/27 iyun 1983-cü ildə Borçalıda doğulub. Hazırda Bakıda(Bakıxanovda) yaşayır /
ÖMÜR ŞADARAM
“Doğru, yalan aramasan yaxşıdı…”
Necə aramayım doğru-yalanı,
Ömrümü ələmir ömür şadaram.
Ələmir, gözləri tutulubsa bil:
Səni mənsizliylə bölür Yaradan.
Bölür doğruları, bölür yalanı,
Yalan acizliyin təcəllisidir.
Mənim həyatımda indi doğrular
Güldən ayrı qalan bülbül səsidir.
Fəryadda qan içdin, uduzdun yenə,
Bildim ki bu səndə bir mərəz imiş.
Mənim gecələrim sabahlarımda
Xəyala çevrilən bir kədər imiş.
Ürəyim ağlımı qabaqlamasın,
Nə desəm, ucuza alınacaqdır.
Sənə bəxş etdiyim çiçəyim indi
Özünü fələyə qoxladacaqdır.
İKİ ÇİÇƏK
Gözün istəyini ürəyim qovur,
Zəbt olan ürəyim indi qınanmaz.
Bir çiçək yanında solur bir çiçək,
Solan bu çiçəklə, tikan sınanmaz…
Sevgini ayırdım, eşqi ayırdım,
Kədəri ayırdım, dərdi ayırdım.
Köhnə yuxulardan indi ayıldım,
Təzə yuxularım hələ yozulmaz.
Başımın üstündə bulud da iki,
Ağ qara, qarası durub ağ kimi.
Küçənin yolları dağların diki,
Həsrət istəmədən, bu dağ aşılmaz.
Eşqin arzuları xəyalsız qalıb,
Sevgi xəyalımla arzuya dalıb…
Könlüm bu yaranı yaradan alıb,
Bunu, bu bədəndən qoparmaq olmaz.
Turalın sancısı sancını kəsir,
Hələ də ağrısı ağrını əzir.
Aldığı zəfərlər zəfərə əsir,
Onun kölgəsində özü dayanmaz.
OYAR OYUNCA
Bir baxış yükünü yüklədi mənə,
Bu yükün ağrısı yorar yorunca.
Bir baxıb, bir daha baxmadı mənə,
O baxış içimi oyar oyunca.
Təsadüf yoxdur ki, hər şey zərurət,
Əzəldən olubsa hər şeydə hikmət…
Zaman verəcəksə sevgimə qiymət,
O zaman ürəyim soyar soyunca.
Həyatla dostluğum əbədi mənim,
Dünyanın gündüzü, gecəsi mənim.
Olarsa bu eşqin zəfəri mənim,
Bu canım sevgiyə doyar doyunca.
Neyləyim, dərdimi kimə söyləyim?
Ağlasam, yaşımı gərək gizləyim.
İndi həyatımda bir tək diləyim:
Bu eşqi yaşamaq boydan boyunca.
GETMİR
İçimdə coşqunlu dənizdən gəmi,
Çölümdə şiddətli tufanla getmir!
Bükür qamətimdən inadla məni,
Qəlbi ucaltmadan sahilə getmir!
Tək sözlə cütləşən xatirələrim,
İz üstə izləşən xatirələrim…
Ocağı söndürüb, xatirələrim,
Közün kənarından inadla getmir!
Alsam bu közləri əlimə gizli,
Səpsəm bu közləri dənizə gizli.
Buranın sahili artıq əkizli –
Birinə gedən yol birinə getmir!
Gərək mən oraya ayaqsız gedim,
Gərək ki qəlbimi saxlasın dilim.
Məndən ayrı qalan, mənim əllərim,
Əlimdən o közün ləkəsi getmir!
Bəlkə bu ləkəylə öyünməliyəm,
Bəlkə də beləcə gözləməliyəm.
Yelkənsiz gəmini izləməliyəm,
Yelkənli gəmilər dənizlə getmir!..