Ana səhifə BAŞ YAZI BU YOL… BİR PAYIZ NAĞILI –

BU YOL… BİR PAYIZ NAĞILI –

Müəllif: Bizim Yazı
490 baxış


Məlahət YUSİFQIZIndan Şəfəq SAHİBLİyə

Həyatda yaxşı, ya pis, nə varsa, hamısını öyrənmək mümkündür. Qarşısına çıxıb, başına gələnlərdən çox nəsnələr götürür, öyrənir insan. Meydanda olub oyundan kənarda qalmaq mümkün deyil. Qıraqdasansa, demək meydanda deyilsən. İnsan var, öyrəndiklərini elə meydanda öyrənir. Hər kəsin gözü önündə. Kövrək, titrək addımlarla meydana çıxır, bir də görürsən, döyüşür, haqsızlığa üsyan edir. Hətta üsyanı da öyrənmək olur. Təkcə bir nəsnəni öyrənmək mümkün deyil , qanla, genlə gələni. Qan-gen yaddaşı insana hazır şəkildə ötürülür. Nəsil-nəsil yaranıb qana oturanları çıxarmaq, ondan uzaqlaşmaq çətindir, bəlkə də mümkün deyil. Düşmənlərimiz də belədir, dostlarımız da. Qan-gen yaddaşı insan ömrünün özülüdür, bünövrəsidir. Onu qısa zamanda dəyişmək olmaz, bunun üçün əsrlər gərəkdir. Həyat elə səhnədir ki, içərisində, yəni qanında dostluq, barış toxumu əkilmiş insandan düşmən obrazı yaratmaq olmur. Eləcə də düşməndən dost obrazı . Belə görünür insan həyatda qandan gələnlərin üzərində duruş tutub ömrünü yaşayır, yəni kökünün üstündə dayanır. Atalar demiş, ot kökü üstündə bitir. Qazandığı mühütdən asılı olaraq istiqamətlənib yönəlib, mühütdən götürdükləri olur. Yəni kökündən götürüb yola çıxırsan.

Yola çıxdım fəsil-fəsil,
Bu yol bir payız nağılı.
Bir ah imiş ömrün səsi,
Alıb başımdan ağılı.
Bu yolda ya həyat eşqi ilə addımlayır, ya da “yaşamaq həvəsi gözümdən düşüb”-deyib sürünürsən. Çünki söykənmək istədiyin dünya yıxılır. İstəyirsən sınıq-sökük dünyanı içinə alasan, dünya səndə sıxılır:

Qırıq-sökük dünyaya
Söykənirəm yıxılır.
Dünya dolur içimə,
Dünya məndə sıxılır.

Və dünya insanda, insan dünyada sıxılanda ünvanını itirirsən.

Mən ünvanı itirdim,
Ünvansız ünvan yazdı.

Ünvanını itirən qəribsəyib, qərib olur, uğuruna çıxıb gözünə görünənlər rəngini və ahəngini dəyişmiş olur.

Çox qəribəm, Ayrılıq günlərində,
Qorxudur gülüşlər, küsgün baxışlar.
Gülmək istəmirəm, Yalanın inadına,
Atacaqsan, indi at,
içimdəki yanğın baş qaldırmamış.

Ünvanını itirib qərib olan insan yalanların üzə durduğunu görəndə özünü də “ itirir”. Şəhəri, küçəsi bəlli olan məkan da “tənhalaşır”. Tənha küçədə xatirələrin caynağında insan özü özünü axtarır:

Alar məni qoynuna mavi Bakı gecəsi,
Sahildə məni gözlər tənha “Sahil” küçəsi.
Bu küçədə nə qədər xatirələr dolaşır,
…Yağan yağışlar yuyur cığırımı, izimi
Bu küçədə gəzirəm indi özüm özümü.

Dünyanın tərki, tərki dünyalıq insanı yaddaşla baş-başa qoyur, düşüncələrini çözür, onu itirdiklərinin fərqinə varmağa sürükləyir və sənətkar nə isə yaradır.

Sən bilməzsən, ölmək nədir,
Sevgini bölmək nədir, sən bilməzsən.
Sən bilməzsən…özündən köç etmək,
Ürək yemək, gültək titrəmək, …sevmək-sevilmək nədir.

Çünki səni heç doğru-dürüst sevən olmayıb ki
Sadalananların nə olduğunu bilmək üçün sevilmək deyil, sevmək gərəkdir. Sevən “gül tək titrəyib”, ürəyini yeyər və “özündən köç edər” sevən:

Sənsizliyin qar kimi ağlığını
Qaytarıb yerinə qoya bilmirəm,-deyər sevən:

-Bir ürək qopmaq istəyir
Küləkdən, yağışdan, tufandan…
Bu mənəm, sahildə tək.
Gələcək o gəmi, o yağış, o külək…-deyər sevən:

-Nə fərqim var Leylidən, ya Əslidən?!– sualı ilə “döyüşə” qalxar.
Sevər:

-İsinməyə yer axtarır,
İçimdəki dəli ürək.
Üşüyür arzularım,
Üşüyür sabahadək –deyib isinməyə yer axtarar.

və sözlə qarşılaşıb, sözü tapar, sözə sığınar, sözlə həmsöhbət olar :

Gözlərimə payız gəlir,
Bulanıb ömrün suları.
Batıram dərya gözünə,
Üşüyürəm sözə sarı.

Ömrümə xəzan dağılıb,
Günüm sarı, gecəm sarı.
Ustad, bir məlhəm əvəzi,
Gözlərimə sözü sarı!

Sözlə sarına-sarına “özüm öz içimin dar ağacıyam”, -deyə-deyə içərindəki boşuna arzulardan təmizlənir, “hər dəfə səndə ölürəm” əvəzinə:- Ağlayan o ürəyi ovutmağa nə var ki?! və İçimdəki ah kimisən,
çəksəm itirərəm səni, ismarıcını göndərib ölümə belə qalib gəlirsən:

-Ölüm özünü asıb içimdən.

Ölümə üstün gəldiyin üçün yaşamaq həvəsi gözündən düşmür. Ölümün davamı olaraq çox nəsnələrə üstün gəlmək həvəsi yaranır səndə . Daha:

-Boyumuza baxıb
qəbir-qəbir
gözləri gülür torpağın, -əvəzinə “gülmür” deyirsən. Qoy torpaq gözləsin, hələ qarşıda savaşım var deyirsən. Axı “Misra-misra, bayatı-bayatı” itirdiyimiz Qarabağı kənd-kənd, şəhər-şəhər, mahal-mahal qaytarmaq borcumuz var. Möhnət Allahdan!

Borcumuza doğru…

 Abşeron r., Xırdalan şəh. 28.02.2013

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.