Avrasiya Yazarlar Birliyinin mətbu orqanı olan,Türkiyədə nəşr olunan “Kardeş kalemler” ədebiyyat dərgisinin 2025-ci ilin ikinci sayı çapdan çıxmışdır. Bu dərginin təsis olduğu vaxtdan işıq üzü görən 218-ci nömrəsidir.
Böyük Türk dünyasının ortaq ədəbiyyat dərgisində istedadlı qələm adamlarının bir-birindən maraqlı bədii əsərləri, şeir və hekayələri yer almaqdadır. Baş redaktor Osman Çeviksoyun ənnənəvi təqdimatı ilə açılan jurnalda azərbaycanlı müəlliflərin də əsərləri yer almaqdadır. Sevindirici haldır ki, dərginin bu sayında tanınmış, gənc və istedadlı şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı İntiqam Yaşarın şeirləri və yazıçı Coşqun Xəliloğlunun (Coşkun Haliloğlu) “Vicdan əzabı” adlı hekayəsi dərc edilmişdir. Müəllifləri təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik.
ŞEİR
Bizimyazı.az Qılman İmanın şeirlərini təqdim edir.
***
Ürəyimdən keçənlər də,
Gəlib könlümdən addıyır.
Sevinc sevincnən yeriyir,
Zülüm zülümnən addıyır.
Ay göndərən, yanmadı şam,
Olmayacaq sabah axşam.
Odeyy, bir körpü salmışam,
İçim çölümnən addıyır.
Ömür düşəndə qəzaya,
Əcəlimiz yetir haya.
Bu dünyadan, o dünyaya,
Hamı ölümnən addıyır.
* * *
Ömrümüzdən gedən günlər,
Təndirin küt kündəsidir.
Əyrinin əyrisin yonan,
Yenə düzün rəndəsidir.
Gündüz günəş töksə də tər,
Qarşılayır axşamı şər.
Allah bilir eh, bu bəşər,
Kimdi, kimin bəndəsidir.
Dünya köhnə, günlər boyat,
Aldığını qaytarıb sat,
Ömür – cəbr, riyaziyyat,
Dünya bir az həndəsidir.
* * *
Yaranan birdən yaranır,
Yaradan birdən başlayır.
Bildiyimiz bilməcənin,
Cavabı sirdən başlayır.
Hanı mənim, ruhum, hanı?
Uça, gəzə asimanı.
Göyüzünün nərdivanı,
Allaha yerdən başlayır.
Aranır, yollar aranır,
Cığırlar iz-iz daranır.
Səbir ümiddən yaranır –
Ümid səbirdən başlayır.
Nizələr dönüb ox olur,
Var olan bir gün yox olur,
Ölüm – “olum”dan doğulur,
Həyat – qəbirdən başlayır.
* * *
Görsən vüsalı satan var,
Ver eşqimi beh yerinə.
Həsrət bağrımın başına,
Dağ çəkibdi zeh yerinə.
İçim köhnə, uçmuş qəsr,
Dolu döyür, şaxta kəsir…
Adın çəkiləndə əsir,
Ürək yazıq meh yerinə.
Tənhalar içində təkim,
Köhnə dərdə, təzə həkim.
Zülflərini gətir çəkim,
Əlimdə təsbeh yerinə.
***
Demə – dünya şahlarındı,
Şahları da taxt öldürür.
Gerçəyi bir şirin yalan,
Haqqı da nahaq öldürür.
Ah, gördüyüm bu görk nəydi,
Sevinc qəmə boyun əydi.
Əzrayıl zad yalan şeydi,
Bizi tale, bəxt öldürür.
Tanrı eşitməz sədamı,
Qəzalar almaz qadamı.
Vaxtı öldürən adamı –
Axırda da vaxt öldürür.
***
Ömür adlı bu yollarda,
Yolçu yox, güzar yaşayır.
Alıb-satanın yerinə,
O köhnə bazar yaşayır.
Unut, sevincindən əl çək,
Bahadı ta əldən əlcək.
Dərdi çəkdinsə, öləcək,
Çəkmədin, azar yaşayır.
Qışda borc alıb yayından.
Ömür düzəldib sayından.
Yeyib “beş günün” payından,
Tək şənbə-bazar yaşayır.
Qəza da qədərmiş, qadam,
Özüməm, özümə odam.
Torpağın üstündə adam –
Altında məzar yaşayır.
***
Danışıb, susan – dilinə;
Görən – gözünə uduzur.
Bu dünya bir görk yeridir,
Əyri, düzünə uduzur.
Eh, inansın bəxt hansına?
Zaman batıb vaxt yasına.
Donan – soyuq, şaxtasına,
Yanan – közünə uduzur.
