Ana səhifə YENİLİKLƏR “Mən hər şeyəm və heç nəyəm”…

“Mən hər şeyəm və heç nəyəm”…

Müəllif: Bizim Yazı
1. 117 baxış

RAED ANIS AL-JİShİ

Səudiyyə Ərəbistanının çağdaş şair-tərcüməçisidir. İyova universitetinin fəxri təqaüdünü alır. Bir roman, doqquz cilddə ərəbcə şeirlər, bir cilddə fransızca şeirlər və “Qanayan qağayı: gör, hiss et, uç” adlı ingiliscə şeirlər kitabının müəllifidir. Onun şeirleri bir çox dillərə çevrilib. Yazar kimi fəaliyyətini davam etdirməklə yanaşı, litseydə kimya dərsləri də deyir. O, insan haqlarının müdafiəçisidir, uşaq problemləri və maariflənmə məsələləri üzərində işləyir.

QAĞAYILARIN GƏLİŞİ

Mən qağayıları gördüm

Müqəddəs xəyallarda,

Uçan atların səsini

Düşünərkən.

Onları gördüm

siçovullara sədəqə veriləndə,

çörək qırıntıları üçün ac,

qurbangahda çarmıxa çəkiləndə.

Onları gördüm,

Qanadlarını çırpanda,

Udanda balıqların ümumi qaydalarını.

Fizikanı yeniləyən

Gümüş talismanın rəqsində,

dənizin əyri-üyrü büküşləri üstündə.

Siçovulları gördüm,

Günəşin qürub vaxtını bayram edəndə.

Onlar bunu işığın qaynağıtək

görəndə…

GÜLLƏ RƏQSİ

Gərəksiz yerə qəlbimi sıxdımsa,

Önəmli deyil.

Hər xiyabanından keçdin

içimdəki küçələrin.

Yuxuya bənzəyirdi

Damarlarımda dolaşan,

Bağçamdan qoparılan eşq.

Böyüdü bir armud ağacında.

Əğər sənə bir qızılgül təklif etsəm,

Mənim qanımdan çəkilmiş,

Və sənin şərəfinə

himn çalsam

Qəlbimin döyüntüsüylə…

Önəmli deyil.

Ev,

Önəmli deyil.

Vacib deyil

əgər mənə

təklif edə biləcəyin

tək şey

güllə rəqsidirsə.

HÜDUDSUZLUQ

Səxavət üçün hüdud yox,

Min partiya və qrupla

Sıxıntılardan tac geymiş

kralların ehtirası.

Mən hər şeyəm və heç nəyəm,

Böyüklər və layiqlilər

Təkcə söz azadlığına

Tabedirlər.

Əl çək məndən,

Güzgü seçdim

Əksimi və iradəmi

Göstərsin,

Yolum üçün kompas olsun.

GİLİN YARANMASI

Gil maskalar taxıram,

Susuz torpaqdan düzəlmiş.

Fırtına buludu üstündə çağırış,

Qara soyuğa zəncirlənmiş

Yeni doğulan küləyin

Həyəcanına qoşulub

bir mirvarinin içində

qürurla boğulmuş.

 (Çevirən: Təranə TURAN RƏHİMLİ)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.