Ana səhifə BAŞ YAZI DEBÜT: Xalid ZAMAN!

DEBÜT: Xalid ZAMAN!

Müəllif: Bizim Yazı
694 baxış

“ÇIXARDIN MƏZARDAN ARZULARIMI”

Başlığa çıxardığım misra Xalidindir. – Xalid Zaman (Xalid Sahib oğlu Məmmədov) 27 aprel 1990-cı ildə Şəkidə doğulub. Xəzər Universitetini bitirib. Hazırda Osloda Norveç Biznes Universitetinin magistraturasında oxuyur.
İngilis, norveç, norveç, rus, ərəb və fransız dillərini bilir.
Xalid Norveç Azərbaycanlıların Gənclik Təşkilatında çalışır.
Xalidin şerlərini mənə jurnalist dostumuz Natiq Muxtarlı təqdim elədi. Özünəməxsus poetik düşüncə tərzi var gənc yazarın:

Çıxardın məzardan arzularımı,
Məzara yollayın özümü mənim!

Bakıya sonuncu gəlişində qısamüddətli görüşümüz də oldu. Dünyaya maraqlı baxışı var. Anasının vaxtsız vəfatından sonra bir dönəm sarsıntı keçirib. Şeirlərində də bu düşüncələrini qoruyub saxlamağa çalışır:

İstəklə gəlmək olmur,
Gedənə gülmək olmur,
Başqa cür ölmək olmur,
Ölüm təkrardı, təkrar.

Ölüm təkrar olsa da, şeirləri özünəməxsusdur. Ona görə də Xalidin şeirlərini oxuculara təqdim etmək istədim.

Vasif SÜLEYMAN

Xalid  ZAMAN

NORVEÇLİ QADIN

Saçları sarışın, gözləri yaşıl,
Ağ-qara həyatda ömrü al-əlvan.
Ruhu gəl, al deyir, dünyası paxıl,
Soruşma dünyama gəlmisən hardan,
Soruş bircə kəlmə nədir ki adın?
Deyəcək astaca: “Norveçli qadın”!

Əti sümüyünə xəttat işləyib,
Boyu igid boyu, beli imincə.
Mələyin yarısın Allah dişləyib,
Şəkər olduğunu dadıb, bilincə,
Göndərib, bəndələr sizlər də dadın,
Budur qalan yarısı, Norveçli qadın!

Bir qadın – rəmzidir bəlkə şadlığın,
Sol əlində kitab, sağ əldə məşəl.
Bəlkə simvoludur o azadlığın,
ABŞ səmasında ucalan heykəl.
Ancaq heykəl kimi duran azadın,
Bir qat üstündədir Norveçli qadın!

Qardan düm ağaran sarı siması,
Kədərdən qaralan gözümə dəydi.
Bu gözəl varlığın, cilvə-ədası…
Allah əfsanəydi, gözəldi, nəydi?
O gözəl deyildi…! Sən tanımadın!
O qadın idi, Norveçli qadın!

ARZULAR

Başım dumanlıdır, əlim qanlıdır,
Yenə bir ümidi boğub gəlmişəm.
Yenə bir arzunu məzara qoyub,
Yeni bir arzuda doğub gəlmişəm.
Qələmim itidir, sözüm bir qaşıq,
Anlayan oxusun sözümü mənim.
Çıxardın məzardan arzularımı,
Məzara yollayın özümü mənim!
Niyə yaşayıram, niyə yazıram,
Ölməyə gəlmədik bəyəm dünyaya?
Özüm də bilmirəm, gizli yaradan,
Mən kiməm dünyada, nəyəm dünyada.
Bir arzu izinə düşüb gəlmişəm,
Qəbrimin üstündə arzu tutarsız.
Ölsəm əzizlərim, son xahişimdir,
Mənə arzu boyda qəbir qazarsız.
Adımı anmayın, qulağım yanır,
Məzarda alışıb, hey od tuturam.
Sənin arzu dolu dar ürəyində,
Ölmüş arzular tək unuduluram.
Xalid Zaman öldü, zamansız gülüm,
Ağlama boş yerə, qayıdan deyil!
Səni bu gərəksiz arzularından,
Mənim də ölümüm oyadan deyil!

TƏKRAR

Daha yaza bilmirəm,
Əlim təkrardı, təkrar.
Yazıram, oxuyuram,
Dilim təkrardı, təkrar.

İstəklə gəlmək olmur,
Gedənə gülmək olmur,
Başqa cür ölmək olmur,
Ölüm təkrardı, təkrar.

Hansı ölən dirildi,
Neçə həyat silindi,
Həyat özü filmdi,
Film təkrardı, təkrar.