Misra-misra çəkib əzab,
Şeir-şeir gətirir tab.
Vərəq-vərəq, kitab-kitab,
Şair sözünə uduzur.
Ananlar, niyə az anır?
Qışı oyanıb yaz anır.
Yüzü birindən qazanır,
Biri yüzünə uduzur.
Tum salıbsa tamah harda;
Daş dönüb mum olar orda!
Ömür adlı bu qumarda,
Adam özünə uduzur.
Tural Adışirinin təqdimatında..
Bizimyazı.az ustad şair Əşrəf Veysəllinin şeirlərini təqdim edir.
DÜŞƏR
Uca zirvələrə tez-tez qar yağar,
Dağların saçına erkən dən düşər.
Güllərin gözünə sübhün gözündən,
Hərdən şeh çilənər, hərdən çən düşər.
Nazlana-nazlana açılar səhər,
Düzlərdən əl edər qızıl lalələr.
Gümüş kəmər kimi ağ şəlalələr,
Sürüşüb dağların belindən düşər.
Güldən sərgi açar hər qaya, hər dik,
Hər tərəf gözəllik, hər yan çiçəklik.
Bir nəğmə oxusa xınalı kəklik,
Ovçunun tüfəngi əlindən düşər.
“ÜZÜ BƏRİ BAXAN DAĞLAR”
O bir çinar, mən bir yarpaq,
Əfsus! – Ondan düşdüm uzaq.
O torpaqda bulaq- bulaq,
Çeşmə-çeşmə neyim qaldı.
Dumanında, çisəyində,
Qayasında, kəsəyində,
Hər otunda, çiçəyində
Bir parça ürəyim qaldı.
Günü günə sata- sata,
Ömrümüzü verdik bada.
Heyif! – neçə dosta, yada
Sinəmdə gileyim qaldı.
Köhlənimi necə tapım,
Bir də minim, bir də çapım.
Üç yarımçıq inqilabım,
Üç qanlı köynəyim qaldı.
Kövrəlmişəm bir saz kimi,
Arzu kimi, muraz kimi.
Ortalıqda Araz kimi
Harayım, göynəyim qaldı.
Sən ey anam, səadətim,
A mənim kişi qeyrətim,
Sənsiz nə qolda taqətim,
Nə də canda heyim qaldı.
Yada düşər ötən çağlar,
İçimdə bir kaman ağlar:
“ Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?!”
YAŞAYAR
Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol, bu yolu gedən ömrü yaşayar.
Ürək nədir? Ürək sevgi, sayğıdır.
Bir -birinə nəvazişdir, qayğıdır,
Başdan-başa həyəcandır, duyğudur.
Ürək də var-gödən ömrü yaşayar.
Yazan qalar söz ömrünün hayında.
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var-Vətən ömrü yaşayar.
SEVGİDİR
Canı can istəyir, qanı qan çəkir,
Bu pünhan duyğunun adı sevgidir.
Balıncı başımın altından çəkir,
Bu odur,
Bu odur,
Odur-sevgidir.
Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da,imtahansa da,
Ondan neçə kərə ağzım yansa da,
Ağzımın ləzzəti, dadı sevgidir.
Ey durub qəsdimə,yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən,gözəl.
Olsan ürəyimə yol gəzən,gözəl,
Mənim ürəyimin kodu sevgidir.
BİLİR
O sevda dəmindən uzaqdır hələ,
Məni də özündən çox uzaq bilir.
Mənim sevdiyim gül uşaqdır hələ,
Ülvi hisslərimi oyuncaq bilir.
Başına dolanım, dönüm bu eşqin,
Yolunda alışım, yanım bu eşqin.
Məni məndən alıb mənim bu eşqim,
Nə oğul anlayır, nə uşaq bilir.
Ömrümün gülşəni bilirəm onu,
Hər gün səcdəsinə gəlirəm onun.
Ölürəm dərdindən, ölürəm onun,
Necə öldüyümü bir Allah bilir.
AXIRDA
Anam vardı-yanan vardı mənə də,
Gözlərimdə yaşa döndü axırda.
Dörd tərəfdən qar ələndi başıma,
Növbaharım qışa döndü axırda.
Yağmalanmış yurdumuzdan söz açar,
Sinəsində yaraları göz açar.
Yanağında cığır salan, iz açan
Barmaqları xışa döndü axırda.
Mələklərtək səmalardan endi o,
Başımızda üzərliktək yandı o,
Hara getdim, yolum üstə qondu o,
Ağ xalatlı quşa döndü axırda.
Nəvələri gözü kimi sevərdi,
Gec görəndə ürəyini yeyərdi.
“Allah, məni daşa döndər”-deyərdi,
Mənim anam daşa döndü axırda.
