Ana səhifə BAŞ YAZI “BIR KITABAM QƏM YAZILI…”

“BIR KITABAM QƏM YAZILI…”

Müəllif: Bizim Yazı
2. 845 baxış

Terane - KitabTəyyar Salamoğlu
filologiya üzrə elmlər doktoru, professor

O şeyi ki dilimizə gətirir, haqqında danışırıq, onunla bağlı mübahisə edir, fikir söyləyir, qənaətlərə gəlirik, Təranə Turan Rəhimli “Sevgimdən tanıyacaqlar” kitabında onlar haqqında yazmır, onlardan söhbət açmır. Təranə Turan üçün bu həyatın prozaik tərəfidir; dünyanın maddi görümü,maddi dərkidir. Həyatı bu cür dərkin inkarı onun şeirlərində şüurlu bir prosesin nəticəsi deyil, stixial baş verir. Dünyaya, həyata maddi yox, mənəvi prizmadan baxış, dünyanı ruhani duyum bir sənətkar kimi onun varlığındadır.

Təranə Turanın qələmində şeirə çevrilənlər bizim içimizdən bir duyğu kimi, bəzən isə bir düşüncə seli kimi keçib gedənlərdir. Biz bu yaşantıları, düşüncələri reallıq, gerçəklik kimi qəbul etmirik, qəbul edə bilmirik. Çünki onlar bizim hissi varlığımıza, düşüncəmizə gözənilmədən gəlir, bir ildırım şaqqıltısı kimi. Biz bu şaqqıltını eşidir, onun işığını görür, ancaq nə baş verdiyini dərk edə bilmirik. İldırım isə çoxdan ötüb gedib.
Təranə Turan sıradan bir şair deyil. İlhamı Allahdan gəlir. “Əli Tanrı ətəyində”, “qəlbində tanrı işığı” var. İçimizdən keçən ildırımın yanıb-sönən işığını da qəlbindəki Tanrı işığının, irfan gözünün köməyi ilə görür. Dünyaya bəsirət gözü ilə baxıb onu dərk etməkdən kənarda Təranə Turan poeziyası yoxdur. Onun şeirlərinin məna-məzmunu da, yerə, eyni zamanda, göyə bağlılığı da, hər birisinin fərqli poetik formalarda doğuluşu da, bu şeirlərdən gələn “klassika” qoxusu da, Füzuliyanə sevgi də bütün varlığı ilə Tanrı işığına bağlanan, bağlanan yox, bürünən, nə yazdığını, nə üçün yazdığını bəzən heç özü də dərk etməyən, içinə dolanı boşaldıb rahatlanan söz adamının türküləridir.
Əsrlərdir ki, maddiləşmiş dünyada yaşayırıq. Yer üzünün əşrəfi insan maddiləşmiş dünyanın orbitindən kənara çıxa bilmir. Əksinə, içindən keçib gəldiyimiz XX əsrdə, içində yaşadığımız XXI əsrdə maddiyə bağllıq həyatın pozulmaz qanunu kimi görünür. Bu bağlılığı təbii qəbul edənlər, bu “təbiilik” içində özünü çox rahat hiss edənlər sürətlə artır.
Ancaq “bu dünya”da nəfəsi çatmayanlar, baş götürüb “bu dünya”dan getmək istəyənlər də var. Biz bəzən hər şeyin baş-ayaq olduğunu, “bu dünya”nın niyə öz məhvərindən çıxmadığı, neçə davam gətirməsi haqqında düşünür və təəccüblənirik. Ancaq təəccüblənməyə dəyməz. Çünki cavab çox sadədir. “Bu dünya” onu qəbul etməyənlərin hesabına, onun havasına oynamayanların hesabına öz məhəvərində qalıb. Tarazlığı onlar yaradır. Təranə Turanın lirik qəhrəmanı bizi bu qənaətə gətirir, gəldiyimiz qənaətə bizi inandırır.

