Ana səhifə BAŞ YAZI QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ ( – Video)

QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ ( – Video)

Müəllif: Bizim Yazı
1. 248 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Qəlbdəki və qələmdəki Qarabağ” layihəsi çərçivəsində türksoylu ölkə və topluluqlardan gəlmiş 13 araşdırmaçı-yazar, şair-tərcüməçi və yazıçı-publisistlərin iştirakı ilə 3 günlük silsilə tədbirlər 5 iyunda Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə başladı. Sonra Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyi ziyarət edildi.3 Q - QMKiu DK
Bəlli olduğu kimi, 5 iyun Xalq şairi Vaqif Səmədoğlunun və nakam şairimiz Mikayıl Müşfiqin xatirə günüdür; “Qəlbdəki və qələmdəki Qarabağ” layihəsi iştirakçılarının bu münasibətlə düzənlənən, Gənc Şairlər Birliyinin (GŞB) Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə ortaqlaşa keçirdiyi, Mədəniyyət-Turizm Nazirliyinin, habelə DGTYB və “Baku-Bus”un dəstək verdiyi tədbirlərə qatılması, 5 iyunun gündəliyinə özəl anlam qatmışdı. – Beləki, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyini ziyarətlərdən sonra AYB-yə gələn “Şairlər Günü” dəvətliləri və layihə iştirakçıları, burada, Xalq yazıçısı, AYB başqanı ANARla görüşdü, Azərbaycanda ədəbi mühit, Türk Dünyasında ədəbi-mədəni əlaqələrin dünəni, bugünü və sabahı üzərinə fikir mübadiləsi apardılar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.  Günün ikinci yarısında, Xalq şairi Səməd Vurğunun Ev Muzeyi ilə tanış olan qonaqlar, daha sonra GŞB başqanı, gənc şair Xəyal Rzanın ideyası əsasında, ilk dəfə 6 il öncə gerçəkləşən, artıq gələnəksəl hal alan “Xəzərə gülsəpmə törəni”ndə iştirak etdilər. – Bakı bulvarından dənizə açılan “Mərcan” gəmisi Nargin adası yaxınlarından geri dönərkən dənizə atılan qərənfillər, Mikayıl Müşfiqin, qəbri bilinməyən bütün nakam şairlərin xatirəsinə ehtiramı simgələyirdi…
“VI Şairlər Günü” – Musiqili Poeziya Gecəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Poeziya Gecəsinin açılışından öncə Mərkəzin foyesində “aybKitab” layihəsi çərçivəsində işıq üzü görən yeni nəşrlər sərgiləndi, “imza günü” keçirildi.
Poeziya Gecəsində, DGTYB Təsiçilər Şurasının üzvü, dos.dr. Təranə Turan Rəhimli, şair-tərcüməçi, naşir Lenar Şeyx (Tatarıstan), şair Narsulu Qurqubay (Qırğız Respublikası) və gənc şair-tərcüməçi Nilufər Şıxlı (Moskva, RF) da təltif olundu. “Qəlbdəki və qələmdəki Qarabağ” layihəsinin Özbəkistanlı nümayəndəsi Muhammədəmin Tuxlu tərəfindən Daşkənddə çıxan “Kitab Dünyası” qəzeti redaksiyası adından GŞB başqanı Xəyal Rzaya “Fəxri fərman” təqim edildi.

