AFƏT VİLƏŞSOY
Beşiyim – baxışların,
Ürəyin – olsun evim.
Məni uşaq kimi sev,
Böyüyüm səni sevim.
Dərdimi elə böl ki,
Axırda kasıb qalım.
Mənimlə elə dil tap,
Qarşında susub qalım.
Ürəyimi bütöv al,
Daha alan olmasın.
Gözlərimə elə bax,
Kimsə gərək olmasın.
Elə danış, elə din,
Kar etməsin yalan, düz.
Əllərimi elə tut,
Ayağımı yerdən üz.
Düşünmə ki, yuxumsan,
Mən səninlə oyandım.
İstədim şeir yazım,
Oturub səni andım.
29.04.2018