Ana səhifə BAŞ YAZI Almaz Ülvi: “ Tatar uşaqları məni çox duyğulandırdı”

Almaz Ülvi: “ Tatar uşaqları məni çox duyğulandırdı”

Müəllif: Bizim Yazı
923 baxış

Son vaxtlar  türksoylu xalqların mədəni və ictimai əlaqələrinin möhkəmlənməsində, ortaq tarixə və dəyərlərə malik xalqların ziyalılarının bir araya toplanması ilə  keçirilən tədbirlər öz aktuallığı ilə diqqəti cəlb edir.

Bu ilin əvvəlində TÜRKSOY-un qərarı ilə böyük klassik tatar şairi Qabdulla Tukayın anadan olmasının 125 illiyi geniş miqyasda keçirilməsi qərara alındı.

Elə ilk tədbir Türkiyədə  TÜRKSOY-un əsas binasında qeyd edildi. Növbəti tədbirlərdən biri  sevimli şairin doğma vətəni Tatarstanda—qədim Kazan şəhərində  daha geniş və təntənəli keçirildi. “Qabdulla Tukay irsi və milli mədəni əlaqələr” adlı beynəlxalq elmi praktiki konfransda 24 ölkədən 400-ə qədər nümayəndə iştirak edirdi.  Türk dünyasının demək olar ki, bütün coğrafiyasını əhatə edən bu konfransda iştirak etmiş filologiya elmləri doktoru Almaz Ülvi Binnətova ilə söhbətləşdik,  tədbirlə və ümumiyyətlə, türk xalqlarını bir-birinə doğmalaşdıran mədəni əlaqələrin əhəmiyyəti ilə bağlı fikirlərini öyrəndik.

– Tatarıstana səfərinizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

–  Tədbir bildiyiniz kimi, elmi praktik konfrans çərçivəsində keçirildi. Burada Uzaq Sibirdə yaşayan xalqlar—başqırd,  Tıva, çuvaş,  uyğur,   Türkiyədən geniş tərkibdə yazıçı, şair və elm xadimləri, Türküstandan – özbək, qazax, qırğız, türkmən,  Avropada – Almaniyadan, Finlandiyadan, Hollandiyadan, Rumıniyadan və başqa ölkələrdə yaşayan  həmvətənlərimiz, tatarlar və digər türksoylu xalqların nümayəndələri vardı.  Azərbaycandan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun  “Türk  xalqları ədəbiyyatı”  şöbəsinin aparıcı elmi işçiləri – Mənzər Həsənova, Xuraman  Hümmətova və mən bu nüfuzlu tədbirə dəvət almışdıq.  Azərbaycan-tatar ədəbi əlaqələrinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mənzər Həsənova “ Qabdulla Tukay irsi və Azərbaycan ədəbiyyatşünaslığı ” mövzusunda plenar iclasda məruzə ilə  çıxış etdi. Qabdulla Tukayın məşhur və ən böyük əsəri hesab olunan “ Saman bazarı , yaxud  Yeni Kəsikbaş ” poemasını Azərbaycan dilinə tərcümə etmiş fiologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova bu  əsər haqqında elmi  məruzə etdi.  Mənim çıxışım  isə “Qabdulla Tukay irsi və özbək ədəbiyyatşünaslığı” mövzusunda oldu. Çıxışlar bir-birindən fərqli və  maraqlı idi.  Konfransda çıxış edən alimlərin çoxunu imzalarından, araşdırmalarından tanıyırdım. Bu konfrans onlarla daha yaxından ünsiyyət qurmağımıza kömək etdi. Bir-birimizə hədiyyə olaraq kitablar bağışladıq., fikir mübadiləsi apardıq. Mənim ən çox xoşuma gələn isə tatar ziyalılarının və dövlətinin,  başda Tatarıstan Prezidenti Rüstəm Minnixanov olmaqla Azərbaycan nümayəndə heyətinə diqqət və sevgi ilə yanaşmaları  oldu.

–  Cənab Prezident Azərbaycan nümayəndə heyətini necə qarşıladı?