Bilinməyir cəhənnəmi, cənnəti
Nə var bu dünyada, gəl çıxaq gedək.
Tükənmir kədəri, bitmir möhnəti,
Nə var bu dünyada, gəl çıxaq gedək.

Bu, maddi olana yox deyən, içində mənəvi-ruhani bir dünya quran, öz böyük sevgisilə bu dünyanın hər cür möhnətinə dözməyi bacaran böyük hərfli İnsanın – Təranə Turanın lirik qəhrəmanının səsidir. Bu səsdə maddiləşən dünyanın “tükənməz kədər”inə, “bitməz möhnətinə” etiraz jesti də var. Ancaq bu jestin mayasında nifrət yox, sevgi dayanır. Yerin-göyün sahibi və yaradanı Allaha sevgi. Təranə Turanın lirik qəhrəmanı bu sevginin böyüklüyü, tükənməzliyi ilə qəlbimizdə özünə tükənməz sevgi qazanır, ruhumuzu fəth edir, ruhumuzda irfan işığı – həqiqət işığı yandırır. Biz Təranə Turan şeirlərini oxuya-oxuya onun lirik qəhərmanı ilə birlikdə içimizdən böyüyür, mənən zənginləşir, özümüzü dərk edirik. Qədim dövrün filosofu Aristotel buna “katarsis” – mənəvi təmizlənmə deyirdi. Ruhu bu katarsisdən keçməyən lirik qəhrəmanın belə bir qənaətə gəlməsi, bunu ruhuna hopdurmayan oxucunun onunla razılaşması mümkün deyil. Mən Aristotel həqiqətinə bir də Təranə Turanın şeirlərini oxuyanda inandım.
Görüb-görmədiyim bağrımı dəlir,
Minnət yaxşılıqdan qabaqda gəlir.
Daha burda hamı hər şeyi bilir,
Nə var bu dünyada, gəl çıxaq gedək.

Orda üzümüzə açıq qapılar,
Burdakı qayalar çətin çapılar.
Vallah yerimizə adam tapılar,
Nə var bu dünyada, gəl çıxaq gedək.

Təranə Turanın sevgi şeirləri onun lirik qəhrəmanı ilə könül verib bağlandığı sevgilisi arasındakı dialoqdan, bəlkə də dioloji münasibətdən yaranır. Böyük rus nəzəriyyəşisi M.Baxtinsayaq desək, biz lirik qəhrəmanın “söz”ündə onun sevgilisinin də mənəvi dünyasını görürük. Bu şeirlərdə iki dünyabaxışı üz-üzə gəlir: ruhani dünyaya bağlı insanla maddi dünyaya bağlı insanın dünyagörüşləri. Bu şeirlərdə lirik qəhrəman bütün qəlbi ilə bağlandığı sevgilisini öz dünyasına çağırır, fani dünya insanı kimi onu qəbul edə bilmir. Lirik qəhərman öz sevgisinə və sevgilisinə bəsirət gözü, irfan işığında baxır, onun da içində bu işığı axtarır, onu da bu işığın içində görmək istəyir. Amma, deyəsən, bu məqamda da o xəyal qırıqlığına uğrayır. Axtardığını tapa bilmədiyi üçün o bu sevgini qəlbində dəfn etməkdən başqa çıxış yolu tapa bilmir:

Adımı qəlbindən silib gedirəm,
Şəklimi gözündə saxlasan bəsdi.
Sənin həsrətinlə tökdüyüm yaşın
Bircə damlasını ağlasan bəsdi.

