Almaz ÜLVI, filologiya elmləri doktoru
I. “Abdulla Qədiri: tənqid, təhlil və şərhlər”
Ötən ilin oktyabrında Daşkənddə ənənəvi olaraq keçirilən Nəvai günlərində Azərbaycan alimləri adına düzənlənən müxtəlif tədbirlərdən aldığımız təəssüratlar unudulmaz anlarla, xatirələrlə yaddaşımıza sanki əbədilik həkk olunurdu (AMEA Nizami adına Ədəbiyyat İnstitutundan professor Nüşabə xanım Araslı və mən dəvət olunmuşduq). Bu sıradan Özbəkistan Milli Universitetinin qonağı olarkən orada Universitetin tanınmış alimlərindən biri – filologiya elmləri doktoru, Özbəkistan Milli Universsitetinin professoru Bahadur Kərimov (Baxodir Karim) çağdaş özbək elmi-nəzəri fikrində Abdulla Qədiri irsinin ən mükəmməl tədqiqatindan bəhs edən kitabını hədiyyə etdi.
Müstəqillik illərində yeni baxışla tədqiqata cəlb etdiyi Abdulla Qədirinin ədəbi şəxsiyyəti və irsindən bəhs edən bu əsərin istər elmi-nəzəri baxış cəhətdən, istərsə də tədqiqatçının səlis elmi dili, aydın təfəkkürü, problemə ciddi yanaşması baxımından elə ilk andaca mükəmməl təsiri hiss olunur. İrihəcmli “Abdulla Qədiri: tənqid, təhlil və şərhlər” (“Abdulla Kodiriy: tankid, taxlil va talkin”, Toşkent, Fan, 2006, 232 bet.) monoqrafiyası 2006-cı ildə “Fan” (“Elm”) nəşriyyatında (professor U. Hörmətovun məsul redaktorluğu, professsor Naim Kərimovun və filologiya elmləri namizədi U.Jurakulovun rəyləri ilə) çapdan buraxılmışdır. Əsər “Giriş”, “Qədiri yaradıcılığına öncəki baxışlar (“Ötən günlər” və 20-30-cu illər mühiti)”, “Ədəbi – tənqidi ziddiyyətlər (“Mehrab əqrəbi”nə münasibət)”, “Elmi – ədəbi mühit və ədəbi şərhlər”, “Satirik tənqidi yorumlar”, “Bədiiyat məsələsi və bəzi nəzəri görüşlərə baxış”, “Bədii estetik təfəkkür yenilikləri və qədirişünaslıq”, “Bioqrafik məlumat və şərhlər”, “Xaricdə qədirişünaslıq”, “Nəticə” və “İstifadə olunan ədəbiyyatlar” kimi 11 bölmə daxilində qruplaşdırılaraq olduqca əhatəlidir və dəyərli əhəmiyyətə malikdir. Eyni zamanda monoqrafiya elmi faktlar zəngindir.
XX əsr özbək ədəbiyyatı tarixində Abdulla Qədirinin yaradıcılığı, ən başlıcası isə onun “Ötən günlər” və “Mehrab əqrəbi” əsərləri həm müəllifinə, həm də özbək ədəbiyyatına, yenicə yaranan bədii nəsrinə böyük şöhrət qazanmışdır. Bu əsərlərin aktual mövzusu, müəllifin yaradıcılıq üslubu, milli ədəbiyyata gətirdiyi yenilikçi görüşləri, aydın düşüncə tərzi, zəngin bədii-estetik təfəkkürü və eləcə də dövrü mətbuatda dərc etdirdiyi ədəbi-tənqidi məqalələri imkan yaratmışdır ki, haqqında onlarla kitablar, yüzlərlə ədəbi-tənqidi məqalələr yazılsın. Təsadüfi deyil ki, şərqşünas alim, akademik Bertels özbək nəsrini Abdulla Qədirinin «Ötən günlər» romanına görə dünya (ingilis, alman, fransız, rus və hind romandan sonra) nəsrinin «altıncı özül daşı» adlandırmışdır.
