Ana səhifə BAŞ YAZI Vasif SÜLEYMAN. VİRAN EŞQİN HEKAYƏTİ

Vasif SÜLEYMAN. VİRAN EŞQİN HEKAYƏTİ

Müəllif: Bizim Yazı
1. 008 baxış

…yaxud ÖLÜM SEVGİ YARADA BİLMƏZ

 … Son yüz ilin ən böyük eşq hekayətlərindən birini indicə tamamladım. İndicə deyəndə, kitabı indi əldə etdim, heç bir fasilə vermədən, oxucu olaraq, bu «şirin» ağrılı əsəri başa çatdırmaqdan özümü saxlaya bilmədim. Sadəcə ona görə yox ki, bu, bir qızın yaralı taleyindən danışırdı, həm də ona görə ki, bu qəbildən olan əsərlər az-az yazılır.
Həyat həqiqətinin əsil bədii həqiqətə çevrildiyi anda, o, təkcə müəllifin olmaq haqqını itirir və oxucu olaraq bizimki olmaq haqqı qazanır, stolüstü kitabımıza çevrilir. Müəllif yazdıqlarının həm də iştirakçısı və ya müşahidəçisi olanda onu birnəfəsə oxumaqdan başqa çarən qalmır. Qənirə Paşayeva kimi… «Onun sevgi məktublar kimi»… Çünki o, bu aləmə yad deyil. İllərlə  bir publisist, bir millət vəkili olaraq öz düşüncələri, əməlləri ilə insanları necə sevmişdisə, bir yazar olaraq oxucunu da eləcə sevməyi bacardı. ONA SEVDİYİ BİR ƏSƏR TƏQDİM ETDİ. Özü də epistolyar janrda. Oxucunu sevməyin ona sevə biləcəyi əsəri təqdim etməkdən başqa formulası yoxdur…
Kitabın girişində müəllif yazır: «Heç düşündünüzmü, bizə sevdiyimizi xatırlamaq, unutmamaq üçün yaddaş verən Tanrı niyə onu unutmaq üçün heç nə verməyib? Bəlkə Tanrı qullarını ən zəif, ən həssas, ən ağrılı yeri  olan sevgi ilə imtahana çəkir? Sevgi ilə yaratdığının ağrıya dözümünü yoxlayır?». Min illərdir ki, bu imtahandan, olduğu kimi, kimin necə çıxdığını bizə ədəbiyyat çatdırır. Budur əbədiyaşarlıq. Bəri başdan deyim ki, «Onun sevgi məktubları» müəllifinə və əsərin qəhrəmanı olan Könülün böyük sevgisinə əbədiyaşarlıq qazandırdı. Bu haqda bir az sonra.
Yazının əvvəlində həyat həqiqətinin əsil bədii həqiqətə çevrilməsi məsələsinə toxunmuşduq. Müəllifi dindirən Könüllə çox da uzun zamana dayanmayan  dostluğu deyildi, rəfiqəsi Könülün həyat hekayəsinin bəzi yandırıcı məqamları idi. Ömrünün son anına kimi qarşılıqsız sevən Könülün sevgisi  yolunda çəkdikləri «şirin» ağrılarını əks etdirən sevgi məktubları Qənirə Paşayevanı (yaxşı ki) bu hekayəti qələmə almağa vadar etdi. Könül də yazdığı məktubların sonrakı taleyini Qənirə xanıma həvalə edəndə, heç olmasa, o məktubların gələcək taleyindən  nigarançılığına son qoymuşdur.
«Onun sevgi məktubları»nı var edən üç nəfərdir.
O üç nəfərdən biri  KÖNÜLdür ki, bu taleni məhz o yaşayıb. Bir ömrü bir EŞQ yolunda əritsə də qarşılığını görməyən Könül. Bütün hadisələr onun əhatəsində, daha doğrusu onun yazdıqlarının əhatəsində cərəyan edir. Son yüzillərin nadir təsadüf olunan SEVGİlərindən birinə sahib olan Könül elə təkcə buna görə, BÖYÜK EŞQinə görə tarixin yaddaşında qalmalıdır.