***
6 iyunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mərkəzi qərargahında  “Qəlbdəki və Qələmdəki Qarabağ” adlı layihəsi çərcivəsində, KİV və QHT təmsilçilərinin, yerli və qonaq aydınların, gənclərin iştirakı ilə “Qarabağ – Türk Dünyasının ortaq problemi” adlı konfrans keçirildi.EKBER - BAMFda
Tədbiri giriş sözü ilə açan DGTYB Məsləhət Şurasının başqanı, Layihənin məsləhətçisi Əkbər Qoşalı qonaqları salamlayaraq belə bir konfransın keçirilməsinin önəmindən danışdı.
Ə.Qoşalı Azərbaycan xalqının üzləşdiyi faicələrin türksoylu ölkələrin də ortaq problemi oldugunu əsaslandırdı. Azərbaycanın əzəli, əbədi torpağı olan Qarabağın işğalının tədbirə dəvət olunan türksoylu ölkə və topluluqları təmsil edən yazıçıların, jurnalistlərin, araşdırmaçıların qələmindən keçərək, həmin ölkələrdə də tirajlanmasının vacibliyini diqqətə çatdırdı.
Xocalı soyqırımının hələ də dünya birliyi tərəfindən haqq etdiyi dərəcədə qiymət almamasına diqqəti çəkən natiq, bu sahədə aparılan təbliğatın daha da artırılmasının vacibliyindən danışdı. Tədbirdə iştirak edən əksər türksoylu ölkə və topluluq təmsilçilərinə Qarabağ həqiqətləri haqqında bilgi verən Qoşalı, bu məsələdə qardaş xalqlara aid media qurluşlarından, vətəndaş cəmiyyəti institutlarından, elm-mədəniyyət ocaqlarından daim diqqət gözlədiyimizi vurğuladı.
Daha  sonra çıxış edən BAMF-ın başqanı, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədri, Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Ermənistanın öz havadarlarının həyasız dəstəyi ilə Azərbaycan torpaqlarını işğalı, Dağlıq Qarabağ münaqişəsinin tarixi, işğalın ağır nəticələri və bu nəticələrinin aradan qaldırılmasında Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin oynadığı rol barədə bilgi verdi.
Ekranda dəyişən şəkillər və xəritələr üzərində fikirlərini bölüşən U.Rəhimoğlu,  Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik daha 7 rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırdı.
Problemin həlli istiqamətində fəaliyyət göstərməli olan beynəlxalq təşkilatların hələ də ikili standartlarla çıxış etdiklərini deyən BAMF başqanı dedi ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə Azərbaycan cəmiyyətində və mediasında bu qurumlara qarşı etimadsızlıq yaranıb.
U.Rəhimoğlu vurğuladı ki, “…bu təşkilatlar təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymur və bu da böyük bir ədalətsizliyə rəvac verir; Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır. Biz bu istiqamətdə böyük dövlətlərdən, eləcə də bu məsələ ilə məşğul olan qurumlardan qətiyyətli mövqe gözləyirik”.
BAMF-dakı konfransda Azərbaycan Prezidenti yanında Gənclər Fondu Müşahidə Şurasının üzvü, Gənclər-İdman Nazirliyi İctimai Şurasının və “Virtual Qarabağ” layihəsinin başçısı, tarixçi Nurəddin Mehdiyev, türkoloq-alim prof.dr. Güllü Yoloğlu, DGTYBnin layihə rəhbəri, “Gənclər Mükafatı” laureatı İntiqam Yaşar ermənilərin Qarabağla bağlı başlatdıqları qanlı və beynəlxalq hüquqa zidd proseslərin tarixi, bugünü barədə çıxış etdilər.3 Q - N.M.
“Qarabağ – Türk Dünyasının ortaq problemi” adlı konfransda Türkiyə, Türkmənistan, Tatarıstan, Çuvaşıstan, Əfqanıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası, QKTC-dən, eləcə də, Təbrizdən tədbirə dəvət olunan yazıçılar, jurnalistlər, publisistlər iştirak və çıxış etdilər.

***
6 iyun işçi gününün ikinci yarısında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının qərargahına gələn qonaqlara, Şuranın tarixi, hazırda həyata keçirdiyi layihələr, planlar barədə bilgi verilib. Şura başqanı Seymur Hüseynov bu bilgilərlə yanaşı, ümumən Azərbaycanda dövlət gənclər siyasəti, o cümlədən beynəlxalq gənclik əməkdaşlığı haqqında, həmçinin “Gəncə – 2016-cı il Avropa Gənclər paytaxtı” mövzusunda haqqında ətraflı çıxış edib. Bildirilib ki, AB-yə üzv olmayan ölkələr arasında ilk dəfə (və hələlik yalnız) Azərbaycan Respublikasının Gəncə şəhəri Avropa Gənclər Paytaxtı statusu alıb.3 Q - NAYORA
Sonda Şura başqanı qonaqları maraqlandıran sualları cavablandırıb.

