Ana səhifə BAŞ YAZI “JAÑA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” – “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”

“JAÑA QAZAQ POEZİASYNYN ANTOLOGİASY” – “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI”

Müəllif: Bizim Yazı
707 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb. Qardaş Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanmış, “YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” adlanan (“Elm və Təhsil” Nəşriyyatında çıxan) 280 səhifəlik nəşrin baş redaktoru (və nəşrə məsul) Əkbər Qoşalıdır.
“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist Dr. Sona VƏLİYEVA antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan MƏDƏTBEK isə “Önsöz” yazıb. Antologiyanın tərtibçiləri Tanagöz İLYAS, Dauren Kasenov (Qazaxıstan), Dos.Dr. Rəsmiyyə Sabir (Azərbaycan), məsləhətçiləri: Millət vəkili Dr. Cavanşir Feyziyev, Qazxıstan Yazıçılar Birliyi başqanının I müavini Qalım Jaylıbay, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru Dr. Yunus Oğuz, rəyçiləri: Millət vəkili, Akd. Nizami Cəfərov, Prof.Dr. Elçin İsgəndərzadə, BAMF başqanı Umud Rəhimoğlu, Mahmud Kaşqari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlı, redaktoru isə Əfsanə Ələsgərlidir.
“Yeni qazax şeiri antologiyasi”na daxil edilən şeirlər Qazaxıstanlı yeni nəsil yazarları Dr. Gülnaz Faizulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar Dos.Dr. Rəsmiyyə Sabir, Dos.Dr. Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.
(Antologiyanı http://kitabxana.net/?oper=readBook&id=3267 ünvanından da oxumaq (və ya endirmək mümkündür.)
Qeyd edək ki, “Yeni qazax antologiyası”nda şeirləri toplanmış şairlərdən Tolkın Kabılşa, Janar Ailaş, İndira Kerey, Akberen Yelgezek, Oljas Qasım, Janargül Qədir, Saqınış Namazşam, Anar Şamşadin, Nazira Berdali, Rəvan Kabidoldin, Ayazda Berkut, Kuanış Medevbay, Janibek Aliman, Janat Jankaçoğlu, Əzəmət Yessalin, habelə tərtibçilər Tanagöz İlyas, Dauren Kasenov, əməkdar mədəniyyət işçisi Almas Ahmetbekoğlu, Qazaxıstan Elmi Kitabxanasının direktor müavini Dauletkerey Kapoğlu, Dr. Gülnaz Faizulla bu il dekabrın 1-dən 5-dək keçiriləcək “Bakıdan Türk Dünyasına” adlı silsilə tədbirlər çərçivəsində “Yeni qazax şeiri antologiyası”nın təqdimat və imza törənlərində, müzakirələrdə iştirak etməkçün Azərbaycanda səfərdə olacaq.
Antologiyanın Türk Dünyasının bu ilki mədəniyyət paytaxtı Türkistanda da təqdimatının keçirilməsi nəzərdə tutulub.

***
Antologiyaya Azərbaycandan və Qazaxıstandan yazılmış ürək sözlərini oxucularla paylaşırıq:

S VeliDr. Sona VƏLİYEVA
“Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist

“XƏZƏRİN O TAYINDA VURAN İSTİ ÜRƏKLƏR”

“Yeni qazax şeiri antologiyası”nın Bakıda gün üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir.
Bizim sahib olduğumuz ortaq dəyərlərdən biri də Xəzərdir – göl ola-ola dünyada dəniz kimi qəbul edilmiş Xəzər..! Hər iki sahilində, eləcə də, digər sahillərində tarix boyunca (bugün də) bizə doğma dildə, doğma ləhcədə danışanların yaşadığı Xəzər! Və adını bu dənizdən götürmüş, Bakıda gün üzü görən (“üç əsrin qəzeti” fəxarət və qürur “titul”unu daşıyan!) bir qəzetin təsisçisi olaraq, mənimçün xoşdur ki, “Yeni qazax şeiri antologiyası”na ürək sözlərimi yazıram.
Belə antologiya ilk dəfədir hazırlanır. Qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir.
Etiraf edək ki, bizdə Qazax ədəbiyyatı deyincə, adətən, Abay, Cambul və Oljas Süleymenov adları çəkilir, “Türk xalqları ədəbiyyatı” antologiyalarında da, əsasən bu adları görürük. Əslində, bu görkəmli adlarla yanaşı, tanımalı olduğumuz onlarla başqa qazax ədibləri vardır.
Beləliklə, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni və ən yeni nəsli tanımaq, neçə neçə dostluqların, işbirliklərinin əsasını qoyacaqdır. Ədəbiyyatçıların, əli qələmlilərin dostluğu, bir başqa dostluqdur və bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə öz planında ədəbiyyat təsərrüfatımızda canlanma yaradacaq, müəyyənlik gətirəcəkdir. Qazaxıstanın mövcud ədəbi mənzərəsini bir kitab boyunca izləmək imkanı fərqləndirləsi və dəyərləndiriləsi haldır.
Elə bilirəm, həm bu antologiya özü dostluğun bəhrəsidir, həm dostluq, qardaşlıq çələngidir, həm də, antologiyanın hazırlanması prosesi də yeni dostluqlara səbəb olub…
“Yeni qazax şeiri antologiyası” dövlət qurumlarının hazırladığı nəşr deyil, qardaş xalqlarımızın yeni nəsil yazarları arasında işbirliyinin məhsuludur. Məncə, bax, bu məqam da, özünəməxsus gözəllik daşıyır.