SƏN YANIMDA OLANDA
Elə ki yanımda sən olursan, sən
Qəlbimin heç nədən qorxusu olmur.
Təkcə daş asılır kirpiklərimdən,
Təkcə gözlərimin yuxusu olmur.
Sevgi-yaraşığı bu göyün, yerin,
Məhəbbət-könlümün bahar gülləri.
Orda gülüşlərin, təbəssümlərin.
Orda baxışların sular gülləri.
Nəğmələr səslənər könül tarımda,
Sən ondan ən şirin diləklər istə.
Tez-tez şimşək çaxar dodaqlarımda,
Adın səpələnər çiçəklər üstə.
SALAM
Salam bu köhnə dünyaya
Təzə gələn şairlərə.
Söz qanıb mətləb anlayan,
Qədirbilən şairlərə.
Bir nəfəsə min ah çəkən,
Hər sozünü sınaq çəkən,
Kədərə şaqqanaq çəkən,
Dərdə gülən şairlərə.
Əriyib sozə yığılan,
Gözlərinə qan sağılan,
Hər gün təzədən doğulan,
Hər gün ölən şairlərə.
Tural Adışirinin təqdimatında..
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, yazıçı, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım Aydının nəzm və nəsr nümunələrindən ibarət “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatda Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, Azərbaycanın əməkdar jurnalisti, yazıçı, jurnalist, tarixi romanların müəllifi Yunus Oğuz, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyev, Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Azərbaycan Respublikası “Xatirə kitabı” redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı, kitabxana əməkdaşları və başqaları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, bu gün kitabxananın Xanım Aydının kitab təqdimatına ev sahibliyi etməsindən böyük məmnunluq duyduğunu dilə gətirərək onun yaradıcılıq nümunələrində olan səmimiyyətdən, insanın ən dərin, həssas duyğularını dilə gətirən poetik dünyasından söz açaraq, əsərlərini böyük sevgi ilə yazıldığını və çox maraqlı üsluba malik olduğunu bildirdi.
Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev Xanım Aydının geniş və çoxşaxəli yaradıcılığı haqqında danışaraq, Xanımın eyni zamanda bədii tərcüməçilik sahəsində də kifayət qədər dəyərli və dərin məzmunlu əsərləri Azərbaycan dilinə tərcümə etdiyini, eyni zamanda uğurlu kino ssenarilərin müəllifi olduğunu da söylədi.
Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə Xanım Aydının “Şair təbiətli nasir” olduğunu söyləyərək, onun “Sərçə”, “Rəngbərəng kəpənəklər” hekayələrində hər bir oxucunun qəlbini riqqətə gətirəcək həssas məqamlara toxunduğunu bildirdi. Uzun illər müəllif ilə əməkdaşlıq etdiyini söyləyərək, onun bir çox əsərlərini redaktə etdiyini də dilə gətirdi.
Əməkdar jurnalist Zemfira Məhərrəmli müəllif ilə ilk tanışlığının “Ulduz” jurnalının redaksiya heyətinin təşkil etdiyi “Yazı masası” rubrikası çərçivəsində olduğunu yada salaraq, Xanım Aydının şeirlərinin bitkin nəzm nümunələri olduğunu bildirdi.
Yazıçı Yunus Oğuz ədəbiyyatda poeziya nümunələrinin bir anlıq dərin hisslər fonunda yaratdığını nəsr əsərlərinin isə uzunmüddətli əməyin nəticəsi olduğunu bildirdi. Yunus Oğuz müəllifin “Torpaq” şeirinin təhlilini apararaq bu əsərin dərin poetik, romantik və eyni zamanda da “Yaradılış” mövzusuna həsr olunduğunu dilə gətirdi.
“Ulduz” jurnalının Baş redaktoru, şair Qulu Ağsəs ədəbiyyat mühitində gənc şair və yazarlar üçün yaradılan yaradıcılıq imkanlarından danışaraq, Xanım Aydın ilə uzun illərə arxalanan dostluq münasibətləri və həmkar fəaliyyətindən söhbət açdı. Xanım Aydının qələmə aldığı istər şeirlərində, istərsə də hekayələrində Vətənə sevgi, yurda, torpağa bağlılıq, ana, övlad, ailə motivlərinin yüksək peşəkarlıq və istedad ilə təsvir edildiyini söylədi.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli müəllifin yaradıcılıq işığına toplanmış ədəbiyyat, mətbuat nümayəndələrinin söylədiyi dəyərli fikirlərə qoşularaq, Xanım Aydının istər peşəkar jurnalistika, istər yaradıcılıq istərsə də tərcüməçilik fəaliyyətində əsl fədakarlıq nümunəsi olduğunu, gözəl həmkar olmaqla yanaşı, əsl Azərbaycan xanımına xas olan ana, qadın obrazını da çox uğurla canlandırdığını bildirdi.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin siyasi sənədlər arxivinin şöbə müdiri Lamiyə Həsənova, Respublika “Xatirə Kitabı” Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan” jurnalının Baş redaktor müavini Südabə Ağabalayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar, AzTV-nin əməkdaşı, yazıçı-publisist Təranə Bakirqızı və digər tədbir iştirakçıları Xanım Aydının bir yazıçı, şair, tərcüməçi, ssenarist, sevilən mahnıların söz müəllifi kimi uğurlu fəaliyyətindən danışaraq, müəllifə gələcək işlərində uğurlar arzu etdilər.