***
6 iyun gününün son tədbiri Sumqayıtda baş tutub. “QƏLBDƏKİ və QƏLƏMDƏKİ QARABAĞ” layihəsinin türksoylu ölkə və topluluqları təmsil edən bir qrup iştirakçısı millət vəkili, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin başçısı dos.dr. Qənirə Paşayeva və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt bölməsinin başçısı Mübariz Hacıoğlu ilə görüşüblər. Görüşdə Azərbaycanın Türk Dünyasındakı mərkəzi mövqeyi, layihənin mövzusu ətrafında söhbət aparıldı.
Millət vəkili Q.Paşayeva türk ölkə və topluluqlarından gələn yeni nəsil aydınlarına üz tutaraq, bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər önəmli olduğunu daha çox anlatmalıyıq dedi: “…Bunun üçün ilk növbədə, biri-birimizi daha yaxından tanımalı, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, problemlərimizi, gələcəyə baxışımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq”. Bu gün müxtəlif ölkələrdə soydaşlarımızın yaşadığı ağrılar, əziyyət çəkdiyi problemlər barədə geniş danışan xanım millət vəkili, “güc birlikdədir və bizə qarşı ədalətsizliklərə birlikdə daha güclü mübarizə apara bilərik” dedi. Bölgədə son günlər daha da gərginləşən durum barədə geniş çıxış edən xanım Paşayeva, “qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır” dedi və Türk Dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından da danışaraq, bildirdi ki, “harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk Dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlarımızın, yazarlarımızın üzərinə çox böyük missiya düşür.
…İnşallah yaxın zamanlarda belə tədbirləri  Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edərik. İnanırıq ki, o gün uzaqda deyil”.
Sonda qonaqlara “Fəxri Fərman” və hədiyyələr verilib. Qonaqlar da, millət vəkilinə və layihənin Azərbaycanlı iştirakçılarına öz ölkələrinin mədəniyyətini təbliğ edən hədiyyələr təqdim ediblər.3Q - TURAN - Sumqayit

***
İyunun 7-də layihənin bir qrup iştirakçısı paytaxt Bakının görməli yerləri ilə tanışlığa çıxarkən, bir qrupu da Kazandakı İDEL Dövlət Gənclər Mərkəzinin “Yeni tatar şeiri antologiyası”nın hazırlanmasında iştirak edən Azərbaycanlı şair-tərcüməçilərə ünvanladığı “Fəxri Fərman”ların təqdim edilməsi üçün Tatarıstan Nümayəndəliyində düzənlənən törənə qatılıblar. Törəndə layihə iştirakçıları Lenar Şeyx (Tatarıstan), Dmitri Moiseyev (Çuvaşıstan), Afaq Şıxlı (Moskva, RF) və başqaları çıxış etdilər.
(Qeyd edək ki, “Yeni tatar şeiri antologiyası” DGTYB tərəfindən hazırlanıb və bu ilin may ayında “ HƏDƏF”də nəşr etdirilib.)

***
Günorta TÜSİAB-ın konfrans salonunda bu birliyin başqan danışmanı, tanınmış araşdırmaçı-yazar Səlcuk Düzgün Qarabağ problemini Türk Dünyasının ortaq problemi olaraq dəyərləndirən və incələyən seminar verdi. Seminarda problem iqtisadi, sosial və beynəlxalq hüquq baxımından ətraflı izah edildi; qonaq yazarları maraqlandıran suallar cavablandırıldı.3Q - TUSIAB8

***
“Qəlbimizdəki və qələmimizdəki Qarabağ” layihəsinin içtirakçıları iyunun 7-si, günün ikinci yarısında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində oldu.
Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov qonaqlara Komitənin fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə ətraflı bilgi verdi.
Bildirildi ki, bu münaqişə XX yüzil Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını – Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini qeyd edən Fuad Hüseynov dedi: “1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilib, onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb. Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi”.
Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırdı. Diqqətə çatdırıldı ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib. Ermənistanın təcavüzkarlıq siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Görüşdə qonaqlara bildirildi ki, bu münaqişə təkcə Güney Qafqaz bölgəsi üçün deyil, bütün dünya üçün təhlükədir; çünki Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən hazırda narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır. Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb; bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Ötən 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib.
Görüşdə həmçinin o da diqqətə çatdırıldı ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 94 qəsəbə salınıb. 243 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir; eyni zamanda Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
Sonda qonaq yazarları maraqlandıran müxtəlif suallar da cavablandırıldı.

