Ana səhifə YAZILAR Yaşıl ağac idim…Necə darıxdım.. -Şeirlər

Yaşıl ağac idim…Necə darıxdım.. -Şeirlər

Müəllif: Bizim Yazı
1. 338 baxış

Şavkat Rahman

İtiraf

Rübabi şeir yazsam…
qayıtsam bir nəfəs…
həmişə müsəffa çeşməni görsəm,
qaranlıq zirvələrin qarına baxıb,
bir nəfəs xəyallı uşağa dönsəm.
Vay, o həmin anlar…
ötdümü tamam
bənövşə ətirli nadir duyğular.
səhərlər bağları oyadan bülbül,
ayın işığını ələyən sular.
Yaşıl ağac idim…
Necə darıxdım…
gözümü doldursa rubabi rənglər.
Hansi dünya üçün bunca üzüldüm,
ürəyimi yordu həmin döyüşlər.
Döyüşçü deyildim,
şair idim mən,
nəhayət şairə görə zabitəm,
həmişə müsəlman millətim dedim.
nəfs üçün yananlar gəldi aqibət.
Haramı xoş görən mələksifətlər,
bir azca himmətin etdikdə minnət,
yapraqtək saraldım böyük vuruşda
müsəlman yox idi
yox idi millət.
Quşlar da ötürlər,
yarpaqları bol
yaşıl ağac kimi dursam hər səhər,
mənim ilhamımdan danışsın onlar,
zəhərli dilimdən tökülsün şəkər.
Rübabi küləklər ruhumdan keçin,
yenidən oyansın ilahi tüğyan.
Çılpaq budaqlarım qılınctək kəskin,
yarpaq da qalmayıbdır pıçıldayan.

Əgər…

Böhtandan yıxılsa
əgər bir dostum
Mən isə kənarda gizlənib, yatsam.
Hələ bu yetməyib bir müddət sonra
paklıqdan danışıb,
xatirə satsam.
Yox, olmaz
yaşardım başımı əyib,
gəzərdim ölüncə ölkələr aşıb.
Kimsənin gözünə dik baxammasam
sinəmdən asılı olardı başım.
Yox, yox, yox…
Əlbəttə birgə olardım
Zəbani işini icra edincə
Dostumla yanbayan durub ölərdim,
ehtimal, ölərdim ondan da öncə.

Bəxt sözü

Bir kəlmə «xoşbəxtəm» sözün deməkçün
Ümmantək dəyanət, səbr, güc lazım.
Gərçi ən şirini bəxt sözlərinin
Dursa da dilinin ucunda hazır.
Heç ağır gəlməzmi
bu söz kimsəyə?
Kimsənin olmazmı səbəb ahına?
Necə dözəcəyəm ömür boyunca
Bədbəxt adamların o nigahına?
Əvvəlcə bu sözü özgələr desin,
Desinlər gözləri sevinclə dolub.
Millətin bəxtinə ömrün həsr edən
Şairlər deməsin birinci olub.
Demədən yaşadım bu sözü, bəzən
Sevincdən vurnuxub mən ora-bura.
Qəm sözün elimdən qabaq demişəm
Bəxt sözün deyəcəm
elimdən sonra.

Uyğunlaşdıran: Rəhmət Babacan

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.