Yazıçı Xanım Aydın müəllifi olduğu “Sərçə” hekayəsinin avtobioqrafik əsər olduğunu söyləyərək, yazarın qələmə aldığı mövzunu dərindən bilməsi, bütün qəlbi ilə duyması əhəmiyyətindən danışaraq, “İkimiz” və “Çamadan” kitablarının təqdimat mərasimini mərhum atasının əziz xatirəsinə ithaf etdiyini söylədi.
Sonda müəllif Xanım Aydın kitablarını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

Bizimyazı.az tanınmış şair Dayandur Sevginin şeirlərini təqdim edir.
Azərbaycan bayrağı
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!
Allaha sual
Burnumun ucunda ölüm qoxusu,
Olan günahımı yuya bilmirəm.
Canımda yurd salıb bəndə qorxusu,
Mən sənin qorxunu duya bilmirəm.
Mən insandan qorxum,
ya səndən Allah?
Nə var ki, salmağa, mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə,
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum,
ya səndən Allah?
Daşı doğrayırsa tamahın dişi,
Bəndənin gözündə dünya zərdisə.
Əllidə baş kəsib qan tökən kişi,
Yetmişdə əməli peyğəmbərdisə,
Mən insandan qorxum,
ya səndən Allah?
Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum,
ya səndən Allah?
Qulağın almırsa atılan topu,
Xayalın başında boş fırlanırsa.
Sənin hökmün ilə açılan qapı,
Bəndənin əliylə qıfıllanırsa,
Mən insandan qorxum,
ya səndən Allah?
Allahın qorxusu, insan qoxusu,
Yüz qara qorxular bir ağa düşüb.
İnsan cilidində şeytan qorxusu,
Allah qorxusundan qabağa düşüb,
Yolumu gözləyən dar ağacı var,
Külək yellədikcə kəndiri əsir.
Sən mənim hayıma gəlib çatınca,
Bəndənin qılıncı başımı kəsir.
İlahi, nə olar bir qorxu göndər,
Bəndə qoxusundan mən azad olum.
Yada ki, əbədi bir yuxu göndər,
Sənin o yuxunla bəlkə şad olum.
Bu yad qoxuları çıxar canımdan,
Sənin varlığını duyum İlahi!
Sənin varlığını duyum İlahi!
Düşür
“Yadından çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım”
Məmməd İsmayıl
Dünyanın acısın biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır, bizə,
Kimə Araz düşür, kimə Kür düşür.
Axı, yarandığım günə nə deyim,
Qəm üstə köklənib yaralı neyim,
Uğursuz şeirdi mənim taleyim,
Ya duyğu çatışmır, ya fikir düşür.
Nə deyim bu qanlı fələyə, Dədə,
Yol açır hər dürlü kələyə, Dədə.
Dovşana qurulan tələyə, Dədə,
Elə qururlar ki, gəlib şir düşür.
Sənə yalvarıram, haçandan sənə,
Bilirsən bağlıyam mən candan sənə,
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?
Ədalət istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.
Dilini bilsəm də qayanın, daşın,
Heç vaxt ayrı olmur bəladan başım,
Kiminə ev gəlir, kiminə maşın,
Dayandur Sevginə təşəkkür düşür.
***
Mən dəvəsi ölmüş ərəbəm, gözəl,
İnan ki, dözərəm nə cəza versən.
Rəssam deyiləm rəsmini çəkəm,
Nazını çəkərəm icazə versən.
Ağarıb saçlarım olubdur dən-dən,
Başımın üstünü alıb duman, çən,
Dünyanın xoşbəxti mən olaram, mən,
Vüsal vədəsini bu yaza versən.
Köməyə çağırıb şahlar-şahını,
Xeyirə açaram hər sabahını,
Allah bağışlamaz, bax, günahını,
Dayandur Sevgini güdaza versən.
Qaldır kirpiyini
Hicranı zəhər tək içirtmə mənə,
Bir azca vüsal qat, bal eylə barı.