A.Qədirinin bədii təxəyyülü, ədəbi-estetik idealı ilə izahlı elmi görüşləri arasındakı münasibət, hökmran siyasətin ədəbi tənqidə təsiri, yorum və təhlillərdəki vulqar sosiologizm, subyektivizm və başqa bu kimi problemlərin yeni elmi – nəzəri əsasda öyrənilməsi müstəqillik illərimizin vacib məsələlərindən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Mübaliğəsiz deyə bilərəm ki, istedadlı alim, təvazökar insan professor Bahadur Kərim işinin öhdəsindən gerçəkdən də layiqincə gəlmişdir.
Çünki XX əsr özbək ədəbiyyatşünaslığında, ümumən əski sovet ittifaqların ədəbiyyatşünaslığında bədii əsərlərin şərhi, izahı sovet prinsiplərinə uyğun öyrədilirdi. Ə.Fitrət, Ə.Çolpan, X.Behrudi, A. Qədiri kimi sənətkarların yaradıcılığı isə nəinki təhrif formada, hətta çox az, digər müttəfiq ölkə ədəbiyyatşünaslığında isə ötəri elmi-baxışla yazılırdı, ya da üstündən tam sükutla ötürülürdü.. Məşum 37-ci il faciəsində ilk repressiya qurbanlardan biri də Abdulla Qədiri olmuşdur (qeyd etmək yerinə düşər ki, özbək ədəbiyyatının sütunları sayıla biləcək üç böyük təfəkkür sahibi Ə.Fitrət, Ə.Çolpan və A. Qədiri eyni gündə həbs edilmiş və qısa zaman ərzində də hər üçü güllələnmişdir).
Bəli, bu gün əldə etdiyim qiymətli monoqrafiyalara isnadən deyə bilərəm ki, müstəqillik əldə edildikdən sonra özbək ədəbiyyatşünaslığında böyük işlər görülməyə başlamışdır. Xüsusən Siyumə Qəniyeva, Naim Kərimov, Azad Şarafiddinov, İbrahim Haqqulov, Həmdulla Baltabayev, Bəxtiyar Nəzərov və digər tanınmış, istedadlı ədəbiyyatşünaslar xeyli işlər görməyə müvəffəq olmuşdular. Onlar Əbdürrauf Fitrət, Əbdülhəmid Çolpan, Maqsud Şeyxzadə və bir çox repressiya qurbanları – özbək ədəbiyyatının, ədəbiyyatşünaslığının yaradıcıları olan ziyalılar haqqında fundamental monoqrafiyalar yazdılar və yenə də yazılır. A.Qədiri haqqında yazılmış “Abdulla Qədiri: tənqid, təhlil və şərhlər” adlı əsər də bu sıradan diqqətə çəkilməyə layiqdir.
Müəllif monoqrafiyasında ilk olaraq müstəqillik illərinəcən A.Qədiri yaradıcılığının özbək ədəbiyyatında yeri, özbək ədəbiyyatşünaslığında öyrənilməsi məsələsinə diqqət etmiş, araşdırmaların yekunu olaraq qənaəti belə olmuşdur ki, indiyəcən Qədiri yaradıcılığı məhz sosializm realizm prinsipləri mövqeyində təhlilə cəlb edilmişdir. Bu isə böyük ədibin yaradıclıq dünyasının bütövlükdə açılmasına maneçilikdən başqa bir şey olmadığına gətirib çıxarmışdır. Müəllif əsərin annotasiya hissəsində xüsusi olaraq qeyd edir ki, “A.Qədirinin həyatı və yaradıcılığının tədqiqinə həsr olunan bu monoqrafiya tam bir əsrlik ən mühüm elmi mənbələr, ədibin qələminə mənsub bədii əsərlər müasir nöqteyi-nəzərdən öyrənilmişdir. Kitabda XX əsr qədirişünaslığının tarixi və ümumən, özbək ədəbiyyatşünaslığı tarixinin elmi mənzərəsi tam açılmışdır”. Müəllif xaricdə qədirişünaslıq mövzusunda yazılan bütün əsərlərə diqqət yetirmiş, onlar haqqında müəyyən yekun nətisəyə gəlmişdir. Ən mühümü, elmi-nəzəri mənbələrə dünya ədəbiyyatşünaslığında olan meyarlar əsasında yanaşmışdır.