Ölüm məni aparsa,
Ömür atın çaparsa,
Bu dünyada nə varsa,
Gülüm, təkrardı təkrar!

GÖZ YAŞI

Unuduban dostu, yarı,
Anamı anıb ağlaram!
Qucaqlayıb boş məzarı,
Ordasan sanıb ağlaram!

Qərib ölər bu yad eldə,
Çürüyər sümük də, tel də,
Qəbir üstə bitməz gül də,
Baxaram, yanıb ağlaram.

Canlanarsan gözlərimdə,
Bir hikmət tək sözlərimdə,
Ana, başın dizlərimdə,
Ölümü danıb ağlaram!

Niyə aldı fələk erkən?!
Gənc yaşımda qız sevərkən.
Yadıma hər sən düşərkən,
Qəbrə dolanıb ağlaram!

Bu oyunda kimdir udan?
Zəhər çıxır aydınsudan,
Əyləncə tək bu yuxudan,
Bir gün oyanıb ağlaram!

Dilimdə ah, gözümdə yaş,
Danışıb şəklinlə yavaş,
Anasız bilirəm qardaş,
Dərdə dadanıb ağlaram!

Çox istədim oyanasan,
Başım üstə dolanasan,
Yetim balana anasan,
Yadı qısqanıb ağlaram!

Gözlərimdə yaş qurumur,
Məzarında daş qurumur,
Yağış da çaş-baş, qurumur,
Hər gün islanıb ağlaram!

Vəfatından bir il keçib,
Gör dünyadan kimlər köçüb,
Kədərimdən hərgün içib,
Bir gün utanıb ağlaram!

Heyf ölür yaxşı, pis də,
Dünyanı gəzim sən istə,
Son məqamda qəbrin üstə,
Gəlib dayanıb ağlaram!

DÜNYA

Tanrım, o dünyaya bir özgə yol yox,
Elə hökmən gərək ölüb gedəsən?
Məmməd İsmayıl

Dünya bir güzgüdür gəlib gedənə,
Gələsən, bir nəzər salıb gedəsən.
Baxıb ağlamalı, yazıq halına,
Üzünü çevirib, gülüb gedəsən.

Çəkmək çətin gəlir dünyanın yükün,
Əldə imkan varsa, dünyadan köçün.
Ancaq bu dünyaya səyahət üçün,
Hərdən imkan ola gəlib-gedəsən…

Başqa dünyalarda gəzirəm bəxti,
Dünyadan doymuşam, ürəyim toxtu.
Başqa dünyalara başqa yol yoxdu?
Gərək birdəfəlik ölüb gedəsən?

SELLƏRƏMİ QARIŞDIN

Bir vaxt sevdiyim gözəl,
İndi məni tərk edib,
Ellərəmi qarışdı?
İsti ovucumdakı,
O incə barmaqların,
Əllərəmi qarışdı?

Günəş tək yola saldım,
Gecəmin zülmətindən,
Bir səhər qayıtmadın,
İllərəmi qarışdın?

Baxışımda doğuldun,
Gizlənib gözlərimdə,
Göz yaşımda boğuldun.
Bütün yaşananları,
Qoyub sanki xatirə,
Gözdən axan yaş ilə,
Sellərəmi qarışdın?

Yandırdın ürəyimi,
Ürəyimdə yanan eşq,
Küllərəmi qarışdı?
Əllərimdə iz qoyan,
Dağınıq saçlaramı,
Tellərəmi qarışdı?

ÜŞÜYƏN QIZIN BAXIŞLARI

Xəyalıma yol salıb,
Xəyalımda qalan qız…
Xəyalımda doğulub,
Xəyalımda ölən qız…
Dağınıqdı otağım,
Üstüm, başım rəng, boya.
Barıqoy xəyalını,
Seyr edim doya-doya!
Yenə qələm, fırçadı,
Əlimdə tir-tir əsən.
Sən mənim rəsmimdə,
Ən böyük əfsanəsən!
Təsvir edim bu gecə,
Rəsmdə ay üzünü.
Bəlkə təsvir eyləyim,
Günəşə tay üzünü…
Ey qaragöz dilbəra,
Artıq rəsm bitir, gəl!
Mən yuxuya gedirəm,
Xəyalını götür gəl!

***
Həyat sual kimidi,
cavab cavab dalınca.
Min cür günah edirik,
savab, savab dalınca…
neçə göz yaşı atdım,
bir iztirab dalınca…
səhifə-səhifə ağladım,
sənin üçün, bilmədin!
səndən sonra bağladım,
kitab, kitab dalınca…

 

You may also like

1 şərh

Meki 2014-11-02 - 21:42

Əla!

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.