Apar gözlərimi sənsiz olunca,
Yaraşsa, üzünə xal eylə barı.
Mənə həsrət verib ömür boyunca,
Günaha batırma özünü bunca,
Qara gözlərinə baxım doyunca,
Qaldır kipriyini, yol eylə barı.
Göynəyir könlümün sarı göynəyi,
Təbib ol əlinlə sarı göynəyi,
Dəyişmə əynindən sarı köynəyi,
Dəyişsən, başında şal eylə barı.
Bircə yol sözümə can deməsən də,
Bu eşqin odunda yan, deməsən də,
Başıma tac qoyub, xan deməsən də,
Dayadur Sevgini qul eylə barı.
Keçir
Yolun gözlədiyim baharım, yazım,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.
Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.
Nə idi yazdığın bu yazı mənə,
Ay Allah, göstərdin hər üzü mənə,
Sənin göndərdiyin ruzi mənə,
Ağzı qanlı qurdun dişindən keçir.
İlahi tək sənsən, tək sən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.
Əlimin qabarı, alnımın təri,
Halal çörəyimdir illərdən bəri,
Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir.
* * *
Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.
Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.
Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir.
Mən hardan biləydim
Sən yuva qurandan ürəyim dincdi,
Adından utanıb qəm dolmayıb, qız.
Deyirəm nə yaxşı adın Sevincdi,
Mənə divan tutan dərd olmayıb, qız.
Qəm kədər yeridi yatdım eləcə,
Düşündüm sevginlə sağalar yaram.
Adınla başımı qatdım eləcə,
Vaxtım olmadı ki, sevinc axtaram.
Gözümü aldatdı ad yaraşığı,
İçində gizlənən söz bəlli oldu.
Sönəndə qəlbimdə ümid işığı,
Adının “Sevinci” təsəllim oldu.
Bilmədim necədir dadı sevincin,
Talehin zərbəsi yaman sərt imiş.
Mən hardan biləydim adı “Sevinc”in,
Özü kədər imiş, özü dərd imiş.
Məni sevəcəksən öləndən sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.
Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.
Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.
İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra.
Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.
Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.
Tural Adışirinin təqdimatında..
Qızılgül
Qızıl güləm qızılgül
Nəğmə oxur şən bülbül
Səhər tezdən açaram
Bağa ətir saçaram
Məni uşaqlar sevər
Saçlarına gül düzər
Təbiət
Yayda qızar havalar
Qışda yağar soyuq qar
Yazda qayıdıb gələr
Durnalar qaranquşlar
İsmayılzadə Lətifə Vüsal qızı
Bakı şəhəri 53 nömrəli məktəbin 1e sinfində təhsil alır.
Bizimyazı.az Xalq şairi Vaqif Səmədoğlunun seçmə şeirlərini təqdim edir.
Günaha batmağım gəlib, ay Allah
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.
Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.
Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.
Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
1996
Sevgilim, mən öləndə
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
***
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk…
İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar…
Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur…
1963
***
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin…
1963
***
Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb…
***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi…
Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir…
Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa…
***
Məzara bənzəyir yaxşı insan…
Məzar kimi
yaya, qışa dözümlü,
məzar kimi dinməz.
Gözə az-az görünür yaxşı adam
ildə bir-iki kərə baş çəkilən
məzar kimi.
Yaxşı insanın yanında
susmaq olur
o da danışdırmır heç kəsi,
sirr almır adamdan
məzar kimi.
Yaxşı insan da
bir yerə bağlanıb
məzar kimi.
Uzaqdan başdaşına
bənzəyir yaxşı insan
yaxından ağlaşmaya…
***
Sol əlimlə sağ əlimin
Arasında duman, dağ,
Hansı əlim qürbətdədir?
Hansı ölü, hansı sağ?
Sol əlimlə sağ əlimin
Arasıyla çay axır
Hansı əlim batır suda?
Hansı sahildən baxır?
Sol əlimlə sağ əlimin
Arasında yağar qar
Hansı əlim istidədir?
Hansı çöllərdə donar?
Sol əlimlə sağ əlimin
Arasında qapı var,
Hansı əlim döyər onu?
Hansı görəsən açar?
***
Səssiz-səmirsiz olmaq,
Bayquş uçuşu kimi,
Yer üzündə ən sakit
Dəlinin huşu kimi…
Gündüz gün işığından,
Gecə ulduzlardan qaç,
Qəlbinin qapısını
Yalnız yalqızlığa aç…
Səni düşündürməsin
Sabah nə olacağı,
Kimlərin öləcəyi,
Kimlərin qalacağı…
Sev, sevil, ancaq çalış,
Lap yavaş çıxsın səsin,
Bir də vətən sevgisini
Azərbaycan bilməsin…
***
Nə yaxşı ki, oyaq idim,
Sən yuxuma girəndə,
Nə yaxşı ki, ayıq idim,
Səni o gün görəndə.
