Ana səhifə YAZILAR Məzar pıçıltısı – Aygün YAŞAR

Məzar pıçıltısı – Aygün YAŞAR

Müəllif: Bizim Yazı
1. 210 baxış

Sənsiz necə halda olduğumu sözə də çevirmək olmur. Boğazımda qəhər kimisən. Ürəyimdən asılmış daş kimisən.

Gözümdən süzülə bilməyib donub qalan sonuncu yaş damlası kimi… Yalnız ağ-qara rənglər var artıq. İçimdəki sükutumu kimsənin eşitmədiyini istəmədiyim haldayam sənsiz. Göz yaşlarımın istisi ürəyimin yeganə istiliyidir…

Hamını əvəz edirdin mənə bir zamanlar. Həyatımdakı adamlar iki yerə ayrılmışdı: SƏN və başqaları. İndi yalnız başqaları var. Sən yoxsan… Niyə? Axı mən sağ ikən niyə ölü kimi yaşamağa məhkum olundum. Həyatımı məhkumluqlar içində qoyub getdin… Yaşamağa məhkumluq, danışmağa məhkumluq, hər səhər oyanmağa məhkumluq, gülməyə, ağlamağa məhkumluq, başqalarının yanında qalmağa məhkumluq, dünyada ömür sürməyə məhkumluq…

Mən də sənin kimi itkin oldum… İtdim, yox oldum, öz həyatımda. Dünyada ən ağır itki özünü itirmək deyilmi?! Hanı özüm?! Sən mənim özüm idin. Özüm sən idi. İstəmirəm xəyallarınla, qəmli mahnılarla, qəmli şeirlərlə ovunmağa çalışmaqla keçirəm ömrümü. Sadəcə başımı çiyninə qoyub gözlərimi bu dünyaya yummaq istərdim həmişəlik. Axı yalnız bu məni xoşbəxt edərdi. Hər şeyi unudan yaddaşım təkcə səni unutmur, üzünün, əllərinin, gözlərinin ən kiçik cizgilərini, ətrini, səsinin ahəngini, hər telinin şəklini çəkib göz yaddaşım elə bil. Havam, suyum, hər şeyim idin.

Hər kəsim idin, hər kəsim. İndi necə barışım yoxluğunla?! Sözsüz duyardın məni, sükutumla söhbət edərdin. Məni məndən daha aydın duyardın. Bircə baxışımdan oxuduğun ən mübhəm fikirlərimi sözbəsöz dilindən eşitmək möcüzə idi. Sən mənə özümü dünyanın ən bəxtəvər İNSANı, DOSTu, QADINı…hiss etdirirdin. Dünyanın ən ağıllı, həmişə hər şeydə haqlı, ideal insanı idim sənin gözündə. Özümü MƏLƏK KİMİ MƏSUM hiss edirdim səninlə. Məni hər kəsdən çox sevərdin. Sevmək nə ki?! Bircə kərə də olsa “Sevirəm” demədin… Bu sözü deyərkən belə münasibətimizə kölgə düşəcəyindən qorxduğun MÖHTƏŞƏMLİKLƏ, hər kəsdən, hətta məndən də gizlətməyə çalışdığın ACİZLİKLƏ sevirdin məni. “Sevirəm”ini hər dəfə adımı çağıranda eşidərdim. “Sevirəm”ini saçlarımdakı sığalından, nəvazişlə toxunuşundan eşidərdim. “Sevirəm”ini hər dəfə qucaqlaşanda ətrimi içinə çəkdiyindən duyardım. O anlarda cismimlə ruhumun sənlə necə tamamlandığını açıq-aydın hiss edərdim, YARIm mənim. Yarım qaldım sənsiz.

Yarımçıq bədənlə, şikəst qollarla, qanayan barmaqlarla, kor olmuş gözlərlə yaşamaqdır sənsizlik. Paramparçayam – yanaqlarımdakı, dodaqlarımdakı barmaq izlərin yara kimi göynəyir… Ruhum cismimə sığmır sənsiz. Birgə keçdiyimiz küçələr , birgə əyləşdiyimiz skamyalar, birgə yaşadığımız şəhər boyda göz dağı qoyub getdin. Birgə yaşadığımız EV – bu dünyadakı məzarımdır səndən sonra; Evimizin divarlarındakı, əşyalarındakı izlərində həsrətlə səni aramaq ən mənalı işim olub səndən sonra. Vidalaşdığımız gün məni qolumdan tutub güzgümüzün önünə çəkməyin də, ikimizin yanaşı görüntümüzü göz yaddaşıma həkk etdirmək istəyin idi yəqin ki…

O anda Güzgüdən baxan iki cüt bəxtəvər, gülən gözləri, boyumuzu bərabərləşdirmək üçün dabanlarımı qaldırıb barmaqlarımın ucunda durmaq cəhdimə gülən Səni…o gülüşünü necə unutmaq olar ki?!

Köynəyini bəzən geyinirəm, içində itdiyim kimi səndə gizlənmək , səndə yox olmaq istəyirəm. Qoxun itməsin deyə son dəfə soyunub qoyduğun köynəyini də yumadım, cənnət ətirlim. Amma heç nə sənsizliyin acısını azaltmır. Heç nə, heç kim ovutmur məni. Təsəlli verməyə çalışanlar, haqqında xoş sözlər deyənlər, igidliyindən, cəsurluğundan danışanlar, qürur yaşatdıqların çoxdur. Amma mən ovunmaq istəmirəm, səninlə qürur duymaq da istəmirəm, səninlə fəxr etmək də istəmirəm.

Sadəcə Səni istəyirəm… Səni…İTKİN ƏSGƏRim… Hər naməlum əsgər məzarı başında olanda “bəlkə də, orada uyuyan elə sənsən” düşünürəm…Əsgərim…Səndən nə fərqim var ki, elə mən də kimsəsiz, səndən başqa heç kimin bələd olmadığı bir tənha məzaram. Sənin kimi mən də ilim-ilim itmişəm buralarda – sənin məndən də çox sevdiyin VƏTƏNDƏ…

Aygün YAŞAR

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.