Oktay HACIMUSALI
Turan eşqinə
“Hu”desin cümlə yaxınlar,
Uzaqlar Turan eşqinə.
Səmum yelidir şaxtalar,
Sazaqlar Turan eşqinə.
Ozan çağırsın börüsün,
Börülər Haqqa yürüsün
Qızıl almanı qorusun,
Budaqlar Turan eşqinə.
Açılsın bağçada güllər,
Zövq alsın bundan könüllər
Zikr eyləsin daim dillər,
Dodaqlar Turan eşqinə.
Dərviş
İrfan dedikləri bir uzun yoldur,
Bacarıb bu yolu getginən, dərviş!
Öp piri-muğanın kəlamlarından,
Yar ilə vüsala yetginən, dərviş!
Sevən könüllərə ehtiram olsun,
Eşqi duymayana eşq haram olsun!
Qoy nəfsin ərisin, sənə ram olsun,
Onu qoyun kimi güdginən, dərviş!
Çox çıxmısan, abdal, qara-quradan,
Əlində nə qalıb söylə uradan?
Əri yavaş-yavaş, qeyb ol aradan,
Mərifət yolunda itginən, dərviş!
Düşüncələr
Nə müddətdir sözlər gəlmir dilimə,
Elə qovğadayam, şahım, özümlə.
Mən haqq dərvişiyəm, ayrı varım yox,
Gəldim hüzuruna, budur, sözümlə.
Hikmət dərsi aldım Yunus Əmrədən,
Tenqrimdir düzlüyü mənə əmr edən.
Qırx ayrı şaqqaya bölündü bədən,
Birləşib tək vücud oldum dözümlə.
Ey şahım, xaqanım, dədəm, ozanım,
Necə edim mən rizanı qazanım?
İzin versin mənə yazı yazanım,
MübarəkTuranı görüm gözümlə.
Deyildi
Çadırlar quruldu, qutsal çadırlar,
Davullar çalındı, ırlar deyildi.
Cücərdi sevdası ulu Turanın,
Ərlər qulağına sirrlər deyildi.
Bax, tarixdən gələn uzaq səslərə,
Bu millət sığmayıb dar qəfəslərə.
Halından anlayan bilgə kəslərə,
Ariflər deyildi, pirlər deyildi.
Az deyil bu yurdun zəfər anları,
Buna şahid olub ər meydanları.
Hey tarix yazaraq qəhrəmanları,
Yolunda veriblər sərlər deyildi.
Almalar
Bu nağıldır canım, gözüm, əzizim,
Nağılın sonunda ALMALAR düşür.
Nadan adamların bəd əməlindən,
Sazaqlar vurduqca ALMALAR üşür.
İnanmışıq daim Aya, Günəşə,
Ədalət yaymağı etmişik peşə.
Hələ xam vaxtından düşüb atəşə,
Mərifət odunda ALMALAR bişir.
Bir gün qurulacaq qutlu bir Vətən,
Dünya görəcəkdir kimdir hökm edən?!
Dostuna dost olub, düşmənə düşmən,
Zülmətin bağrını ALMALAR deşir…