Bayağılığın at oynatdığı, hər şeyin digər mizanlarla ölçüldüyü bir zaman kəsiyində Könül adı kimi bir könül işinə ömür bağışladı. Bir oxucu olaraq fərqidəyəm ki, Könül heç də gözübağlı, kor-koranə sevgiyə qul olan fədai deyil. Həm düşüncələrində, həm yazdığı məktublarında Şəms Təbriziyə, Mövlana Cəlaləddin Rumiyə söykənməsi Könülün, sözün həqiqi mənasında, ağılsız bir EŞQ əhli  olmadığına  işarədir. Baxmayraq ki, haqqında «Dəli eşq» adlı mahnı da yazılıb. Dəlinin nə işi vardı Dante, Sapfo, Frans Kafka, Motsart, Şopen, Şuman, Henrix Heyne, Əziz Nesin, Mixail Lermontov, Nazim Hikmət, Marina Svetayeva, Ahmet Altan, Qabriel Qarsia Markes, Çingiz Aytmatov, Atilla İlan, Viktor Hüqo, Can Dündar, Cihan Özdemir, Cemal Süreyya, Simona de Bovuar və digərlərinin yaradıcılığı, düşüncələri ilə…
Könülün hər məktubu özünün mükəmməl düşüncələri, zamanında əxz elədiklərindən gətirilən sitatlarla doludur. Özü-özünü bir natamamlıq kompleksində hiss etsə də, rəfiqəsinin və bəzi hallarda özünün də cəhdlərinə baxmayaraq sevgisindən vaz keçə bilməməsi ilə özünü qınaq obyekti də bilmir. O bu sevgiyə ayıq düşüncə ilə sahib oldu və son anına kimi də bunu taleyin işi bildi.
Könülün məktubları sadəcə bir qızın sızıltılarını özündə yaşadan məktublardan deyil. O, qəfil tutuşduğu  eşqini bəzən şeir, musiqi  parçaları, bəzən əbədiyyət qazanmış dünya incilərindən gətirdiyi misallarla izhar edir. Heç bir qarşılıq görməyən, üstəlik də bir insan olaraq, biganəlik, etinasızlıq məngənəsində sıxılan Könülü heç nə sevdalı taleyindən ayıra bilmir. O bu taleyin sonunun necə olacağını da hamıdan yaxşı bilir. «Giriftar olmayan bilməz» prizmasından yanaşanda Könül çarəsiz deyil, əslində ancaq ürəyinin hökmünə qulaq asmaqla, hər kəsdən ucada dayanır.
O, sevgisinin ölümündən sonra da qorunmasını istəyir. Haqlıdır. Belə sevgi qorunmalıdır. Qarşı tərəf onu dəyərləndirə bilməsə də, qorunmalıdır. Amma necə… Bəlkə elə böyük eşqlərin qorunması onun zaman-zaman dillərdə, ürəklərdə, «Onun sevgi məktubları» kimi beləcə əsərlərdə yaşamasıdır. Leyli – Məcnun, Fərhad – Şirin sevgisi əsrlərdir ki, necə qorunur… Nəsillərin ürəklərində… Könül sevgisinin, son məktubunda yazdığı kimi, «O»nun tərəfindən qorunmasını istəyir. Ancaq Könülə bu cavabsız eşqi yaşadan, bu və ya digər səbəbdən olsa da,  dərbədər olmuş bir eşqin günahkarına çevrilən, arxasınca İstanbula gedən Könülə beş dəqiqəsini ayırmaq istəməyən O, məzarda da bitməyən  bu sevgini necə qoruya bilər ki… Bir də ki, Qənirə xanım bu həyat hekayəsini əbədi bir qoruma altına aldı – «Onun sevgi məktubları» adlı əsəri araya-ərsəyə gətirməklə. Elə bir qoruma altına ki, illər keçsə də böyük sevgi dastanları kimi yaddaşlardan silinmək qorxusu yoxdur.
Bilirsənmi, sevgi ölümdən güclüdür. Çünki sevgi ölümü yarada bilir, amma ölüm sevgi yarada bilməz, ancaq onu bitirə bilər, – bu Könülün sevən könlünün gəldiyi son qənaət idi. Sonu faciə ilə bitən bir EŞQ dastanının yazılma səbəblərindən biri də budur, bəlkə. Və bu qənaət də qisməti oldu. Sevgisi ölümünü gətirdi. Nədənsə illər öncə yazdığım bir şerin misralarını xatırladım:
Yolur saçlarını o, saçdan keçir,
Dostdan, rəfiqədən, yoldaşdan keçir.
Bu qızın gözündə nədi bu oğlan,..
Ömründən-günündən bu başdan keçir.

