Qara daş…
Ürəyimdən qapqara bir daş asılıb…
Torpağa doğru çəkir ürəyimi…
Əbədi ayrılığa və əbədi vüsala doğru çəkir…
Qara daş…
qardaş… qardaş…
…Tanrım! Sənə heç vaxt asi olmamışam, üsyan etməmişəm! Amma olmadı! Vallah olmadı! Bu dünyada üz tutacağımız, ürək qızacağımız, paylaşacağımız bir kimsə qalmadı, İlahi! …Sevməyi bacaranların, dünyaya qəlbinin gözüylə baxanların sıraları seyrəlir, Tanrım!
…Bu qədər vaxtsız-vədəsiz hara aparırsan sevda yolçularını, Allahım! Hara aparırsan bu dünyanın əzablarından paramparça olmuş ürəklərində bir ömür sevgi, bir ömür mərhəmət, bir dünya işıq daşıyanları?
Hara aparısan?
Öz yanına… bilirəm… bu sətirləri oxuyan bir çoxlarının ürəyindən bu sözlər keçəcək. Amma bizim də ehtiyacımız var, Ya Rəbbim! Bir ovuc təmənnasız sevgiyə, qardaşlığa, insanlığa, mərhəmətə… ehtiyacımız var…
…Göydələnlər arxasında
Boynubükük minarələrindən,
Axşamlar bayquşlar qonan
Gecəqonlularından,
Ünvanını itirən bəndələrindən,
Ümidini itirən dualarından
Xəbərin varmı sənin!
İtirirsən bu dünyanı
Saatbasaat, anbaan.
Yatanlar
ayılmaq istəmir yuxudan,
dünyaya sənsizlik dini gəlir,
Tanrım!
Ruhların intihar günü gəlir,
Tanrım,
Xəbərin varmı sənin?!
Bu dünyanın sabahları tükənir,
Tükənir, Tanrım,
bu dünyanın duaları…
xəbərin varmı sənin?!
…Ceyhun da getdi! Dünyadan köçmədi, dünyasını dəyişmədi – sevmirəm bu sözləri – sadəcə getdi! İllərin dərdləri yüklənmiş ürəyini də, tənhalıq yağan gözlərini də, yollar ayrıcında yorğun düşən baxışlarını da götürüb getdi… bu əzablar dünyasından.
…Sakitcə, səssiz-səmirsiz.
…Dostlarının görüşünə gedirdi.
Söz vermişdi!
Ürəyi dəyişdi yolunu!
Ürəyi vəfasız çıxdı, Ceyhunun…
Dünyanın ən vəfalı insanının ürəyi vəfasız çıxdı…
Onunla üz-üzə, göz-gözə oturmaq, dərdləşmək, paylaşmaq üçün bizə daha bir imkan tanımadı…
…Bunu haqq etməmişdik, Ceyhun, haqq etməmişdik!
Özün dediyin kimi, “tova abi, hamımızı şoka saldın“…
Ürəyimdən qapqara bir daş asılıb…
Torpağa doğru çəkir ürəyimi…
Əbədi ayrılığa və əbədi vüsala doğru çəkir…
Qara daş… qardaş… qardaş…