Ana səhifə SÖYLƏŞİLƏR Çində belə Yazıçılar İttifaqının beş yüz üzvü var…

Çində belə Yazıçılar İttifaqının beş yüz üzvü var…

Müəllif: Bizim Yazı
600 baxış

YazarKlub təqdim edir:

Müsahibimiz şair – tərcüməçi Elxan Zaldır.

-Təzə nə var, nə yox?
– Təzə deyəndə ki, hər şey əvvəlki qaydası ilə davam edir. Yazırıq, yaradırıq.

-Yorulmursan ki?
-Yox, hələ ki, yorulmuram. Çünki, hələ qocalmamışam.

-Birdən deyək ki, yoruldun. Yorğunluğunu nə ilə çıxarırsan?
-Yorulanda dincəlirəm, dostlarla oluram. Arağ içirəm, kitab oxuyuram.

-Bizim müəllifləri oxuyursan, yoxsa?
-Düzünü deyim, son vaxtlar daha çox xarici müəllifləri oxuyuram.

-Niyə daha çox xarici müəlliflərə müraciət edirsən?
-Söhbət burda yəqin ki, nəsrdən gedir də…

-Fərqi yoxdur, istər nəsr olsun, istərsə də nəzm…
-Son zamanlar daha çox elmi kitablar oxuyuram. Bizdə isə məhz mənim bəyəndiyim elmi kitablar olduqca azdır. Xarici dillərdən rus dilini yaxşı bilirəm və elə rus dilində də oxumağa üstünlük verirəm.

-Bəs bədii kitablar?
-Bədii kitablardan da vaxtım olanda izləyirəm. İndi maşallah yazan kifayət qədərdir. Onun da hər birisini oxuyub başa çıxmaq bir qədər alınmır. Nəinki alınmır, hətta mümkün də deyil. Kitabı açıram, ordan bir cümlə xoşuma gəlirsə, davam edirəm. Həmişə belə olur. Bir epoxada sadəcə üç – dörd nəfər yaxşı yazıçı yetişib hər zaman. Bu gün bizdə də belədir.

-Gəlin, yetişməməsinin səbəblərinə nələr salaq. Bu səbəblər obyektiv səbəblərdir səncə, ya subyektiv?
-Mən deməzdim ki, yetişmir. Azərbaycanda hər zaman böyük yazıçılar, şairlər yetişib. Tarixən bu belə olub. İndi də yetişir. Sadəcə biz bir sistemin dağıldığının şahidi olduq. Digər bir sistemə isə keçid dövrünü yaşadıq. Cəmiyyətdə böyük bir xaos yaşandı. Ədəbiyyatla məşğul olunmadı. Yazarlarda böyük bir ruh düşkünlüyü yaşandı. Məncə, o da yavaş – yavaş ötüb keçir. Artıq yeni bir mərhələ başlayır. Və bu mərhələdə insanlar sürətlə yazmaq ehtirasının əsirinə çevrilir. Ədəbiyyat idman deyil ki, burda kütləvilik olsun. Mən şəxsən inanıram ki, istedad insanın içində olmalıdır. Yəni bu Tanrıdan gələn bir şeydir. Ondan sonrası da sənin dünyagörüşün, zəhmətsevərliyin, öz üzərində məsuliyyətlə çalışmağındır. Adamlardı da yazırlar, bunun içindən bir – iki yaxşı yazıçı çıxacaqsa, bunun özü böyük bir hadisə olacaq. Bütün dünyada bu normal qarşılanır.

-Səncə Azərbaycanda iki min beş yüz yazıçı var?
-Bir dəfə AYB – də bir yığıncaq keçirilirdi. Çox hörmətli şairimiz Qulu Ağsəs poeziya ilə bağlı məruzə eləyirdi. Orda Qulu Ağsəs iki yüzə yaxın şairin adını çəkdi. Və arxasınca və sairlər gəlirdi…

– O “və sair”lərin içində idi Elxan Zal, yoxsa…
– Və sairlərin içində deyildim. Çünki ən azından biz dostuq. Görkəmli tənqidçimiz Vaqif Yusifli buna etiraz elədi. Onun dediyinə görə Azərbaycanda otuz, ya uzağı qərx şair var imiş.

-Otuz – qırx şair və iki min beş yüz üzv… Bunlar üçün səncə hansı tədbirlər görülməlidir? Atestasiya keçirmək lazımdır, yoxsa bunları yığıb Xəzərə tökmək lazımdır? Ya da bəlkə elə bunları özbaşlarına buraxmaq lazımdır ki, qoy yazsınlar?
-Bilirsən, bunları öz başına buraxmaq lazımdır. Yəni, yenə də deyirəm, ədəbiyyat idman deyil ki. Bu kütləviliyin içindən seçib ən yaxşısını çıxarmaq lazımdır. Məsələn, dünyada ən çox əhalisi olan Çində Yazıçılar İttifaqının beş yüz üzvü var.

– Bir milyard əhalisi olan ölkənin YB – sində beş yüz nəfər var, amma səkkiz milyonluq Azərbaycanda YB – nin iki min beş yüz var…
-Adamlardı da, yazır. Mən elə hesab eləmirəm ki, Yazıçılar Birliyinin üzvüsənsə, ya da AYO – nun üzvüsənsə, mütləq sənə şair, yazıçı deyilməlidir. Bu günkü rəhbərlik elə hesab edir ki, bu bir ictimai təşkilatdır. Bir az da bizdə Sovet dövrünün ənənələri qalıb. Deyək ki, o zaman ittifaqın iki yüz üzvü olub, amma bu iki yüz nəfər yaxşıların yaxşılarından seçirdilər və onları ora üzv edirdilər. Daha doğrusu dissident olmayan bütün yazarları ora üzv edirdilər.