Dünyanın hər cürə üzündən keçir,
Xəyalı dağından, düzündən  keçir.
Qurban veriləsi gözləri qalıb,
Ağlayır, indi də gözündən keçir.

Görən, nə danışır dodağı altdan,
Onsuz diləməyə aman qalmayıb.
Qoymayın, yer qaçdı ayağı altdan,
Göydən tutmağa da güman qalmayab –
Bu qızın gözündə nədi bu oğlan…
(Bəlkə də, heç belə bir həyat hekayəsi olmayıb, bəlkə də bütün bunlar Qənirə Paşayevanın qələminin məhsuludur. Belədirsə, daha gözəl).
«Onun sevgi məktubları» var edən üçlükdən ikincisi «O»dur.  Könülün sevgisini dəyərləndirə bilməyən O. Buna hökm etmək olmasa da, hər halda O bu eşq dastanının oxucu tərəfindən sevilməyə  haqqı olmayanıdır. Xırda detallara da varsaq, oxucu kitab haqqında tam məlumat alar və bu əsərlə baş-başa qalmaqdan yayınar (Qənirə xanımın oxucularının əlindən «Onun sevgi məktubları»nı oxumaq haqqını almaq, ən azından günahdır). Kim bilir, bəlkə də bu böyük bir sevgini cavabsız qoysa da və bununla bir taleyə «ölüm hökmü» oxusa da, bəlkə günahsızdır. Çünki bu böyük eşqi cavabsız qoymaq üçün ürəyin  başqa bir  sevgiyə aid olmalıdır. Bunlar oxucunun ağlına kitabı təzə oxumağa başlayanda gəlir. Kitabın sonlarına gəldikdə isə qənaətində bir az yanılırsan. Onun  davranışlarındakı qəribəliklər  və müəmmalar da bu hekayətin əsas qəhrəmanını ümidləndirməyə bilməzdi. Baxmayaraq ki, bir məktubunda Könülə yaxşı dost ola biləcəklərini, aralarında  hər hansı bir sevginin mümkünsüz olduğunu söyləmiş, başqa bir məktubunda isə onu könlündə dəfn etməməsini istəmişdir.
Amma sonrakı məktubunda XƏYALLAR HƏMİŞƏ YARIDA QALIR, MƏNİMLƏ BAĞLI XƏYALLAR QURMA yazması ilə böyük bir sevgini ancaq xəyalla, təxəyyüllə müqayisə eləməklə, əslində bir taleyin, bir eşqin dərbərdər olma vaxtını yaxınlaşdırırdı. Viran etdi də…
O üç nəfərdən üçüncüsü (bu taleni əbədi varlığa çevirdiyi üçün bəlkə də birincisi) müəllifdir – Qənirə Paşayevadır.  Bu yaşantılara onun müdaxiləsi olmasaydı, indi «Onun sevgi məktubları» adlı bir əsəri oxumaq, ondan danışmaq imkanımız olardımı… O, müəllif olaraq,  rəfiqəsinin məktublardan oxunan taleyinə haqlı bir  əbədilik qazandırıb.
Hər məktubdan əvvəl dünya mədəniyyət tarixinin dühalarından gətirilən sitatlar bu eşq dastanına xüsusi bir rəng verir. Bir az Könülün, az qala, əfsanələşən sevgi məktublarının davamını öyrənmək istəyi, bir az Qənirə Paşayevanın epistolyar canrda təqdim etdiyi ilk bədii əsərini ciyərinə çəkmək arzusu «Onun sevgi məktubları»na fasiləsiz oxunmaq haqqı qazandırıb. Bunu indiyə kimi kitabı oxuyan hər kəs təsdiq edə bilər.
Bu təkcə bir kitab müəllifinin, bir qəhrəmanın «Sevgi məktubları» deyil ki… Bu kitabda ömrün müxtəlif məqamlarında insan taleyindən keçən qəfil duyğuların incələnməsi var. Qənirə Paşayeva, bir vətəndaş olaraq, insanların yaşantılarına necə qayğı ilə yanaşırdısa, insan duyğularını  də eyni yanğı ilə qələmə aldı və  nədənsə, «Onun sevgi məktubları»nın onun yeganə bədii əsəri olmayacağına inamlıyam.

You may also like

2 şərh

xatire 2012-03-08 - 23:12

dunyanin qanli disini yalniz sevgi yuyar axi dunyani qanicene ele sevgisizlik donderib

Cavab
Fəxri Müslüm 2012-04-17 - 00:08

Vasif bəy! Yazınızı diqqətlə oxudum və təkcə sevinmədim, həm də Sizin məntiqi fikir daşıyıcısı olduğunuzu alqışlamağı bacara bildim. Burda məni cəlb edən məqamlardan ən vaccibi də ondan ibarət idi ki, bu məsələdə Siz həm də pedoqoji bir yanaşma qabiliyyətini sıralaya bilmisiniz. Bu yazını oxumamışdan əvvəl öz publisist yazılarımı dostumuz Elbarizə təriflədim, o da cavabında: – sən Vasif kimi yazammassan dedi. mən də etiraz etmişdim, ancaq indi buna əhsən deyirəm!
Hörmətlə: qardaşın Fəxri Müslüm. öpürəm səni!
17.04.2012. 00-08.

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.