Ana səhifə YAZILAR Debüt: Rəşad ƏLƏKBƏR(OV)

Debüt: Rəşad ƏLƏKBƏR(OV)

Müəllif: Bizim Yazı
413 baxış

Kitablar da dərdləşir (öykü)

Kitab oxumayanlara həsr olunur

Hər sabah olduğu kimi, bu gün də özündə 58000 söz, söz birləşməsi və cümləni gəzdirən “Azərbaycanca – İngiliscə lüğəti” yuxudan sahibindən tez durmuşdu. Saat 07:20 – ni göstərəndə artıq sahibi də yuxudan qalxmışdı. Əl üzünü yuyub, yeməyini yeyən sahibim məni (“Azərbaycanca İngiliscə lüğəti”) də qoltuğuna alıb işə yollandı. Sahibim ali məktəbi yenicə bitirən gənc oğlan idi. Məni 3 gün öncə metroyla üzbəüz keçiddəki kitab mağazasından almışdı. Ailə quran böyük qardaşıyla sahibimin telefondakı danışığından belə başa düşmüşdüm ki, sahibim 1 həftə öncə özünə özəl şirkətlərdən birində iş tapıb. Müdiriyyət tərəfindən birmənalı şəkildə tapşırıq verilmişdi ki, kollektivdə hər kəs səlis ingilis dilində danışmalıdır. Sahibim də elə bu amili nəzərə alıb məni almışdı…

İşə gedərkən yolda məni oxuyurdu, ingilis dilində yeni sözlər əzbərləyirdi. Artıq üç gün idi ki, mən də ona yol yoldaşlığı edirdim. O, “Xətai” metrosunun yaxınlığında yerləşən şirkətlərin birində “İnzibati işlər üzrə köməkçi” vəzifəsində çalışırdı. Hər gün də işə metroyla gedib gəlirdi. Sözün düzü bu mənim üçün yeni bir şey deyildi. Çünki bir vaxtlar məni metronun içərisində piştaxta üzərinə qoyub satırdılar. Nə başınızı ağrıdım, sahibim “28 May” metrosundan düşüb, keçiddən istifadə edərək “Xətai” metrosuna minirdi. Keçidə gedən yolun sağ tərəfində piştaxta üzərinə kitablar düzülmüşdü. Türk dilində desək burada “kırtasiyə”, ana dilimizdə desək kitab dükanı vardı. Bu dükanda mənim qardaşlarım yaşayırdılar.Onlar piştaxta üzərində mehriban şəkildə uzanıb, səbirsizliklə öz sahiblərini gözləyirdilər…

Bu gün də sahibimin əlində onunla birgə işə gedərkən, birdən yolda sahibim ayaq saxlayıb, kitab dükanına yaxınlaşdı. Mən də piştaxta üzərindəki qardaşlarımı görüb: “Heeeeeey, what’s up books?” dedim. Kitablar hamısı bir ağızdan mənim sözümə qarşılıq “zəhər ağrı what’s up, çor what’s up” dedilər. Kefimi pozmadım, axı mən asanlıqla qardaşlarımdan incimirdim. Bir də ki, mən tək idim, amma onlar çox idi. Onlara qarşı sərt davransaydım, axırı mənim üçün pis qurtara bilərdi…

Dedim ay mənim kitab qardaşlarım, sabah – sabah niyə belə acı danışırsız. Kitablardan biri: “Əəə VİB (Very important book) oğlu VİB sənin nə vecivə. Özün üçün kefdəsən. Tələbə, tələbə olmaq istəyən, işləyən, iş axtaran hamı bir nəfər kimi səni oxuyur. Bizi isə oxuyan yoxdu, necə üzümüz gülsün, necə sevinək? Sahibsiz, yetim adamın üzə gülər heç?”

Kitab qardaşlarımın arasında xüsusi yeri olan “Quranı Kərim” öskürüb dedi: “Bismillahir Rəhmanir Rəhim. Həqiqətən bu mövzu ağır mövzudur. Xətrinizə dəyməsin kitab qardaşlarım, sizi oxumamaqlarını hardasa başa düşmək olar. Bəs mən, axı mən “Qurani Kəriməm”. Mən ki, insanları imana, doğru yola səsləyirəm. Məni niyə oxumurlar. Bax bunu heç cürə ağlım kəsmir.”