-Dərd onun dərdidir ki, Sovet dağıldı və məlum oldu ki, bizdə Sovet dövrü dissident də olmayıb axı…
– Yəqin, narazılıqları olmayıb.

-Məsələn, Rusiyadan Soljenitsin, Qazaxıstandan Süleymenov çıxdı, bəs Azərbaycandan kim yetişdi?
– Mənim yadıma gəlmir. Bu barədə çox düşünmüşəm, bizdə dissident yazar olmayıb. Bir Bəxtiyar Vahabzadəni deyirlər “Gülüstan” poemasını yazıb. Amma hesab edirəm ki, o da icazəli olub. Çünki, Cənubi Azərbaycan mövzusu Sovet hakimiyyət maşınının İrana təzyiq vasitəsi idi. ona görə Stalin mükafatı verilirdi, Lenin mükafatı verilirdi. Sovet imperiyasının İranla bağlı planları var idi. onun səbəblərini bilmirəm, yəqin ki, bizim yazıçılara o imkanlar tanınmırdı.

-Bəs indi niyə Güney Azərbaycan, Təbriz mövzusu arxa plana keçib?
-Hesab eləmirəm ki, arxa plana keçib. Mən özüm son zamanlar Təbriz mövsuzunda bir poema işləmişəm. və bu yöndə əsərlər yazılacaq. Bir də bilirsinizmi, bir zamanlar insanların içində bir Təbriz yanğısı var idi. sərhədlər bağlı idi və biz məhdud, qapalı bir cəmiyyətdə yaşayırdıq. Indi isə sərhədlər açıqdır, istəyən istədiyi zaman gedib Cənubi Azərbaycanı gəzə bilər.

– Axı, bu gün Cənubi Azərbaycanda ciddi problemlər var. dil problemi var konkret. Bu məsələlərə niyə Azərbaycan yazarı öz münasibətini bildirmir?
– Bu barədə konkret olaraq düşünməmişəm. bu böyük bir müzakirənin predmetidir. Bu gün Azərbaycanda kimin işi – gücü yoxdu, o, məşğul olur.

-Sən deyirsən ki, ədəbiyyat işi – gücü olmayanların məşğuliyyətidir?
– Yox, mən elə demədim, sadəcə məşğul olanların çoxu işsiz – gücsüz adamlardır.

– Çox maraqlı yanaşmadır…
– Bax, siz də bir sayt rəhbərisiniz. Bu gün ədəbiyyat dərgilərinə, saytlarına baxın, ortalığa çox aşağı səviyyəli yazılar ortaya qoyulur. Sonra da kimin tanışı varsa ya da bir balaca imkanı varsa, Allaha şükür, bu gün Azərbaycanda Prezident təqaüdü almaq olur.

– Bir şəxs düşün, o, bütün titulları əldə edib və eyni zamanda adının əvvəlinə bir yazıçı, ya da şair əlavə etdirmək eşqinə düşür. Bunun mənası nədir səncə?
-Bizdə necə olub bineyi – qədimdən, yazıçılara, şairlərə hər zaman böyük bir sayğı olub. Elə mən özüm də istəyirdim ki, böyüyəndə Səməd Vurğun olum. Həm dövlət tərəfindən onlara hörmət vardı, həm də insanlar tərəfindən. Təhtəlşürunda bu var idi cəmiyyətin. İkinci bir tərəfdən yuxarıda qeyd etdiyim kimi bir sistemdən başqa bir sistemə keçid dövründə qəribə bir tendensiya yaranıb: hamı müğənni, hamı şair, hamı idmançı olmaq istəyir. Məsələn, Prezident təqaüdü yeni başladığı zaman Yazıçılar Birliyində beş ya da altı nəfər var idi, amma qərara görə ildə iyirmi nəfər verilməlidir. ən azından adam bu pulu almaq üçün özünə bu adı pərçim etdirməlidir.

-Biz Prezident təqaüdü alanda cəmi on səkkiz nəfər tapa bildilər. Sonra birdən – birə bunlar hardan törədilər bəs?
– Bir yerdə tələb varsa, təklif də meydana gələcək. Ədəbiyyata kim qiymət verir? İstedad elə bir şeydir ki, bunu ölçmək mümkün deyil. Yaza bilən yazır, yaza bilməyən də yazdırıb gətirir.

-Bəs sən necə şeir yazırsan, yoxsa yazdırırsan?
– Yazdırıram. Mənim içimdə iki mən var. Bir Elxan o biri Elxanı məcbur eləyir ki, durmadan yazsın(gülür)

-Səncə bu qurultay niyə yubanır belə?
– Qurultayın gecikməsində elə də böyük bir faciə görmürəm. təşkilati məsələlər var ki, onlar həll olunmalıdır. Vacib olan odur ki, qurultay baş tutsun. Yazıçılar Birliyi həmişə cəmiyyətin məbədi olub, hamı ora məbəd kimi baxıb. Bundan əvvəlki qurultayla bu qurultay arasında müəyyən islahatlar aparıldı, amma yenə də zamanın tələbindən geri qalır. Lazımdır ki, müəyyən islahatlar aparılsın. Lazımdır ki, təqaüd sisteminə yenidən baxılsın. Hesab edirəm ki, AYB – də insanları eyni gözlə görmək düşüncəsi var və o düşüncə Sovetdən qalma bir düşüncədir və dəyişilməlidir. Rəqabət olmayan cəmiyyətdə inkişafdan da söhbət gedə bilməz. Hamını eyni tərəzidə görmək bir gün bu qurumun çöküşünə də gətirib çıxara bilər.

Söhbətləşdi: Oktay Hacımusalı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.