AKİF SƏMƏD
ŞUŞAYA GEDƏ BİLMİRƏM…
Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.
Qazağıq, özbəyik – türkük,
Tarixdə çoxuna görkük..!
Həsrətdə, dözümdə bərkik,
Şuşaya gedə bilmirəm…
Uduzduq nədə – bilirəm,
Bilirəm, dədə, bilirəm..!
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm…
Şuşasız evim-evdimi?
Dözən mənəmmi, devdimi?
Kimə söyləyim dərdimi? –
Şuşaya gedə bilmirəm.
Şuşada güllər gülürmü,
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi? –
Şuşaya gedə bilmirəm.
Türk olmaq günahmı oldu,
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?-
Şuşaya gedə bilmirəm.
QARABAĞ
İçimizdə boğuluruq,
Üzdə hələ şeir yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir yazırıq.
Zaman ötür, sular axır,
Qazanımız köhnə paxır…
Düşmən dağa bayraq taxır,
Düzdə hələ şeir yazırıq.
Susuz yanırıq, hər yan su,
Dağ çayı, bulaq, uçansu…
Torpağı itirib, hansı
üzlə… hələ şeir yazırıq.!?
Adam olmaq qara baxtım,
Qara baxtım, qızıl taxtım,
Qəbir yerim – Qarabağım,
Gözlə, hələ şeir yazırıq.
* * *
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?
Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?
Eşqlə sərsəri gəzirəm,
“Mən”dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?
Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım…
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?
ARXADAŞ
Bütün yollar dolanıban dünyanı,
Kəndə dönür, kəndə dönür, arxadaş.
Üz çevirməz bəndəsindən yaradan,
Bəndə dönür, bəndə dönür, arxadaş.
Yanar ocaq birdəfəlik ha sönmür,
Kül altında qor illərlə görünmür.
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür, gündə dönür, arxadaş.
Qara qoçun sabahı yox, sabahı,
Qara acın pənahı yox, pənahı.
Qara sacın günahı yox, günahı,
Kündə dönür, kündə dönür arxadaş.
Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi, nə saya..?
Yer fırlanmır, nə Günəşə, nə Aya,
Səndə dönür, səndə dönür, arxadaş.
Nə yatıbsan bu sərində, kölgədə,
Səni gəzir Ağrı dağı bəlkə də..!
İmanlısı Akif olan ölkədə
Din də dönür, din də dönür, arxadaş.
* * *
Uzanıb sübhə qədər,
Çəkirəm ah… gecələr.
Gedir yenə qayıdır,
Mənə sabah gecələr…
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi…
Qaralar ağı yedi,
Hardadı ağ sahibi.?!
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun,
Ustdən qara çəkilir…
Görsəniz yoxam, deyin,
Aytək batmağa getdi..!
Öldü dəməyin, dostlar –
Akif yatmağa getdi…
* * *
Yarəb, adamam, adıma,
Sanıma yazığın gəlsin.
Bu dunya xandı, mən qulu,
Xanına yazığın gəlsin…
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim..?
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin…
Ay qaranlıq, qar işıq,
Gecə gündüzə yaraşıq…
Qanım qanlara qarışır,
Qanıma yazığın gəlsin…
Nə oxuyur bu saz, bu tar?
Canımda qoymadı tutar…
Canımnan canımı qurtar,
Canıma yazığın gəlsin…
* * *
Yarəb, günahım çox… görəni sənsən,
Avandım dönməsin astara mənim.
Xatalı qulların kərəmi sənsən,
Salmaynan işimi dostlara mənim.
Boynum bükülməsin söz qapısında,
İlhamım yar olsun yüz qapı sanda…
Minnətli baxışla öz qapısında,
Yazığam, çəkməsin dost dara məni.
Yad qapı – döyərəm, ya təpiklərəm,
Yadı ya söyərəm, ya təpiklərəm,
Akif, dost əlində mis qəpiklərəm,
Aparıb çıxarmaz bazara məni…
* * *
Bu nə yeriş, bu nə nazdı?
Amandi, ay gedən, əylən.
Bu günlər yoxsa, sabahlar,
Gümandı, ay gedən, əylən.
Gülə can verən arıyıq,
Yönü sevdaya sarıyıq.
Ölüm heç nədi… ayrılıq,
Yamandi,ay gedən, əylən.
Açıb yasəmən kolları,
Açılıb bizə qolları…
Tanı getdiyin yolları,
Dumandı,ay gedən, əylən…
* * *
Şəhla gözlərin tufanı,
Buludu adam öldürür.
Bütün mürvəti, insafı
unudub… adam öldürür.
Bülbülü oyadır səsi,
Gülü titrədir cilvəsi,
İşi-gücü, vəzifəsi
uludu – adam öldürür..!
Gül öldü arıdan deyil,
Gül yara sarıdan deyil.
Bir kəsi yarıdan deyil –
umudu… adam öldürür…
(Akif Səmədin həmişə təzə şerlərini Həmid Ormanlı sundu)