Ana səhifə BAŞ YAZI İnternetdə ortaq türk əlifbası

İnternetdə ortaq türk əlifbası

Müəllif: Bizim Yazı
383 baxış

Yazar Səfər Alışarlı: “Bütün türk ləhcələrini təmsil edən dilçi alimlərin qurultayı keçirilməlidir”

Nigar Almanqızı: “Bir gün vahid dilimiz kimi əlifbamız da olacaq”

Xəbər verdiyimiz kimi, iki həftə öncə Yeddi Dövlət-Bir Millət Konseyi ortaq türk əlifbasının hazırlanması və tətbiqi yönündə işlərin ləng getməsini nəzərə alaraq bu istiqamətdə sürətli işlərin aparılması təşəbbüsü ilə çıxış etmişdi. Qurumun başqanı Azər Həsrət mediaya verdiyi açıqlamada şəxsən özünün başçılığı ilə yaxın müddət ərzində ortaq türk əlifbası layihəsinin hazırlanacağını və müzakirələrə başlayacağını da bildirmişdi. Yalquzaq.com-un Yeddi Dövlət – Bir Millət Konseyinə istinadən verdiyi bilgiyə görə, artıq ortaq türk əlifbasının layihəsi hazırdır və müzakirələrə başlamaq olar. Konseyin başqanı Azər Həsrət bildirib ki, təklif olunan layihə yeddi bağımsız türk dövlətində işlədilən əlifbalar əsasında hazırlanıb və 34 hərfdən ibarətdir. Həm də bu zaman mövcud əlifbalara demək olar ki, çox cüzi dəyişikliklər edilib və bu da ortaq əlifbaya keçidin tez bir zamanda və asan başa gəlməsinə imkan yaradacaq. Ayrıca artıq yalquzaq.com da həmin əlifba ilə yayıma başlayacaq. Bu təklif barədə müxtəlif insanlara müraciət etdik: bəs onlar nə düşünürlər? Bu əlifbanın istifadəsi nə dərəcədə real və aktualdır?

