
YENİLİKLƏR
Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev adına konfrans zalında bədii qiraətçi, şair Müşfiqə Baləddinin “Sükutun səsi” adlı ədəbi-musiqili tədbiri keçirilib.
Bizimyazı.az xəbər verir ki, tədbirdə Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlu, Azərbaycanın Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, tərcüməçi İmdad Avşar, Azərbaycan Yazıçılar Birliyinin Quba Regional bölməsinin sədri, ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisi şair Ramiz Qusarçaylı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, Azərbaycanın tanınmış diktoru, Azərbaycanın Xalq artisti, “Tərəqqi” medalı laureatı Eldost Bayram, Azərbaycanın Xalq artisti Xalidə Quliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva və digər şair və yazıçılar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş qəhrəmanların xatirəsinə sayğı duruşu ilə başlayıb. Ədəbiyyat-mədəniyyət xadimlərinin çıxışları, gənc yazar-qiraətçi Müşfiqə Baləddinə haqqında fikirlər dinlənilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək qonaqları salamlayıb, tədbirin əhəmiyyətini və davamlı olmasınının vacibliyini diqqətə çatdırıb. Bədii qiraətçi müxtəlif nəsillərə mənsub şairlərin şeirlərini ifa edib.
Bundan başqa qiraətçi Anar Atakişi, Rəşad Mikayılov, Elman Baxşı və Müşfiqə Baləddin təqdim etdikləri kiçik kompazisiyalar dinləyicilərin marağına səbəb olub.
Ssenaristi İctimai TV nin əməkdaşı Günel Mehri , aparıcısı isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Xanlarqızı olan tədbirə kollektiv foto çəkilməklə yekun vurulub.






Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edəcək. Bu haqda şairin özü məlumat verib.
Festival oktyabrın 25-dən 29-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək. Beynəlxalq şeir festivalında Tunis, İran, Suriya, Bosniya-Hersoqovina, Fələstin, Seneqal, İordaniya və başqa ölkələrdən tanınmış şairlər iştirak edəcək. Festival çərçivəsində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyacaq, onların məktəblərdə şagirdlərlə görüşləri keçiriləcək. Festival günlərində, həmçinin gənc şairlər üçün şeir axşamı təşkil ediləcək.

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış ədəbiyyat nümayəndələrinin gənclərlə silsilə görüşlərinə başlanılıb. Birincisi Xalq şairi Ramiz Rövşənlə təşkil olunan görüşü giriş sözü ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev açıq elan edərək tədbir iştirakçılarını salamlayıb. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşənin gənclərin görüşünü çox əhəmiyyətli addım adlandıran Azər Əliyev görüş üçün Ramiz Rövşənə təşəkkürünü bildirib.
Tədbirin moderatoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Xalq şairi Ramiz Rövşənlə görüşü gənclər üçün qənimət görüş adlandırıb.
Azərbaycan tarixinin ən əlamətdar günləri ərəfəsində gənclərlə təşkil olunan görüşü çox vacib hesab etdiyini vurğulayan Xalq şairi Ramiz Rövşən ədəbiyyat, vətənpərvərlik, sənət və s. mövzularda fikirlərini bölüşüb, gənclərin suallarını cavablandırıb, bir neçə şeirini səsləndirib.

Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib.
Bizimyazı.az xəbər verir ki, tanınmış şair, AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı 11-14 oktyabr 2023-cü il tarixdə gözümüzdən uzaq olsa da ruhumuza çox yaxın olan, qədim türklərin tarixini, mədəniyyətini Tanrının lütfü ilə hifz edən müqəddəs Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” (“Благодать большого снега”) adlı Vll Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edib.
Qeyd edək ki, “Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf nazirliyi və Saxa(Yakutiya) Yazıçılar Birliyinin təşkilatçılığı ilə Saxa(Yakutiyanın) xalq şairi, bütün yakutların sevimlisi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.
Festivada Qazaxıstandan Almat İsadilov, Qırğızıstandan Kojogeldı Gültekin, Moskva Yazıçılar Birliyinin katibi Nina Popova, moskvalı şair və tərcüməçilərdən Vyaçeslav Kupriyanov, Sergey Qolovyuk, Anna Tokareva, Mariya Bazaleyeva, Arxangelskdən Yelena Kuzmina, Maxaçqaladan Supiyanat Mamayeva, Başqırdstandan Aleksandr Xvatkov və Tatarıstandan Ayrat Bik-Bulatov iştirak ediblər.
Azərbaycanlı şairi Yakutsk hava limanında Saxa (Yakutiya) Yazıçılar Birliyinin sədri Qavril Androsov qarşılayıb.
Tanınmış şair Saxa (Yakutiya) Yazıçılar Birliyinin fəxri sədri, xalq şairi, RSFSR-in əməkdar mədəniyyət xadimi Natalya Xarlampeyeva və yeni sədr Qavril Androsovla Saxa (Yakutiya) Respublikasının Dövlət rəhbəri Aysen Nikolayevlə görüşüb.
Qəbulda o ölkəmizin möhtəşəm qələbəsi, xalqımızın adət-ənənələri, ədəbiyyatımız və öz yaradıcılığı barədə geniş məlumat verib. Dövlət rəhbərinə qələbəmizi, xalçalarımızı, Qubanın ağ almasını özündə əks etdirən buklet və suvenirlər hədiyyə edib.
Dövlət rəhbəri Aysen Nikolayev sevincimizə şərik olduğunu bildirib və xalqımıza səmimi salamlarını çatdırmağı xahiş edib.
M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində Poeziya festivalının açılış tədbiri olub, Ramiz Qusarçaylı tədbirdə çıxış edib, universitetin tələbələri şairin rus və yakut dillərinə tərcümə olunmuş şeirlərini söyləyiblər.
Üç gün davam edən festivalda şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyub, doğulduğu kənddə və ev muzeyində olub.
Daha sonra Azərbaycanlı şair Saxa Media Holdinqdə yerli jurnalistlərlə keçirilən görüşdə, Yakutsk şəhərində fəaliyyət göstərən iki orta məktəbdə və Berdiqestyaxda Semen Danilovun adını daşıyan Mənəviyyat mərkəzində keçirilən görüşlərdə iştirak və çıxış edib.
13 oktyabr 2023-cü il tarixdə Saxa (Yakutiya) Yazıçılar Birliyi adından təşkil edilən festivalın rəsmi bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev Ramiz Qusarçaylını Azərbaycan və Saxa (Yakutiya) Respublikaları arasındakı yaradıcı xidmətlərinə görə öz imzası olan “Fəxri Fərman”la təltif edib. Qeyd edək ki, nazir Qazaxıstan şairi Almat İsadilovu da Fəxri Fərmanla təltif edib.
Azərbaycanlı şairi Saxa (Yakutiya) Yazıçılar Birliyinin rəhbərliyi də Fəxri Diplom və qiymətli hədiyyələrlə təltif edib.
Festivalın gedişi Saxa(Yakutiya) Respublikasının mətbuat səhifələrində, TV və saytlarda işıqlandırılıb.




