Bir divara söykənmişdim,
Sən qarşıma çıxanda,
Nə yaxşı ki, kor deyildim,
O gün sənə baxanda.
Bilmədim, səni buraya
Meh ya duman gətirdi,
Onu bildim ki, o yerdə
Baxtım yaman gətirdi.
Kim deyir ki, yerdən göyə
Dualar boşa gedir?
Göylə bulud, yerlə o qız,
Dualar qoşa gedir.
Sevinməyə anlar varmış,
Allah, şəhər içində,
Fəqət canım duz bağlayıb,
Qanım şəkər içində..
1999
***
Ayrılıq mehriban, ayrılıq doğma.
Gəlmə…
Ayrılığın evini yıxma!
Arzular dirçələr, yuxum çin olar,
Otaqda gərəksiz gülüşlər dolar,
Məndən küsüb gedər incik şeirlər,
Sevinclər içində təklənər kədər.
Əzablar içində yaşayım yenə?
Xeyli dərd lazımdı ölməkçün mənə?
Gəlmə…
Belə qalım…
Azadam, azad…
Mənə bu dünya da, o dünya da yad.
***
Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
***
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…
Tural Adışirinin təqdimatında..
Şabranda və Nabranda yazılanlar…
***
“Hamı hamı ilə savaşır” sanki,
“Hər şey axır, heç nə yerində qalmır”;
Yenə də “Karfagen məhv edilməli!”
Yenə də masada “nifaq alması”…
“Çörək və tamaşa” – Batıda söz var;
Biz Gündoğarlıyıq – istiqanlıyıq.
Gün varkən, “Yarasa olmaq, nə ola?”
“Dolabda müqəvva” saxlamamışıq…
Gün batar, ulu Göy yetimmi qalar?
Bu səfər Dolunay ya da Aypara…
Dövlətlər yaradan, dövlətlər yıxan
Əcdaddır onları tuğuna taxan…
Yadlarda işğal var, bizdə fəthlər,
Biz idik onaran şəhəri-kəndi…
Çıxan qan damarda durmaz deyiblər,
Çay coşsa basmazmı bərəni-bəndi?..
“Söz – adam ağzından, köz – qazan altdan”,
“Sözümüz – imzamız qədər keçərli!”
Yanıla-yanıla öyrənən dünya,
Yenə də yanılır, yenə, nədəndi?..
Adam öz içindən sıxılır, şair,
Bal olsun, arısı Bağdaddan gəlsin…
Ağac öz səmtinə yıxılır, şair,
Bir arxdan min dəli atlı su içsin…
Şabran, 09.11.2024
***
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Könül qapısı var, pir qapısı var,
Yenə bəslənəsi ümid var, şair.
Bəlkə təkrar olur ömürlər bir-bir?
Biz ki “uzun, incə bir yolda” idik…
Hanı çıra yanan, it hürən səmt? –
Dar gündə Xızıra umudvar idik…
Hələ getmədiyi yol var hər kəsin,
Qanmayan da varar, qanan da varar;
“Ya yol tap, ya yol aç, ya yoldan çəkil”,
Yeriyə bilməyən yola yük olar…
Deyirlər, hər kəsin bir qapısı var,
Bir də, itirdiyi kilid var, şair;
Açıq qapılar var, sirr qapısı var,
Hər kəsi gözləyən biri var, şair.
Yoxsa təkrar olur ömürlər bir-bir?
Biz ki “uzun, incə bir yolda” idik…
Şabran, 10.11.2024
***
İki min il keçib İsa vaxtından
Kim görüb “İlk daş”ı atan adamı?
Yoxsa, balalayıb, çoxalıb o daş,
Mina vadisində yüz illər sonra
“Şeytan daşlama”da işə yaradı?..
Şeytana atılan daşları yığaq –
Evsiz olanların evi tikilsin;
Çiçək tək açılsın çatılan qaşlar,
Hamının ocağı, piri sevinsin…
Hər kəsə əlimiz yetişməsə də,
Beşi sevinməsə, beşi sevinsin…
İlk varsa, sonuncu daş da var, yəqin,
İki daş arası ocaq qalayaq;
Ocağın üstündə qazan asaq biz,
Onu bircə gün də boş qaynatmayaq…
“İki çay arası” başlayan adət,
Yaşasın, yayılsın, heç axsatmayaq…
Fateh İstanbulu alan gün dedi:
Heç kəs acqarına gecələməsin…
İnsanlar ibadət edir-etməyir? –
Tanrı özü bilər – onun işidir.