“Qədiri yaradıcılığına ilkin baxışlar (“Ötən günlər” və 20-30-cu illər mühiti)” bölməsində ilk olaraq Abdulla Qədirinin 20-ci illərin əvvəllərində yazdığı əsərləri haqqında söz açır. Müxtəlif mətbuat orqanlarında dərc olunmuş “Bəxtsiz adaxlı”, “Əxlaqsız”, “Uloqda” kimi əsərləri, bəzi şeirləri, eləcə də həcvi-publisistik – satirik ustalığı ilə yazdığı kiçik həcmli əsərləri, məqalələri onu xalq arasında tanıtmışdı. Çünki bu əsərlərdə real həyat lövhələri olduqca səlis və məntiqli, aydın və lakonik, hər kəsin gördüyü və müşahidə etdiyi, gündəlik həyatında rastlaşdığı haqsızlıqlar, eybəcərliklər sərrast şəkildə qələmə alınmışdır. A.Qədiri dünya ədəbiyyatında xüsusən Azərbaycanda yaranan ədəbiyyatı mütaliə etmək, onlarla tanış olmaq fürsəti qazana bilmişdir. Ədəbi təsir özünü göstərmişdir. O, Mirzə Cəlilin, “Molla Nəsrəddin”inin, Sabirin Orta Asiya xalqlarının ədəbi-mədəni inkişafına təsirindən danışarkən, bunu xüsusilə qeyd etmişdir: “Orta Asiyada Azərbaycan ədəbiyyatını oxumayan, bilməyən sənətkar yoxdur. Biz həcvçiliyi “Molla Nəsrəddin”dən öyrənməliyik. Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə “Molla Nəsrəddin”dən öyrənmişəm”.
A.Qədirinin ilkin yaradıcılıq ustalığı onun haqqında müxtəlif elmi-ədəbi-tənqidi məqalələrin də yazılmasına imkan yaratmışdı. Abdürrəhman Sədi “Oktyabr inqilabı və özbək ədəbiyyatı”, Əli İsmayılzadənin (Əli Yusif kimi tanığımız Əli İsmayılzadə 1918-ci ildə Fransaya təhsil almağa göndərilən 100 tələbədən biridir, ADR süquta uğrayandan sonra onun da taleyi Özbəkistana bağlanmışdır) “Ədəbiyyat qovğası”, Nemət Həkiminin “Özbək ədəbiyyatında tənqid və ədəbi mühakimələr”, Vadud Mahmudinin “Bu günkü şeirlərimiz və sənətkarlarımız” kimi məqalələrdə A,Qədiri yaradıcılığında bəhs edilmişdir. Elə bu ərəfədə yazıçının “Ötən günlər” romanı nəşr edildi. Bu əsər istər məzmun, istər sənətkarlıq baxımında nəinki özbək ədəbiyyatında, ümumiyyətlə o dövr bədii – nəsr ədəbiyyatında zirvə oldu.
Müəllif “Ötən günlər” romanını, ümumilikdə yazıçının 20 – ci illərdə yazdığı əsərləri təhlil etməklə yanaşı, 20-ci illərdən ta müasir dövrümüzə qədər ayrı – ayrı ədəbiyyatşünasların yazıçı haqqında yazdıqları ədəbi-tənqidi məqalələri də nəzərdən keçirərək müqayisəli şəkildə öz mülahizələrini bildirir.
“Ədəbi-tənqidi ziddiyyətlər (“Mehrab əqrəbi”inə münasibət)” bölməsində isə yazıçının ikinci məşhur romanı – “Mehrab əqrəbi” əsəri və əsər haqqında yazılmış ədəbi-tənqidi fikirlər, qeyd və düşüncələrdən bəhs edilir. Özbək ədəbiyyatşünaslığında “Mehrab əqrəbi” əsərinə münasibət Aybekin “Abdulla Qədirinin yaradıcılıq yolu” əsəri ilə başladığını tədqiqatçı qeyd edir. Eyni zamanda roman haqqında ilk şərh onun nəşr olunduğu zamandan başladığını da diqqətə çəkilir. 1929-cu ildə “Şərq həqiqəti” qəzetində M.Buzrukun “Mehrab əqrəbi” (mövzu sinfi rəngi və görünüşü cəhətdən dəyişdirilmişdir) sərlövhəli məqaləsini ikinci roman haqqında yazılmış ilk ədəbi-tənqidi yazı hesab edə bilərik. Məqalə müəllifi əsər haqqında fikirlərini rum rəqəmləri ilə işarələyərək 11 hissədə şərh etmişdir: I. Romançılıqda tərcümə. II. Özbək ədəbiyyatında roman. III. Romanın xülasəsi. IV. Şərtlər (Burada yaxşı cəhətlərini və “əyər-əskikliklər” deyə iki qısm daxilində). V. Məfkurə cəhəti. VI. Düzülüş xətaları. VII. Qeyri-təbii cəhətləri, VIII. Nöqsanlar. IX. Tiplər. X. Təsiri. XI. Xülasə.