– Öncə qeyd edim ki, səfərin ikinci  günü Tatarstan Dövlət Akademik Opera və Balet Teatrında  təntəli yığıncaq keçirildi.  Rəsmi çıxışlar dinlənildi.  Ölkə başçısı bütün türk dünyasından olan qonaqları salamladı. Rəsmi çıxışlardan sonra böyük maraqla Tukaya həsr olunmuş “Şairin eşqi” operasını  izlədik.  Həmin günün axşamı mərasim iştirakçıları üçün təntənəli ziyafət verildi. Prezident Rüstəm Minnixanov məhz həmin mərasimdə hər ölkədən olan ziyalılarla görüşdü, söhbətləşdi. Cənab Minnixanov nümayəndə heyətimizi səmimiyyətlə qarşıladı, fikirlərimizi dinlədi. Ona Bakıdan gətirdiyim kitabları hədiyyə etdim. Onlar  arasında 20 Yanvarda şəhid olmuş gənc şair Ülvi Bünyadzadənin 5 dildə nəşr olunmuş şeirlər kitabı, özbək-Azərbaycan ədəbi əlaqələrindən bəhs edən kitablarım da vardı. Ülvinin Əfqanıstan döyüşçülərinə həsr etdiyi şeirdə digər xalqlara; o cümlədən bizimlə ortaq ənənə və dilə malik qardaş tatar xalqına da çağırış etdiyini Prezidentin diqqətinə çatdırdım. Bu əsərin tatar dilinə tərcümə olunması ilə bağlı arzumu bildirdim. Görüş zamanı xatirə şəkilləri də çəkdirdik.

–  Kazan səfəri daha hansı maraqlı hadisələrlə yadda qaldı?

–  Biz Kazanda Nəriman Nərimanovun adını daşıyan  prospektdə olduq.  Ədibin Bakıdakı ev-muzeyinin rəhbərliyinin xahişi ilə oranın fotosunu da çəkdik. Prospekt Tukay adına küçə ilə paralel şəhərin mərkəzində yerləşir. Ən maraqlısı, Nərimanovun orada işlədiyi dövrdə qəzet nəşr etdiyi binaya da baş çəkdik. Binanın yalnız ön divarı qalmışdı, görünür, bərpa işləri gedəcək.  Kazanda məni təəcccübləndirən və sevindirən Tukayın ad günü-aprelin 26-ı səhər tezdən şəhərdə  ağ köynəkdə olan məktəb şagirdlərinin yürüşü oldu.  Ətraf  ərazilərdən şəhərə gələn uşaqlar əl-ələ verərək Tukayın yazdığı şeirlərindən birini xorla oxuyurdu: “Mən tatarca danışıram”. Köynəklərin üstündə yazılmış “Mən tataram” cümləsi isə sanki qədim tarixə və mədəni irsə sahib türk xalqının  varlığını bütün dünyaya  bir daha göstərirdi.  Uşaqların sevinc və qürurla oxuduğu nəğmələr məni çox duyğulandırdı və bir daha türk olmanın qürurunu yaşadım.

–  Bəs ölkəmizdə türk xalqlarının ədəbiyyatının öyrənilməsi hansı səviyyədədir?

–   Müxtəlif  dövrlərdə  türksoylu xalqlarla Azərbaycanın ədəbi əlaqələri olub, şairlər, yazarlar, elm adamları  bir-birinin yaradıcılığını izləməklə yanaşı, biri-birindən bəhrələniblər. Odur ki, bu sahədə araşdırılmalı çox mövzular var.  Mən uzun müddət özbək-Azərbaycan ədəbi əlaqələrini araşdırmışam. Hətta  bununla bağlı doktorluq dissertasiya  da müdafiə etdim. Bir neçə kitabım nəşr edildi.  Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatı şöbəsi artıq üç ildir ki, fəaliyyət göstərir. Bu qısa vaxt ərzində bir sıra dəyərli araşdırmalar üzə çıxıb. Ancaq zaman keçdikcə bu sahədə istədyimiz nəticəni əldə edəcəyik.

–  Türk  ziyalılarının ən çox müzakirə etdiyi  ortaq türkcə məsələsinə sizin münasibətiniz necədir?

–   Bu məsələ artıq bir neçə müddətdir, ara-sıra gündəmə gətirilir və müzakirə edilir.  Qeyd edim ki, beynəlxalq konfransların çoxunda, eləcə də bu son tədbirdə protokol qaydalarına görə məruzələr Türkiyə türkcəsində də edilirdi. Ancaq tam səmimi deyim, bir çox hallarda çıxışçılar bir müddət sonra  öz türkcəsində danışmağa başlayırdılar. Diqqətlə dinləyəndə fikri tam mənasında anlayırsan. Ümumiyyətlə,   ortaq dil məsələsi zamana bağlıdır. Türksoylu ziyalıların, gənclərin bir araya gəlmələri və əlaqələrin möhkəmlənməsi özü ortaq ünsiyyət dilinin formalaşmasına müsbət təsirini göstərəcək. Təbii ki, bu əlaqələrin güclənməsi mədəniyyət vasitəsi ilə daha uğurla reallaşa bilər. Bu sahədə medianın üzərinə daha böyük məsuliyyət və vəzifələr düşür. Təsadüfi deyil ki, sevə-sevə izlədiyimiz TRT Avaz kanalı artıq türk dünyasının bəyəndiyi bir kanala çevrilib. Media bu işdə daha böyük təşəbbüskarlıq göstərə bilər.

–  Maraqlı söhbətə görə sağ olun!

Söhbətləşdi: Əfsanə BAYRAMQIZI

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.