Müsəlman, xaçpərəst ya da musəvi –
İş olsun, aş olsun – bəndə bəndədir…
Bir də, bir “Ağlaşma divarı” vardır,
Və “Çin səddi” vardır çox-çox uzaqda…
O divar və o sədd arasındakı
Torpaqlar nə zaman dinclik tapacaq?..
Ey, məscid, kilsə və sinaqoqdakı
Eyni sözü deyən,
hardasan, harda?!.
Şabran, 11.11.2024
***
Dəniz üstdən ötür dolmuş buludlar
Kim bilir hirsini hara tökəcək…
Əlim qaşım üstə, fikrim uzaqda,
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahil dolur-daşır insanla bəzən
Yaşlı qayğılar var, gənc əyləncələr…
Fikri dağıtsa da körpə ləpələr,
Hamı burdan evə yorğun dönəcək…
Üfüqlər xəyaldı, sahillər gerçək…
Sahillər qocalır, sular gəncləşir,
Görərsən yorurmu sahili dəniz?..
Neçə ki sahil var, neçə ki dəniz,
Onların sevdası heç bitməyəcək…
Balıqqulağı var burda bu qədər,
Burda pıçıltı da sirr qala bilməz…
Yerin qulağı var – belə deyiblər –
Yəqin ki buranı görüb deyiblər…
Hamı əvvəl-axır burdan keçəcək.
Üfüqlər xəyaldı, sahillər gerçək…
Nabran, 27.07.2024
***
Nabran…
Dəniz sahili…
O başdan bu başa gəlib-gedirik
Sahildə nə olur? –
Balıqqulaqları, narın qum
bir də
Dənizin qırağa atdığı nəsə…
Nə yaşıl orman var,
nə də göy çəmən
Bəs nədir
bizləri gətirən bura?
O yaşıl ormanlar
göy çəmənliklər
çox gözəl olsa da,
bir gün gəlir də
qaçmaq istəyirsən,
uzaqlaşırsan…
Bəzən özümüzdən qaçmaq istərik
Özgədən, özündən, hər yerdən qaçan
Gəlib soluğunu sahildə alar…
Bəs dəniz olmayan ölkələr neynir?..
Dənizə, sahilə özgələr neynir?..
Ancaq biz…
Və ancaq Xəzər sahili…
Balıqqulaqları, narın qum
bir də
Xəzərin qırağa atdığı nəsə…
Təsadüf olmayır dünyada heç nə…
Balıq tanımayır öz qulağını
Deyirlər balığın yaddaşı olmur;
Amma insanlarçün
bu balıqqulaqlı,
bu narın qumlu
sahillər
sahilsiz xatirə yığnağı olar –
O ya yaşanıbdı ya yaşanacaq…
Heç nə gərək deyil
Nə yaşıl, nə göy…
Boz sahil
boyunca yeriməyimiz,
Dənizi dinlərcə kiriməyimiz
Hopacaq sabahkı xatirələrə –
Bu balıqqulaqlı, bu narın qumlu,
heç yerə getməyən üzüboz sahil
Dünyanın ən əlvan yeri olacaq…
Ən rəngli yuxular qazanacaq o
Həsrətin əlçəkməz süsü olacaq…
Neynək, bu sahildə sadədil olaq,
Balıqqulağına tutunaq duraq;
Bu dəniz, bu sahil, bu qum nə deyir?..
Torpaqla dənizin öpüşdüyü yer,
Nəsə bir hikmətə sahib olmalı…
Gəl, hədiyyə verək bir-birimizə:
Bu bir cüt qızılı balıqqulağı –
Biri sənin olsun, biri də mənim;
Bizi bu sahilə gətirər yenə
Dəniz pıçıltılı balıqqulağı…
Nabran, 25.07.2024
***
Dəniz qovur istini
Öz istim yetər deyir
Nə Günəş yox olacaq,
Nə Xəzər itər – deyir.
Sahildə nə hikmət var? –
Fikirlilər axışar
hər axşam-səhər deyir;
Özüm də darıxıram
Adamdan betər deyir…
Hər sahilə gəlişim
Özümdən qaçışımdır;
Dodağımdı dalğalar –
Qara torpaq, ağ alın,
İzn ver, öpəm deyir…
Dəniz-Torpaq sevgisi
heç zaman bitən deyil.
