Ana səhifə YAZILAR Bir gün də TURAN olacaq!..

Bir gün də TURAN olacaq!..

Müəllif: Bizim Yazı
2. 771 baxış

VAHİD ASLAN
29 sentyabr 1972-ci ildə Gədəbəydə anadan olub. AYB-nin üzvüdür. “Müəllim sözü” qəzetinin təsisçisi və baş redaktorudur. “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Daşlar çiçəkləyəndə” və “Bənövşə ömrü” adlı kitabların müəllifidir.

Türkəm

Göyün üzündən gəlibdi,
Haqqın özündən gəlibdi,
“Tanrı” sözündən gəlibdi
Babam Türkdü, şanlı Türkəm!

 

İnsanlığın əzəlidi,
Batı, doğu öz elidi,
Yaranışın gözəlidi,
Babam Türkdü, şanlı Türkəm!

Ag Hun, Göytürk, Avar, Xəzər,
Qaraxanlılar, Qəznəvilər…
“Altay”, “Sibir”, “Altun əsgər”..
Babam Türkdü, şanlı Türkəm!

“Şəcərei tərakimə”,
Ünvanımdı – “Oğuznamə”…
Zaman özu bilir kiməm
-Babam Türkdü, şanlı Turkəm!

Səfəvilər – Qızılbaşlar
Bir qızıl tarix yazmışlar,
Alnım açıq, adım aşkar
Babam Türkdü, şanlı Türkəm!

Altaylardan Balkanlara,
Tufanları yara-yara,
Zəfərdən zəfərə varan
Babam Türkdü, şanlı Türkəm!

Xan olubdu xan olacaq,
Can deyənə can olacaq,
Bir gün də Turan olacaq,
Babam Türkdü, şanlı Türkəm!

Azərinə

Sən səsinlə döyüşən,
Yenilməz Türk əsgəri.
Eşq olsun hünərinə
Türkün qızı Azərin!

Tanrı sevən bir adsan,
Hayqıranda Bozqurdsan,
Turanlaşan bir yurdsan,
Türkün qızı Azərin!

Ruhunda Atatürkdü,
Səsindən düşmən hürkdü,
Dünyadan da böyükdü,
Türkün qızı Azərin!

Gözün gül çələngidi,
Baxışın od rəngidi,
Heyratıdı, Cəngidi,
Türkün qızı Azərin!

Şuşa tale küskünü

Bu gün – mayın 8-i,
Şuşanın işğal günü;
Şuşa tale gözəli,
Şuşa tale küskünü…

Düz 20 ildi ki,
Şuşasız yaşayıram,
İlahi, mən bu dərdi
Bəs, necə daşıyıram…

Şuşa babalarımın
Sönməyən nəfəsidi,
Qəfəsdə inildəyən
Bülbülün naləsidi…

Mən ondan ayrılmazdım
Zor ilə ayırdılar,
Şuşamın gözlərini
Həsrətdən doyurdular…

Bu gün gördüm onu mən,
Yenə televizyonda,
Bir zalımın əlində
Gördüm şuşa virandı…

Virandı, Şuşam viran,
Yolumu gözləməkdən;
…sabahlar uzandıqca,
Mən susub dayandıqca

Qorxuram ki, unuda,
Unuda şuşam məni…

Avtobusda

Axşam televizora baxdın?
Ermənilər yenə atəşkəsi pozublar!
Yenə Rusiyadakı azərbaycanlıları sıxışdırırlar!
İşıq pulunu yenə qaldırdılar!..
Sən məni rahat buraxacaqsanmı, qardaşım?!.
Ürəyimi beşik kimi yırğalayan
Dərdlərimi ovutmağa…

Məmləkətin ulduzları

Korlayıb gözəl sənəti
Sponsoplu müğənnilər,
Qafası boş, könlü kasıb,
Qoluzorlu müğənnilər,
Restoranlar, toyxanalar,
Kafelər, gecə barları,
Jurnalların üz qabığı,
Televizyon kanalları,
Göz dəyməsin şükür, şükür
Məmləkətdə hər yer ulduz,
Axtarsan tapa bilməzsən
Heç göydə bu qədər ulduz…
Buraxdığı xoruzların
Nə ləzzəti, nə dadı var,
Ancaq di gəl, şoularda
Hərəsinin öz adı var:
super ulduz, meqa ulduz,
makro ulduz, mikro ulduz,..
nə zamandı zəhərləyib,
hər yanı bu mikrob – ulduz.

İlk addım

Məktəbə gedirsən gül üzlü balam,
Yolun nur yoludu, işıq yoludu,
Elə tələsirsən fərəh qarışıq
Arzun qanadlıdı, qəlbin doludu.

Çantan qanadındı özün mələksən,
Nələr oxunmayır uşaq gözündən,
Mənə elə gəlir həvəsin kimi,
Qanadın böyükdü bir az özündən.