Dərdinin təzələndiyi görən “7 cildlik Azərbaycan tarixi” dərindən ah çəkib dedi: “Rəhmətlik Həsən bəy Zərdabi yaxşı buyurub: Bir milləti yer üzündən silmək istəyirsinsə onun dilini və dinini əlindən al. Xalqın tarixi, elə onun inancı, dili qədər önəmlidir. Amma nə olsun, məni də oxuyan yoxdu.”

“7 cildlik Azərbaycan tarixi”, Mario Puzonun “Xaç atası” adlı kitabının qaş-qabaq içində olduğunu görüb dedi: “Ay Xaç atası, sənin üzərində yazılıb ki, sən dünyada ən çox oxunan kitabsan, sənin niyə mısmırığın yernən gedir, həəəə?”

“Xaç atası” cavab verdi: “Düz buyurursan, oxunmağına oxunuram, amma görürsən ki, piştaxta üzərində məndən hələ  neçəsi var. Demək ki, qaş – qabaqlı olmağıma dəyər. İndi elə vəziyyətdəyəm ki, səni yazan müəllifin canı “Don Vito Korleonenin” əlini nəinki öpsələr, bütün bədənini yalasalar da özümə gələ bilmərəm.”

Bu zaman uzaqdan bir oğlan müəllifi bəlli olmayan üzərində “Öpüşlərin rəqsi” yazılan kitaba baxırdı. Baş verən hadisə “Xaç atasının” diqqətini çəkdi. Üzünü “Öpüşlərin rəqsinə” tutub: “Gözün aydın, deyəsən sənə sahib çıxan var dedi”.

“Öpüşlərin rəqsi” əsəbi şəkildə: “Görüm onu axırıncı dəfə mənə baxsın . Üz-gözündən o saat bilinir ki, heyvərənin biridi. Belələrinin kitab oxumaqla arası yoxdu. Elə bilirsən məni oxumaq üçün mənə baxır?

Yoooooox, adımı görən kimi ağzının suyu axdı. Bu cür gədələr ancaq bir şey haqqda düşünür. Görəsən bu kitabın içində iri döşləri olan çılpaq xanım şəkli var yoxsa yox. Elə sahibin olmağındansa, olmamağı yaxşıdır”.

Elə bu vaxt bir qızla oğlan kitab mağazasına yaxınlaşdı. Qızın gözü par – par parıldayırdı. Elə bil kitab mağazasında qiymətli bir əşya itirmişdi. Axır ki, axtardığını tapdı. Bu Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” adlı kitabı idi. Kitabı görən kimi qız kitabı əlinə aldı. Tərli əllər arasında özünü narahat hiss edən “Məhəbbət üç il yaşayır” kitabı söhbətə başladı.

“Elə bilirsiniz bu cütlüklər kitab oxumaqdan alışıb yanır? Günlərinin böyük bir hissəsini “səmərəli şəkildə” bulvarda dəyərləndirən bu axmaqlar yəqin ki, 3 ildir bir yerdədilər. İndi özləri üçün aydınlaşdırmaq istəyirlər ki, üç ildən sonra yenə bir yerdə olacaqlar ya yox”.

Qız kitabın qiymətinə baxıb: “Yaman bahadır” dedi və kitabı yerinə qoydu. 30 saniyə sonra artıq cütlük gözə görünmürdü.

Bütün bu hadisələri mən sahibimin əlində pərişan şəkildə izləyirdim.

Mənim bu halımı “Qurani Kərim” sezmişdi. Odur ki, vəziyyəti nəzarət altına almağa çalışaraq dedi: “Ey qardaşlar dediklərimizdə həqiqət var. Düzdür bizi almırlar, oxumurlar. Amma buna da şükür. Şükranlıq gözəl şeydir…

Yadıma gəlir, 10 il əvvəl qoca bir kitab belə demişdi: “Siz heç bir çətinlik görməmisiniz, vaxt var idi, insanlar bizim vərəqlərimizlə qaz yandırırdılar.

Semiçka satan bizim vərəqlərimizdən semiçka qabı düzəldirdi, pirəşki satan bizi pirəşkiyə büküb insanlara verirdi. Bütün bunlar bir yana qalsın, hələ bəziləri bizdən tualetdə də istifadə edirdi…”

“Gəlin dua edək, dua edək ki, o günlər getsin bir də qayıtmasın. İnsanlar da kitab oxumaq vərdişlərini bərpa etsinlər, vərdişi olmayanlar yiyələnsinlər və biz də tezliklə öz sahibimizə qovuşaq”.

Kitablar hamısı bir yerdə dua etməyə başladılar. Sözsüz ki, sahibimin əlində olan mən də dua edirdim…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.