***
Xırdalanda yerləşən “Hədəf” və “XAN” Nəşrlər Evi ilə tanışlıq da qonaqlar tərəfindən maraqla qarşılanıb. Tanınmış yeni nəsil yazarları dos.dr. Şəmil Sadiq, dedektiv yazar Müşfiq Xan həm adıkeçən nəşriyyatların işi, planları haqqında danışıb,  qonaqları maraqlandırn sualları cavablandırıblar, həm də, “Qəlbdəki və qələmdəki Qarabağ” mövzusunun kitablaşdırlması – yeni nəşrlərdə inkası mövzusunda fikirlərini bölüşüblər. Həmçinin həqiqətləri əks etdirən kitabların qarşılıqlı nəşri və s. barədə işbirliyi imkanlarının müzakirə edildiyi görüşdə qonaqlara “Hədəf” və “XAN”ın nəfis nəşrləri hədiyyə edilib.3 Q - HEDEF

***
Qonaq yazarlar Salih Yıldız (Türkiyə), Erkinbek Serikbay (Qazaxıstan), Yasir Rəşid (Əfqanıstan), Hüseyn Hakan Yıldırım (QKTC), Muhammadamin Tuxli (Özbəkistan), Lenar Şeyx (Tatarıstan Respublikası), Narsulu Qurqubay (Qırğız Respublikası), Dmitri Moiseyev (Çuvaşıstan), Olqa Karastan (Ukrayna Qaquzlar Birliyi), Murat Toylu (Türkmənistan), Ramin Cəbraili Əndərian, Məhəmmədrza Çalğın (Təbriz), Afaq Şıxlı (Moskva, RF) və başqaları silsilə tədbirlərdən məmnun qaldıqlarını, keçirilən görüşlərdən, bağışlanan kitablardan, biləvasitə əldə etdikləri yeni bilgilərdən yeni yazılarında, əsərlərində yararlanacaqlarını bildiriblər.

***
Sonda bir daha qeyd edək ki, DGTYB-nin AGF-nin dəstəyi ilə gerçəkləşdirdiyi “Qəlbdəki və qələmdəki Qarabağ” adlı layihə çərçivəsində 04.06.2016-ci il tarixdən başla­yaraq, 3 gün ərzində Bakı, Abşeron və Sumqayıt ərazisində keçirilən və haqqında qısaca bəhs olunan bu silsilə tədbirlərdə respublikamıza türksoylu ölkə və topluluqlardan 13 yazar, araşdırmaçı jurnalist səfər edib. Onlarla və layihənin bir qrup yerli iştirakçısı ilə ayrı-ayrı rəsmi şəxslərin, tanınmış aydınların, KİV və QHT başçılarının görüşlərində Ermənistanın elan olunmamış savaşı, Azərbaycan torpaqlarının işğalı faktı və bu faktdan irəli gəlmiş acınacaqlı humanitar durum haqqında faktların dili ilə ətraflı bilgilər verilib, layihənin davamlılıq və effektivliyi baxımından perspektivi üzərinə fikir mübadiləsi aparılıb. Qonaq yazarların hər birinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nəşrləri, Komissiyanın aparıcı dillərdə hazırladığı bilgiləndirici CD-lər təqdim edilib.3 Q - BAMF

Onu da əlavə edək ki, bu ilin oktyabr ayında yekunlaşacaq layihə çərçivəsində işıq üzü görən toplunun təqdimatı, habelə internet resurslarında yerləşdirilməsi həyata keçiriləcək; çap və yeni media vasitəsi ilə ictimai fikrin qidalandırlması təşkil olunacaq, habelə donora hesabat hazırlanacaqdır.

***

***

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.