Ana səhifə YAZILAR Esmira Məhiqızı. Şeirlər

Esmira Məhiqızı. Şeirlər

Müəllif: Bizim Yazı
1. 181 baxış

 

 

 

 

 

 

 

 

BİR ŞƏKİL DƏ MƏN ÇƏKMİŞƏM

Bir şəkil də mən çəkmişəm
Xətləyib cıza bilərəm.
Ürəyimdən nə keçirsə
Altından yaza bilərəm.
Qırağında gül əkərəm
Ortasından yol çəkərəm
Bir dənə də ev tikərəm –
Qəbir də qaza bilərəm.

Sonra o qəbrə girərəm
Üstünü daşla hörərəm
İçində yuxu görərəm
Yuxunu yoza bilərəm.

Nə istəsəm eləyərəm
Rənginə rəng ələyərəm
Lap yağışa bələyərəm
Şəkili poza bilərəm.

NƏ OLACAQ Kİ?!.

Məni də bir aləm dərd qamarlayıb
Qıvırcıq saçımı dən hamarlayıb
Əvvəlin başını son tumarlayıb –
Bu sonda havamı qəm çalacaq ki…

Hər şey yavaş-yavaş axara düşər
Bu yol da qırılıb çuxura düşər
Bir mənzilbaşı var axıra düşər –
Bu mənzilbaşında kim qalacaq ki?!.

Qışın arxasınca qış gələr yenə
Günü dənləməyə quş gələr yenə
İçimdən bir dəli qəşş gələr yenə –
Gələn qış ömrümdən yol salacaq ki!..

Yığıb boğçasını gedənlər gedib
Girib ürəyimi didənlər didib
Mənə etdiyini edənlər edib –
Ta bundan betər də nə olacaq ki?!.

SÖZ KÖKLƏYİRƏM

Başımda bir dəli dərdin havası
Hava yandırmağa saz kökləyirəm.
Bir quru budağı sinəmə basıb
Həsrət yuxusuna yaz kökləyirəm.

Qılıncdan kəsərli dil yarası var
Sağala bilməyən il yarası var
Ocağı kürünmüş el yarası var
Dərdimə səpməyə duz kökləyirəm.

Gecəsi uzanıb, daralıb günüm
Yellərin əlində daranıb günüm
Səbrimin üzünə dayanıb günüm
Günümə səbrimdən naz kökləyirəm.

Elə də–belə də yolçuyam yola
Qaçağan olmuşam yol yora-yora
Gözümün kökündə düşmüşəm  tora
Elə ağlamağa göz kökləyirəm.

Qızarda-qızarda abır çəkmişəm
Yuxalda-yuxalda səbir çəkmişəm
Ələkdən neçə qat sipər çəkmişəm
Üz-üzə gəlməyə üz kökləyirəm.

Dünyanın havası canımdan keçir
Soyuğu dolanıb qanımdan keçir
Hələ ki, ölümlər yanımdan keçir—
Ölümə deməyə söz kökləyirəm.

BEŞ YOL

Gəl yoluna ağı deyim
Ağdam, beş yolun ağlasın.
Göy üzündə quşu ölən
Ağdam, quş yolun ağlasın.

Biri düzdən dağa çıxan
Biri yerdən göyə qalxan
Biri də üzümdən axan
Ağdam, yaş yolun ağlasın.

Yolaqları qoşun-qoşun
Dolaqları aşım-aşım
Çınqılları işım-işım
Ağdam, daş yolun ağlasın.

Seldən doyub, qardan doyub
Gecələri qordan doyub
Yazı qabağına qoyub
Ağdam, qış yolun ağlasın.

Qan çilənmiş daşı qalan
Gözü çıxıb, yaşı qalan
Ürəyimdə başı qalan –
Ağdam, baş yolun ağlasın.

SONALIYIRAM

Çoxunda çox, azında az
Neyində ney, sazında saz
Qışında qış, yazında yaz
Yükümü yumalıyıram.

Kal-kal yığıb, həl-həl yığıb
Əl üstündə əl-əl yığıb
Gün-gün yığıb, il-il yığıb
Bir ömür komalıyıram.

Qalmışam qal ayrıcında
Öl ilə Ol ayrıcında
Durmuşam yol ayrıcında
Gəl-geti sonalıyıram.

You may also like

3 şərh

Roma Xosrov 2011-08-05 - 20:30

Məna yükü etibarı ilə dərc olunan bütün şeirləriniz olduqca uğurlu yaradıcılıq nümunələridir. Uğurlar!

Cavab
Esmira Məhiqızı 2011-09-05 - 09:38

Hörmətli Roma!Yazılarımı oxuduğunuza, şərh yazdığınıza görə
də çox sağ olun.
Sizə də uğurlar

Cavab
Samir Aliyev 2015-04-19 - 17:21

Salam Esmira xanım. Facebook-da sizin şerin yaylaşəldığını gördüm və internetdə axtarıb digər şerlərinizi tapdım. “Beş Yol” şerinizi bəyənən həmyerlilərimiz müəllifini öyrənib paylaşmaq üçün halallıq istəmişdilər. Kiçik düzəlişlə müəllif olaraq sizi əlavə etdim. Sizə uğurlar arzulayıram, müvəffəqiyyətlərinizin davamını diləyirəm…

Cavab

Esmira Məhiqızı üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.