümünün tələbəsi Kenan Gezici professor Şurəddin Məmmədlinin rəhbərliyi ilə bu kitab üzərində araşdırma aparmış, diplom işini həmin mövzuda yazmışdır.
Fəyyaz Sağlam yalnız Azərbaycanla bağlı tədqiqatlarında deyil, başqa ölkələrin mədəniyyət və ədəbiyyatının təbliğinə həsr etdiyi kitablarda da Azərbaycanı, onun ədəbiyyat və elm adamlarını tanıtmaq məqsədini izləyir. O, 2005-ci ildə tərtib və nəşr etdirdiyi Kıbrıs türklərinin yaradıcılıq örnəklərindən ibarət “Kıbrısnamə” adlı kitabda Azərbaycan şairlərindən Sabir Rüstəmxanlı, Məmməd Aslan, Məmməd İsmayıl, Fikrət Sadıq, Fikrət Qoca, Nizami Paşa Saraclı və Nurəngiz Günün Kıbrısa həsr etdikləri şeirləri və həmin sənətkarların tərcümeyi-hallarını Kıbrıs oxucusuna təqdim etmişdir. Bu kitabda Əli Şamilin “Quzey Kıbrıs” və Bakıda Kıbrısla bağlı yayınlanan “Sabahlara yelkən açan ada” kitablarını da tanıtmışdır.. Həmçinin 2007-ci ildə Bosniya ilə bağlı yayınladığı “Adıma Motsart deyələr (Türk Dünyası Ədəbiyyatında Bosna) adlı kitabında da Azırbaycan şairi Məmməd Aslanı “Bosniya alovlar içində” adlı şeiriylə tanıtmışdır.
Bakıda Türkiyə sevgisinin təzahürü olan hadisələrdən biri də İzmir parkının salınmasıdır. Bu əlamətdar hadisədən sonra Fəyyaz Sağlam 2009-cu ildə “Bakıda İzmir parkı” (Türk Dünyasından / Dünyadan İzmir Şeirləri”) adlı kitabını nəşr etdirir. Həmin kitabda Abbas Abdulla, Rəfiq Zəka Xəndan, Ələddin Məmmədov, Nəbi Xəzri yaradıcılıqlarını İzmir şeirləriylə tanıdır.
Türkiyədə ən nüfuzlu nəşriyyatlardan, kitab evlərindən biri də Fəyyaz Sağlamın rəhbərlik etdiyi KİBATEK Yayınlarıdır. Bu nəşriyyat Azərbaycan şairlərinin, alimlərinin çoxsaylı əsərlərni nəşr etmiş, onların imza günlərini, təqdimatlarını təşkil etmiş, ədəbi mühitdə və Türkiyə Universitetlərinin kitabxanalarında bu kitabların öz oxucusunu tapması üçün əmək sərf etmişdir.
O, İzmirdə KİBATEK Yayınlarıda nəşr olunan Azərbaycanla bağlı çoxsaylı kitabların tərtibçisi, redaktoru və ön söz yazarıdır. Bolqarıstanlı yazıçı və tərcüməçi Şaban Kalkanın “Altın bağ (Azərbaycan sonetləri)” (2011) kitabı [1],, “Lalələr, lalələr, lalələr” (2012) toplusu [5], Təranə Turan Rəhimlinin “Sevgimdən tanıyacaqlar” (2013) adlı şeirlər kitabı [4], bu qəbildəndir.
Görkəmli Türkiyəli ədəbiyyatşünas Fəyyaz Sağlamın yorulmaz fəaliyyətini Firudun bəy Köçərlinin, Əbdüllətif Bəndəroğlunun ədəbi-elmi fəaliyyəti ilə müqayisə edən Təyyar Salamoğlu hələ 1995-ci ildə “Şairləri hayqıran millət və Konyalı tədqiqatçı” məqaləsində yazırdı: Azərbaycanla ədəbi-elmi əlaqələri genişləndirmək Fəyyaz Sağlamın ən ümdə arzularındandır. Filologiya elmləri namizədləri Vaqif Sultanlı, Əhəd Həsənoğlu, Vüqar Əhməd və bu sətirlərin müəllifi (Təyyar Salamoğlu – T.R.) ilə daim əlaqə saxlayır. O, bundan sonrakı tədqiqatlarında türk dünyasının önəmli bir mərkəzi hesab etdiyi müstəqil Azərbaycan Respublikasının ədəbiyyatına xüsusi yer ayırmaq niyyətindədir.” [6 ; 475-476 ] Tədqiqatçının həmin arzusu bu gün artıq reallığa çevrilib hər iki ölkənin ədəbiyyatına öz töhfələrini verməkdədir. Müasir dövrdə Azərbaycan ədəbiyyatı Türkiyə ilə ədəbi əlaqələr sayəsində öz nüfuz dairəsini ildən-ilə genişləndirir, bədii tərcümə, ədəbiyyatşünaslıq, mətnşünaslıq, jurnalistika tarixi və s. elm sahələrinə yeni-yeni töhfələr verir. Bu töhfələr sırasında Fəyyaz Sağlamın böyük xidmətləri öndə yer alır.
Fəyyaz Sağlamın tədqiqat əsərləri, tərtibçisi olduğu kitablar, toplular, ədəbi-elmi təşkilatçılıq fəaliyyəti bütövlükdə çağdaş mərhələdə Azərbaycan-Türkiyə ədəbi əlaqələri haqqında yetkin təsəvvür formalaşdırır. Bu ədəbiyyatların bir-birinıə təsir aspektlərini, qarşılıqlı surətdə inkişafını izləmək baxımından Fəyyaz Sağlamın ədəbi-elmi irsi əvəzsiz məxəzdir. Türkiyədə azərbaycanlı yazıçıların əsərlərinin nəşri və türk ədəbi ictimaiyyətinə tanıdılması baxımından da tədqiqatçının gördüyü işlər örnək hesab edilə bilər.
Qaynaqlar:
1. Kalkan Ş. Altın bağ. Azerbaycan soneleri. İzmir, KİBATEK Yayınıları, 2011.
2. Hacılı T. Türk diyarı Batı trakya və onun carçısı. “Azərbaycan mübarizləri” qəzeti, 20-27 may 1999-cu il.
3. Rəhimli T. Çağdaş Batı Trakya türk şeiri və yorulmaz tədqiqatçı. “Kimlik” jurnalı, dekabr 2012-ci il.
4. Rehimli T. Sevgimden tanıyacaklar. İzmir, KİBATEK Yayınıları, 2013.
5. Laleler, laleler, laleler. Güldeste. İzmir, KİBATEK Yayınıları, 2012.
6. Salamoğlu T. Şairləri hayqıran millət və Konyalı tədqiqatçı. // Azərbaycan ədəbiyyatının müasir problemləri.Bakı, “EL.” NPŞ MMC, 2014. s. 472-475.