İlk addım atırsan işıq yoluna,
Min bir nur çilənir gözündən yola,
Deyirəm illərim geri dönəydi,
Məktəbə gedəydim mən də nə ola…

Get, qovuş məktəbə, müəlliminə,
Bir cığır bir yola qovuşan kimi;
Məktəb də səninlə gözəl görünür,
Sən öz müəlliminə yovuşan kimi;

Get, uğurlu olsun başladığın yol,
Arxanca gör neçə ümid boylanır!
Müəllimə övlad ol, məktəbə dost ol!
Atan da, anan da sənə inanır.
                                                   

Quşcuğaz

Çiynim başına yastıq, ovcum əlinə yuva,
Payız yorğun görünür, bir az tutqundu hava,
Xəzərin sahilində yenə qələbəlikdi,
Yenə dərsdən qaçmışıq, neynək tələbəlikdi,
Dəniz bizsiz darıxar, dəniz tanıyır bizi,
Vaxtında gəlirik ki, ağlatmayaq dənizi,

Bizim öz yerimiz var dünyanın bir küncündə,
Bizdən başqa kimsə yox bizli dünya içində,
Dayanmışıq sahildə dəniz gözündən dayaz,
Ovcum quş yuvasıdı, əlin körpə quşcuğaz!

…Gözlərini yumursan ətr afı görməyəsən,
Nə qohumu, nə dostu, nə yadı görməyəsən,
Görməyəsən dünyanı, gözlərini yumursan,
Yalnız mənli dünyada arxayın uyuyursan,
Dönüb bizə baxdıqca dəniz də duyğulanıb,
Oxuyur həzin-həzin ləpələr yırğalanıb,
Elə gözəl andı ki, sənə toxunmaq olmaz,
Arzuların qanaqlı, özün körpə quşcuğaz…
                                                                  

You may also like

7 şərh

Nicat 2012-05-29 - 23:30

Turk ile bagli ne varsa, ureyimi doyundurur, vucdumu titredir. V. Aslanin bu sheirleri titretdi meni !

Cavab
vahid aslan 2012-06-01 - 10:26

mənim TÜRK QARDAŞIM yazdıqlarından böyük ürəyini gördüm

Cavab
Vasif Süleyman 2012-05-30 - 00:31

Vahid,şeirlərini oxudum. Düşüncələrin var olsun.Turkcülüyün sənin kimi cani-dildən tərəfdarları qarşısında həmişə baş əymişəm.
“Quşcuğaz” şeirini xüsusilə bəyəndim:
Çiynim başına yastıq, ovcum əlinə yuva,
Payız yorğun görünür, bir az tutqundu hava,
Xəzərin sahilində yenə qələbəlikdi,
Yenə dərsdən qaçmışıq, neynək tələbəlikdi,
Dəniz bizsiz darıxar, dəniz tanıyır bizi,
Vaxtında gəlirik ki, ağlatmayaq dənizi.
Bənzər düşüncələrimiz var.Nə vaxtsa mən də “Sərcə” şeiri yazmışdım:
Sənə qoşulub ucmaq nə yaraşır yaşıma,
Məndə qanad acmağa hava yə gəzir axı…
Sən mənim ürəyimə gəl çör-çöpü daşıma,
Yuvasızın qəlbində yuva nə gəzir axı…
Luyğularımı təzələdin. Təbrik edirəm və öpürəm.
Sayğılarla: Vasif Süleyman

Cavab
terane musayeva 2012-05-30 - 15:37

… Bir baxin,
qapim doyulur!
Gece yari kim olacaq?!
Tanidim,
Mensiz darixib –
– Deyin gelsin, qem olacaq!!!
Ezberimde saxlaya bildiyim cox az seirden biri! Sekkiz il bundan evvel tanidigim bu sairi hemise seve-seve oxuyuram. Qemli vaxtlarimda da, xosbext anlarimda da. Ugurlar, Vahid Aslan.

Cavab
qalib şəfahət 2012-05-30 - 19:25

Vahid türükçülüyə,millətə.vətənə sadiq bir şairdir.İstər şeirlərində,istərsə də publisistiq yazılarında yüksək
dərəcədə tərənnüm olunur.Bu hislər insana candan qandan
gəlir.UĞURLAR.

Cavab
Aytekin Xalilova 2012-06-01 - 11:46

ŞAİR OLMAQ,İSTEDADINI SÜBUT ETMƏK ÜÇÜN İSTƏNİLƏN KƏSƏ BİR MƏQAM GƏRƏK OLUR VƏ BU MƏQAM İLAHİNİN ONUN ALNINA YAZDIĞI ƏN MÜQƏDDƏS ANDIR.DÜNYANI KƏLAM VƏ QƏLƏM MÜQƏDDƏSLİYİNDƏ GÖRƏN,SÖZDƏN QİYMƏTLİ MÜKAFAT VƏ HƏDİYYƏ TANIMAYAN,
AĞRISINI,SEVGİSİNİ SÖZƏ KÖÇÜRƏN BİR TÜRK ÖVLADI TANIYIRAM.BU YARADICILIĞINI ÇOX SEVDİYİM SƏMİMİ İNSAN VƏ GÖZƏL ŞAİR VANİD ASLANDIR.VAHİD MÜƏLLİM,SİZƏ DANA BÖYÜK
YARADICILIQ UĞURLARI ARZULAYIRAM.

İlk addım atırsan işıq yoluna,
Min bir nur çilənir gözündən yola,
Deyirəm illərim geri dönəydi,
Məktəbə gedəydim mən də nə ola…

MƏNİ ÇOX UZAQLARA APARDI.HƏMİŞƏ VAR OLUN,YAZIN,YARADIN.BİR OXUCU KİMİ MƏN SİZİNLƏ FƏXR EDİRƏM.

Cavab
GULNARE 2012-10-23 - 12:37

O LOVE VAHID

Cavab

Nicat üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.