Ana səhifə BAŞ YAZI “Düyünlər… hörüklər…” düzgüsü

“Düyünlər… hörüklər…” düzgüsü

Müəllif: Bizim Yazı
1. 085 baxış

Tural TURAN

* * *

Arzularım köpük, köpük
Buxarlanıb göyə uçdu.
Ümidlərim kötük- kötük,
Düşdü, qəbrimə düşdü…

Arzular ruh kimi gəzdi,
Tanrı cismini yazmadı.
Ümidlər dayandı, dözdü,
Fəqət bəxtinə qızmadı.

 

Arzularım ümid doğdu,
Arzunun da həyası var…–
Bu dünyada nəfsin boğdu,
Bilir, “o biri dünya”sı var…

Hər bir arzu nəfəs-nəfəs,
Hər bir ümid kötük-kötük.
Düyün-düyün arzulara,
Ad qoydular hörük-hörük…
5 çiçək 2012
Şəmkir, Alabaşlı kəndi

Dərd

Bu həsrətin adı kök,
Bu ağrının adı – yük!..
Ağırdırsa dedin, gəl, tök,
Ağrıdırsa daşı, dedin.

Axır ağrı topa-topa…
Heç yatmayır ipə, sapa.
Səndəki bir barıt lopa,
Çıxmaq olmaz qışı, dedin.

Tanımadın öz dərdini,
Söz ovutdu, söz, dərdini.
…Oğul yudu qız dərdini,
İtmir qanın huşu, dedin.
30 qızmar 2012
Şəmkir, Alabaşlı.

Bəlkə də…
(Sərxan müəllimin Xavəri üçün)

Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi –
Dünya mənə tanış gəlir.
(R.Rövşən)

Bəlkə də mən böyük idim atamdan,
Bəlkə də oğluma uşaq olmuşam.
Bəlkə də bacımın noğul nəvəsi,
Bəlkə də anama qucaq olmuşam.

Gözlər tikən ilmə yaddaşa naxış…
Toqquşanda nə deyir hər lal baxış?..
Göylər də, yerlər də yeddi qat tanış,
Görən neçə cana ortaq olmuşam.

Tanışdı qəbrimə enəcək daşım…
Tanışdı sorğudan ağaran başım.
Bu yaşla ruhuma naşıyam, naşı,
“Bu qədər yaxınkən” uzaq olmuşam.

Bəlkə yerişim də ayrıydı mənim,
Bəlkə… bu biçimdə mən, mən deyildim.
Bəlkə də başqaydı, tapnağım, dinim,
Bəlkə də Adəmnən gəlmə deyildim.
12-13 bozay 2012
Bakı–Şəmkir

Qaçqın məktublar

Bu oymaqdan öncə kişi qaçırdı,
Çörək üçün Ərəseyin düzünə.
Uzaq başı üçü-beşi qaçırdı,
Qız baxardı ocaqların közünə…

Ər getsə də qor ocağı yanırdı,
Ocaq üstə ağ sacağı yanırdı.
Tək, qızların buz qucağı yanırdı,
İndi buralarda yanan qalmayıb.

Qaçanlar sacağı götürüb qaçır,
Uşaqlı qucağı götürüb qaçır.
Qaçanlar ocağı götürüb qaçır,
Bayquş daşından da nişan qalmayıb.

Şükür hələ ki, çörəkdən doyub,
“Ölməyə el yaxşı!” – deyənlər qalır.
Məktub qonaq kimi gəlib torpağa,
Sümüyü torpağa dəyənlər qalır.
26 ocaq 2014
Bakı.

Küldən od…

Bu uşaq odla oynayır,
Səhər yaşlamır yorğanı.
Bacarmır yiyəsi tək,
Qonşular da qorğanır…

Qoxusu qoxu, himdi himi,
Yaşını göstərmir simi…
Bu uşaq Allah vergisimi? –
Çimən vaxtı da qırlanır.

Dəli cinim dedi əhsən, –
Odmu doğub səni, nəsən?!.
Babası Yaşlıdöşək Həsən,
Deyib, – küldən od qorlanır…

Şaman qarı, yığma yadı,
Gəl qulağna deyim nədi:
İzi Misri sapındadı,
Qan çarxıdı… – dığırlanır…
08 çillə 2014
Xırdalan

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.