Lirik qəhrəman öz sevgisi ilə ülviyyət məqamındadır, hər cür maddi, cismani təmənnadan uzaqdır. Onun ürəyi vüsala yetmək arzusundan çox, hicran odundan güc alır. Sevdiyinin həsrəti ilə alışıb-yanmaq ona vüsal şərbəti qədər, bəlkə, ondan da çox həzz verir. O öz sevən qəlbinin hicran odunda alışıb yanması ilə daha məsud, daha xoşbəxtdir. Bu, məcnunsayaq bir məhəbbətdir. Məcnun:

Yarəb, bəlayi eşq içrə qıl aşına məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni –

deyirsə, Təranə Turanın lirik qəhrəmanı:

Qıymadım od olub bağrını sökəm,
Bəxtimi doğradım, sənə bəxt tikəm.
Sevmədim vüsalın şirəsin çəkəm,
İçimdə həsrətin izini sevdim.

Onun şeirlərində Füzuli nəfəsi duyulur. Çox vaxt bu cür müqayisələr çağdaşımız olan şairin sənətinin dəyərini qaldırmaq məqsədilə və mexaniki şəkildə aparılır. Ancaq Təranə Turanın şeirlərini mütaliə edərkən onun poeziyasının Füzulidən Ramiz Rövşənə qədər Azərbaycan şeirinin keçdiyi tarixi inkişaf yolunun qanunauyğunluqları əsasında ərsəyə gəlməsi haqqında qəti qənaətlərə gəlirik. Təranə Turanın lirik qəhrəmanı öz saflığı, təmənnasızlığı, ruhani dünyaya bağlılığı, bir sözlə, ülviyyəti ilə Füzuli qəhrəmanlarının ruhunu yaşadır.
Şairənin lirik qəhrəmanı nə qədər, saf, təmiz, iddiasız-təmənnasızdırsa, bir o qədər də intellektualdır. İçi Allah sevgisi ilə dolu olan bu qəhrəmanın başı göylərdə, ayağı yerdədir. O, vətən sevgisini, doğma yurd, el-oba məhəbbətini Allaha sevgisi qədər ülvi məqama qaldıra bilir. Biz Təranənin böyük Vətən, türk dünyasına olan sonsuzməhəbbətinin səmimiyyətinə inanırıq. Səmimiyyət Təranə Turan poeziyasında onun fərdi ülubunu şərtləndirən sənətkarlıq xüsusiyyəti kimi çıxış edir. Şeirlərdə əks olunan Vətən, Böyük Turan sevgisində heç bir pafos , patetika yoxdur. Çünki poeziya faktına çevrilən sadəcə olaraq lirik qəhrəmanın tamamilə təbii yaşantılarıdır. Ancaq Allahına bu qədər bağlı olan Vətəninə, elinə, obasına, türk dünyasının böyüklüyünə, əzəmətinə belə dərin və təmənnasız münasibət bəsləyə bilər.
Təranə Turan şeirinin irfan qatı bizə bunları deyir. Füzulini ardıcıl və sevərək tədqiq edən Lalə xanıma (Füzulişünas Lalə Əlizadəyə) bizim mütəfəkkir alimlərdən biri “Füzulinin qızı” demişdi.
Təranə Turanın şeirlərini oxuyar, bu haqda düşünərkən biz də şairəni “Füzulinin qızı” kimi görüb dərk etdik. Füzuli şeirinin dadını-duzunu özündə daşıyan poetik söz sahibi kimi bu epiteti onun daşımağa mənəvi haqqı olduğunu, başqalarını deyə bilmərəm, mən qəlbən inanıram.
Onun poeziyası zəngin məna potensiallarına malikdir. M.Baxtinin təbirincə, biz buna polifonik məzmun deyirik.
Şairənin şeirləri təhlilə çətin gəlir. Lakin nə qədər paradoksal görünsə də, asan oxunur. Bu şeirlərin qəribə bir cazibə qüvvəsi var. Oxucunun xəyalını çəkib özü ilə aparır. Bu, xəyalın hüdudları sərhədsizdir, üfüqlərə doğru uzanıb gediir. Həqiqətə sədaqət hissi, ona tam səmimi münasibət, reallığı bütün tərəfləri ilə poeziya predmetinə çevirib ümumiləşdirmək bacarığı Təranə Turan şeirinin poetik bütövlüyünü şərtləndirir. Biz buna sənətkarın poeziyasının fəlsəfi qatı- fəlsəfi təbiəti deyirik. Bizə elə gəlir ki, bu məqamda onun poeziyası ruhən Ramiz Rövşən şeiri ilə birləşir. “Füzulinin qızı” bu məqamda R.Rövşən şeirinin uğurlu davamçısı olur. Söhbət ondan getmir ki, Təranənin bəzi şeirlərində R.Rövşən poeziyasının birbaşa təsiri görünür. Misal üçün, onun “Doğrular əl açıb düzlük dilənir, Tutub qaldırdığın qol şübhələnir” misraları R.Rövşənin:

Səksənir əsən küləkdən,
İyrənir açan çiçəkdən.
Öz başına sığal çəkən
Doğma əldən qorxur adam –

misraları ilə həm birbaşa, həm də assositaiv paralellik yaradır. Söhbət ondan da getmir ki, R.Rövşən şeirinin “qıfılı və açarı” funksiyasında çıxış edən ölüm sözü (K.V.Nərimanoğlu) T.Turan poeziyasından da qırmızı bir xətlə keçir və bu söz şairənin yaradıcılığında birinci halda öz irfani məzmununda – lirik qəhəmanı Haqqın dərgahına – Allaha qovuşduracaq yol kimi təsəvvür edilir.İkinci halda, ölüm sözü və istəyi zamanın sosial ədalətsizliklərinə etiraz ruhunun ifadəsidir. Məsələ bunda da deyil.Söhbət ondan gedir ki, R.Rövşən ənənəsi Təranə Turan şeirində ədəbi təsir səviyyəsində deyil. Ədəbi təsirdə novatorluq olmur. Şairənin şeirləri ənənəyə novator münasibətin təzahürüdür. R.Rövşən şeirindən T.Turan poeziyasına gələn sözün hüdudsuz məna yüküdür. O, ənənəni mükəmməl mənimsəyərk özünə məxsus olan poetik sözü ustadı kimi “bir an ilə əbədiyyat arasında olan zamanın sözü”nə çevirə bilir. “Bir qərib meşədəyəm” şeirində olduğu kimi:

Bir qərib meşədəyəm,
Baltalar dərd doğrayır.
Məndə ürək nə gəzir,
Sinəmdə dərd ağrıyır.

“Sevgimdən tanıyacaqlar” kitabındakı şeirlərdə fərdi üslubu şərtləndirən əsas cəhətlərdən biri də sənətkarın içindən keçən ağrıların yeni poetik deyimdə doğulmasıdır.. Elə poetik bir biçimdə ki, bu məzmunda şeirin bizim zamanımızda məhz bu cür doğulmalı olduğuna qətiyyən şübhə etmirsən.
Vətən torpaqlarının iyirmi faizi işğal altındadır. Qarabağ dərdimiz Vətən mövzusunu bir daha aktuallandırıb. Bu mövzuda yüzlərlə – minlərlə şeir yazılıb. “Könlümün sevgili məhbubu mənim, Vətənidir, vətənimdir, vətənim” – deyən yeni dövrün romantik poeziyasından üzü bəri bu mövzuda yazılanların içərisində öz poetik nəfəsini hiss etdirmək, zamanımızın son dərəcə həssas (eyni dərəcədə də etinasız) oxucusunu kövrəltmək, Vətənə yeni bir vətəndaş münasibəti ifadə edən Sözün sehrinə salmaq sanıram ki, o qədər asan bir məsələ olmasın gərək. Ancaq “Bağışlama, ay Vətən”şeirində Təranə Turan bunu bacarıb:

Başımıza od ələyən yağılarla barışdıq,
Dünəni tez yadırğadıq, bu günə tez alışdıq.
Ulu türkün o saf qanı haram qana qarışdı,
Ölüb yerə qarışmadıq, bağışlama, ay Vətən.

