Ana səhifə ŞEİR Əli Rza Xələfli – GƏL GEDƏK TANRI DAĞINA. Yazıçı publisist Nəzirməmməd Zöhrablının təqdimatında

Əli Rza Xələfli – GƏL GEDƏK TANRI DAĞINA. Yazıçı publisist Nəzirməmməd Zöhrablının təqdimatında

Müəllif: Bizim Yazı
110 baxış

Yazıçı publisist Nəzirməmməd Zöhrablı yazır və təqdim edir:
Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən Türkün dayağısan, bilsinlər kimsəsi var…

Əli Rza Xələflidən Boz qurda və küllən Türk dünyasına hayqırtı var “GƏL GEDƏK TANRI DAĞINA” şeirində. Tariximiz, ağrılarımız, səhflərimiz, doğrularımızla ilgili nüanslara varmaq istəmədim. İstəyirəm bu şeri bütün detalları ilə oxusun övladlarımız. Ya da biz oxuyaq onlara. Yaddaş üçün. Buyurun:

GƏL GEDƏK TANRI DAĞINA

Ehey, Boz qurdum, hay ver, hardasan, yol üstə çıx,
Könlündən səda-səda, ürəyindən istə, çıx,
Qoşun bağla nəslindən, ara-sıra dəstə çıx,
Sənə hünər, dəyanət qızıl-gümüş, var da gəl,
Üzü Batıya doğru Gündoğardan var da gəl.

Bələdçim ol, yol göstər, dağ aşaq, dərə keçək,
Dağıtsın inadımız, bənd aşaq, bərə keçək,
Səninlə birgə gedək, yön tutaq, yörə keçək,
Muğam-muğam sellənsin, havalansın tar da gəl,
Könüllər çiçək açsın, istəklənsin bar da gəl.

Qəlbində od qalansa, yanmazsan atəşlərə,
Uçarsan od içindən göy üzü günəşlərə,
Qəzəbin güc göstərər qansız, dəmir dişlərə,
Sırtı yoluq Boz qurdum, dumanları yar da gəl,
Yolunu kəsə bilməz tufan, boran, qar da gəl.

Bircə ulartın bəsdi, silkələsin dağları,
İnamına qaytarsın həsrətindən ağları,
Güllənsin Qarabağın gülü solmjş bağları,
Paralansın, sevinsin, üzü gülsün nar da gəl,
Açılan gül üstündə xəcil olsun xar da gəl.

Sənə peyman bağladım, könlümün yarı bildim,
Dünyamın tacı bildim, dövləti, varı bildim,
Ruhumun, varlığımın səddi, hasarı bildim,
İki cahan eşqinə ol könlümə yar da gəl,
Dodaqlarım çat verdi, qabar atdı bar da gəl.

Dayanma yol üstündə Turan bizi gözləyir,
Açılsın üzümüzə yolu, izi gözləyir,
Tanrı dağı Şuşanın odu, közü gözləyir,
Qoca Zərdüşt qor versin, atəş də gəl, qor da gəl,
Dədə Qorqud, Manasdan doğru-düzü sor da gəl.

Açılıb Qarabağın üzünə təzə bahar,
Könüllərdə yaz ola, ruhlarda gəzə bahar,
Araz boyu gül dərə, yağını üzə bahar,
İnadları qırmağa gücünü yığ, zor da gəl,
Məzar-məzar oyansın ulu ruhda gor da gəl.

Xudafərin üstündə tarixin nəfəsi var,
Arazın sularında əcdadların səsi var,
Sən Türkün dayağısan, bilsinlər kimsəsi var,
Zülmətləri dağıdan işığa dön, nur da gəl,
Dirini əvəz bilək – bir Musaya Tur da gəl.

Xələfli yaxşı bilir, sənsiz yolu açılmaz,
Qəddi, dizi bükülər, əli-qolu açılmaz,
Qəzadan xeyir gəlsin… qismət, qədər qaçılmaz,
Yollar səni yormasın, sən yolları yor da gəl,
Qəzəbinlə dağılsın hiylə, kələk, tor da gəl.

Əli Rza Xələfli

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.