Habil YAŞAR
Məni anlamadı dünyada heç kim,
Bəlkə mən özüm də anlaşılmazam.
Bəlkə birisinə sirli bir aləm,
Başqa birisinə çox dayazmışam.
Hər kəsin özünün öz düşüncəsi,
Heç kəsin qəlbini oxumaq olmur.
Mənim ürəyimdə hər kəsə yer var,
Bəlkə də içində yaşamaq olmur.
İçim qasırğalar, tufanlar dolu,
Kimlər yaşayar ki, bu xarabada.
Bəlkə də içimdə ölmüşəm düzü,
Ruhumu gəzirəm bu xarabada.
Yox, yox qınamıram mən özgələri,
Mən özüm özümə düşmən olmuşam.
Özüm öz içimdə öləndən bəri,
Özüm də özümdən küsən olmuşam.
Mən özüm özümü anlamıramsa,
Kimlər anlayacaq, duyacaq məni?
Bəlkə də məndən də dəli adamlar,
Bir dəli yerinə qoyacaq məni.
27.04.2014