Oktyabrın 8-i saat 14:00-da, Libraffın Elmlər filialında gənc şair Nigar Arifin “Adamların yağışı” kitabının təqdimatı və imza günü keçiriləcək. Kitabda müəllifin müxtəlif mövzularda yazdığı şeirlər toplanmışdır…
Qeyd edək ki, “ Adamların yağışı” Nigar Arifin nəşr edilən sayca ikinci kitabıdır. İlk kitabı “ Xatirələr otağı” Güney Azərbaycanda ərəb əlifbası ilə işıq üzü görmüşdür.
Təqdimata bütün kitabsevərlər dəvətlidir…
Şair-publisist, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu barədə – “ortaq keçmişdən ortaq gələcəyə” gedən yol haqqında “Bir göyə tapınan iki ürək” (“Бир османга талпинган икки юрак”) yazısı Daşkənddə çıxan “Xalq sözü” qəzetində yayınlanıb.
Bizimyazı.az xəbər verir ki, Özbəkistan parlamentinin mətbu orqanı – rəsmi dövlət qəzeti olan “Xalq sözü” Azərbaycanlı yazarın məqaləsini 1-ci və 2-ci səhifədə – Özbəkistan Prezidentinin Azərbaycana təşrifi ilə bağlı xəbərlə yanaşı verib.
Onu da vurğulayaq ki, Özbəkistanın “Kitab dünyası” qəzetinin Azərbaycan təmsilçisi və Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü olan Əkbər Qoşalı, qardaş ölkədə imzası yaxşı tanınan yazarlardandır; o, qardaş ölkələrimiz arasındakı mədəni əlaqələrə verdiyi töhfələrə görə Özbəkistan Jurnalistlər Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycanın Özbəkistandakı Səfirliyi, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ödülləndirilmişdir.

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 50 ilik yubileyi ərəfəsində, şeirləri Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN”, qardaş Tatarıstanın nüfuzlu “İDEL” və Arxangelskdə çıxan “DVİNA” ədəbiyyat jurnallarında yayınlanıb.
Əkbər Qoşalının “Çobanbayatı” poeması Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq, 79-88-ci səhifələrində yayınlanıb. Jurnalın qurucu-baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürkdür. 2 min tirajla yayınlanan “Xudafərin” 19 ildir gün üzü görür. “Xudafərin” Azərbaycanın Quzeyini Güneyinə, Güneyini Quzeyinə tanıtmağa xidmət edən elmi-ədəbi, ictimai araşdırma jurnalıdır.
Bizimyazı.az xəbər verir ki, “İDEL” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İDEL”də yayınlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.
Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin – milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə yanaşır və miras olaraq qoyuruq” deyən, özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.






Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” adlı layihə çərçivəsində Özbəkistanda səfərdə olan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Özbəkistan Yazıçılar Birliyinin ənənəvi təşkil olunan “Xiyaban axşamları” tədbirinin qonağı olub.
Bizimyazı.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səyyid Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin böyük tarixi köklərə sahib olduğunu ifadə edərək, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşarın Özbəkistan Yazıçılar Birliyindəki görüşdə iştirakının da bu ənənənin davamı olduğunu bildirib.Tədbirdə çıxış edən İntiqam Yaşar “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” layihəsi barədə çıxış edərək, layihə çərçivəsində çap olunmuş kitabı tədbir iştirakçılarına təqdim edib. O vurğulayıb ki, qardaş ölkələrdən olan yazarların Şuşa haqqında yazılarının toplandığı bu kitab bizim birliyimizin, bərabərliyimizin, doğmalığımızın ifadəsidir. Təbdirdə layihə çərçivəsində çap olunmuş kitabda yazıları çap olunmuş Özbəkistan yazarlarına Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları təqdim olunub. Özbəkistan Yazıçılar Birliyinin gənc üzvləri şeirlər səsləndiriblər. Sonda Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Səyyid İntiqam Yaşara hədiyyələr təqdim edib. Xatirə fotosu ilə tədbirə yekun vurulub.