Tanrı verib bu hökmü,
Qiyamət günündə də,
O höküm keçər deyir…
Nabran, 26.07.2024
***
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
Mən dağ dili bilirəm
Çöl dilini bilirəm
Çəməndə gül bilirəm
Dəniz dili bilmirəm
Dənizi dinləyirəm
Nə danışır bilmirəm
İnsan bilmədiklərni
Öyrənməyə aşina
Bəlkə ona görə də
Dəniz öyrədən olub
Dağlarsa dərd ortağım
Dağlardan qopan çaylar
Dinləyib dərdimizi
Yuxumuzu dinləyib
Nə ki gizlinimiz var
Sulara danışmışıq
Dərdimiz yüngülləşib
Necə dərdlər yüklənib
Nə yuxular eşidib
Dənizə qaçıb çaylar
Bizim bütün çayların
Son ünvanı Xəzərdi
Dədəmiz-babamız da
Hey axın eləyiblər
Dağlardan dənizlərə
Yoxsa öz sirlərinin
yoxsa yuxularının
ardınca at çapıblar
Atlarının ayağı
dənizə dəyməyincə
dinməyibdi ulular
Harda dəniz vardısa
Bir türk at çapıb ora
Bir çay dərd daşıyıbdır
O dənizə əminəm
Yuxumuzun dalınca
gəlmişik dənizlərə
Qabarırsa dənizlər
Yuxunu xeyrə yozub
Sakit ləpələyirsə
qaramatı itirir
Dəniz ana kimidir
Ata Dağlar sussa da
Ana gah layla çalar
Gah əsib-coşub susar
Dənizi dinləyirəm
Dinləyib-öyrənirəm
Yuxumuzun ardınca
sənə gəlmişik, dəniz!
Nabran, 25.07.2024
***
Sahil adam kimi dalıb dənizə,
Arabir qırağa çıxır yosunlar.
Dizini qatlasa sahil bir azca,
Sular bir qıraqda göl-göl balalar…
Hər sahilə gələn sahilmi bilir?..
Hər dənizə girən dənizçi deyil;
Göz torpaqdan doymur, dənizdən bezmir –
Yəqin, Nuhdan qalma bir adət olar…
Kimsə ocaq çatıb – günü ağ olsun,
Bir də ağ çadır var – quran sağ olsun!
Gündüz əlimizdə gur çıraq olsun,
Atalar sözüdür: arayan bular…
Hər su qırağına sahil deyilmir…
Nə dəniz, nə sahil söz bitirməyir…
Odur, könül alır ya könül verir,
Könlün qıt vaxtında
bu,
nə xoş bazar…
Arabir qırağa çıxır yosunlar…
Nabran, 28.07.2024
***
Atamın sözləri düşür yadıma:
Soyuğu yamandı, yaya aldanma…
Baxıram sıxlaşan, dolan buluda,
Yoxsa, göy üzündə qurultaymı var?..
Nabran, 28.07.2024
Bizimyazi.az xəbər verir ki Özbəkistanın tanınmış şairi, Kitab dünyası qəzetinin baş redaktoru Xasiyyət Rüstəm Azərbaycan Respublikasının dövlət təltifi olan “Diaspor fəaliyyətində xidmətə görə” medalı təltif olunub. Xasiyyət Rüstəm Azərbaycan mədəniyyətinin təbliğində, Qarabağ həqiqətlərinin türk dünyası ictimaiyyətinə çatdırılmasında geniş fəaliyyəti ilə seçilən mədəniyyət nümayəndələrindəndir. Xasiyyət Rüstəmin bu vaxtacan Azərbaycanda bir neçə kitabı çap olunub. Xanım yazarın Qarabağ mövzusunda qələmə almış olduğu “44 gün” və “Adı Lalə idi o qızın” adlı kitabları xüsusilə seçilir. Xasiyyət Rüstəm Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, yeni nəsil yazarlar arasında seçilən imzalardan olan Valeh Qocanın yeni çap olunmuş “Yarımçıq şəkil” adlı şeirlər kitabının təqdimatı keçirilib. DGTYB-nin təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış ədəbiyyat-mədəniyyət nümayəndələri, yeni nəsil yazarlar, mətbuat nümayəndələri, oxucular iştirak ediblər. Moderatorluğunu Turanə Şıxəliyevnın etdiyi tədbirdə Milli Məclisin eksperti Əkbər Qoşalı, yazıçı Seyran Səxavət, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şair, şəhid atası Kamil Vəfadar, tanınmış alim İlham Məmmədli, şair Əyyub Cabbarov, BDU-nun Kitabxanaçılıq fakültəsinin dekanı Ələmdar Cabbarlı,Azərnəşrin direktoru Əlövsət Ağalarov, Türküstan qəzetinin baş redaktoru Aqil Camal, DGTYB başqanı İntiqam Yaşar, Subyekt.az saytının baş redaktoru Rövşən Hüseynov, şair Mənsur Həsənzadə,Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, qiraətçilər Ayna Səs, Zöhrə Xəlili və s. çıxş edərək müəllif haqqında fikirlərini bölüşüblər. Sonda müəllif şeirlərini səsləndirib, oxucular üçün kitablar imzalayıb.