Yazar Səfər Alışarlı hesab edir ki, ortaq türk dili və əlifbası ideyası alqışlanmalıdır: “O, hər kimdirsə düzgün iş görüb. Kimlərəsə bu, bir az tez görünə bilər. Amma Lev Tolstoy belə yazırdı: “deyirlər, bir güllə bahar olmaz, açılmaq istəyən o gül oturub başqalarının açılmasınımı gözləməlidir?!” Allah eləsin, bütün türk dövlətləri bu yolla getsin. Amma öncə yəqin ki, bütün türk ləhcələrini təmsil edən dilçi alimlərin qurultayı keçirilməli və müyyən qrammatik norma və qanunlar qəbul olunmalıdır. Yoxsa qarmaqarışıqlıq yarana bilər.”
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə gündəlik olaraq “Yalquzaq.com”u izlədiyini bildirir: “Orada tək türk əlifbasında deyil, bütün türkcələrdə, o cümlədən Azərbaycan türkcəsində yazılar verilir. Yəni ortaq bir saytdır. Bu saytı Azərbaycana aid etmək düzgün deyil. Fikrimcə, Azərbaycanın bütün portallarından ortaq türk əlifbası ilə yayınlanmağı tələb etmək olmaz. Lakin türk birliyi yönündə fəaliyyət göstərən saytlar bu işi apara bilərlər.”
“Qaynar. info” xəbər portalının rəhbəri Fərid Şahbazlı hesab edir ki, ideya olaraq çox vacib və mütərrəqidir: “Yəni son zamanlar Azərbaycanın türk dünyasının inteqrasiyası prosesində öndə getdiyini nəzərə alsaq ölkəmizdə fəaliyyət göstərən portalların da vahid dildə fəaliyyət göstərməsi ehtimalı kifayət qədər təbiidir. Amma konkret olaraq bu zaman üçün bu ehtimalı real və uğurlu hesab eləmirəm. Düşünürəm ki, bu istiqamətdə bir xeyli iş aparmağa ehtiyac var. Ən azından media da yeni əlifbaya adaptasiya olsun. Bundan sonra problem olmaz.”
“DAYAQ” qurumunun sədri Sayman Aruz düşünür ki, çox müsbət və dəyərli bir addımdır: “Mənim təşkilatımın özü də belə bir layihə hazırlamışdı. Ortaq Türk ədəbi dili yaratmaq üçün ziyalılar bir araya gəlməli və konfranslar keçirilməlidir. Ləhcə fərqliliyi bəzən çox ciddi münaqişələrə səbəb olur. Halbuki, vahid ədəbi dil formalaşsa bu problemlər aradan gedər və daha rahat anlaşılmağa yardım edər. Buna misal, Təbriz ədəbi prosesində belə bir hadisə baş verir. Yəni yazıçılar Təbriz ləhcəsində yazmağa çalışırlar. Əlbəttə, bu elmi dili bilməməkdən də irəli gəlir. Ancaq bir çox fəsadları var. Yəni anlaşılmaz bir ədəbiyyat yaranmağa başlayır. Bu cür problemləri aradan qaldırmaq üçün mütləq ortaq türk ədəbi dili yaranmalıdır.”
Avrasiya İnsan Hüquqları Forumunun başqanı Abdullah Buksur hesab edir ki, bu məsələlərin həll edilməsi üçün ziyalıların çalışıb dövlətin önünə bir yol qoyması şərtdir: “Dövləti idarə edənlərin də bunu həyata keçirməsi vacibdir. Türkiyədə 1990-ci illərin əvvəllərində bağımsız türk cümhuriyyətlərindən gələn rəhbərlərin və dil bilimçilərinin də qatıldığı toplantılar keçirildi. Bu çalışmanın sonunda ortaq bir əlifba çalışması ortaya çıxdı. Bu prosesdə Özbəkistanın çalışmalardan çəkilməsi prosesə mənfi təsir göstərdi. Amma əlifbanın taslağı hələ də var. Demək istəyirəm ki, ortaq əlifba ilə bir portalın yayınlanması yaxşı bir istək ola bilər”.
Yazar Rüfət Əhmədzadənin fikrincə, bu təşəbbüs türdilli ölkələrin inteqrasiyasında stimulverici bir addım olacaq: “Belə düşünürüəm ki, bu müstəvidə müzakirələr intesivləşməli və layihələr real işlərə çevrilməlidir. O zaman biz real işdən danışa bilərik.” Yazar Aysel Əlizadə hesab edir ki, biz bəri başdan bu portalın aktual və uğurlu olub olmayacağına qərar verə bilmərik: “Buna necə qərar verə bilərik axı? Gözləyək görək effekt necə olur? Hər halda iş görüblər və heç də bu az iş deyil. Boş-boş danışmaqdansa, real iş görmək yaxşıdır.”
“Kanal13” internet televiziyasının aparıcısı, jurnalist Aynur İmranovanın fikrincə, “yalquzaq.com” xarakterli, onun daşıdığı missiyanı daşıyan saytların ortaq türk əlifbasına keçməsi alqışa layiqdir: “Amma bütün portalların ortaq türk əlifbasına keçməsi bu an düzgün qərar deyil. Bu barədə konkret qərar qəbul olunmadan, rəsmi dildə dəyişiklik olmadan, belə bir addım atmaq doğru olmazdı.”
“Olaylar” İnformasiya Agentliyinin redaktoru Elman Cəfərli hesab edir ki, ortaq türkcə, ortaq əlifba deyilən bir şey olmayacaq: “Boşuna özlərini yormasınlar. Söhbət hər bir türk xalqının anlaya biləcəyi ünsiyyət vasitəsindən gedə bilər. Bu da Türkiyə türkcəsidir. Sadəcə Türk dilçiləri türk dilində anlaşılmayan ifadələri daha anlaşılan söz və ifadələrlə əvəz etməlidirlər. Türklərdə də belə bir istək yoxdur. Onlarda aparıcı fikir odur ki, digər türk xalqları türkcəni öyrənsinlər, dillərini dəyişsinlər, “geliyorum, gediyorum” desinlər. Bizim türkcəni aşağılayır, “köylü dili” adlandırırlar. Mən bütün türk xalqlarının dillərinin yaşamasının tərəfdarıyam. Heç bir dil unudulmamalı, sıradan çıxarılmamalıdır. Unutmayaq ki, İran adlanan ölkədə yaşayan 35 milyon türk məhz bizim türkcədə – Azərbaycan dilində danışır. Türk dilini öyrənək, amma öz dilimiz də unutmayaq. Ortaq əlifbaya keçid məsələsi ortaya çıxsa belə bu, kiminsə özfəaliyyəti şəklində üzə çıxmamalıdır. Buna dilçilər, mütəxəssislər qərar verməlidir.”
“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı da istəyir ki, türkdilli dövlətlərin ortaq əlifbası olsun: “Amma bu bir az çətin olacaq. Uzun zamandır ki, “Presspost.az” portalında da belə bir addım var. Yəni türkdilli dövlətlərin xəbərləri eyni ləhcəylə verilir. Ola bilsin ki, bir əsr davam etsin bu proses. Amma kəsin əminəm ki, bir gün biz görməsək də vahid dilimiz kimi əlifbamız da olacaq. Hazırda isə mümkün deyil. Mümkün olmayan şey barədə isə danışmaq istəməzdim. Amma təbii ki, belə bir əlifbanın olmasının tərəfdarıyam.”
DGTYB başqanı Əkbər Qoşalı hesab edir ki, Türk birliyi yolunda atılmış hər bir səmimi addım alqışa layiqdir: “Bununla belə, bir çox məsələnin zamanla çözüləcəyinə inanıram. Bildiyiniz kimi, Azərbaycanda Asif Atanın adını daşıyan fəlsəfə ocağı üzvləri də öz aralarında neçə ildir “Ocaq Əlifbası” ilə yazışırlar. Ancaq gəlin görək bu iş nə qədər ümumiləşib, neçə yandaş qazanıb? Bilirsiz, Ortaq Türk Əlifbasına keçid yalnız bir QHT-nin, bir dövlət orqanı və ya institutun, hətta yalnız bir Türk dövlətinin belə tam çözə biləcəyi olay deyil. Bu ideya Türk Dövlət Başçıları Konseyi, Türk PA və inşallah, gələcəkdə yaradılacağını təmənna etdiyimiz Türksoylu ölkələrin Nazirlər Konseyincə aparılan incələmələr, alınacaq qərarlar əsasında özünü doğrulda bilər”.

Oktay Hacımusalı/”XC”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.