“Bağışla, Ay Vətən” yox, məhz “Bağışlama, Ay Vətən”. Poetik sözün orijinallığı, siqləti məhz bu müraciətin məzmununda cəmləşib. “Bağışlama, ay Vətən” şeirində lirik qəhrəmanın düşüncələrindəki dialoji məzmun bizi özümüzə qaytarır, özümüzə, əməllərimizə tənqidi baxış formalaşdırır. Vətən oğlunun içindəki vətənsizlik və bundan törəyən bəlalarımız da, vətəndaş ləyaqətimiz və düşüncəmiz də, bir sözlə, ziddiyətli təbiətimiz və hərəkətlərimiz bu şeirdə rəssam naturadan rəsm çəkən kimi rəsm edilib. Ancaq şairənin vətəndaş mövqeyi birmənalıdır: içimizdəki dualizmi tənqidə, Vətən sevgisini alovlandırmağa köklənib.

* * *
Təranə Turanın imzası Azərbaycan oxucusuna yaxşı tanışdır. Ən nüfuzli ədəbi orqanlarımız – “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Kredo”, xüsusən gənclərin sevimlisi olan “Ulduz” jurnalı onun şeirlərinə böyük ürək genişliyi ilə yer ayırır.
2007-ci ildə Təranə Turan Azərbaycan oxucusunun qarşısına “Dərdin pıçıltsı” kitab ilə çıxdı. Bu, onun şeirlərinin toplu halında ilk nəşri idi. Sanıram ki, ədəbi mühitdə şairə öz fərdi üslubunu bu kitabda cəmlənən şeirləri ilə bir daha təsdiq edə bildi.
“Sevgimdən tanıyacaqlar” şeirlər toplusu Təranənin türk dünyasına ilk çıxışıdır. Kitab İzmirdə, “KİBATEK” uluslarası dil-ədəbiyyat və tərcümə qurumunun “KİBATEK yayınları” seriyasından növbəti buraxılışı kimi ərsəyə gəlmişdir. Kitabın redaktoru Doqquz Eylül Universitetinin müəllimi, türk xalqlarının ədəbiyyatı üzrə araşdırmaçı-yazar Fəyyaz Sağlam “Təqdim” adlı “Giriş sözü”ndə yazır: “Türkiyə-Azərbaycan ədəbi əlaqələrində əlimizdəki kitabın yeni bir mədəni körpü olacağına inanırıq.” Biz də inanırıq ki, içində gəzdirdiyi və zaman –zaman poetik sözün predmetinə çevirdiyi türkün tarixi varlığına və bu gününə böyük məhəbbət hissi, sonsuz vətən və millət sevgisi, poetik ilhamının tükənməzliyi üz tutduğu böyük oxucu auditoriyasında Təranə Turan Rəhimliyə sonsuz sevgi qazandıracaq,
Bir kitabam qəm yazılı,
Məni oxuma, oxuma –

deyən şairin şeirləri çoxmilyonlu türk oxucusunun qəlbini fəth edə biləcəkdir.

You may also like

4 şərh

RANA İSLAM DEĞIRMENCI 2014-04-15 - 19:24

Canım arkadaşım seni yürekten tebrik ediyorum.Şiirinin dili yüreğinden geliyor,biliyorum. SEVGİMLA.RANA İSLAM DEĞIRMENCI EĞİTİMCİ / ŞAİR – YAZAR ANKARA

Cavab
Terane Turan Rehimli 2015-03-03 - 18:41

Teşekkürler arkadaşım Rana.

Cavab
FAHRİ MÜSLÜM 2014-04-16 - 00:49

TƏBRİK EDİRƏM.

Cavab
Terane Turan Rehimli 2015-07-26 - 21:14

Çox təşəkkür edirəm, Fəxri bəy!

Cavab

Terane Turan Rehimli üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.