***
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidentinin dəvəti ilə 2017-ci ilin aprelində Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən keçirilən mətbuat konfransında hər iki prezidentin səsləndirdikləri fikirlərdən bəzi məqamları burada xatırlatmaq istərdim. –
Prezident İlham ƏLİYEV: “…Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq.”
Prezident Nursultan NAZARBAYEV: “…Digər məsələlərə – həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün …mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var.”
Elə bilirəm, “Yeni qazax şeiri antologiyası”nın nəşrinin nə qədər düşünülmüş, doğru qərar olması, dövlət başçılarımızın bu yolgöstərici, istiqamətverici fikirlərinin işığında daha da aydın görünür. Demək, gələcəkdə, bu kimi layihələri genişləndirmək məqsədəuyğundur.

***
“Təşəkkür sözü qısa olar” – bu, qazax qardaşlarımızın sözüdür. – Mən həm təşəkkürümü, həm də ürək sözlərimi qısa tutmaq istərdim. Elə bilirəm, bu kitabda əziyyəti olan hər kəsə təşəkkür ilk növbədə, qədirbilən oxucularımızdan gələcək. Biz də, öz növbəmizdə, antologiyanın redaksiya heyətinə də, müəlliflərə də səmimi qəlbdən minnətdarlıq edirik ki, belə bir nəcib təşəbbüslə çıxış edib və onu gerçəkləşdiriblər. Məncə, oxucuları çox da intizarda qoymadan, onları OXUya dəvət etməyin vaxtıdır. – Buyurun, qazax qardaşlarımızın qələmindən süzülüb gələnlərlə, Xəzərin o tayında vuran isti ürəklərlə tanış olun… O ürəklər və o ürəklərdəkilər sizə çox tanış gələcək. Bu ruhubirliyin, keçmişi birliyin və birgə gələcək diləklərinin ifadəsidir…

***
Temirhan MedetbekTemirxan MƏDƏTBEK,
Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı

ÖNSÖZ

“Çevriləcək şeir çətin bir həyat yaşar, həm də üç kərə… O, ana-atasından ilgisiz qalan bir cocuq kimidir. Artıq bu cocuğu qucağına alaraq, şəfqətlə saracaqmı, yoxsa yad dildəki (yadırğayan yetim) halında buraxacaqmı? – bax, bunlar bu özgənin, yəni çevricinin əlindədir” – demiş Bella Ahmadulina. Azərbaycan dilinə çevrilən Qazax şairlərinin şeirlərini əlimə aldığımda mənim ağlıma gələn ilk düşüncə bu oldu. Mənə görə, çevriyə asanlıqla uymayan, ən çətin varlıq da Şeirdir..! Gerçəkdən, “şeiri çevirmək, onu öldürməklə ey­nidir” deyən Robert Frost kimi inadçılar da vardır. “Tamam, elə olsun” deyək… ancaq bizə bu Frostun özünü tanıdan kimdir və ya nədir? Di­gərlərini bir yana qoysaq, kökübir qardaş – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi Azər­baycan şairlərinin bir çox əsərləriylə məhz çevri­ci­lərin hazırladığı kitablar sayəsində tanış olduğu­muzu unut­mamalıyıq.
…Tamam. Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 Qazax şairinin şeirləri qanad vurur…
Yadlardan biri deyə bilməzsiniz – kökü bir, diləyi bir qardaş millətdir onlar – azərbaycanlılar!
Özümüz hər zaman anlatdığımız NİZAMİnin, NƏSİMİ­nin, FÜZULİnin torpağıdır Xəzərin o ta­yındakı qardaş ölkə!
Arasında alovlanan gəncləri də bulunan, zəki və bilgili şair­lərimizin yaşlı Qafqaz ölkəsindən öz oxucucularını tapacağına əminik…
Bu – sorumluluğu böyük, məqsədi yaxşı, savabı bol çalış­ma­ya vaxtını, enerjisini xərcləyən, bu gözəl işi qeyrətlə ger­çəkləşdirən tərtibçilərə, çevricilərə, redaktorlara… ortaq dənizli iki qardaş ölkənin aydınlarının çox təşəkkür edəcəyi şübhəsizdir!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.