Elə bu məqalədən başlayaraq ta indiki dövrə qədər Qədirinin adı çəkilən əsəri haqqında yazılmış ədəbi-tənqidi qeyd və düşüncələr tədqiqatın əsas predmetlərindən biri kimi təhlil olunmuşdur. Kitabda olduqca əhatəli və çoxcəhətli məqamlara toxunulmuşdur və bu da monoqrafiyanı mükəmməl etmişdir.
Monoqrafiyada “Elmi-ədəbi mühit və ədəbi izahları”, “Satirik tənqidi yorumları”, “Bədiiyat məsələsi və bəzi nəzəri görüşlərə baxış”, “Bədii estetik təfəkkür yenilikləri və qədirişünaslıq”, “Bioqrafik məlumat və şərhlər”, “Xaricdə qədirişünaslıq”, “Xülasə” və “İstifadə olunan ədəbiyyat” bölmələr daxilində A.Qədirinin ədəbi irsi və şəxsiyyəti müstəqillik işığında araşdırılmışdır.
Əsərdə ən maraqlı bölmələrdən biri “Xaricdə qədirişünaslıq” mövzusudur. Bu bölmədə A.Qədiri irsinin dünya şöhrəti qazanmasının səbəbi təbii ki, onun real həyat müşahidələri əsasında sadə dildə qələmə aldığı əsərləridir, xüsusən “Ötən günlər” romanı. Bu əsər haqqında Avropa və Asiyanın tanınmış, məşhur ədəbiyyatşünasları kəsərli və obyektiv müsbət rəylər və mülahizələrini bildirmişlər. Tədqiqatçı bu sahəyə aid olan kifayət qədər ədəbi-tənqidi qeyd və düşüncələri əldə etmişdir.
Kitabın müəllifi professor Bahadur Kərimdən əsərdə Azərbaycan ədəbiyyatşünaslarının, ümumiyyətlə, Azərbaycan elmi-nəzəri fikrində A.Qədiri irsinə münasibət mövzusuna toxunulmadığını maraq etdim:
P.S. Assalomu alaykum Ulvi xonim! Nasilsingiz? Biz sog’-omonmiz. Almaz Улви опа. Эҳтимол бу мақолага Сиз Озарбайжонда қилинган илмий тадқиқотлар ҳақида ва бошқа билганларингиздан маълумот-манбалар қўшсангиз, икковимиз номимиздан бу мақолани ҳам нашр қилинишига қарши эмасман. Kkitobimdan ikki maqola hozirladim. Ma’qul o’lanini tanlab olirsiz”.
Bəli, “bu fəslin yazılmasını sizdən rica edirəm” – deyə alim dostumuzun cavabı məni A.Qədiri haqqında ikinci bir yazının – “Хорижлик олимларнинг Абдулла Қодирий ижодига ёндашувлари” adlı məqaləsinin davamı kimi “Abdulla Qədiri və Azərbaycan” adlı elmi araşdırmanın yazılmasına iz açdı.
Qeyd edim ki, özbək alim dostumuz Bahadur Kərimin ünvanıma göndərdiyi “Абдулла Қодирий ижодининг янгича талқинлари (Мустақиллик арафаси ва мустақиллик йиллари мисолида)” və “Хорижлик олимларнинг Абдулла Қодирий ижодига ёндашувлари” adlı məqalələri yuxarıda adı çəkilən kitabındakı yazının eynidir və həmin məqaləni bütün türk dünyası gənclərinin, ədəbiyyatsevərlərin izlədiyi Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) www.dgtyb.org, www.bizimyazi.com və eləcə də www.yalquzaq.com saytlarında yayımladıq.