Ana səhifə BAŞ YAZI CƏBRAYIL HAQQINDA DÜŞÜNCƏLƏR –

CƏBRAYIL HAQQINDA DÜŞÜNCƏLƏR –

Müəllif: Bizim Yazı
885 baxış

Şəhid Şair Fuad ƏSƏD(OV) öz elini belə tanıdırdı

Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən,
Bu da belə bir ömürdü yaşadım.
M.Araz

Cəbrayıl! Mələk xislətli, mələk qədər gözəl, mələk qədər təmiz, mələk qədər günahlardan uzaq diyar!
Qartal qayası – qartal duruşunun, qartal cəsarətinin, qartal gücünün, qartal uzaqgörənliyinin… qaya möhkəmliyi, qaya əzəməti, qaya mətanəti ilə vəhdəti, qovuşması..!
Çinar kəhrizi – çinar vüqarının, çinar kövrəkliyinin, çinar kölgəsi qalınlığının… kəhriz suyunun bolluğu ilə, saflığı ilə, sərinliyi ilə birləşdiyi məkan..!
Məmmədbəy kəhrizi – bəy kəhrizi, bəy suyu – bəy qüruru, bəy səxavəti, bəy gözütoxluğu, bəy alicənablığı..!
“Turac” düzənliyi – turac gözəlliyi, turac şirinliyi, turac nəğməkarlığı…
“Xudafərin” – həsrətliləri vüsala çatdıran, uzağı yaxın edən, küsülüləri barışdıran, tarixlərin tanığı körpü..!
“Ağoğlan” – ağatlı oğlan, igidlik, fədakarlıq, cəsarət, ümid, inam simvolu..!
“Qurban təpəsi” – qurbanlann saflaşdırdığı, müqəddəsləşdirdiyi ucalıq…
“Qız qalası” – qız kimi bakirə, kişi kimi mətin, fətholunmaz qala..!
“Dəyirman dərəsi” – bərəkət dərəsi, ruzi dərəsi, çətini asanlaşdıran dərə…
“Hacı Qaraman” – inam, iman yeri, tarixi müqəddəsliyi yaşadan, insanları mənəvi təmizliyə, saflığa çatdıran ocaq…
Deyirlər, insan təbiətin məhsuludur. İnsan yaşadığı mühitə tədricən uyğunlaşır və zaman keçdikcə ona oxşamağa başlayır. Bu fıkir məni Cəbrayıl haqqında müəyyən bilgilər toplamağa həvəsləndirdi. Mənə aydın oldu ki, Cəbrayılın Arazboyu bölgəsi dəniz səviyyəsindən 250 metr, Cəbrayıl şəhəri də daxil olmaqla, dağətəyi bölgəsi 650 metr, dağlıq bölgəsi isə 1700 metr hündürlükdədir. Yağıntılar az olduğu üçün rayonda buxarlanmanın miqdarı yağıntının miqdarından 2,5 dəfə çoxdur. Nisbi rütubət normaldan aşağıdır. İqtisadi cəhətdən “çox varlı” və “çox kasıb” adamlar yoxdur. Hər sahədə orta hədd gözlənilir. Rayonda elmə-biliyə maraq çoxdur. Dəqiq elmlər üzrə mütəxəssislər üstünlük təşkil edır. Rayon mərkəzində və kəndlərdə uzunömürlülər çoxdur. Hava quru olduğu üçün rütubətdən yaranan xəstəliklər yox dərəcəsindədir.
Cəbrayılm adı, təbiəti, relyefi, iqlimi, həyat tərzi, yer adları haqqında düşündükcə, onun insanları gözlərim qarşısında canlanır və ixtiyarsız olaraq düşünürəm – heç nə təsadüfi deyildir. İnsanpərvərlik elə Cəbrayıl adının özündən gəlir. Təbiət Azərbaycanın bu dilbər guşəsindən heç nə əsirgəməyib – saf su, bərəkətli torpaq, göz oxşayan yaşıllıqlar, meşələr, meyvə bağları, uca dağlar. Eləcə də, tarixi abidələr, dini səcdəgahlar və s. … İnsanlar da bu gözəlliklərdən, təbiətin bu səxavətindən yetərincə bəhrələniblər. Qaya kimi möhkəm, qartal kimi qürurlu, çinar kimi əzəmətli, kəhriz suyu kimi saf, şirin, ürək sərinlədən, savab iş görən, “Xudafərin” körpüsü kimi həsrətliləri qovuşduran, “Dəyirman dərəsi” kimi ruzili, “Ağatlı oğlan” kimi fədakar, işə yarayan, “Hacı Qaraman”, “Qurban təpəsi” kimi inam, ümid yeridir buranın insanları…
Azərbaycanın hər guşəsi gözəldir. Bu gözəlliklər içərisində Cəbrayılın özünəməxsus yeri var. Cəbrayılı mən cüssəcə böyük olmayan, görkəmcə yığcam, zahirən gözəl, mənə¬viyyatca zəngin insanlara bənzədirəm.
Sevirəm Cəbrayılı!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.